post-title

Dünyada ən çox kitabxanası olan ölkə


«The New York Times» qəzetində Hana de Goeij Çexiyadakı kitabxanalardan yazır. Müəllif vurğulayır ki, «Amazon» (onlayn satış saytı) və internet erasında dövlət kitabxanasına gedib kitab götürmək köhnə dəbli sayıla bilər, amma Çexiya Respublikasında bu ənənə qorunur.

Bu ölkədə hər yerdə kitabxana var. Dünyada ən sıx kitabxana şəbəkəsi Çexiyadadır. Bunu Bill və Melinda Geyts Fondunun son araşdırması ortaya qoyub. Çexiyada qrammatika məktəblərindən çox kitabxana mövcuddur. Hər 1971 çexiyalıya bir kitabxana düşür. Bu, əhalisinin sayına görə orta Avropa ölkəsindən 4, ABŞ-dakından 10 dəfə çoxdur. ABŞ-da hər 19 min 583 nəfərə bir kitabxana düşür.

Müəllif bunun səbəbini araşdırmağa çalışır. Yada salır ki, on illər boyu bu, məcburi olub, qanunla böyük şəhərlərdən tutmuş, kiçik kəndlərədək hər bir icmanın bir kitabxanası olmalıydı. Bu qanun 1919-cu ildə Çexoslovakiya müstəqil ölkə kimi yarananda qüvvəyə minib. Məqsəd almandilli Avstriya-Macarıstan İmperiyasından ayrılandan sonra ölkədə savadlılığı, təhsilin səviyyəsini yüksəltmək idi. Və bu, nəticə də verib.

«Çexlərdə güclü oxu vərdişi yarandı. Bu gün onlar kitabxanalardan ildə ortalama 11 kitab götürürlər ki, bu da digərlərindən çoxdur», - Çexiya Milli Kitabxanasının Kitabxanaçılıq İnstitutunun direktoru Vit Richter deyir.

Ölkədə kitabxanaçılıq qanunu alman işğalından, kommunist erasından salamat çıxıb. Amma maliyyə təzyiqindən yayına bilməyib. 2001-ci ildə Çexiyada 6 min 19 kitabxana vardı. Onların 11 faizi ya birləşib, ya da bağlanıb.

Bəzi kitabxanalar müasirliklə ayaqlaşmaqdan ötrü görüşlər, oxu klubları, sərgilər təşkil edir, seçki məntəqələri kimi işləyir, kompüter kursları keçirir. Amma çoxu elə çexlərin 92 faizinin onlardan gözlədiyi işi görür, oxucunun əlinə kitab verirlər. (Azadliq.org)
Yuxarı