post-title

Şahbaz Xuduoğlu: Toplum bir orkestrdir, onun səsi gəlsin deyə hər kəs öz kitabını oxumalıdır


"Ailələr uşaqlarına doğulanda artıq kitabxana yığmalıdır"


Şahbaz bəy, Azərbaycanda nəşriyyatın və kitabın vəziyyətindən danışaq. Necə bir işdir Azərbaycanda kitab nəşr etmək, nədir onun çətinliyi?

Nəşriyyat və kitabdan danışmaq özümdən danışmaq kimidir. Özüm isə bu işlərdən yorulmuş kimiyəm. Bu yaxınlarda bir filmə baxdım, qəhrəmanı hər gün külüngü götürüb dağı dağıtmağa gedir. Günləri dağla döyüşdə keçir... 
Düzdür, ona yerli bələdiyyə baş qoşmur, deyirlər, onsuz da onun gücünü dağ alır. İndi Azərbaycanda kitab nəşr etmək, məncə, belə bir işdir.


Sizin gücünüzü nə alır?

İki il ardıcıl nəşriyyatın eyni gündə soyulması, soyğunçuların azadlıqda olması. Jurnalist, redaktor, naşir kimi polisdən, vergidən, gömrükdən müraciət etdiyim bütün məhkəmə proseslərində uduzmağım. Verginin nahaqdan üstümə 150 min manat cərimə yazması və məhkəmənin onları təsdiq etməsi. Hesablarımın 3 ildən çox müddətdə bağlı olması... Mənim gücümü bunlar alır.


Həqiqətən xeyli vaxtdır mətbuatda tez-tez bu qəbildən xəbərlər oxuyuruq. “Qanun” nəşriyyatının işinə maneələr yaradılır. Nədir məsələnin mahiyyəti? Problem “Qanun” nəşriyyatıyladır, yoxsa sizin şəxsiniz? Yoxsa ümumiyyətlə, problem kitab nəşridir?

Məncə, problem düşüncədədir. Millət olaraq geridəyik. Haqverdiyevin yazdığı “Bomba Rabatay” əməliyyatı yüz il sonra nəşriyyata qarşı işə düşür. Bu, əslində, o geridə qalmaq məsələsidir. Mental məsələ ona görə deyirəm ki, məsələn, əgər böyük bir vəzifə adamına Qız Qalasını yerindən sürüşdürmək lazım gələrsə, o bunu məmnuniyyətlə edəcək. Məsələnin ağrılı tərəfi onda deyil ki, kimsə buna etiraz etməyəcək, ondadır ki, Qız Qalasını yerindən tərpətmək fikrinə düşə bilən insanlarımız var. Onlar yad planetlilər deyil, bizlərdən biridir. Bir millət olaraq yalnız bu cür insanlar yetişdirə bilmişik.

Kitabxanası olmayan xalq nəşriyyat istəməz. Məncə, bizim nəşriyyatın əsas problemi budur. Əgər evində bir kitab rəfi yoxsa, aldığın kitab sənə daim mane olur - onu qoymağa yer tapmırsan. Məncə, Azərbaycanın kitab üçün nəzərdə tutulan kitab rəfi yoxdur. Bizi hələ də cəhalət idarə edir. Hələ də inanırıq ki, bir gün yataqdan qalxanda görəcəyik ki, həyətimizdən neft axır. Buna görə bütün qazanc, biznes təsadüflərlə bağlıdır. Əvvəllər həyətdən neft çıxıb, indi isə nefti vəzifə əvəz edib, kim dövlət büdcəsinə daha yaxındır, o çox qazanmaq, daha çox mənimsəmək imkanına sahibdir. 

Bir dəfə bahalı kreslolar satan bir mebelçi ilə söhbət etdim, bunları kimlərin aldığını soruşdum. Dedi, “əsasən, yeni vəzifəyə gələnlər, hər kəs öncə kreslo və masasını dəyişir, indi azalıb, çünki yeni vəzifə təyinatları çox deyil”. Vəzifəyə gələn heç zaman kitab rəfi barədə düşünmür. O düşünür ki, yeri rahat olsun. Kreslo satanın gözüylə necə aydın görünür bizim faciəmiz! 

Bir dəfə Yeni İl bayramı ilə bağlı bütün nazirlərə və komitə rəhbərlərinə “YÜKSƏK EFFEKTLİ İNSANLARIN 7 VƏRDİŞİ” kitabını hədiyyə göndərdim. Hardasa toplam 200 kitab etdi. Heç birindən cavab gəlmədi. Sovet dövründə şəhərin ən gözəl, yaraşıqlı binalarında nəşriyyatlar yerləşirdi. O binaların birini bank, digərini otel, başqa birisini dükan etdilər. Əgər düşüncəmizdə kitabın, nəşriyyatın yeri olsaydı, onlar dəyər verə bilsəydik, heç zaman belə amansız, radikal dəyişikliyə getməzdik.


Deyəsən, çox az adam bilir ki, sizin «oğru aləmi»nin nümayəndələrinin həyatlarından bəhs edən kitab seriyanız var. Son nəşriniz oxucular arasında narazılıq yaradıb. Tam olaraq nəyə etiraz edilir? 

Mən “oğrularla” bağlı o zaman kitab nəşr etməyə başladım ki, ədəbiyyat heç bir iş görmürdü, ədəbi aləmdə dərin bir sükut var idi. “Zerkalo Klara”, “Myasnik Ağakərim”, “Əlləri qızıl Sonya” haqqında yazıları oxuyanda gördüm ki, bu insanların yaşadıqları faciəni hər hansı bir ədəbiyyat hələ yazmaq qüdrətində deyil. Həyatımızın reallığına ədəbiyyatın uduzduğu məqamlar olur, onların həyatı məhz həmin məqama aiddir. Lənkəranski qətlə yetiriləndə Facebook-da hər iki nəfərdən biri öz həyəcanını gizlətmədən bu qətlə (əlbəttə, belə sonluğu mən də istəməzdim, təəssüf edirəm) etiraz edir və onun şəninə nəğmələr qoşulurdu. Oğrusu, doğrusu, deputatı, naziri – hamı. Sovet dövründə hamı üzdə ateist, gizlində dindar olduğu kimi, sən demə, hamı bir-birinə müəllim desə də, inandıqları, qibtə etdiyi dəyərlər elə oğru dəyərləri imiş. Əslində, bu çox maraqlı bir məqam idi. Ekstremal vəziyyətlərdə çox zaman həqiqət göründüyü kimi, cəmiyyətimizin dəyərləri də üzə çıxmışdı. O zaman mən Facebook səhifəmdə belə bir post yazdım: “Bilirəm, heç yeri deyil, çünki hamının başı Rövşən Lənkəranskinin qətlinə qarışıb, amma həyasızlıq kimi səslənsə də deməliyəm: bu gün Nərimanov və Elmlər Akademiyası parkında endirimli kitab yarmarkasıdır. Yersiz məlumata görə, diqqətinizi vacib məsələdən yayındırdığım üçün üzr istəyirəm”. 

İndi deyirlər, sən o zaman belə yazmışdın, indi niyə kitabını nəşr etmisən. Mənim işim kitab nəşr etməkdir. Burada həm bazar qaydaları, həm də mövzu aktuallığı rol oynayır. Ona görə də Bəhram Çələbi mənə zəng edib, kitabı işləmək istədiyini deyəndə, dedim, mümkün qədər tez hazırla. O, gecələr yatmadı, işlədi, mətbəəyə də dedim ki, bir günə çap etsinlər. İndi baxın, Facebook-da iki kitabı yanaşı qoyuruq - Mahatma Qandi və Rövşən Lənkəranski. Bir saat ərzində Rövşənin kitabına 230 bəyənmə gəldiyi halda, Mahatma Qandiyə 8 bəyənmə gəlir. Əslində, bu kitabla bizim cəmiyyətin mənəvi qibləsini müəyyən etdik. Yəni özünə nə qədər “müəllim” desən də, əgər mahiyyətcə oğrusansa, demək, oğru da qalacaqsan.


Şahbaz bəy, maraqlıdır, bu və ya digər səbəblərdən kitab tərcümə və nəşrində özünüzü senzura etdiyiniz olur? Əgər olursa nələri düşünərək senzura edirsiniz?

Mən senzura dövrünü görmüşəm, onda qəzetləri senzor kəsirdi, yeri ağ qalırdı, indi isə bəzi məsələlərdən özümüzü sığortalamağa çalışırıq. Bunları etmədən fəaliyyət göstərmək bəzən mümkün olmur.


Bizim cəmiyyəti kitab oxuyan cəmiyyət adlandırmaq olarmı? Nə qədər kitab oxuyuruq biz?

Bir uyğunsuz bənzətmə deyim: Gürcüstanda neft nə qədərdirsə, bizdə də kitab oxuyan o qədərdir. Kitab oxuyanlar daha böyük sərvətdirlər, təəssüf ki, biz ona sahib deyilik. Kitabdan uzaq cəmiyyətlərin hamısının başında bəlalar var. Bir dəfə Tunisin 5-ci dəfə seçkiləri qazanmış və az sonra devrilən Prezidenti Ben Alinin xanımı Leylanın müsahibəsini oxudum, o deyir ki, biz ki öz xalqımız üçün bu qədər iş gördük – yüzlərlə gənci xarici ölkələrə təhsil almağa göndərdik, amma əvəzində, biz hakimiyyətdən salınıb qovulduq. Onda müxbir yaxşı bir məqamı qeyd edir, deyir, yəqin ki, məhz ona görə sizin taleyiniz Müəmmər Qəddafinin taleyinə bənzəmədi. Cəmiyyətdə olan o təhsilli adamların sayəsində. Düzdür, ölkələrindən qaçdılar, amma hər halda, sağ qaldılar.


Bəs sizcə kitab oxumaq mədəniyyəti necə formalaşdırıla bilər cəmiyyətdə? 

Biz, əslində, bunu başlamışıq - “hər yerdə, hər zaman kitab”. Əgər bu ideyanın altı doldurulsa, problem olmaz. İki yerdə kitaba münasibət formalaşır: ailədə və məktəbdə. Ailələr uşaqlarına artıq doğulanda kitabxana yığmalıdırlar. Oxumağı mükafatlandırmaq lazımdır. Yarmarkalarımıza bir səfirin xanımı gəlirdi. Hər dəfə bir neçə ingiliscə "Əli və Nino" kitabı alıb xaricdə yaşayan dostlarına hədiyyə göndərirdi. Yəni özü oxuyub bəyənib, istəyir dostlarıyla da paylaşsın. Gündəlik həyatımıza bu cür vərdişləri çox qatmalıyıq. O şəxslərin ki, imkanları, səlahiyyətləri var, onlar kitaba şərait yaratmalıdırlar. Məsələn, Metropolitenin əvvəlki rəhbəri Tağı müəllim şeir yazırmış, mən bunu təzəlikcə bildim. Amma zamanında kitab üçün nələrsə edə bilərdi. Ümumiyyətlə, vəzifədə olan passiv yaradıcı insanlar çoxdur, amma onlar təəssüf ki, məqamlarından istifadə edib kitaba dəstək vermirlər. Məncə, burda da düşüncə problemi var.


Yəni vəzifə adamları içərisində bir dənə də olsun kitab oxuyan, kitaba dəyər verən insan yoxdu?

Daxili İşlər Nazirliyində, Prokurorluqda, bir də Ali Məhkəmə hakimləri arasında kitablarımızı izləyən və onları oxuyan, vaxt olanda müzakirə etdiyim vəzifəli şəxslər tanıyıram. Amma onlar azlıqdadır. Ümumiyyətlə, kitab oxuyanlar azlıqdadırlar.


Ümumiyyətlə insanlara kitab oxutmaq necə hissdir? 

Kitab oxumaq hissini əvəz edən ikinci bir hiss varsa, o da dua oxumaq hissidir. Orkestri təsəvvür edin: yüzdən çox musiqiçi, hərə öz musiqisini ifa edir... Nəticə nədir? Nəticə mükəmməl bir kollektiv ifa. Toplum bir orkestrdir, onun səsi gəlsin deyə hər kəs öz kitabını oxumalıdır. Kitab oxumayanın nə səsi gələr, nə sözü eşidilər.


Şahbaz bəy, sizin üçün kitab işinin neçə faizi biznes marağı, neçə faizi sırf kitab məsələsidir? 

Biznes iş deməkdir. Kitab da, naşirlik də mənim işimdir. Biznes həm də kommersiya fəaliyyətidir. Kitab biznesi kommersiya fəaliyyəti üçün gəlirli sahə hesab olunurmu? Xeyr, olunmur. Kitab həm də mədəniyyətdir. Kitabı mədəni həyatımızın bir hissəsinə çevirə bilmişikmi? Xeyr, çevirə bilməmişik. Gördüyümüz bütün işləri o zaman uğurlu hesab etmək olar ki, onun ictimai faydası olsun. Kitab mənəvi məsələdir, amma onun maddi qarışığı var. Daha çox kitab, daha vacib kitablar olmalıdır ki, mədəniyyət, iş, biznes daha yaxşı inkişaf etsin.


Deyirlər, kitablar bahadır. Nə düşünürsünüz, kitablar, həqiqətən, bahadır, yoxsa bizim büdcəmizə görə bahadı? Və ya kitaba yanaşmamıza görə baha görünür bizə qiymətlər?

Hər halda, biz Ermənistandan və Gürcüstandan kasıb ölkə deyilik. Onlarda kitab oxuyanların sayı daha çoxdur. Kitablar daha çox sayda nəşr olunur. Mənim qohumlarımdan biri Qurban bayramı vaxtı az sonra kəsəcəyi qurbanın fotosunu Facebook-da yerləşdirmişdi. Zəng edib dedim ki, bu ədəbsiz bir hərəkətdir, dərhal sil o fotonu. O dedi ki, mən anlamıram, sən kitabın şəklini paylaşanda niyə ayıb olmur? Bu fikrə, hətta qeyri-səlis məntiqlə də cavab tapmaq mümkün deyil. 

Adam haradasa haqlı idi. İndi mən illər boyu tanıdığım, yanımda olan birinə cöngə ilə kitabın fərqini necə anlatmalıyam? Adətimizdə kitab oxumaq yoxdur, qurban kəsmək var. İndi biz necə etməliyik ki, həm o adət qalsın, həmdə o savab əməlləri kitaba və mədəniyyətə yönəldək. Adam var 23 dəfə Həccə gedir. Necə edək ki, 24-cü dəfə Həccə getməsin və həmin xərcə kitab alıb özü oxumasa da kasıb tələbələrə qurban versin. Necə edək ki, universitetləri inandıraq ki, onların mütləq kitabxanaları olmalıdır və mütləq o kitabxanalara hər il yeni kitablar alınmalıdır. Bu asan məsələ deyil, hətta bəzən orada təhsil alan tələbələrə bunu inandırmaq çətin olur.


Yeri gəlmişkən, “Qanun” nəşriyyatının zaman-zaman yarmarkaları olur. Parklarda, ticarət mərkəzlərində və universitetlərdə. İstərdim fikirlərinizi bölüşəsiz yarmarkalardakı vəziyyətlə bağlı. Xüsusilə Universitetlərdə necə qarşılanır kitablar? 

Yarmarkalar daha çox kitablar haqqında fikir paylaşmaq vasitəsi kimi mənə cazibəli görünürdü. Tədricən yorucu və darıxdırıcı olmağa başladı. Bütün günü ayaq üstə yaxınlaşanlarla söhbət etmək, ünsiyyət qurmaq asan deyil. 
Yay ayları parklarda edirik, qışda, soyuqda isə universitetlərdə. Bakı Dövlət, İqtisadiyyat, Pedaqoji universitetlərdə yarmarkalar təşkil etmişik. Razılıq ala bilsək, bu il davam edəcəyik.
Əvvəllər tələbələr kitablara qeyri-ciddi baxırdılar. Kitab qapaqlarının bir-birinə göstərib gülürdülər. Tədricən mənzərə yaxşılığa doğru dəyişir.


Razılıq ala bilsək dediniz. Universitetlərdə kitab yarmarkası təşkil etmək üçün icazə verilməsində çətinlik də olur?

Bir dəfə Memarlıq və İnşaat Universiteti yarmarkaya razılıq vermişdi. Deyəsən, həmkarlar səviyyəsində. Uşaqlar aparıb düzüblər. Prorektor gələndə kitabları başqa yerə çəkdirib, deyib buradan rektor keçəcək. Başqa prorektor isə koridorun tam əks tərəfinə çəkdirib. Axırda mühafizənin rəhbəri gəlib demişdi, ümumiyyətlə, ikinci mərtəbəyə qaldırın, ya da gedin. Hardasa 5 min kitabı paketə yığıb sonra çıxarıb masaya düzmək, bu işi bir gündə 3 dəfə təkrarlamaq sizif əməyindən yüngül deyil.


Artıq xeyli vaxtdır motivasiya və uğur kitabları seriyasında çoxlu kitablarınız nəşr olunub. Çoxları bu kitabları ədəbiyyat, tarix, fəlsəfi və elmi kitablarla müqayisədə qeyri-ciddi kitablar hesab edir. Nə düşünürsünüz?

Heç bir kitab qeyri-ciddi ola bilməz. Hər hansı bir kitabı qeyri-ciddi adlandırana dəsən, otur 2 səhifəlik bir yazı yaz, yaza bilməyəcək. Əksinə, mən o kitablara çox ciddi yanaşıram. Xüsusilə, bizim üçün çox vacib olan sahə kimi baxıram. Bəziləri deyir, mən necəyəmsə eləyəm, kitab məni dəyişə bilməz. Yaxud o yazılanlar bizlər üçün deyil. Bunlar səhv yanaşmadır.

“Kəpənək effekti” var, yəni haradasa kəpənək qanad çalıb, bizim evimizin üstünü külək aparır. Yəni hər səhər evimizdən çıxıb topluma bir rəng, bir əhval qatırıq. Xoş əhval qatacaqsan, yüksək əhvalın həcmi artacaq, qara geyib çıxacaqsan, "qarakurtkalılar"ın sayı artacaq. Əgər daim yaxşı və faydalı əməl sahibi olmağı, digərinə yardım etməyi, əhvalını yüksək tutmağı, özünə inamı, başqasının fikrinə hörmət qoymağı öyrədən bir kitab varsa, onu oxumağın nəyi pisdir?!


Həm də bu kitablar satış göstəricilərə görə çox vaxt ən çox satılan kitablar olur. 

Hər kəsin öz inkişafı üzərində işləmək cəhdidir. 
Bu yalnız bizdə belə deyil, Türkiyə, Rusiya, Avropa ölkələrində də belə kitablar çox satılır. O kitablar küll halında münasibətlər sistemini öyrədir. Valideyn-övlad, müəllim-tələbə, iş verən-işləyən və sair. Bu kitablar bütün yaşlar və bütün dövrlər üçündür. Bunların arasında biri məntiqli düşünməni öyrədir, digəri fikirlərini düzgün ifadə etməyi, başqa birisi bədən hərəkətlərinin dilini. Bakıda bir fransız müəllimə işləyirdi, bura haqqında xatirələrini yazmışdı, deyir, ilk dəfə Bakıda avtobusa minəndə hamının çox hündürdən və əsəbi halda danışdığını gördüm, elə bildim bu dəqiqə əlbəyaxa olacaqlar. Sonra gördüm ki, yox elə xüsusiyyətləri belədir. Yaxud avtobuslarda dinlənilən musiqilərlə bağlı da xeyli maraqlı müşahidələri var. O bizim avtobusları hərəkət edən konsert salonu adlandırıb. 

O kitablar, əsasən, öz bacarıqlarını kəşf etməyi öyrədir. Kimisi oxuyub həyatına tətbiq edir, nəticəni görür, kimisi oxumamaq üçün, "əşi boş şeydir" deyir. Mən isə hətta məktəblərdə şəxsi inkişafla bağlı ayrıca fənnin olmasını istərdim. Bizim uşaqlar, əsasən, valideynlərin arzularının icrasıdırlar. Zamanında onların öz bacarıqları kəşf olunsa daha fərqli nəticələr ola bilər. 

Bizim cəmiyyətdə Sparta elementləri çoxdur, fiziki məhdudiyyətli insanları ümumiyyətlə, qəbul etmirlər. Görmə qabiliyyətini itirmiş bir nəfərlə söhbət etdim, zabitlər parkında skamyada oturub çiçək toxuyur və yerindəcə satırdı. Onu ən çox narahat edən görmə qabiliyyətini itirməsi faktı deyil, uşaqlar və polislərdir. Uşaqlar söz atırlar, daşa basırlar, toxuduqlarını oğurlayırlar və sair. Polislər isə daim onu harasa qovurlar, burda olmaz, orda olmaz, deyə. Polis dövlətimizin münasibətini göstərir, uşaq isə ailələrimizin. O deyir ki, çoxlu sayda fiziki əngəlli adamlar kimi dilənçi olmamağıma səbəb yanımda oxunan kitabdan eşitdiyim bir cümlə olub. “Görməyən bir göz, işləyən əllərə, düşünən başa, yeriyən ayaqlara əngəl olmamalıdır.” Və mən o vaxtdan toxumağı öyrənməyə başladım.


Bəs sizcə, müasir romanlar, klassik yazıçılar, elmi-populyar kitablar bunlar insan inkişafında, onun dünya görüşündə daha ciddi rol oynamırmı? Və o kitabların yerini, insanlararası münasibətlərdən bəhs edən uğur kitablarının doldurması mümkündürmü?

Bədii ədəbiyyat zaman-zaman ideologiya ilə zəhərlənib. Bəzən, insanın həqiqi ağrısını görməzdən gəliblər. İsveçrə yazıçısı Marin Süterin alzheimer xəstəliyindən bəhs edən romanını oxudum. Sona qədər onun həkim, ya filoloq, jurnalist olduğunu müəyyən edə bilmədim.

Yaxud fransız yazıçısı, Qonkur mükafatçısı Erik Emmanuel Şmit uşaq xəstəliklərindən yazanda, o uşaq psixoloqudur, yaxud xəstə uşaq üstündə əsən həlim qəlbli valideyn, bilmək olmur. Yaxşı yazana hələ yazıçı demək düzgün deyil, yazıçı daha üstün keyfiyyətlərə sahib olmalıdır. Yazıçının bütün əxlaqı, insani dəyərləri yazdığı əsərdə aydın görünür. Adi halda paltarla özünü gizlədə bilir, bəzən müsahibə verib danışa bilir, amma bədii mətn müəllifinin rentgenidir. Orda gizlənmək olmur.

Bir dəfə mənə bir ssenari verdilər, bizim müəlliflərdən biri yazıb. Gənc prokuror Gəncədən gələn qatara minib Bakıya gəlir, qatara minən kimi bələdçinin yekə dalına bir şapalaq vurur. Bununla yazıçı guya, prokurorun qudurğanlığını göstərir. Həyatımızda olmayan çox şeyləri yazmaqla reallıqdan, insanının həqiqi yaşantılarından çox uzaqlaşırıq. 

Bədii ədəbiyyat nəticəni hər kəsin öz ixtiyarına verməlidir, uğur kitabları isə nəticəni misallar çəkməklə sənə göstərməyə çalışır. Bu kitablar arasında fərq budur.


Bir sözlə siz bu kitabları indiki halda daha effektli kitablar hesab edirsiniz?

Bizim nəşrlərin 20 faizini belə kitablar təşkil edir. Hələ ki, bu bölgüdə işimizi davam edəcəyik. Bunu bizim cəmiyyət üçün çox faydalı hesab edirəm. Konkret kömək etdiyi şəxsləri tanıyıram. Məsələn, Deyl Karnegin, Hapoleon Hil, Stefan Kovinin və sair bu qəbil müəlliflərin kitablarını oxuyub işində uğur qazanmış xeyli insan tanıyıram. Bir nəfər var, 40 il siqaret çəkib. Alan Karın "SİQARETİ TƏRGİTMƏYİN ASAN YOLU" kitabını oxuyandan sonra tərgitdi, 2 il keçib hələ də çəkmir. Bir türk tanıyıram, dülgərxanada usta işləyirdi, bizdən kitab alırdı, deyir bu kitablar hesabına artıq özünün bir neçə dülgərxanasını yaradıb. Robin Şarmanı oxuyandan sonra hər gün səhər 50 səhifə kitab oxuyan şəxs var. Bir xanım var, "FƏALLIQDAN QORXMA" kitabını oxuyub öncə kafedə xidmətçi kimi işə başladı, sonra orada adminstrator işlədi və artıq özünə yeni kafe açır. Yəni mən kitablardan ilhamlanan və uğurlu işlərə nail olan xeyli sayda adam tanıyıram.


Bəs “Qanun” nəşriyyatında niyə elmi populyar kitablar seriyası yoxdu?

Hokinqin “ZAMANIN QISA TARİXİ” çapda, “MƏNİM TARİXÇƏM” artıq yayımdadır. “SAPİENCE”-in tərcüməsi yekunlaşmaq üzrədir. Biz, əsasən, populyarlığı ağır olan kitablar nəşr edirik. Tam elmi olan kitablar hələ ki, diqqətimi cəlb etmir. Tarix, fəlsəfə, siyasətlə bağlı da xeyli kitablar nəşr etmişik. Rasselin “FƏLSƏFƏ TARİXİ” artıq çapdadır. “OSMANLI TARİXİ” ilə bağlı iki kitab hazırlanır. Erix Fromu, Freydin 5 kitabını, Volterin iki cildliyini çap etmişik. Bu qəbildən olan nəşrlərimizdən Henri Kissencerin "Diplomatiya", Elias Kanettinin "Kütlə və hakimiyyət", Qustav Lebonun "Xalqların və kütlənin psixologiyası", Zbiqnev Bjezinskinin "Böyük şahmat taxtası" və "Strateji baxış" kitablarını da sadalamaq mümkündür. Bundan başqa, "Görkəmli İnsanların Həyatı" adlı seriyamız var ki, burada tarixi əhəmiyyətli şəxsiyyətlər haqqında kitablar toplanıb. Yerli müəlliflərdən Niyazi Mehdi, Ağalar Məmmədov çap olunub, Rəhman Bədəlovun “Fəlsəfə və kulturologiya”, Qulu Məhərrəmlinin “Jurnalistikanın əsasları” adlı kitablarını nəşr etmişik. Üzdə az olsalar da dərindən baxanda bu sahədə də xeyli nəşrlərimiz var.


Bir naşir kimi indiki halda bizim üçün oxunması vacib saydığınız 3 kitab adı çəkə bilərsiniz? 

Vacib hesab etdiyim kitablar tez-tez dəyişir. Əvvəllər Con Steynbek, Corc Oruel, Milan Kundera, Paviç, Kutze, Buzatti kimi yazıçıların adlarını tez-tez çəkərdim. Mən yazıçıları nömrələməyin tərəfində deyiləm. Əslində, kitab rəfinin kəşfi elə yazıçılara verilən ən doğru qiymətdir. Kitab rəfində hamısı yanaşıdır. Heç bir ölçü – nə zaman, nə də məkan ölçüsü ilə yanaşı ola bilməyən yazarları öz rəflərimizdə “qonşu” edirik. Mən həmişə iki, yaxud üç xarici müəllif oxuyanda öz müəllifimizdən də birini oxuyuram. 

Bu yaxınlarda Çəmənzəminlinin kitablarını oxudum. Həyatı çox faciəli olub, yazdıqları isə çox mükəmməl. Yerlilərdən Çəmənzəminlinin yenidən oxunmasını istərdim, həyatı, yazdıqları öyrənilməyib. Xarici ədəbiyyatdan son nəşrlərimizi Saramaqonun “KORLUQ” və Svetlana Alekseyeviçin “MÜHARİBƏNİN QADIN OLMAYAN ÜZÜ". “KORLUQ” cəhalətin bəlasını bilmək üçün, “MÜHARİBƏNİN QADIN OLMAYAN ÜZÜ" isə yazarın iş üsulunu, çəkdiyi əziyyəti dəyərləndirmək üçün.


Sonda oxucularınıza demək istədiyiniz bir şey var?

Qəribə bir yerdə doğulmuşuq. Təbiətimiz sərt, insanlar amansız. Mümkün qədər dünya insanı olmalarını istərdim. Bir tayfanın, bir nəslin, bir ölkənin adamı olmayın. Elə bir insan olun ki, bütün insanlara faydanız dəysin. Bütün sirlər oxumaqda, gəzməkdə və paylaşmaqdadır. Bütün uğurlar da ordadır.


Müsahibəni apardı Nurlan Hüseynov
Kultura.az
Yuxarı