post-title

Cavid Ramazanlı: Ləkəli bioqrafiyalar

Orxan Pamukun dilimizə hələ də çevrilməyən lazımlı və hədsiz gözəl kitabı “Başqa rənglər”də “Həyat hekayələrimizi niyə danışa bilmirik” adlı bir esse var. Pamuk essesində bizdən bir çox məsələlərdə qabaqda olan, bir çox məsələlərdə də bizə oxşar olan Türkiyədə bioqrafiya ədəbiyyatının niyə az nəşr olunmasını, bu populyar janrın türk cəmiyyətində niyə özünə yer tapa bilməməsini sorğulayır. Və buna əsas səbəb kimi iki istiqaməti göstərir: 

1) Fərdin, insanın həyatına az əhəmiyyət və dəyər verməyimiz

2) İnsanı savab və günahlarıyla dərk etməkdən daha çox, onu öyməkdə və cəzalandırmaqda maraqlı olmağımız, insanı ancaq yaxşı və pis kimi görmək istəyimiz

Orxan Pamuk Türkiyədə bioqrafiyanın deyil, haqioqrafiyanın (kimisə müqəddəsləşdirərək, ancaq yaxşı tərəflərdən təqdim etmə) nəyə görə geniş yayıldığını analiz edir: “Biz insanları qəhrəman və müqəddəs, yaxud da tamam əksi, alçaq və əclaf olduqları üçün maraqlı hesab edirik. Halbuki bioqrafiya qəhrəmanlar və müqəddəslər, alçaqlar və əclaflar insandırlar deyə, maraqlı olduqları üçün yazılır. Bizim sevdiyimiz mənaqibnamələrdə (haqioqrafiya-red) müqəddəslərin, ilahiyyatçıların ucalıqlarından, müdrikliklərindən, cəsarət və hikmətlərindən bəhs edilir, onlar əlçatmaz bir dünyada ömür sürərkən isə, bioqrafiya daha demokrat, daha əlçatan bir insan onbrazını təsvir edir. 

Modern bioqrafiya Kleopatranın əslində qonşu qızı kimi bir şey olduğunu, modern ədəbiyyat isə qonşu qızın gizli bir Kleopatra olduğunu isbatlamağa çalışır. Bizlər isə Kleopatranın əlçatmaz Kleopatra olduğunu oxuyub onunla sehrlənmək istəyirik. Bizim üçün müqəddəs olan insan deyil, əfsanələrimizdir. Bioqrafiya yaza bilmərik, dastan yazarıq. Modern ədəbiyyatda isə, məsələn, Coys adi insanın bir günlük həyatını 700 səhifəlik bir dastan kimi görür: Uliss”.

Orxan Pamukun bu essesini oxuyanda Bakıdakı kitab mağazaları və kitabxana rəflərinə düzülmüş mədhiyyə kitabları yada düşür və belə bir sual yaranır: Azərbaycanda hansısa mərhum və ya hələ də həyatda olan tanınmış şəxsiyyət barədə nə vaxtsa həqiqi bioqrafiya yazılıbmı? Elə bir bioqrafiya ki, bizi aldatmasın, mənzərəni bütöv görmək üçün həmin o şəxsiyyəti hərtərəfli, təkcə uca əməlləri ilə deyil, qüsurları ilə də təqdim eləsin. Bizi o insanları həqiqətən tanımağa imkan verəcək, kiçik həcmli də olsa, bircə dənə də olsa, varmı belə bioqrafiya? Kimsə oxuyubmu?

Bizdə təkcə tanınmış şəxslər deyil, mərhumlar, həyatlarını artıq başa vurmuş görkəmli şəxsiyyətlər də polad çəmbərlə mühasirəyə alınaraq bərk-bərk qorunur. İnsanları yaxından tanımağa, bilməyə qarşı dərin bir həvəssizlik, qorxu var, ən adi şübhəli sual belə qıcıqla qarşılanır. Niyə?!  

Artıq vəfat etmiş məşhur şəxslər barədə.

İndikilər barədə.

Xalq artistləri. Xalq rəssamları. Xalq yazıçıları. 

Mədəni, ictimai, siyasi xadimlər.

Filankəs müəllimlər. Rəislər. Hakimlər. Prokurorlar.

Müavinlər. 

Direktorlar. 

Müdirlər.

Başçılar!

Deputatlar!

Nazirlər!

Şərəf ordeninə layiq görülənlər. Dövlət mükafatı ilə təltif edilənlər!

Və digər ali mənsəb yiyələri barədə bircə dənə də olsa, neytral mövqedən yazılmış həqiqi bioqrafiya yoxdur, yazılmayıb, yazılmır, icazə verilmir, yaxşı baxılmır. 

Bəs yazılsa? 

Bu gurultulu mənsəb yiyələri və rütbə daşıyıcıları haqda bir qayda olaraq ancaq xoş şeylər, tərifnamələr və mədhiyyələr yazılır, baxmayaraq ki, biz çox zaman onların əzazilliklərini, süründürməçiliklərini, lovğalıqlarını və ac qurdlar kimi doymazlıqlarını görmüşük, nəinki xoş əməllərini. Arzuolunmaz həqiqət axtarışlarına görə jurnalistlər, “facebook” statuslarına görə insanlar ən sərt şəkillərdə cəzalandırılırlar? Kimin kim olduğunu bilmək üçün ən cüzi təşəbbüsə imkan verilmir. 

Bəs birdən qəfil gecə gün doğub, kimin kim olduğunu bilmək fürsəti yaransa, necə olar?  

Bütün bu əhəmiyyətli adamların həyat hekayələrindən olduğu kimi danışılsa, bəhs edilsə, həqiqi bioqrafiyalar yazılsa, görəsən, onlardan nə qədəri bu prosesdən sağ çıxar? Yəqin, çox ağır imtahan olar. Yəqin, biz bu zaman xalq artistlərinin, xalq yazıçılarının, görkəmli siyasətçilərin, rəislərin, hakim və prokurorların, deputat və nazirlərin, o cümlədən digər ali mənsəb yiyələrinin kütləvi qırğınına şahid olarıq. Elə bir qırğın ki, Xirosima və Naqasaki bunun yanında yalan olar...  

Azərbaycan həm də ona görə qapalı ölkədir ki, bioqrafiyaları ləkəli şəxsiyyətlərin sayı həddindən artıq çoxdur. Bilirlər ki, açıqlıq kütləvi şəxsiyyət tələfatına səbəb olacaq...

Ancaq belə insanlar əslində, yazıq kəslərdir, əslində, bizim onlara yazığımız gəlməlidir. Özünü olduğu kimi görmək istəməyib, həqiqətlə üzləşmək istəməyib, özləri haqqında daim mədhiyyələrə, tərifnamələrə və tostlara ehtiyac duyan kəslər, öz zavallı mənliklərini belə yollarla qidalandıranlar yazıq deyil, bəs nədirlər?

Ümid edək, dünya dağılmasa, hər şey yaxşı qurtarsa, biz yaxın gələcəkdə müxtəlif şəxsiyyətlər barədə həqiqi bioqrafiya yazıları oxuyacağıq. İndi də bilirik, amma o zaman açıq-aşkar oxuyacağıq və biləcəyik ki, əslində kim kim olub və bütün çalışıb-çabalamaların səbəbi nəymiş? Çürük, ötəri həvəslərə görəymiş, yoxsa ali dəyərlərə, yüksək məziyyətlərə görə?

Əsl dəhşət onda olacaq...

Cavid Ramazanlı

Qaynarinfo.Az
Yuxarı