Firudin Allahverdi: "Dövlətin incəsənətə müdaxiləsi ironik nəticə verir"
Müsahibimiz bəstəkar Firudin Allahverdidi. Firudinlə, azərbaycanlıların Qərb cə…
- Devalvasiyadan sonra bank sektorunda vəziyyət necədir?
- Hazırda bank sektorunda vəziyyət yaxşı deyil. Amma mən əvvəlcə devalvasiyanın mahiyyətinə toxunmaq istəyirəm. Bu söz hər kəsin dilində çox rahat səslənir, lakin bu tarixi hadisədir. Milli dövlət quruculuğuna bir zədədir. Milli valyutanın bu səviyyədə devalvasiyası Azərbaycan vətəndaşlarının bir ildə digər ölkə vətəndaşlarına görə iki dəfə kasıblaması deməkdir. Azərbaycanın müstəqilliyi gəncdir, bu baxımdan səhvlərimiz başa düşüləndir, amma biz bu yanlışları minimum etməyə çalışmalıyıq.
Bank sektoruna gəlincə, burada vəziyyət hətta bir qədər acınacaqlıdır. Çünki dollarla kredit veriləndən sonra bu valyutanın qiyməti iki dəfə bahalaşdı. Bundan sonra kreditlərin yığılması qeyri-mümkün oldu. Belə vəziyyət yaranandan sonra bankların işi axsamağa başladı. Hətta bir neçə bank bağlandı da. Doğrudur, bankların sayının azalması da vacibdir. Misal üçün, 80 milyonluq Türkiyədə 50 bank var, 8 milyonluq Azərbaycanda da 50 bank. Böhran yaranandan sonra bizdə bankların sayı azaldı. Təkcə dollar krediti yox, ümumi neft böhranı bank sektoruna təsir etdi. Böhranı da fürsətə çevirə bilmək lazımdır. Digər tərəfdən, böhranın müəyyən xeyirləri də oldu. Xüsusilə iqtisadiyyatın güclənməsi üçün addımlar atıldı. Ola bilsin ki, bu addımlar gələcəkdə bizi ümumdünya böhranından qorusun. Lakin o da məlumdur ki, bank sektoruna və milli valyutaya etibarlılığı itirdik. Etibarlılıq anlayışı çox vacibdir, hətta bunun dəyəri milyardlarla ölçülür. Misal üçün, mən vətəndaş olaraq banka etibar edirəm və pulumu, digər vəsaitlərimi depozit olaraq qoyuram və beləcə iqtisadiyatın çarxına öz töhfəmi verirəm. Əgər banklara etibarımı itirsəm, deməli depozit qoymayacam və yaxud da milli valyutaya depozit qoymayacağam. Banklara depozit qoyulmayanda oradan kredit götürüb iş görmək istəyən sahibkarlara çətinlik yaranacaq. Qeydiyyata alınmayan iqtisadiyyatın həcmi böyüyəcək. Beləliklə, ölkə iqtisadiyyatı zəifləyəcək. Devalvasiya prosesinin düzgün idarə olunmamasının ən böyük nəticəsi məhz bu etimadın itirilməsi oldu. Son 15 ildə yaranan etimad bir ildə demək olar ki, puç oldu.
- Problemli kreditlər məsələsi hər kəsi düşündürür. Bu necə həll olunmalıdır? Xüsusilə üçüncü devalyasiya baş verəcəksə, vəziyyət necə olacaq?
- Buna kompleks olaraq yanaşmaq lazımdır. Problem təkcə kreditdə deyil, problem bütün iqtisadiyyatdadır. Gərək problemə kompleks yanaşılsın. İndi düşünülməlidir ki, maliyyə sektoru real sektordan asılıdır. Bu olmasa, bank sektoru da inkişaf etməyəcək. Bunlar bir-birinə bağlı olan məsələlərdir. Hansısa birində problem olursa, digərinə də təsir edir. Bu gün istehsal yoxdursa, xaricdən mal almaq mümkün deyilsə, bank sektoruna onda nə ehtiyac var ki? Demək istədiyim odur ki, tək kreditlər problem deyil, iqtisadiyyatın bütün ayaqlarında problem var, bunun adı böhrandır. Diaqnozu düzgün qoyub müalicəni düzgün aparmalıyıq.
Neft qiyməti əvvəlki illərlə müqayisədə iki dəfə azaladıqdan sonra biz də manatın dəyərini iki dəfə azaltdıq və düşündük ki, vəziyyət düzələr. Nə oldu? Əksinə problem dərinləşdi. Riyazi tənasüb qurmaqla iqtisadiyyatı idarə etmək olmaz. İqtisadiyyatda ictimai və psixoloji faktorların da olduğu unudulmamalıdır. Bu gün hesab edilir ki, böhran varsa, deməli qənaət etməliyik. Hesab edirəm ki, biz bunun əksini etməliyik. Böhran varsa, genişləmə siyasəti aparmalıyıq, bir növ bədxərclik etməliyik. Əgər bir insan xəstədirsə, ona daha çox vitamin, daha çox qida verilməlidir. Əgər xəstənin yeməyini kəssən, o daha da zəifləyəcək. İqtisadiyyat da belədir. Biz qənaət yolunu seçməklə, xəstələnmiş iqtisadiyyatın vitaminini kəsirik. Lakin bizim neftdən gələn valyuta rezervlərimiz var. Bu rezervlər pis gün üçündür. İndi onlardan istifadə etməliyik. Pis gün keçəndən sonra onsuz da biz rezervlərimizi yenidən bərpa edəcəyik. Dövlət büdcə xərclərini azaltmamalıdır, artırmalıdır. Komissiyalar qurulmalı, şəffaf tenderlər keçirilməli, dövlət büdcə layihələrinə güc verməlidir.
- Neft qiymətləri ilə bağlı nə deyə bilərsiniz. Müsbətə doğru dəyişmə gözləniləndir?
- Neftin qiyməti siyasi məsələdən asılıdır. Neft bazarı bir neçə ölkənin əlindədir. Onlar razılığa gələ bilsələr, qiymətlər qalxa bilər. Neftin qiymətini də bazarı əlində saxlayan ölkələr aşağı endirdi. Bu ölkələrin ehtiyatları böyükdür və 3-5 il çətinliyə dözə biləcəklər. Amma bu amil bizim kimi neft ixrac edən kiçik ölkələrə təsir etdi. Hətta onlar qiymət siyasətini davam etdirərək, Azərbaycan kimi ölkələri neft bazarından çıxarada bilər. Lakin hazırda siyasi arenada bir qədər yumşalmalar hiss olunur. Yumşalma olacaqsa, neftin qiyməti də qalxa bilər.
- Necə düşünürsünüz, Mərkəzi Bank bundan sonra da üzən məzənnəyə davam edəcək, yoxsa sabit məzənnəni saxlamaq üçün hələ də imkanlar var?
- Biz əvvəldən sabit məzənnədə olmuşuq. İndi də sabit məzənnədəyik. Yəni kurs kiçik fərqlərlə Mərkəzi Bank tərəfindən müəyyən olunur. Mərkəzi Bank bugündən sabahın məzənnəsini təyin edir. Üzən məzənnə isə odur ki, bazarın tələb təklifi ilə kurs hər an dəyişir. Üzən məzənnənin bizim kimi ölkələr üçün problemləri çoxdur. Mən üzən məzənnənin tərəfdarı deyiləm, üzən məzənnədə şoklar çox olur. Problemə əvvəldən kompleks yanaşsaydıq, vəziyyət bu səviyyəyə gəlib çıxmazdı. Biz iqtisadi vəziyyəti nəzərə almadan devalvasiya etməklə vəziyyəti çətinləşdirdik. Lakin sabit məzənnəni saxlamaq üçün yenə də nəsə etmək olar. Mərkəzi Bank ciddi düşünməlidir. Dövlət indidən rezervlərini ortaya qoysun və bildirsin ki, manatın məzənnəsi yaxın bir ayda 1.2-də müəyyənləşəcək və addım-addım bunu düşürsün. Vəziyyətdən ancaq bu cür çıxmaq olar. Əslində kurs 0.78 olanda doğru addımlar atsaydıq, devalvasiya olarkən, kursu 1.05, yaxud 1.07 səviyyəsində saxlaya bilərdik. Yaxud da 1 manat səviyyəsində olardı.
- Maraqlıdır ki, qonşu Gürcüstanın iqtisadiyyatı bizdən zəifdir, amma hazırda orada dolların qiyməti aşağı düşür. Bunun səbəbi nədir?
- Gürcüstanın iqtisadi vəziyyəti əlbəttə ki, bizdən zəifdir. Lakin onlar hər şeyi yavaş-yavaş, tədricən etdilər. Biz isə milli valyutanı birdən-birə çox gücləndirdik. Dəyəri düşəndə də çox düşdü. Gürcüstanda isə yavaş-yavaş hərəkət edirlər. Digər tərəfədən, onların turizmi var. Turizm varsa, ölkəyə xarici valyuta axını da var. Biz isə bunu hələ də edə bilməmişik. Hələ də viza rejimində sərtlik var. Halbuki indiki məqamda misal üçün, İranla viza rejiminin sadələşdirilməsi oradakı turistlərin ölkəmizə axınına səbəb ola bilər.
- Nəticə olaraq, necə hesab edirsiniz, yeni devalvasiya ola bilərmi?
- Böyük ehtimalla indi əsil üzən məzənnəyə keçəcəyik və manatın zəifləməsi bazarın tələbi ilə birdən yox, addım-addım baş verəcək.
Admiral.az