“Soyadı Qanar idi, amma bütün şəhər ona Qanmaz
deyirdi.” Ad, soyad insana nə üçün lazımdır? Digərlərindən fərqlənmək üçün,
insan selinin içərisində batmamaq üçün. Bəs elə isə Qanara niyə olduğu soyadı
deyil, Qanmaz soyadını yapıdırmışdılar. Bunu kim müəyyən edir? Valideynmi, ya
öz şəxsinmi. Bəzi hallarda kənardakılar bunu özləri həll edirlər. Eynilə
Professor Qanmaza etdikləri kimi. Gəlin, elm öyrədən, hər hansı dili mənimsədən
birinə Qanmaz adını verən bir cəmiyyət təsəvvür edək. Belə bir cəmiyyət bizə
yad deyildir. Bəlkə elə biz də özümüzə verilən adın, ayamanın təsirindən
başqalarına asanlıqla ayama tapa bilirik. Gimnaziyada dərs verəsən, şagirdlərin
də sənə ayama yapışdırmayalar. Bu cür murdar dərs verən müəllimlərin eyiblərini
örtən məhz gimnaziyadır. Bizdə isə məktəb. İstər-istəməz müəllim adına “hörmət”
şərtsiz refleksə çevrilib. Daha doğrusu, müəllim bu “hörmət”i qarşısındakından
gözləyir, hətta buna məcbur hiss etdirməkdən də çəkinməz. “Mən müəlliməm, mən
sizin ağanızam, çünki sizə elm verirəm, neçə nəfəriniz bunu dərk edə bilirsiniz?”
Söhbət
açdığım əsər belə adlanır: “Professor Qanmaz”. Dünya şöhrətli Mann
qardaşlarından biri olan Haynrix Mannın qələmindən çıxan bu roman haqqında, yəqin
ki, kitabqurdlarının xəbəri var. Roman 1930-cu ildə “Mavi Mələk” adı ilə
ekranlaşdırılmışdır. Belə ki, “Professor Qanmaz” – “Mavi Mələk” adı ilə
ekranlaşdırıldıqdan və böyük uğur qazandıqdan sonra, roman bütün dünyada filmin
adı ilə populyarlaşmışdır.
Neçə
illərlə məktəbə ayaq döyən müəllimlər var, eynilə Professor Qanmaz kimi.
Onların hansı markalı ayaqqabı ilə məktəb yolunda addımlamağının bizim üçün əhəmiyyəti
yoxdur, baxmayaraq ki, hazırki cəmiyyətimizdə snobizmə tutulanların böyük əksəriyyəti
bu cür məktəblərin məhsuludur. Lakin onların ayaqlarının daşıdığı başın, daha
doğrusu, başlarında tüğyan edən düşüncələrin bizim məsələyə bilavasitə
aidiyyatı vardır. Ətrafa lava püskürən vulkan kimi, daim ətrafa, şagirdlərinə
kin, nifrət, əzazillik, atmacalı alçaltmalar püskürən, bundan sanki zövq alan,
daxili harmoniyasını düzənləyən qanmazların vaxtında dərdiyi meyvənin növünün
necə olması haqqında bizə ilkin təxminlər gəlməmiş deyildir. Bu Katilina
canlıları abırsızlıqlarına salıb üstündə gəzdikləri torpağı nə qədər təhqir edəcəklər?!
Almaniyanın professor qanmazına nədənsə bizim universitetlərdə, digər məktəblərimizdə
də sıx rast gəlinir. Onlar, böyük gələcəyi olan bir insana, bu gözəl dünyaya
qaranlıqda marıtlayan məzhəkəçi bir səfil kimi rişxənd edir və qoynunda gəzdirdiyi”bomba”n
atıb hər şeyin axırına çıxmağa çalışırlar. Romanda Qanmazın həyatını Haynrix
Mann iki hissədə təsvir etmişdir. Birinci yaşayış tərzi gimnaziyada dərs dediyi
zamanlar, ikincisi isə aktrisa Frölixə rast gəldiyi andan başlayan həyatı. Elmə,
biliyə önəm verməyən, elm öyrədən ziyalını alçadanları da
yazıçı dolayı yolla qanmaz adlandırır. Əslində romandakıların hamısı bir sürü
qanmazdırlar, bir fayton qanmazdırlar və daha çox zibil. İstər şagirdlərini hər
fürsətdə alçaltmağa, qarışqa kimi əzməyə fürsət axtaran Professor Qanmaz olsun,
istər onlara elm öyrətməyə çalışan bir Qanmazı ələ salan, avaralanmağa meylli
olan şagirdlərin ümumiləşmiş obrazı kimi üzə çıxarılan Loman, Kizelak və Fon
Ersum olsun, istərsə də şagirdləri dəsrdən yayındıran, bər-bəzəkdən, şan-şöhrətdən,
puldan savayı nəyisə ciddiyə almayan aktrisa Frölix olsun. Necə deyərlər,
hamısı bir fayton qanmazdırlar. Soyadı Qanar idi, amma bütün şəhər ona Qanmaz
deyirdi. Lomandan başqa, təkcə Loman ona “Cənab Professor” deyərdi. Qanmaz da,
məhz, Lomandan qorxurdu.
Mann ailəsi
bütövlükdə dövrünün alman ədəbi-mədəni aləminin kiçik modelini xatırladır. Ailədəki
intiharlar isə onların uğursuz taleyindən xəbər verirdi. İlk dəfə qardaşı Tomas
Mannla aralarındakı böyük fikir ayrılığı Almaniya I Dünya Müharibəsinə
başlayarkən üzə çıxdı. Haynrix Mann azsaylı yazıçılardan idi ki, müharibənin əleyhinə
çıxırdı və Veymar respubikasını qatı tənqid edirdi, Tomas isə, əksinə, bu illərdə
səmimi şəkildə millətçi idi və Almaniyanın müharibədə iştirakını dəstəkləyirdi.
1933-cü ildə Hitler hakimiyyətə gəldikdən sonra H. Mann alman vətəndaşlığından
məhrum edilir, əvvəlcə Praqaya, sonra isə Fransaya mühacirət edir. Yazıçı
Kaliforniyada Santa-Monika şəhərində 1950-ci il martın 11-də vəfat etmişdir. 1953-cü
ildən etibarən Berlin akademiyası hər il Haynrix Mann mükafatı təqdim edir.