Yozef Matskeviç tanınmış polyak yazıçı-publisistidir. 1902-ci ildə Peterburqda doğulub. Beş yaşında ailəsi Vilnaya (indiki Vilnüs – o zaman Polşanın tərkibindəydi) köçür. Üç il sonra Yozef burada gimnaziyaya daxil olur. 1915-ci ildə almanlar Vilnanı tutur və gimnaziya Moskvaya köçürülür. 1919-cu ildə hələ 17 yaşı tamam olmamış Matskeviç bolşeviklərlə savaşa yollanır. 1920-ci ildə Varşava Universitetinə girir, ancaq təhsilini Vilnada başa vurur.
1939-cu ilə qədər qardaşının nəşr etdiyi «Slovo» qəzetində çalışan Yozef sovet işğalı, ardınca alman qəsbi nəticəsində fəal jurnalistikadan bir qədər uzaqlaşır və ağır illər keçirir. 1944-cü ildə təkrar sovet işğalından ehtiyatlanaraq Varşavaya gedir. Bir il sonra Polşanı da tərk edərək Romaya, 1947-ci ildə isə Londona köçür. Matskeviçin son dayanacağı 1955-ci ildə köçdüyü Münhen olur, burada o, ömrünün sonuna qədər (1985) yaşayır. Uzun illər bolşevizmin və faşizmin qanlı cinayətlərini tədqiq edən yazıları müxtəlif ölkələrdə nəşr olunan mühacir dərgilərində çap olunur. Sovet işğalından sonrakı Litvadan bəhs edən «Heç yana aparmayan yol», müttəfiqlər tərəfindən Sovet İttifaqına qaytarılan kazakların faciəli həyatından danışan «Kontra», kommunizmin dünyaya yayılma səbəblərini analiz edən «Təxribatın qələbəsi», «Vatikan qızıl ulduzun kölgəsi altında» və çox sayda digər romanların müəllifidir.
Bütün həyatı ağır iztirablarda, təqiblər altında ölkələr dəyişməkdə, maddi ehtiyacda keçən Matskeviç yazıçı-publisist kimi hər zaman sözün düzünü deməyi (özü də bütün çılpaqlığıyla) üstün tutub, bəşəri dəyərləri, fundamental azadlıqları təbliğ edib. Həyat onu çox sınaqlara çəksə də, nə polyak millətçiliyi, nə alman faşizmi, nə də rus bolşevizmi onun ruhunu sındıra bilib. Ünlü publisistin nəhəng sovet yazıçısı Mixail Şoloxova ünvanladığı məktub bu əyilməzliyə parlaq nümunədir. Onun bu məktubu yalan və mütiliyə dözməyən vicdanın çığırtısıdır. Bu məktub Londonda çıxan mühacir nəşrlərdən birində – «Vyadomosti» qəzetində çıxıb. Düz əlli il bundan əvvəl. Amma bu gün də bizim kimi cəmiyyətlərdə – haramla halalın, düzlüklə əyriliyin, yalanla doğrunun, mütiliklə ləyaqətin üz-üzə durduğu məmləkətlərdə aktuallığını saxlayır.
Məktubda Şoloxovun dünya incisi “Sakit Don”u sosialist realizmi əsasınsa yeni redaktədə nəşr etməsi İbrahim peyğəmbərin İsmayıl qurbanına bənzədilir. Qurban bayramında yadıma düşdü, dedim siz də oxuyun. Paralellər axtarmaq, nəticə çıxarmaq sizin öhdənizdədir, möhtərəm oxucu…
Vahid Qazi
ŞOLOXOVA MƏKTUB
Çox hörmətli Mixail Aleksandroviç!
“Literaturnaya qazeta”nın 95-ci sayında (1954-ci il – tərc.) “Sakit Don”un Sizin “əhəmiyyətli düzəlişə” məruz qoyduğunuz yeni nəşri barədə məqalə verilib. Görünür, söhbət romanın rəsmi sosrealizmin hamının qəbul etdiyi cari tələblərinə uyğunlaşdırılmasından gedir. Çox təəssüf. Şəxsən mən sovet ədəbiyyatının son illərdəki sonsuz boz yeksənəqliyi fonunda “Sakit Don”u bəşər mədəniyyəti üçün bir töfhə olan yeganə əsər hesab edirəm. Buna görə də romanın indiki məcburiyyətçi sosrealizm nümunələri və zövqü əsasında yenidən işlənməsini həm də bu mədəniyyətə vurulan böyük zərbə saymaq olar. Əlbəttə, bu, müəyyən mənada həm də sovet quruluşuna vurulan bir zərbədir, onu Qərb dünyasının gözündən salan bir faktdır. Məsələyə bu baxımdan yanaşanda belə bir fakt bu quruluşun qatı düşməni kimi məni hətta sevindirməliydi, amma sevinə bilmirəm. Mən belə hesab edirəm ki, nasizmlə yanaşı heyrətamiz gözəlliyə malik alman şəhərlərini də şiddətli bombardmana tutaraq məhv etmək cinayət idi. Nasizm məhv edilməli, şəhərlər isə saxlanmalıydı. Bu hadisəyə münasibətdə də eyni düşəncədəyəm: mən bolşevizmin mahiyyətini təşkil edən nə varsa, hamısına bütün qəlbimlə ən pis şeyləri arzulayıram, amma Sizin kitabın məhv edilməsi məni gerçəkdən yandırır. Bizdə kommunistlərə müxtəlif səbəblərə görə və ümumiyyətlə müxtəlif cür nifrət edirlər. Şəxsən mən azad söz və həqiqətin car çəkilməsində gerçək gözəllik uğrunda mübarizə naminə (bir qədər pafoslu sözlərə müraciət etdiyim üçün qoy məni bağışlasınlar) kommunistlərə nifrət edirəm.
Bilmirəm bu Sizi təəccübləndirəcək ya yox, amma Sizdə “təcavüzkar naturalism” adlandırılan ədəbi cərəyana iddialı bir polyak yazıçısı olmağıma rəğmən həyatımda iki dəfə mənə verilən anketdəki “Son onilliklərin hansı kitabını ən yaxşısı hesab edirsiniz” sualına “Şoloxovun “Sakit Don”u” cavabını vermişəm. Gizlətməyəcəyəm, bu cavab mənim bəzi həmvətənlərimin qəzəbinə tuş gəlib. Bəli, doğrudur, istər partiya, istər də vətənpərvəlik xətti olsun, hər halda hansısa bir xətti sənətə “kosmopolitik” münasibətdən üstün tutan adamlara hər yerdə rast gəlmək mümkündür. Ancaq bilirsinizmi, fərq ondadır ki, baxış müxtəlifliyi, baxış rəngarəngliyi sizdə nə dərəcədə qanunla təqib olunursa, bizdə də o dərəcədə qanunla mühafizə edilir. Bax elə Sizin yaşadığınız siyasi quruluşla mənim yaşadığım quruluşun xüsusiyyətləri arasındakı yuxarıda qeyd edilən və xeyli əhəmiyyətli olan bu fərqin nəticəsidir ki, Sizi nəhəng bir yazıçı kimi tərifləməkdə mən tam ixtiyar sahibiyəm.
Tənqidçilərin çoxu Sizin kitabınızı tendensiyalılıqda ittiham edir. Mübahisəyə ehtiyac yoxdur: o həqiqətən tendensiyalıdır. Açığını deyəcəm: Sizin eposunuz o dərəcədə “qırmızı”dır ki, tutalım, əgər Sizin istedadınız məndə olsaydı, mənimki də o dərəcədə “ağ” alınardı. Məlumdur ki, tendensiyalılıq sovet ədəbiyyatının doğuşdan alnına yazılıb (1934-cü ildə Moskvada yazıçıların birinci qurultayında Jdanov məhz belə demişdi: “Bəli, bizim ədəbiyyatımız tendensiyalıdır və biz onun tendensiyalılığı ilə fəxr edirik”), ancaq yenə də belə bir sual meydana çıxır ki, ümumiyyətlə, tendensiyalılıqdan məhrum ədəbi xarakterli əsər mövcuddurmu? Belə bir əsərin mövcud olması çox şübhəlidir. Hadisələri və onlarda iştirak edən insanları “obyektiv” təsvir etməyə çalışarkən müəllif nə qədər səy göstərsə də o, heç vaxt öz daxili, subyektiv simpatiya-antipatiyasını, yəni hər bir insana xas olan bir şeyi dəf edə bilməz. Bu da birbaşa həm tarixi, həm də bədii həqiqətin məlum təhrifi ilə nəticələnəcək ki, biz bunu hətta ən böyük yazıçılarda belə müşahidə edirik. Hətta müəllif mənfi qəhrəmanı düşünülmüş şəkildə təsvir edərkən insana xas bütün xüsusiyyətləri ona şamil etdiyi halda belə oxucunu istər-istəməz heç olmasa ümumbəşəri (təəssüf ki, sovet dünyagörüşündə qəbul olunmayan) qaydalar əsasında ona qarşı xeyirxah münasibətə yönləndirir, həmin qaydalara görə isə “hər şeyi başa düşmək hər şeyi bağışlamaq demək”dir. Məgər bundan ötrü müəllifi tendensiyalılıqda günahlandırmaq olarmı?
Bədii yaradıcılğın əsilliyi onda tendensiyalılığın yoxluğuna deyil, nəsə başqa, daha mürəkkəb bir şeyə əsaslanır. Bəlkə də istedadın təbiətinin özündə elə bir şey var ki, o, müəllifi, onu əhatə edən predmetlərə münasibətdə vicdanlı olmağa, gerçəkliyin ən azı səthi xüsusiyyətlərinə qarşı qərəzsiz, vicdanlı münasibəti, – hətta bu gerçəklikliyə o öz subyektiv meylini qarışdırmaq niyyətində olanda belə, – müəyyən ölçüdə qoruyub saxlamağa məcbur edir. Kifayətdir ki, romandakı surətlər öz insani sifətlərini itirməsinlər, şəxsi emosiya və simpatiyalarını isə oxucu özü bildirəcək. Və o, müəllif yanaşması – müəəllif münasibəti süzgəcindən keçərək seçilmiş qəhrəmanlara, – hətta onların qaçılmaz süqutuna və məhvinə qədər, – yol yoldaşlığı edəcək. Həqiqət də məhz bundadır!
Gerçəkliyin ən rəngarəng, ən müxtəlif dərkinin dibsiz uçurumu üzərindən asılı qalan, son nəticədə bizlər, ehtirasların buxovunda çabalayan insanlar – nə müəllif, nə də oxucu – tərəfindən deyil, bəlkə də bütün varlığın əbədi dövranı mənasında, hardasa kainatın ənginlərinlikdə həll edilən Həqiqət! Sizin “Sakit Don”, bütün tendensiyalılığına baxmayaraq, son nəticədə bu yeganə həqiqəti, əbədi şübhələr və əbədi mübahisələr həqiqətini qoruyub saxlaya bilib.
İndi isə xahiş edirəm icazə verin, sosializm realizmi deyilən şeyin qısma-boğmasının sovet ədəbiyyatını nə hala saldığının ümumiləşdirilmiş nümunəsi kimi Sizin həmkarınız Aleksandr Fadeyevi misal gətirim. Fadeyev haçansa yaxşı bir kitab yazmışdı: “Darmadağın”. Orada biz, məsələn, bu cür sözlərlə rastlaşırdıq: “Bu ki, lap vəhşidir, – Levinson baxışlarını bir anlığa onun üzərində saxlayıb, adətən düşmənə aid edilən bütün ən iyrənc keyfiyyətləri qeyri-ixtiyari olaraq bu yaraşıqlı zabitə də yaxaraq düşündü”.
Bəli, bu, gerçək bir şeydir. Amma zaman keçdi və Sovdepdə (Sovet İttifaqında – red.) ədəbi yaradıcılıq həqiqətən darmadağın oldu, Fadeyev də özünün “Gənc qvardiya”sını yazdı. Əlbəttə, kağız parçası üzərində: “Qır yəhudiləri, Rusiyanı xilas et!” və yaxud “Qır faşistləri, Sovet İttifaqını xilas et” sözlərini çap etmək olar və bu sözlərin mənfi və ya müsbət qəbul edilməsindən asılı olmayaraq onların nəsə bir mənası olacaq. Amma yalnız və yalnız küçə plakatı səviyyəsində. Əgər biz onun mahiyyətini bədii əsər müstəvisinə köçürsək, o, sadəcə xaltura deyil, heç bir məna kəsb etməyən xaltura olacaq: o bizdə heç bir – nə mənfi, nə müsbət – təəssürat oyatmayacaq, çünki sözlü nida işarələri arasından keçərək nəyinsə mahiyyətinə varmaq mümkün deyil. Heç bir oxucu xəyalən özünü heç bir surətin yerinə qoya bilmir. Ona görə qoya bilmir ki, canlı adamın hərəkəti onun digər insanların hərəkətinə reaksiyasının nəticəsidir. Ancaq canlı insanlar, “Gənc qvardiya”da olduğu kimi, bir tərəfdən heç bir dəyəri olmayan nümunəvi qəhrəmanlarla, digər tərəfdən isə yarmarka tirinə məxsus karikatur keyfiyyətlərlə əvəz edildiyi andan insan davranışının gercək stimulları sıfıra endirilir. Ümumi mənzərə isə nəinki gerçək xususiyyətlərini itirir, həm də hər cür ədəbi-bədii dəyərdən məhrum olur. Elə bilirəm Siz vicdanınınzın dərin qatlarında mənim bu fikrimlə razılaşarsınız ki, yuxarıda deyilənləri indiki bütün sovet ədəbiyyatına şamil etmək olar. Az və ya çox dərəcədə, amma olar.
Bu solğun fonda “Sakit Don”, heç şübhəsiz, fövqəladə bir hadisəydi. Mən onu təkcə peşəkar tənqid baxımından deyil, hər şeydən əvvəl adi oxucu kimi yüksək qiymətləndirirəm. Bunu nəzərə alın ki, başqa cür düşünənlərin tərifi adətən qat-qat üstün tərif hesab edilir. Sizin romanınızı oxuyarkən mən hər bolşevikin ağ qvardiyaçı tərəfindən qılıncla doğranmasına sevinmiş, bolşevik ağ qvardiyaçını doğrayanda isə üzülmüşəm, kazaklar qalib gələndə şad olmuş, Qırmızı Ordu qalib gələndə kədərlənmişəm – mən tərəfdən bu, təbii hal idi. Ancaq əgər Sizin kitabınızda canlı insanlar əvəzinə karton fiqurlar bir-birilə döyüşsəydilər bu şəxsi sevinc və üzüntü anlarını yaşamaq mümkün olmazdı. Hələ Siz, Podtelkov və Bunçuk kimi “müsbət” qəhrəmanlarınızı necə də gözəl yazmısınız və heç şübhəsiz ki, hamısından çətini də elə bu olub!
Amma budur: indi Siz öz kitabınızı, daha doğrusu, onda ən yaxşı nə varsa, hamısını öz əllərinizlə məhv edirsiniz. Vaxtı ilə Bunçukun portretinə necə heyran qaldığımı xatırlayıram. Onu oxuyanda mənə elə gəlirdi ki, mən bu adamı, artıq otuz ildən çoxdur Oktyabr İnqilabının bədbəxtliyinə sürüklənən Şərqi Avropanın küçələrində hardasa ötəri də olsa görmüşəm. Kiçik şəhərlərin birində, üst-başı müharibə toz-torpağına bulaşmış halda, bəlkə də güllədən deşilmiş əsgər şinelində gəzərkən; o adamı ki, Siz onun haqqında bunları yazmışdınız: “Onda nəsə bir fərqli, dərhal gözə çarpan heç nə yox idi, heç bir cəhəti heç nəylə seçilmirdi, hər cəhətdən adi, boz, yekrəng idi…”
Və Siz öz sadəliyinə görə bu mükəmməl təsvirin üzərindən, yalnız sonrakı cümləni saxlamaq naminə, xətt çəkirsiniz: “Onda hər şey adiydi, yalnız yorğun çənəsi və bir də qarşı baxışları kəsib keçən gözləri onun sifətini qalan sifətlərdən fərqləndirirdi”.
Mən qəti əminəm və Siz özünüz də yəqin məndən yaxşı anlayırsınız ki, “çənə” və “qarşı baxışları kəsib keçən gözlər” məhz əvvəlki qeydlərlə müqayisədə öz bədii ifadəsini tapır. Bu “bozluqdan”, “yekrənglikdən” məhrum ediləndə isə Bunçuk obrazı elə həmin andan «sosrealistcəsinə” boz və adi bir şeyə cevrilir, yəni bolşevik qəhrəmanını təsvir edən oleoqrafiya kimi qeyri-təbii, mücərrəd və darıxdırıcı görünür.
Podelkovun şəxsiyyətinə xas xırda qüsurlardan imtina edilməsi də böyük təəssüf doğurur. Əgər onun xarakteristikası da “sosrealizm resepti” əsasında “yenidən işlənərsə” və onun silahsız Çernetsovu qılıncla doğradığı dramatik epizodun, gəzəyən Zinkaya aludə olmasının, partiya xəttini yanlış izah etməsinin və s.-nin üstündən xətt çəkilərsə, onda Sizin öz “səhvləriniz” üzərində bu cür “düzəlişlər” aparmanızdan sonra bəs Podtelkovun özü necə olsun? Sadəcə, onu asmaq qalır ki, bu da maraqlı alınmayacaq. Razılaşın ki, canlı bir adamın asılması səhnəsi bir cür, içi bolşevik məziyyətləri ilə doldurulmuş yorğun bir kisənin dar ağacına qaldırılması isə tamam başqa cür təəssürat oyadır! Deyin görək: axı bədii əsəri korlamaq nəyə lazımdır?!
“Sakit Don”un yeni nəşrinə edilən əhəmiyyətli dəyişiklər əsasən romandakı “naturalizm” elementlərinin, “naturalist” həqiqətcillik detallarının və hətta təbiət hadisələrinin təsvirində elə fraqmentlərin əsərdən silinməsi ilə bağlıdır ki, “Literaturnaya qazeta”dan yoldaş Yakimenko onları az qala əksinqilabi hadisələr hesab edir. Bununla da əslində kitabı ən yaxı məziyyətlərindən məhrum edirlər.
Burada “naturalizm”in nə olması barədə mübahisə açmayacağam. Şəxsən mən heç bir “izm”ə, guya bu və ya başqa şəkildə hansı epoxa ilə bağlı olan ədəbi cərayana və ya “məktəb”ə inanmıram. Mənim fikrimcə, hər bir “məktəb” təsadüfən yaranır və həmin dövrün ən görkəmli istedadlarından birinin öz müasirlərinin dəstəylə təqlidindən başlayır. Adətən bu o zamanadək davam edir ki, hansısa bir şəhərdə, hansısa bir kənddə yeni bir istedadlı şəxsiyyət doğulur və o, tamam başqa cür yazmağa cəhd göstərir. Təbii ki, müxtəlif epoxalarda insanlar müxtəlif cür yazıblar. Digər tərəfdən, heç olmasa təxminən 140 il bundan əvvəl doğulan Turgenevi buna misal gətirmək olar, o özünün “Ovçunun qeydləri” əsərində elə bir texniki kamilliyə nail olub ki, – hələ digər misilsiz bədii məziyyətlərini demirəm, – bu gün də onu bu tip əsərlərin ən təmiz nümunəsi kimi nəzərdən keçirmək olar. Təhkimçilik hüququ epoxasında yazmasına baxmayaraq, Turgenevin yazı üslubu hələ də köhnəlməyib, halbuki biz indi səsdəniti təyyarələr və öz şəxsi avtomobillərində gəzən amerikan fəhlələri epoxasında yaşayırıq. Bundan o nəticə çıxır ki, epoxanın yazı üslubuna heç bir dəxli yoxdur. Məsələyə başqa tərəfdən də baxa bilərik: hazırda Rusiyada nəinki kəndli təhkimçiliyi, həm də hamılıqla təhkimçilik hüququ epoxası başlayıb, amma kölə quruluşuna qarşı çıxa biləcək yeni Turgenev yoxdur və Siz də, mən də yaxşı bilirik ki, ola da bilməz. Deməli, hər şey, ayrı-ayrı ədəbi cərəyanlara verilən tərifdən və ya adlardan deyil, müstəsna olaraq ayrı-ayrı yazıçıların istedadından, onların daxili səmimiliyindən və eyni zamanda həyat gerçəkliyini vicdanla və olduğu kimi mənimsəməsindən asılıdır. İnqilabaqədərki rus ədəbiyyatı dünyada ən yaxşı ədəbiyyatlardan biri kimi qəbul edilib və bu gün də dünyanın hər yerində oxunur, buna rəğmən sosrealist qrafoman ədəbiyyatını heç kəs oxumaq istəmir. Məncə, bunun səbəbi belədir: rus ədəbiyyatının qəhrəmanı canlı insan idi, sovet ədəbiyyatınınkı isə partiyadır. Fərq çox böyükdür: bir tərəfdə gerçəklik, digər tərəfdə isə saxtalıq dayanıb. Sovet ədəbiyyatını heç kim oxumaq istəmir; ona görə yox ki, bütün bəşəriyyət öz-özlüyündə bolşeviklər partiyasının əleyhinədir, ona görə ki, bu partiya, başlıca olaraq da öz qeyri-təbiiliyi səbəbindən, son dərəcə cansıxıcıdır.
Siz partiya göstərişinə əsasən hətta buludların forma və çalarlarını, torpağın rəngini belə romanın hər yerində yenidən işləmisiniz, çünki o yerləri Sizə göstərərək deyiblər ki, bu “peyzac” müstəqil estetik dəyərlərdən məhrumdur və eyni zamanda ictimai həyat hadisələrinin dərkinə kifayət qədər təsir edə bilmir…
1943-cü ilin mayında mən Stalinin əmri ilə Minsk DTK əməkdaşlarının 1940-cı ildə gülləbaran etdiyi polyak zabitlərinin cərgəylə düzülmüş meyit sıralarına sayğı duruşunda dayanmışam. Onları Smolensk yaxınlığındakı Xatın meşəsində nəhəng bir toplu məzarlığın yapışqan torpağının altından qazıb çıxarmış, yan-yana düzərək hər birinin üstünə metal, nömrəli nişanlar taxmışdılar. Başından güllənmiş 4500 insan. Bütün Kozelsk düşərgəsi. Onların hərbi əsirmi və ya tərksilah edilərək saxlanılan əsgərlərmi olduqlarını bilmək çox çətindir, çünki 1939-cu ildə Polşa ilə Sovet İttifaqı arasında əsl müharibə olmayıb. Meşənin kənarında arıquşuları civildəşirdi. Çox soyuq idi və hərdən bir günəş küləyin qovub apardığı buludların arasından görsənirdi. Zəif şüa birdən sıradakı meyitlərdən birinin çənəsindən sallanan qızıl dişin üstündən sürüşüb keçdi. Bütün canlılar sevinirdilər ki, soyuqdu, külək əsir, çünki məzar xəndəyindən zəhərli qaz kimi şirintəhər, boğucu üfunət iyi qalxırdı. Bəə-ə-li, bu peyzac doğrudan da “müstəqil estetik dəyər”dən məhrum idi… Tamamilə doğrudur. Ancaq mən bununla heç cür razılaşa bilmərəm ki, bu səbəbdən o, “ictimai həyat hadisələrinin dərkinə kifayət qədər təsir edə bilmirdi…” Tamamilə əksinə, baş vermiş hadisələrin mahiyyətini biz kifayət qədər ifadəli şəkildə, dərindən anlayırdıq. Burada başından güllənmiş cəmi 4500 adam vardı, bəs qalanları, Ostaşkovo və Starobelsk düşərgələrindəki əsgərlər necə olmuşdu, məlum deyildi; indən belə, Beriya ilə Merkulov güllələndikdən sonra isə heç vaxt məlum olmayacaq. Buna görə də mənim həmvətənlərim belə düşünməyə meyllidirlər ki, Xatın cinayətindən dəhşətli cinayət yoxdur; başqaları buna etiraz edirək Osvensim sobalarını, ücüncülər isə Rusiya və Sibirin uzaq əyalətlərindəki həbs düşərgələrini ən dəhşətli cinayət hesab edirlər.
Mən onların heç birilə razı deyiləm. Hərçənd özüm Xatında olmuşam və onların görmədiklərini öz gözlərimlə görmüşəm. Axı mən də bir vaxtlar “sovet vətəndaşı” olmuşam, ancaq indi azadlıqdayam və buna görə də hər bir fərdə verilən, hakim baxışlara qarşı çıxmaq hüququndan istifadə edərək israrla təkid edirəm ki, nə kütləvi qətllər, nə də faşist həbs düşərgələri hələ ən dəhşətli cinayəyətlər deyil. Yox, heç sovet proseslərindəki tövbələr də deyil. Məhbusları isə allah özü qorusun. Mənim fikrimcə, ən böyük qəddarlıq, necə deyərlər, “azad sovet adamı”nın bəzən yuvarlana bildiyi mənəvi süqutdur! Əti ətdən və qanı qandan olan bir insanın. O adamın ki, hələ gicgahına heç kim naqan dirəməyib. O adamın ki, hətta maşını, bağ evi və dövlət bankında hesabı da var! Bəs qəlbi? Qəlbi isə partiya salonunda intizar içərisində tir-tir əsir. Moskva tikiş fabrikində tikilən tünd göy rəngli, zolaqlı kostyumdakı insanı gör nə hala sala, nə dərəcədə miskin vəziyyətə, nə dərəcədə mənəvi düşkünlüyə gətirib çıxara bilərmişlər!
Bəşər tarixində qara səhifələr olub. Qana bulaşmış qırmızı səhifələr də yeni deyil. Polis reciminin dəhşətli boz səhifələri də olub, hökumət senzorları insan dühasının ən dahiyanə əsərlərini öz qələmləriylə çirkləndiriblər. Ancaq bu gün Sovdepdə törədilənlər… ki, bir sənətkar bəşər övladının malik olduğu ən böyük bir dəyəri, yəni incəsənət əsərini və eyni zamanda hər müəllif üçün öz övladı qədər hər şeydən qiymətli olan öz əsərini düşünülmüş şəkildə, öz əliylə məhv etsin, korlasın – belə bir şey indiyədək heç vaxt heç yerdə görünməyib. O bu əsəri heç də acıq və ya ümidsizliyin basqısı altında, hirsindən cırıb atmayıb, yandırmayıb. Yox, tamamilə ağlı başında, böyük bir işgüzarlıqla, nəzarətçi şəxslərin ilk işarəsinə əsasən nökərcəsinə onu sətirbəsətir qazıya-qazıya məhv edib. Özü də necə böyük bir həvəslə.
Deyirlər ki, İbrahim peyğəmbər Cənabı Allahın əmriylə öz doğma oğlunu artıq qurban kəsmək istəyərkən son anda dayandırılıb. Amma hətta əgər bu dəhşətli sınaq ləğv edilməsəydi belə, təssəvür etmək olarmı ki, bütün itaətkarlığına baxmayaraq, ağsaçlı patriarx öz əziz balasını öldürərkən bu işi sifətində yaltaq bir təbəssüm, bu cür ciddi-səylə görmüş olsun və hələ üstəlik də desin ki: “Bax bu, lap yaxşı olacaq! Müdrik göstərişə təşəkkür edirəm! Gör nə qədər xöşbəxtəm və aldığım təlimatlara görə çox minnətdaram! Gör necə ədalətli düşünüblər: öz balamı öz əlimlə məhv etməyi mənə etibar ediblər!”
Bəə-ə-li… Bu çox dəhşətli bir şeydir.
Sizin gözəl kitabınızın halına çox-çox acıdığımı səmimi-qəlbdən bir daha izhar edir və bu izharımı qəbul etməyinizi xahiş edirəm.
Yozef Matskeviç
«Vedemosti», 1955, N 1 (457)
«III Sektor», 2005, N 9
Tərcümə etdi: Tehran Vəliyev