post-title

Hüseynbala Səlimov: Biz şərqlilər niyə geri qaldıq?


Yaşa dolduqca adamın keçmişdə eşələnməkdən savayı işi olmur. Cəmiyyətdən geri qalmamaq üçün nə qədər addımlarını yeyinlətsən də bir də görürsən ki, nəzərin elə hey keçmişdədir. Adamları, fikirləri, sözləri bir-bir xatırlayırsan, sanki onları bir daha başa düşməyə cəhd edir, yenidən anlamağa çalışırsan...

O səbəbdəndir ki, arabir elə hey çox maraqlı bir söhbət yadıma düşür. Bir neçə il bundan əvvəl olardı. Bəlkə də çoxdanın, hətta 15 il bundan da öncənin söhbətidir. Bir-iki jurnalist söhbət edirdik...

Nə bilim, ədəbiyyatdan, siyasətdən - filandan danışırdıq. Biri durub qayıtdı ki, axı Nizami bizə nə verib? Sonra da cavabını gözləmədən özü də başladı Hüqonu tərifləməyə...
Onun səhv, yaxud da düz deməsini araşdıqmaq, kiməsə haqq qazandırmaq, kimisə aşağılamaq niyyətində deyiləm. Amma bir də görürsən ki, özüm də bir sual qarşısında qalıram: əcəba, mənə Nizami çox şey verir, yoxsa Hüqo?..

Deyim ki, elə özümün də Hüqoya münasibətim həmişə yüksək səviyyədə olub. Hətta bir dəfə yazmışdım ki, Avropanın da peyğəmbəri Hüqo oldu...

Amma indi sözüm bunda da deyil. Bu gün bir daha şərqlilər və Şərq haqqında düşünməyə başladım. Geriliyimizin səbəblərini dərk etməyə cəhd göstərdim.

Düzdür, artıq Şərq də bir az amorf anlayışdır - yaxını, ortası və uzağı var. Heç də hər bir yeri eyni deyildir. Elə yerləri var ki, dünyanı öz inkişafı ilə, elə yerləri də var ki, geriliyi, cəhaləti ilə mat qoyur...

Amma mən Şərq deyəndə daha çox müsəlman Şərqini nəzərdə tuturam... Bəli, Şərq ədəbiyyatı, ədəbi-fəlsəfi fikir tarixi demək olar ki, ədalətli və insaflı şah axtarışlarına həsr olunub. Şərqdə bu məsələdə də, elə digərlərində olduğu kimi, Qərb qədər dərinə gedə bilmədilər.

Qərb hər bir şeyin daha praqmatik və daha praktiki yollarını tapdığı kimi, elə hakimiyyətə təsir məsələsində də daha effektiv üsullar tapdı...

Amma Şərq bunu edə bilmədi. Tərif, Göylərə qaldırmaq, sonra da böyük hökmdarların həyatından nəsihətlər...

Şərqin hökmdarlara yanaşması belə idi ... Yüz illər ərzində bu yanaşma - qəlib təkrar olundu. Bəzən fikirləşirsən ki, başqa yol da yox idi, şərqlilərin şahlarına təsir etmək üçün başqa bir yolları və imkanları yox idi. Amma bu imkanı da axtarmalı idi Şərq insanı. Bunu onun əvəzinə qeyrisi etməyəcəkdi, necə ki, indi də etmir...

Avropa bu məsələdə olduqca dərinə getdi. Əvvəlcə qədim Yunanıstanda Perikl, daha sonra isə Fransada Monteskyö respublikaçılığı və respublikanı necə idarə etməyin ən yaxşı üsullarını fikirləşib tapdılar - ən əvvəl anladırlar ki, hakimiyyət çoxluğun olmalıdı...

Daha sonra onun kütlə hakimiyyətinə çevrilməməsi üçün üç yerə bölünməsinin və hamının Ali sandığı, qəbul etdiyi qanunla məhdudlaşmasının zəruriliyini anladırlar. Avropa tədricən başa düşdü ki, dua oxumaqla donuz darıdan çıxmır, tərif yağdırmaqla, öyüd-nəsihət verməklə və daha böyük hökmdarların həyatından ibrət götürməyə çağırmaqla tiranlar, despotlar dönüb adil və insaflı hökmdarlar olmurlar. Onları buna sadəcə, məcbur etmək lazımdır...

Şərq fəlsəfi fikri isə əvvəldən qeyri-effektiv və irrasional idi. Şərq müdrikləri insanları öz içlərinə yönəltməyə, onları ətraflarından demək olar ki, təcrid etməyə çalışır və bu yolla guya onları kamilləşdirəcəklərini düşünürdülər. Amma bunun üçün milyon, bəlkə də milyard illər lazımdır. İnsan, bəşər ömrü isə çox qısadır...

Hamının kamilləşməsini gözləmək! Bunun qədər mücərrəd və əlçatmaz bir şey təsəvvür etmək olduqca çətindir...

Dəfələrlə yazmışıq ki, ən demokratik ölkələrin belə insanlarının içində naqislər və ya bəd fikirlilər var. Amma sistem elə qurulub ki, onlar bunu qətiyyən təzahür etdirə bilmirlər. Təzahür etdirəndə də bunun dərhal və adekvat cavabı verilir...

Şərqdə isə belə olmadı. Yüz illər ərzində insana və cəmiyyətə, hətta həyata qarşı irrasional münasibət hökm sürdü...

Bəlkə də Şərq-Qərb kontekstində ən uğurlu əsərlərdən biri də “Əli və Nino” romanıdır. Gözəl əsərdir. Buna söz ola bilməz. Amma mən təkrar olaraq özümdən soruşuram: Şərqi sevməyə dəyərmi? Mən onu adını indicə çəkdiyim romanın müəllifi kimi sevə bilərəmmi?...

Təəssüf ki, mən “hə” deyə bilmirəm. Bəli, Şərqin iqlimi, Şərqin özünəməxsus mənzərələri... Bütün bunlar ayrı aləmdir, necə deyərlər, ekzotikadır. Amma mən ekzotika istəmirəm, adrenalin həvəsində də deyiləm. Mən o şeyi istəyirəm ki, o, Şərqdə heç vaxt olmayıb, ya da çox az olub. Onun adı isə azadlıqdır... Bəli, azadlıq! Qısa və yığcam. Amma bu yığcamlıqda nə qədər genişlik var! Bunun yanğısını duymamaq heç olarmı? Bəlkə də olar. Amma onda bunun bir adı olacaq - Qoca Şərq...

Musavat.com
Hüseynbala Səlimov

Yuxarı