“Neftçi”yə hakim köməyi lazım deyil, Futbol məsəli. “Makler köməyi lazım deyil, özüm ev satıram”, Bakı küçələrində bir elan
Havaların isti vaxtı Bakıda, Bakıxanov qəsəbəsində gəzirdim, köhnə bir Rus-Azərbaycan uşaq bağçasının qapısını açıq gördüm. Dəhlizdə uşaq ayaqqabıları, balaca şkaflar, şkafların üzərində “nakleyka"lar vardı, şən səslər gəlirdi, bağça məni içinə sovurdu.
Qapını örtdüm, bir az orda dayandım.
Ancaq uşaqların evə gedən vaxtıymış, çox keçmədən içəridən dəhlizə çıxan bir topa uşaqla küçədən dəhlizə girən bir topa valideynin arasında qaldım.
Hərə öz uşağının ayaqqabısını, sonra ayağını tapıb geydirməyə çalışır, uşaqlarsa bu işi özləri görməyə can atırdılar. İstəyirdilər ki, özləri geyinsinlər, şkaflarının qapısına özləri açar salıb açsınlar, özləri çantalarını kürəklərinə keçirsinlər.
“Kömək eləmə”, “Öz boyum çatır”, “Özüm bilirəm hardadı”, “Özüm aça bilərəm”, “Tez elə” səslərini yara-yara küçəyə çıxdım.
Bir az vaxt keçəcək, o uşaqlar “özüm” sözünü ömür-billah unudacaqlar. “Kömək” diləməyə başlayacaqlar. Hər şey üçün, hər addımda.
Keçmiş bağça, məktəb, universitet, iş yoldaşlarımı zaman-zaman özlərindən xəbərsiz soraqlayıram. Çox vaxt kədərli əks-sədalar qayıdır üstümə: “Mənə kömək etdilər”, “Öz boyum çatmadı”, “Öz gücüm çatmadı”, “Özüm aça bilmədim”, “Özüm götürə bilmədim”, “Açdılar, götürdülər, verdilər mənə çörəyimi”.
Bu dünyada məni ən çox heyrətə salan qanun kəmiyyət dəyişiklərinin keyfiyyət dəyişikliyinə keçməsi qanunudur. Vaxtilə fəlsəfə müəllimlərimiz həyatın bu dəhşətli qanununu bizə xeyli səthi izah ediblərmiş.
Biz soruşanda ki, bu kəmiyyətin keyfiyyətə keçməsi nə olan şeydir, bu cürə misallar çəkirdilər: “Əvvəl siz şagird olursuz, illər bir-birinin üstünə yığılır, bu illər, bu vaxt (kəmiyyət) çoxaldıqca çoxalır və siz məktəbi qurtarıb abiturient olursunuz, budur, kəmiyyət dəyişikliyi sizi yeni bir keyfiyyətə keçirdi. Sonra kəmiyyət yığılaraq, sizi yeni keyfiyyətə - tələbəliyə keçirdi.”
Yəqin ki, belə izah verənlər bizi, – həyata təzə başlamış o fidanları qorxutmaq istəməyiblər. Deməyiblər ki, gedin “Tatar çölü” (D.Buzzati) romanını oxuyun, onda başa düşəcəksiniz kəmiyyət üstə-üstə yığılanda öz-özünə, qəflətən necə dəhşətli bir keyfiyyət dəyişikliyinə keçir.
“Özüm-özüm” deyən o bağça uşaqlarnı siz bir az vaxt, kəmiyyət keçəndən sonra görün. İmtahanda qiymət almaq kimi şeylərdən tutmuş iş, vəzifə, mənsəb, şərait kimi məsələlərə qədər, hər addımda kömək diləyəcəklər.
Birdəfəlik köməklər zəncirindən qurtulmaqdan ötrü bir yol var: hansısa bir vəzifə tutmaq. Bu, onları sabit bir sistemə salır. 18 yaşında gənclər “rektor yanında”, “prezident yanında” kimi sözlərlə başlayan vəzifələri qapışdırmaq istəyirlər, qoltuğunda qovluq dekanın otağından çıxıb prorektorun otağına girir, prorektorun otağından çıxıb nə bilim nə şurasına gedir, idarə, vəzifə, aparat eşqilə alışıb yanırlar.
Gah kafedra müdirinə taksi çağırır, gah dekan müavininin portfelini daşıyır, nəhayət, özü də bir qulluq yiyəsi olur. Necə ki, bir tamaşada bir xarakter əlini irəli uzadır, köpəklər ləhləyəndə dilləri tərpənən kimi tərpədirdi əlini və ehtirasla deyirdi: “Vəzifə-vəzifə!” Sonra o, bu vəzifədən işləri irəli verməkdən ötrü istifadə edir? Xeyr, işlər necə vardısa, elə də qalır.
Siz o bağça uşaqlarını universiteti bitirib gələcəyi haqda tədbir tökəndə görün. İyirmi yaşlarına təzə girmiş olacaq o gənclər ən ümidverən himayədarı havada qapmaq uğrunda necə açıq-açıq yarışacaqlar.
Hər sahənin özünə xas xırdalıqları var, hamısını əhatə edə bilmərəm. Məsələn, biri dördtəkərli arabanın beşinci təkəri kimi bir vəzifəyə təyin olunması münasibətilə radioda müsahibə verir, bir müsahibədə altı dəfə öz himayədarının adını çəkir, onu tərifləyir.
Bu təriflər o himayədara müraciətlə “Kömək elə”, “Öz boyum çatmır”, “Özüm bilmirəm hardadı, özüm aça bilmirəm”, “Həyat çətindir, özüm tək bacara bilmirəm”, “Bilmirəm” kimi səslənir əslində.
30-40 yaşdan sonra insanları belə rollarda görmək heç maraqlı deyil. Axı onların çoxu üçün öz gücünün nə qədər az olduğunu görmək imkanı olub artıq, bir vaxtlar yalnız özlərinə arxalanıb, ancaq onillər keçdikcə özlərinə olan ümidi itiriblər, hakimiyyət, hökumət, “dövlət xəttilə” kimi böyük ağacların verdiyi imkanlar olmadan heç nəyə nail ola bilməyəcəklərini artıq anlayıblar.
Ancaq hələ cəmi iki-üç onil də yaşamamış olanların özlərinə ümidi belə tez itirməsi, alçala-alçala yüksəlmək rolunun tələblərini icra etməyə belə tez həvəs göstərməsi adamı heyrətə gətirir. Kəmiyyət nə tez yığılıb doldu?! Onlar cəmi bir neçə il əvvəl “Kömək etmə, özüm!” deyən balaca uşaqlar deyildilərmi?!
Yaxşı, bəs onlar doğrudan da şəxsən, müstəqil olaraq, köməksiz, öz xəritələrilə getsəydilər, istədikləri yerə çata bilərdilərmi?! Bəlkə hə, bəlkə də yox.
Ancaq nisyə söhbət etmək istəmədilər. Hələ saçlarının bir tükü də ağarmamış, bəri başdan “krışa” tapmağa girişdilər. Günümüzdə bu axtarışa girişməyin yaş həddi lap azalıb. On səkkiz, on yeddi, on yeddidən də az.
BBC Azərbaycanca