post-title

Zamiq Məmmədli: Miqrasiya, Avropaya getməyin 5 yolu


Azərbaycanlı olaraq bizim mühaciət tariximiz çox da uzağa getmir. Mühacirət tariximizin başlanğıcı (birinci nəsil) 1920-ci ildən sonraya – Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, ikinci dalğa isə 1991-ci ildən, SSRİ-nin dağılmasından bu yana davam edir. Mühacirətin müxtəlif iqtisadi, siyasi, ekoloji və sosial səbəbləri aydındır. Mənim toxunmaq istədiyim mövzu əsasən təməl anlayışlara aiddir və informativ xarakterlidir.

12 ildir Azərbaycan xaricində yaşayıram. Avropaya mühacirlərin vəziyyətini, qarşılaşdıqları hüquqi baryerlər və problemlərin birbaşa şahidi oluram. Maqistr təhsilim də beynəlxalq əlaqələr və Avropa araşdırmaları olduğundan bu mövzu mənə yad deyil. Artıq Avropaya gəlib çıxan həmvətənlərimizin ən böyük çatışmamazlıqları xarici dil bilməməkdirsə, digəri miqrasiya ilə bağlı səthi və bəzən səhv məlumatlara malik olmalarıdır. Bildiyiniz kimi, dünyada informasiyadan, məlumatdan dəyərli heç nə yoxdur. İstər Avropada, istər Azərbaycanda olsun, indi verəcəyim məlumatlar hüquqşünaslar və arada vasitəçilik edənlər tərəfindən “çox baha satılır”, yəni bu məlumatları sizə heç kim pulsuz verməyəcək.
İlk öncə “Avropaya getməyin yolları”nın qısa klassifikasıyasını aparaq:

1. Avropaya sırf təhsil üçün gedirsiniz. Bu bakalavr, maqistr və doktorantura təhsili üçün ola bilər. Avropadakı məktəblərə özünüz də müraciət edə bilərsiniz, bunun üçün arada vasitəçilik edənlərə külli miqdarda pul ödəmək məcburiyyətində deyilsiniz. Onların görəcəyi işi siz özünüz də edə bilərsiniz. Müvafiq universitetlərin saytına girib, proqramlarına müraciət qaydaları, yolları, lazım olan sənədləri özünüz də yığa bilərsiniz. Hər şeydən öncə atacağınız addım, xaricdə tanınması üçün attestatınız, şəhadətnamə və ya diplomunuza apostil mövürü vurdurmaqdır. Apostil möhürü “ASAN Xidmət”də və ya Təhsil Nazirliyində vurulur. Orta və ya peşə məktəblərində sizə verilən dərslərin transkriptini diplom və ya şəhadətnaməni verən təhsil ocağından istəmək! (saatlar və dərslərin siyahısı və miqdarı və əlbəttə ki, bakalavr və ya maqistr diplounuzun əlavələri). Bakalavr təhsili üçün Avropa ölkələrinə gedənlər attestatlarını getdikləri ölkədə təsdiqlətməlidirlər - buna nostrifikasiya deyilir. Nostrifikasiya prosesi ali məktəb diplomları, kollec və texniki peşə məktəblərinin verdiyi şəhadətnamələrə də aiddir. Attestat və şəhadətnamələr daha çox şəhər bələdiyyələrində, ali məktəb diplomları isə ixtisasa uyğun “dövlət” universitetlərində edilir – həmin dövlət universitetində eyni və ya oxşar fakültə olmalıdır. Tibb və hüquq istixaslarının nostrifikasiyası üçün əlavə imtahanlar tələb edilə bilər. İstisna hallarda təhsil sənədlərini Avropadakı təhsil nazirlikləri həyata keçirir. Avropa ölkələrində, kiçik istisnalar olmaqla, tələbə vizası ilə yaşayan üçüncü ölkə vətəndaşlarına qanuni qaydada həftədə 20 saat qanuni işləmək hüquqi verilir.

2. Avropaya işləmək üçün gedirsiniz. İş icazəsinin özü bir büroktratik proses olaraq Avropada aylar çəkir, çox az firma və şirkətlər bu işlə məşğul olmağa həvəslidir. Çox professional və yaxşı mütəxxəssislər bu prosesdən daha rahat keçə bilirlər. Firma ilk öncə “İş İdarəsinə” (müxtəlif ölkələrdə adlar fərqli olsa da, funksiya eynidir) iş elanı verir, bir neçə ay (təxminən 3 ay) bu ixtisas üzrə AB vətəndaşları və onların ailə üzvləri, daimi oturum izni olanlar və ya onların ailə üzvləri bu işə qəbul edilmirsə, onda İş idarəsi/Əmək Birjası həmin şirkətə 3-cü ölkədən işçi gətirmək icazəsi verir. Xaricə işləmək üçün getmək istəyənlər də sahib olduqları diplomlara apostil möhürü vurdurmağı unutmasınlar. Ən yaxşı halda diplomun notarial tərcüməsini o ölkənin səfirliklərində gedəcəkləri ölkənin dilinə tərcümə etdirsinlər.

3. Firma açmaq, şirkət qurmaq. Xarici ölkədə özünüz və ya hüquqi təmsilçiniz vasitəsi ilə firma qeydiyyatdan keçirirsiniz və təsisçi olaraq sizə müvafiq səfirlik tərəfindən 2 illik viza verilir. Ticarət fəaliyyəti geniş və şaxəli anlayış olduğundan bu mövzuda çox yazmaq istəmirəm.

4. Evlənmək/Ərə getmək, “ailə birləşməsi”. Avropa Birliyi vətəndaşları və ya AB-də daimi yaşamaq hüququ olan şəxslərlə ailə qurmaq istəyənlərin atacağı ilk addımlardan biri Doğum Haqqında Şəhadətnamənin və subay (və ya boşanmış, dul) olduğuna dair sənədin apostilidir. Apostil “ASAN-Xidmətdə” mükün olsa da çox bahadır. 10 gün ərzində təqribən 10 AZN-yə, Bakı ş. Azadlıq prospekti.72-də yerləşən Ədliyyə Nazirliyi, Qeydiyyat və Notariat Baş İdarəsində ədliyyə orqanları tərəfindən verilən sənədlərə apostil möhürü vurdurmaq mümkündür. “Subaylıq” sənədinə xaricə getmədən öncə yeni tarixlə almaq məsləhətdir, bunu VVAQ (“ZAQS”) idarələrindən almaq lazımdır. Bəzi ölkələrdə məhkumsuzluq arayışları da tələb olunur. Məhkumsuzluq arayışına Azərbaycan Xarici İşlər Nazrliyinin Konsulluq İdarəsində 10 AZNyə apostil möhürü vurdurmaq mümkündür. AB vətəndaşlarının ailə üzvləri AB ərazisində avtomatik iş icazəsinə malikdirlər. Ailə birləşimlə 2 il və daha artıq qalan, boşanmayan şəxslər daimi yaşayış üçün müraciət edə bilərlər. 
Qısaca “Ailə birləşim”in digər variantları haqqında da məlumat verim. Bu hüquqi cəhətdən üfüqi yox, şaquli şəcərə ilə mümkündür: Baba, nənə, ata, ana, həyat yoldaşı və 18 yaşına çatmayan övladlar (qardaş, bacı, dayı, əmi, xala bibi bura aid deyil). Avropaya gedənlər Azərbaycanda 65 yaş üstü tək qalan, əmək qabiliyyəti olmayan və ya hər hansı xəstəlik və əlilliyi olan valideyinlərini və ya baba, nənələrini bu prosedurla yanlarına gətirə və qəyyumluğa götürə bilərlər. (Əlbətə ki, bunun qanuni, bürokratik tərəfləri var. Tibbi və sosial idarələrdən alınan arayışlar və s. ilə).

5. Sığınma üçün mühacirət etmək („asylum“) :
a) Siyasi səbəblərdən, təqiblərdən və s.
b) Müharibə gedən regiondan olanlar, ekoloji fəlakətlər 
c) Humanitar səbəblərdən (xəstəlik, əlillik və s. mühacirin öz ölkəsində xəstəliyinin müalicəsi yoxdu və ya edilmir)
d) Hansısa sosial qrupa aidlikdən (dini təriqət və sekta üzvləri, cinsi azlıqlar və s.) irəli gələn təqiblər.

Bu və ya digər səbəblərdən mühacirətə hazırlaşanların çoxunun “Dublin sistemi”ndən xəbəri yoxdur, adına "one-chance-only princip" deyilən, xüsusən də Dublin II məsələsi. Dublin sistemi Avropa Birliyi ölkələri, Norveç, İslandiya, İsveçrə və Lixtenşteydə ortaq tətbiq edilir. Ən ideal variant gedəcəyiniz ölkənin, yəni ən son varış ölkəsinin vizasını almaqdır – tursit vizası. İndi vizalar səfirliklərdə əl izləri götürülərək verildiyindən (hətta hava limanlarında da əl izləri təkrarən götürülür) pasportun cırılıb atılması və ya gizlədilməsi, ad, soyadın bilərəkdən yalnış deyilməsi yalnız sizin işinizi çətinləşdirəcək və böyük ehtimalla rədd alacaqsınız. Dublin II -yə görə, vizanı verən ölkə həmin şəxsin sığınma müraciətinə də baxmalıdır. Yəni, məsələn siz Çexiya şengeni ilə Almaniyaya getsəniz və orda sığınma üçün müraciət etsəniz, əl izlərinizdən sizə hansı ölkə tərəfindən viza verildiyini müayyən edib, çox böyük ehtimalla sizi Çexiyaya göndərəcəklər. Ona görə də, gedəcəyiniz ölkənin şengen vizasını alın və birbaşa o ölkəyə gedin. İlk ayaq basılan AB ölkəsi “təhlükəsiz ölkə” sayılır və mühacir ilk ayaq basdığı AB üzvü olan ölkədə sığınma üçün müraciət etməlidir. Sığınma ərizəsində göstərilən səbəblər individual olmalıdır. Yəni sizə aid bir “case” olmalıdır. Sizin vəziyyətiniz milyonlarla insanı əhatə edən ümumi problem və ya iqtisadi səbəblər olmamalıdır. Gedəcəyiniz ölkənin qaçqın düşərgəsində bir neçə sorğu-sual prossesindən keçəcəksiniz. Bu sorğu sual prossesi (“intervyu”) istədiyiniz dildə tərcüməçi vasitəsi ilə aparılacaqdır. Əgər yaxşı tanıdığınız və etibar etdiyiniz bir tərcüməçi yoxdursa, mümkün qədər Azərbaycan dilində intervyu verməyin (türk, rus, ingilis və ya heç olmasa biraz bildiyiniz başqa xarici dildə intervu verin). Çünki Avropada fəaliyyət göstərən tərcüməçilərin əksəriyyəti (kiçk istisnalarla) Azərbaycan Səfirlikləri ilə və ya müəyyən qruplaşmalarla əməkdaşlıq edirlər və sizin söylədiyiniz hər çümlə səfriliyə çatdırıla və ya sizin intervyunuz sonradan sizə qarşı sui-istifadə edilə bilər. Miqrassiya idarələri tərəfindən aparılan bu sorğu-suallar haqqınıza çox ciddi detallarla birlikdə, bəzən intim xarakter də daşıya bilər. 
İkinci toxunmaq istədiyim məsələ, vizalardakı fərqdir. Schengen sistemi üzv ölkələr arasında şəxslərin, kapital, xidmət və malların sərbəst hərəkətinə xidmət edən sistemdir. Schengen vizasının maksimal müddəti 3 aydır və heç bir halda (!) uzadıla bilməz, bitdiyi gün siz Şengen ərazisini tərk etmək məcburiyyətindəsiniz. Yəni, schengen vizası ilə təhsil almaq, ticarət fəaliyyəti ilə məğul olmaq mümkün deyil, sırf turist vizasıdır. Təhsil və iş üçün mütləq gedəcəyiniz ölkənin müvafiq “milli vizası”a müraciət edin. Yalnız o “milli vizalar” getdiyiniz ölkədə uzadıla bilər. İstənilən halda, ölkədən gedirsinizsə doğum haqqında şəhadətnamənizi, bütün diplom və sertifikatlarınızı, məhkumsuzluq arayışınızı, evli/subay olduğunuza dair sənədləri götürməyi unutmayın. Bu sənədlər sizə həm daimi oturum izni almaqda, həm də sonradan vətəndaşlıq üçün lazım olacaq.

Yekun olaraq: hər hansı bir səbəbdən mühacirət etmək əlbəttə ki, çox ciddi addımdır. Bəzilərimiz təəsüf ki, bu addımın ciddiliyini tam anlaya bilmirik, sonrakı peşmançılıq isə fayda vermir. İnsanın öz taleyi ilə oynaması uğur gətirməyə və sonradan məyusluğa da səbəb ola bilər. Getmək üçün səbəblər çox ola bilər amma tərəzinin bir gözünə itirəcəyiniz şeyləri, digər gözünə hələ ehtimal olan, nəzəri olaraq qazanacaqlarınızı qoyun. İstəmək işin yarısıdır amma getmək istədiyiniz ölkələri yaxşı seçin, araşadırın. Avropada (27 AB üzvü ölkələr də daxil) 40-a qədər ölkə var və hər birində yaşayış, sosial mühit, həyat standartları və əlbəttə ki, mentalitet, miqrassiya qanunları digərindən fərqlənir. Ümid edirəm yazdığım qısa məlumat və tövsiyyələr mühacirətə getməyi planlaşdıranlar üçün faydalı olacaq. Bu həyəcana hazırsınızsa, onda sizə uğurlar!

Zamiq Məmmədli

Yuxarı