Bəlkə də çox primitiv və yaxud da ki, bəlli məsələ kimi səslənəcək, amma yenə də bir məsələni ən azı yada salmaq istəyirəm. Filosoflar həmişə cəmiyyətə aristokrat, zadəgan mövqeyindən yanaşıb, bir növ ondan ehtiyat ediblər. Bəli, bu, Platonda belə olub, Aristoteldə də! Hələ Q.Lebonu və yaxud da Z.Freydi demirəm...
Amma bu müəlliflər məndə hər vaxt prinsipial etiraz doğurublar. Əslində sən özün cəmiyyəti hansı gözdə görürsənsə, onun davranışı da sənə elə həmin müstəvidə görünür...
Bəli, heç təsadüfi deyildir ki, bu yaxınlarda oxuduğum bir əcnəbi müəllifin də - E.Kanettinin də cəmiyyət, daha doğrusu, kütlə haqqında yazdıqları könlümü o qədər açmadı...
Halbuki həmin müəllif daha çox ötən əsrin ikinci yarısında yazıb - yaradıb, üstəlik, kütlə haqqında yazdıqlarına görə hələ Nobel mükafatı da alıb...
Niyə bu müəlliflərlə razı deyiləm? Məsələ bundadır ki, cəmiyyətin reaksiyası son nəticədə hakimiyyətin onunla necə davranmasının güzgü kimi əksidir. Siz cəmiyyəti kütləyə və kütləni də sürüyə çevirirsinizsə, əmin ola bilərsiniz ki, bir gün o da elə sürü davranışı nümayiş etdirəcək və sizə münasibətdə bioloji instinktlərini göstərəcək. Buna zərrə qədər də şübhəniz olmasın...
Bir az əvvəldə qeyd etdiyim müəllifdə də yalnız bir detal diqqətimi cəlb etdi. Onun “dönmə kütlə”lər haqqında yazdıqları çox xoşuma gəldi. Bəli, o, Böyük Fransa İnqilabı ərəfəsində bir nəfərin oğluna yazdığı sətri sitat gətirir. O, bir nəfər isə belə yazıbmış: “Həmişə canavarlar qoyunları yeyiblər. Doğrudanmı, bir gün qoyunlar canavarları yeməyə başlayacaqlar?”...
Həqiqətən də üstündə düşünməyə, özü də çox diqqətlə düşünməyə dəyən sualdır. Dediyim müəllif “dönmə kütlə”lər haqqında çox yazır və onların necə təhlükə olduğunu araşdırmağa çalışır...
Bəli, qoyunların canavarları yediyi anlar olur... Buna onlarla inqilabların və yaxud qiyamların timsalında inanmaq olar. Kütlənin belə iniversiyasının, necə deyərlər, qoyunların canavarlara çevrilməsinin səbəbi nədir?
Əslində bir az əvvəldə bu suala cavab vermişdik. Bir daha deyirəm ki, hakimiyyət cəmiyyətlə necə davranırsa, son nəticədə ondan elə həmin davranışı görür... Bu konteksdə avtoritar rejimləri xüsusilə qeyd etmək istərdim. Bu rejimlər insanları aşındırır, onlarda demokratik vərdişlərin yaranmasına imkan vermir, cəmiyyəti kütləyə, kütləni isə sürüyə çevirməyə cəhd edir və bəzən buna nail də olur...
Amma əbədi olaraq belə davam etmir. Bəli, elə bir gün gəlir ki, “qoyunlar canavarlara çevrilir” və öz yolunda nə varsa, süpürüb atır - çox təəssüf ki, avtoritarizmin finalı belə olur. Ən təəssüfləndirici isə budur ki, kütlənin (və yaxud da sürünün!) kreativliyi haqqında düşünmək belə lazım gəlmir, çünki o, yalnız dağıtmağı bacarır. Bunu acı bir həqiqət kimi qeyd etmək zorundayıq...
Bəs bunun qarşısını necə almaq olar? Cəmiyyətin kütləyə, kütlənin də sürüyə çevrilməsinin qarşısını almaq, insanlara seçici-elektorat psixologiyası aşılamaq və onlara bu cür davranış təlqin etmək lazımdır. Belə olan halda, çox neqativ tendensiyalardan qaçmaq olar...
Sirr deyildir ki, bir çox regionlarda inqilablar, xüsusən də “ərəb baharları” heç alınmadı. Daha doğrusu, hakimiyyətlər, bəli, avtoritar hakimiyyətlər devrildi, amma bunun yerində demokratiyalar bərqərar olmadı. Məsələn, deyirlər ki, görün, Liviya nə günə qaldı? Və yaxud da nəzərləri S.Hüseynə yönəldir, bu günün İraqının yaşadığı problemləri diqqətə gətirirlər... Di gəl, mənə həmişə elə gəlib ki, hətta bu gün də Liviyada yaşananlar M.Qəzzafinin, İraqda baş verənlərsə Səddamın on illərlə apardığı siyasətin nəticəsi kimi təzahür edir...
Məhz onlar on illər ərzində cəmiyyətdə elementar demokratik, özünüidarə vərdişlərinin yaranmasına imkan vermədilər və bir gün elə hadisə baş verdi ki, bir az əvvəldə onu “qoyunların canavarlara çevrilməsi” kimi səciyyələndirmişdik. Əgər illərlə insanlara seçici hissi və psixologiyası aşılansaydı, indi başqa mənzərə olardı...
Qeyd etdiyim müəllif, Nobel laureatı bir məqama diqqət yetirir: kütlə həmişə istiqamət axtarır... Mənə elə gəlir ki, bu məqama da xüsusilə və böyük diqqətlə nəzər salmaq lazımdır. Bəzən deyirlər ki, filan ölkəni bəs filan ölkələr qarışdırdı...
Amma məsələnin məğzi nədədir? Kütlə yetişibsə və dönmə halına gəlibsə, o, daim müəyyən istiqamət axtarır və bunun üçün bircə işarəyə də bənddir. Bu işarə isə kənardan da gələ bilər və buna təəccüblənmək lazım deyil. Əsas isə kütlənin partlayış anına gəlib çatması və “hərəkət” üçün işarə gözləməsidir...
Avtoritar quruluşların naqisliyi də ondadır ki, onların fəsadları bir hakimiyyətin və ya bir siyasi sistemin süqutu ilə bitmir. Həmin fəsadların tamamilə aradan qalxması üçün az qala bir - iki nəsil dəyişməlidir. İllərlə insana aşılanan vərdişlər bir günün içində silinib atılmır. Məsələn, bir vaxtlar Rusiyadakı yeni partiyaları araşdıran bir müəllif belə yazmışdı ki, post-sovet ölkələrində hansı partiyanı yaradırsansa-yarat, son nəticədə yenə də kommunist partiyası alınacaq, çünki on illərlə insanlar bu təcrübə ilə təmasda olublar, onu görüb və onu oxuyublar...
Bir daha soruşuruq: bəs çıxış yolu nədir? Təəssüf ki, əksər hallarda zordan qurtuluş da zor yolu ilə olur və özü də bu, nə vaxtsa, mütləq baş verir. Ona görə də çalışmaq lazımdır ki, kütlə yaranmasın, cəmiyyət elə cəmiyyət kimi qalsın, əvvəlcə kütləyə və daha sonra sürüyə çevrilməsin. Sonuncu çox qorxuludur, çünki bir daha diqqəti belə detala yönəldirik ki, sürü politologiyanın deyil, daha çox biologiyanın predmetidir...
Musavat.com