post-title

Nəriman Nərimanov: yüz il əvvəl, yüz il sonra

“Bir müəllimin öz elmini yaxşı bilməsi onun yaxşı müəllim olmağına hələ dəlalət etməyir. Uşaqlar çətin dərslərini asan və tez öyrənər isə müəllim doğurdan da yaxşı müəllim olmağını gösətər. Kitab və ya məqalə yazan əvvəl gərəkdir oxucularını gözünün qabağına gətirib də öz-özündən soruşa: Kimdən ötrü yazıram? Oxucular da mətləbi düşünməyə hazırdırlarmı?”

 Yüz il əvvəl bu sətrləri qələmə alarkən doktor Nəriman Nərimanov bütün səmimiyyəti və fədakarlığı ilə xalqının xidmətində idi. Dünyanın gedişatını dəyişdirəcək inqilab hələ ki görünürdə deyildi. Həyatı boyu xalqı üçün bütün səmimiyyəti və varlığı ilə xidmət göstərən Nəriman Nərimanovun göstərmək istədiyi bu idi: hər nə ediriksə məqsədli, planlı, ölçüb biçərək etməliyik. Elm də, yazmaq da, yaratmaq da, oxumaq da kor-koranəolmamalıdır. Lazım gəldiyi halda məşvərət etməli, edilən tənqidlərdən nəticə çıxardıb, Doktorun təbirincə desək “çubuqlanmaq”dan qorxmamaq lazımdır. Çünki özü istər ədəbi fəaliyyətində, istər ictimai, istərsə də siyasi fəaliyyətində “çubuqlanmış” və bir sonrakı fəaliyyətini  daha təqdirə layiq şəkildə ərsəyə gətirmişdi. 

Nəriman Nərimanovun 20-ci əsrin əvvəllərindən etibarən cəmiyyətimizin bütün sferalarında buraxdığı izlərin arxasınca düşsək qarşımızda dövrünü, dünyanı, baş verən hadisələrin mahiyyətini, cəmiyyəti müfəssəl şəkildə bilən və analiz edən bir ədib, ictimai xadim və ən nəhayət bir siyasətçi canlanır. Ancaq insanımız nədənsə Nərimanov kimi hər tərəfli şəxsiyyəti öyrənməkdən, araşdırmaqdan uzaq durur. Bunu sosial və ya siyasi məsələlərə də bağlamaq olar, bunu Nərimanov irsinə laqeydliyə də bağlamaq olar. Ancaq istənilən halda Nərimanovun adı çəkiləndə  günümüz insanının ağlına daha çox metro stansiyası, rayon və heykəl gəlir. Barmaqla sayıla biləcək qədər az insan var ki, Nərimanovun əhəmiyyətini və bu ölkəyə töhfəsini dərk etsin. Ancaq sosialist kimliyi nədənsə hələ də günümüz fikir adamlarının, ziyalı və maarifçilərinin“gözünə batır”. ADR-in çöküşünü Nərimanova bağlayır, doktoru baş müttəhim kimi mühakimə edirlər. Təbii ki, 1917-1920-ci il proseslərindən xəbərsiz olan bu “zaatlar” ilə söz duelinə girmək kimi niyyətimiz yoxdur. ADR-in fəaliyyətindən xəbərsiz olan hər hansı bir şəxsin, Nərimanovun siyasi fəaliyyətinə qiymət verməsi çətin məsələdir. 

Nəriman Nərimanovun fəaliyyətinə qiymət verərkən gərəkdir ki, onun publisist, ədib, müəllim, həkim, ictimai xadim fəaliyyətini ayrı ayrılıqda incələyəsən və ən nəhayət siyasi karyerasına diqqət yetirəsən. Nərimanovun şəxsiyyəti və fəaliyyəti elə də “primitiv” deyil ki, onu bir düz xəttdəincələyək. Çünki ana xəttədən ayrılan şaxələr daha fərqli şaxələrə ayrılır və zaman-zaman bunlar qovuşur. Bunu bir neçə səbəblə əlaqələndirmək olar. Birincisi, Nərimanovun bitib-tükənmək bilməyən yaratmaq, cəmiyyətinə töhfə vermək enerjisi var. Cəmiyyət üçün faydalı sayıla bilinəcək bütün sahələrdə bu və ya digər şəkildə fəaliyyət göstərib. İkincisi, Nərimanov insani keyfiyyətlər baxımından örnək göstərilə biləcək insandır. Onun sadə xalqa olan bağlılığı, onların dərdlərinə şərik olmasa buna əyani göstəricidir. Odur ki, dövrü mətbuatda çıxan yazılarında zəhmətkeşlərin, xəstələrin, yetim uşaqların, başsız ailələrin problemlərindən ürək yanğısı ilə yazması, onların yanında olması məhz insanı keyfiyyətlərin göstəricisidir. Üçüncüsü, Nərimanov hər nə qədər idealist biri olsa da, həm də çox realist insandır. Cəmiyyətdə gedən prosesləri çox diqqətlə izləyir, siniflər arasındakı münasibətləri analiz edir, zəhmətkeşlərin arasında olaraq ədalətsizliyin, sosial bərabərsizliyinçöküşünün uzaq olmadığını müjdələyirdi. Və ən nəhayət, dördüncüsü, Nərimanov dövrünü yaxşı bilir, dünyanı tanıyırdı. Nərimanovun sahib olduğu bu xüsusiyyətə müasirləri arasında çox az insanda rast gələ bilərik. Bu da təsadüfi deyil ki, hələ “Həyat” qəzetinin 26 may 1906-ci il, 113- cü nömrəsində dərc olunan “Həftə fəryadı” adlanan felyotonunda sosiologiya elmi haqqında deyirdi: “...indi 20-ci qərinədə( red- əsr) qələmlər sınır, minlərcə, bəlkə yüz minlərcə kitablar yazılır, fikirlər yorulur, beyinlər çatlayır, canlar tələf olur, üsuli – idarə, şəkli-səltənət, səltənətlər dəyişdirilir! Hər şey təbdil (red-dəyişdirmə) olunur. İndi əcənbilər bu məsələni də həll edib də “sosiologiya” elmini araya salıblar...” Dövrün məhşur sosioloqları MaksVeber, Emil Durkhaym, GeorqZimmel və digərlərinin Qərb elmində parladığı bir dövrdə sosiologiyanın mövcudluğunu yarı feodal Azərbaycan cəmiyyətinəçatdırmaqda Nərimanovun məqsədi nə idi? Öz təbirincə desək “Biləcəridən” uzaq qeyri bir yerə getməmiş insanlara nəyi göstərmək istəyirdi? Təlim-tərbiyə, cəmiyyətə qarşı məsuliyyətli olmaq haqqında verdiyi mesajlar nə idi? Və görəsən Nərimanovun bizə göstərdiyi həmin cəmiyyət ilə günümüz cəmiyyət arasında bir fərq varmı? O dövrdən bu günümüzə nələr dəyişib? Bu və digər suallara cavab tapmaq üçün Nəriman Nərimanovun 20-ci əsrin əvvəlində dövrü mətbuatda dərc olunan məqalələrinə nəzər yetirib, cəmiyyətə, insanlara, ictimai prosesə, bir sözlə dövrə olan münasibətini şərh edəcəyik. 

Millətin dərdi 

Bir anlıq ötən əsrin əvvəlinə gedək. Rusiya imperiyasının ucqar vilayəti olan Azərbaycanda insanların güzəranına, gündəlik həyatına, dərdlərinə nəzər yetirək.  Elmin, mədəniyyətin, təhsilin vəziyyətini analiz edək. Az saylı məktəblər, iki-üç qəzet, dörd-beş fədəkar insan. Zənginlər öz var dövlətini artırmaqda bir-biri ilə iddiaya girmiş, eyş-işrət yarışında, halbuki xalqın övladları aclıqdan, xəstəlikdən zirzəmilərdə inim-inim inildəyir, evsizlər küçədə it kimi soyuqdan donur, it kimi titrəyirdilər.  Məhz bu mühitdə xalqın arasında olan az saylı fədəkarlardan biri ilə Nəriman Nərimanov idi. Hələ o vaxt həkim də deyildi. Qori müəllimlər seminariyasını bitirib, müəllim və yazıcı kimi fəaliyyət göstərirdi. Bütün fikri, düşüncəsi xalqına töhfə vermək idi. Xalqın nümayəndələrinin (zənginlərin) digər, yerdə qalan insanlara laqeydliyini, ikrah hissini qəbul edə bilmirdi. Çar təbəəsi digər millətlərin öz xalqının nümayəndələrinə, tələbələrinə olan diqqəti, hamiliyi Nərimanovun ağırına gedirdi. Buna görə də, “Həyat” qəzetinin 19 may, 1906-ci il, 108-ci il nömrəsində dərc olunmuş felyotonunda yazırdı: “Bizim hər işimiz tərsdir. Qeyri millətlərin cavanları tələbələri kəndi adamlarını yaxşı tanıyırlar, xasiyyətlərini bilirlər. Bizimkilər yox. Qeyri millətlər kəndi tələbələrinə gələcəkdə millət hamisi kimi baxırlar, tələbəlikdə onlara kömək edir, elmlərini tez tamam etməyə ciddi-cəhd edirlər, bizim tələbələrə qeyri nəzər ilə baxırlar...” Öz insanına laqeyd yanaşan, xalqın övladlarına təhsili çox görən cahanül-mülk, zati aliləri zəngin neftxudalar, tacirlər, sərvət sahibləri bunu xəsislikdənmi edirdilər? Bunu Nərimanov yenə həmin felyotonda belə cavablandırırdı: “... bunlara heç vaxt tamahkar, xəsis demək olmaz; bir şəhərdə( red- Bakı) ki, Rusiyadan gələn “ac arvadlara” gecədə minlər xərc olunsun, insafmıdır belə şəhərin adamlarına “tamahkar”, “xəsis” deyilsin. Xeyr əfəndim,hec vaxt qərəz ilə iş görməyiniz!” Sanki Nəriman Nərimanov yüz il sonranı görürdü. Bu gün də, Azərbaycan adlanan məmləkətdə vətənin istedadlı, qabiliyyətli övladları xaricdə təhsilini davam etdirmək üçün təqaüd tapa bilmir, əvəzində ölkəmizdə astronomik rəqəmlərə Avropa oyunları, avtomobil yaraşları keçirilir. Yüz il əvvəl olduğu kimi, Bakının nemətlərindən sadəcə “yevroplılar”, “uruslar” bəhrələnə bilir. Dəyişən bir şey varsa da, o da konsertə bilet üstündə dava salan xalqımızın “cəfakeş” nümayəndələridir. Yüz il əvvəl Nərimanovun uğrunda mübarizə apardığı xalqın nümayəndələrinin tək tərəqqisinin bu olması da, düşündürücüdür.

Necə ki, bu gün xalq üçün xeyir iş görmək, faydalı əmələ imza atmaq müəyyən dairələrin qarnına ağrı salır, bütün əhval ruhiyyəsini korlayırsa, Nərimanovun dövrü də elə fərqli deyildi. Necə ki, bu gün xalqa qarşı edilən haqsızlığa, ədalətsizliyə bir ovuc insandan başqa kimsə səsini çıxarmırsa, Nərimanov da üzünü xalqın zənginlərinə tutub deyirdi: “... aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz, bir uşaq yox, minlərcə uşaqları xoşbəxt ediniz. Minlərcə ata-analarımızı qazamatların, sudlarınqapılarındançəkindiriniz, saldatların ürəyinə dağ çəkən sözlərindən xilas ediniz...” görəsən dinləyən varmıydı Nəriman Nərimanovu? Xeyr, qulaqlar elə bərk tutulmuşdu ki, Nərimanovun bu sözlərini anlamırdılar: “Bəlkə bu xeyir iş də sizin ürəyinizdə yer tapmayır. Ağlınız, əqidəniz ilə sığdaş etməyir: fikir edirsiniz: elm dünya üçündür,  doğru, məktəbin həmişəliyi məni, adımı baqi qoyacaqdır, lakin orada oxuyan uşaqlar elm təhsil edib kəndi dünya mənfəətləri üçün çalışacaqdır. Dünya elmlərini oxuyub, kim bilir nə əqidədə olacaqdır... Mənim axirətimə nə mənfəət?” Necə də tanış personajlardır. Sanki “mən, mənim, mənimki, mənə” kimi sözlər bu xalqın xəmrində yoğrulub. Nərimanov buna da alternativ təklif edirdi: “Böylə isə, buyurunuz, əfəndim! Bir nicat yolu göstərmək istəyiriz: siz dininizi, məzhəbinizi sevənlərdənsiniz... insan qocalanda dinpərəst olar... Dinizə rövnəq vermək istəyirsiniz... Dinə rövnəq verənləri dost tutursunuz... Belə isə ruhanilər üçün bir məktəb açmağınızıgözləyiriz.... İndi bunlar ( red- ruhanilər) üçün bir məktəb(Duxovni seminariya) açıb, zəmanənin təqazəsi ilə tərbiyə verməyə, elm kəsb etməyə sözünüz nədir?” Necə də ağıllı, yerində irəli sürülən bir təklif. Nərimanov deyirdi ki, bu xalqın gələcəyi məktəblərdən keçir. Həm dünyəvi elmləri tədris edən, həm də ilahi elmləri tədris edilən məktəblər açılmalıdır. Bunun da tək ehtimalı var ki, bu da zənginlərimizin təşəbbüsündən keçirdir. Ancaq görünən odur ki, zənginlərimiz bu çağırışlara elə də əhəmiyyət vermirdilər. Neft və milyonlar səltənətindən insan mənzərələri bitib tükənmirdi. Odur ki, Nərimanov üzünü zənginlərə tutub deyirdi: “Sizin əqidənizə müvafiq bir nicat yolu da göstərəcəyəm. Lakin söyləmək ilə, yazmaq ilə ürəyimdə olan şeyi desəm də sizin ürəyinizi yumuşaldabilməyəcəm. Gərəkdi sizin əlinizdən tutub bir yerdə seyr edək, qaranlıq, nəmli zirzəmiləri gəzib orada yarımcanları, can verənləri göstərəm: biçarə, sahibsiz, beş balaca yetim sahibi arvad quru yerdə uzanıb, başının altında əski-üsküdən toplanmış balış yerinə düyüncə! Qızdırmanın, baş ağrısının hərarətindən balıq kimi çabalayır; əllərini yerdən-yerə vurub qabıq qoymuş dilini çıxarır. Çatlamış dodaqlarını sorur...” Necə də tanış mənzərədir elə deyilmi? Bu gün də Azərbaycanda bu cür insan faciələri yaşanır. Dövrünün bu insan faciələrinə bəslədiyi ürək yanğısı Nərimanov şəxsiyyətini formalaşdırır, əzilən kütlələrin yanında dayanmasına səbəb olur, “Solun” böyük liderini yetişdirirdi. Sıradan xalqın dərdlərinə şərik olması azmış kimi, bu dərdlərə çarə tapması üçün çalışması sadəcə Nərimanov kimin xalqın içindən çıxan birinə xas xüsusiyyət hesab oluna bilərdi. 

Millətin dərdi Nərimanovu o qədər düşündürürdü ki, üzünü imtiyaz sahiblərinə tutub deyirdi ki, xalqın gələcəyinə verəcəyiniz hər bir töhfə unudulmayacaq. O başa düşürdü ki, xalqın tərəqqisi üçün görüləcək işlərin nəticəsini bir sonrakı nəsillər görəcək. Bütün bunları görərək “Həyat” qəzetinin 14 iyul 1906-ci il tarixli 154-ci nömrəsində dərc olunmuş “Həftə fəryadı” adlı felyotonunda yazırdı: “Biz doğrusu, hal-hazırda həyatını “sürükləyən” camaatda bir şey gözləmiriz... Bunların tərbiyəsiylə böyüyüb axırda camaatın üzvü də hətta pişvaz olanlara da böyük ümidlər bağlamırız.

Özləri nə edirlər, nə etmişlər ki, “bunların”vasitəsi ilə tərbiyə alanlar da bir hümmət, bir qeyrət, bir həmiyyət göstərərlər...” Bu gün də orta və yaşlı nəsil haqqında səsləndirirlər. Yenə də cəmiyyətdə hakim olan əsas fikir budur ki, yaşlılar getmədən bir şey olası deyil.  Nərimanov belə davam edirdi: “Bəlkə ikinci, hətta cürətlə deyə bilərik ki, üçüncü arxa, üçüncü bətn bizim başımızı bir yerə yığıb bizim də “insan” olmağımızı andıralar, bizə də “camaat” olmağa qabiliyyətimizi göstərələr.”  Bəli, Nərimanov bir müəllim ki, təlim-tərbiyənin gücünə inanaraq gələcək nəsillərin inkişafına verəcəyi töhvəyə inanır. Bəs görəsən cəmiyyət də bu fikirdə idimi? Bunu Nərimanov özü cavablayır: “Siz güləcəksiniz, deyəcəksiniz, əcaba bu silsilənin ikinci, ya üçüncü bətnlərdindən nə olacaq, ya gələcək balalarımız nə işlər görəcəklər! Bizə nə? Dərdimiz indi azmıdır ki, bir də yüz il bundan sonra əhvatlar olmağının dərdini çəkək? Siz təəccüb edəcəksiniz, lakin sizin böyləsözlərinizə biz təəccüb etmiriz. Sizin tərbiyənizi, dolanacağa, təsəvvürünüzü bilib də, siz bizə tutduğunuz irada irad etmiriz...” Nərimanov xalqı tərəqqiyə səsləyirdi. Nərimanov insanları hürriyətə səsləyirdi.

Zənginləri insanlar üçün töhfə verməyə, millətin balaların təhsilinə kömək etməyə çağırırdı. Deyirdi ki, eyş-işrətə sərf etdiyiniz pulun kiçik bir hissəsini məktəblər açmağa, xəstəxanalar tikməyə, yolları abadlaşdırmağa sərf etsənizcamaatın gələcəyini də abad etmiş olarsınız. Nərimanovun siyasi mübarizəsinə diqqət yetirdikdə burjuaziyaya qarşı tutmuş olduğu mövqeyin əsasını təşkil edən motivin mahiyyətini də görmüş oluruq. Nərimanov sosial ədalətsizliyə qarşı barışmaz mövqedə dayanmışdı. Odur ki, istər müəllim, istər həkim kimi xalqın aşağı təbəqələrindən olan insanların ağrı-acısını bölüşürdü. Bu ağrı-acı onun siyasi mübarizəsində əsas xətti formalaşdıracaq, Azərbaycanda inqilabi hərəkatın liderinə çevriçəkdi.

Dili-türk, dini-islam 

Nəriman Nərimanovun inqilabi fəaliyyəti qədər həm də, zəngin ədəbi, pedoqoji fəaliyyəti də araşdırımalı və öyrənilməlidir. Onun xalqın dilinə, dininə, adət-ənənəsinə göstərdiyi həssasiyət məhz xalq adamı olması ilə bağlıdır. Ana dilini bilməyin, ana dilində tədrisin əhəmiyyətini dəfələrlə məqalələrində vurğulayır və əli qələm tutanları dilimizi müdafiə etməyə, zənginləşdirməyə çağırırdı. Yazıda, danışıqda yerli yersiz rus kəlimələr istifadə edənlər haqqında yazırdı: “Heç çarəmiz yoxdur, dilimiz “loru”dur,kasıbdır... Lakin “Qospoidinudovolstviyom, soqlasiyazayavitediyoruz” kibi ləhcələri hanki dəftərin kənarına yazmaq mümkündür?İmdi bu yerdədəmi türk sözlərini unudubsunuz? Ya ruscamı elminiz artıq düşübdür? Ya rusca bilməyini göstərmək istəyirsiniz? Yaniki türk dilinə “zinət”mi verirsiniz?” Necə də günümüzə uyğun bir mənzərə. Sanki Nərimanov bu xalqın “ziyalı”, pardon “intellektuallar”ının mahiyyətini yüz il əvvəl görürdü. Nərimanova görə bu insanlar ana dilə xəyanət edən kimsələr idi: “Məclislərdə döşünüzə vurub “Pojalujyst” demək ilə milləti qabağa aparmayacaqsınız: millətin dilini bilməmiş onun dərdinə dəva etmək çətindir”(İrşad” qəzeti, 7 aprel 1906-ci il, 84-cü nömrəsi). Nərimanov bu günün “sori”,”tənks”, “virçyu” və qəbildən kəlimələri ilə cümlələrini “zəngiləşdirənlərin” öncüllərini tənqid atəşinə tutanda ümidi bu idi ki, bəlkə gələcək nəsillər dilimizin mahiyyətini dərk edərlər. Ancaq dəyişən bir şey yoxdur. Rus dili ilə bərabər bir də ingiliscə “oxumuşlarımızın” dilinə ayrı bir zənginlik qatır. Nərimanov deyəndə ki, ana dilini, türk dilini yaxşı bilməliyik, əslində demək istəyirdi ki, bu millətin nicatı doğma ana dilini, türk dilini bilməkdən keçir. 

Ana dildə məktəbin millətin gələcəyi üçün əhəmiyyətini vurğulayan,bacarıqsızlığımızı, laqeydliyimizi dilə gətirir. Hətta bunun əksinə olaraq sevmədiyimizqonşularımızdan nümunə gətirir: “İyirmi il bundan müqəddəm dövlət qonşularımızın, milli camaatın ianəsinə açılan məktəbləri qapadı, çünki həmin məktəblərdə ana dili təlim edirdilər. Dövlət isə rus lisanından başqa ona tabe olan millətlərin lisanların bilmərrə aradan götürmək istəyirdi... Bəli, dövlət erməni milli məktəblərini qapadı. Erməni camaatı boyunlarını əyib dövlət açan məktəblərə uşaqlarını verdilərmi? Yoxsa bir qeyri yol ilə hərəkət etməyə başladılar? Bunlar dövlətin politikasını anlayıb başlarına çarə aradılar.Camaatın qeyrəti daha ziyadə artıb uşaqlarına evdə dərs verirdilər. Məktəblərdə qulluq edən müəllimlə indi evlərdə dərs verib əvvəlkin də artıq məvacib alırdılar. Getdikcə məktəblərin qapanacağına görə müəllimlərin ədədi azalmaqdansa, dəxi də artır..." Erməni millətinin müəllimə, ana dildə təhsilə diqqətini xüsusi ilə vurğulayan Nəriman Nərimanov yazının davamında bizimkilərin üzləşdiyi bu seçim qarşısında necə davrandığını ürək ağrısı ilə təqdim edir: “... bu yolda bizim camaat nə iş gördü? Camaatımızın “qanacaqlıları” rus dilində çörək görüb uşaqlarına haman dili vacib bilirdilər... Kəndi ana dilinə həqarətlə baxırdılar... “qanacaqsızlarımız” rusu günah bilib, öz dilini də oxutmaq bacarmırdı... Dövlət isə camaatımızın iki firqəyə bölünməyini və bunların lisan barəsində olan fikirlərini pək yaxşı anlayıb da “qanacaqlılarımıza” tələb olan yemi yavaş-yavaş verib “qanacaqsızlarımızı” əsla nəzərdən salmışdı... Aşkar( oxu- dövlət) gördü ki, “milli” məktəblər milləti diriltməkdənsə, öldürəcəkdir.” Nərimanovun ana dili, ana dilində təhsil haqqında bir əsr əvvəl söylədiyi sözlər, barmaq basdığı məsələlər hələ də aktuallığını saxlayır. Bu gün də ana dilində təhsilin keyfiyyətsizliyini görən insanlar övladlarını rus dilli məktəblərə yazdırır, bu gün də ana dilində təhsilin dirçəldilməsi üçün təşəbbüs göstərilmir, bu gün də doğma türk dilimizə laqeydlik mövcudiyyətini qoruyub saxlayır.Hər nə hikmətdirsə, bizim insanımız hər şeyi öyrənməyə meyilli oldu, bircə öz dilimizi, öz kimliyimizi, öz tariximizi və mədəniyyətimizdən başqa. Nərimanovun da təbirincə desək “Bağırtımız ölkəni götürübdür, lakin əlimiz nərəyə çatacaqdır?” Yenə onlar həqiqətən də bütün gücləri ilə bağıra bilirdilər, biz isə heç onu da edə bilmirik. 

Bağırdıqları bu idi ki, ey bu millətin baş bilənləri, ey bu xalqın zənginləri gəlin bu xalqın övladları üçün milli məktəblər açaq. Bu xalqın müəllimlərinə dəstək olaq, onların inkişafına daha yaxşı peşəkarlaşmasına şərait yaradaq. Nərimanovun bu məsələyə həsr etdiyi saysız hesabsız yazıları mövcuddur.  Hər dəfəsində də vurğulayır: “Camaatımız düşünsəydi ki, hər millət üçün tərəqqi qapısı məktəbdir və hər məktəbin tərəqqi tapmağı milli müəllimlərə bağlıdır, əlbəttə, bir kərə dürüst fikir edərdi: nə səbəbə ibtidai ittifaq ilə millət yolunda çalışan, qeyrət göstərən müəllimlər indi pərakəndə olub hərə bir yol ilə yeriş edir? Bu sualın üstə bir az fikir etsə idi, yəqin ki, özünün müqəssir olmağını anlardı, vaxtında dərdinə əlac tapardı”. Cavab əslində açıq və aydındır. Xalqın müəllimə, məktəbə, təhsilə olan laqyedliyi müəllimlərin zəhmətininin puç olmasına səbəb oldu: “Bir vaxt var idi, müəllimlərsiz millətə dair işlərə baxılmazdı. Məclislərdə səs, rəy verən müəllimlər də olurdu. Təsəvvürlərinə diqqət olunurdu. Lakin, bir vaxtdan bəri camaat haman müəllimləri məclislərdə görmədi, onların fikirlərindən xəbərdar ola bilmədi. Sözü açıq deyəlim: onlar indi lüzumsuz bir üzv olub artıq araya qoymadılar.” Və ən nəhayət Nərimanov mətləbin üstünü açır və üzünü tutur xalqın məsublarına deyir: “Müəllimlər iki qiraətxana açdılar; qiraətxanalar “bir vaxtadək” davam edib sonra bir ayın ərzində ikisi də bağlandı. Camaat heç xəbər almadı: niyə, nə səbəbə bağlandı? Müəllimlər “bir vaxtadək” ildə bir neçə dəfə teatr qoyub yetim uşaqları gimnaziyada oxudurdular. “Bir vaxtdan sonra” müəllimlər bu işdə soyuq tərpəndilər: yetim uşaqları gimnaziyalardan qovurdular. Direktor müsəlman uşaqlarını qovmaq istəməyib üzlərini camaat tuturdular, kömək istəyirdilər. Camaat isə heç bir fikir etmirdi ki, bu vaxtadək bu yetim uşaqlar kimin xərcinə oxuyurdular?” Lakin bu harasıdır? Ən acınacaqlısı isə bunlardır: “Müəlllimlər ana dilində kitablar yazırdılar. Haman kitabların sədası Tiflis qəzetlərindən gəlirdi, bu kitablar Bakıda çap olunur idi. Lakin Tiflis əhli haman kitabların barəsində Bakı əhslindən tez məlumat alırdılar...” Bütün bunları oxuyub, gördükcə gözlərimin önündə seçkidə səs saxtalaşdırmada iştirak edən, bülletenləri ətəkləri altında gizlədən müəllimlər, hazırlığa gəlmək üçün uşağı intihara qədər sürükləyən “təhsil” işçiləri, rüşvəti əsas dolanışıq mənbəyi olaraq görən insanlar canlanır. Əgər Nərimanovun dövründə xalqın laqeydliyindən bezib hər şeydən əlini çəkən müəllimlər var idisə, bu gün sistemin xalqı daha da savadsızlığa sürükləməsi üçün formalaşan müəllimlər mövcuddur. Və çox təəssüf olsun ki, onların sayı günü gündən artır. 

Nərimanovun yazılaranda diqqət çəkdiyi əsas məsələlərdən biri də dindir. Müasirləri ilə müqayisədə dinin əhəmiyyətini görməməzlikdən gəlmək və ya dinin insanın inkişafına mane olacaq kimi fikirlər səsləndirmək əvəzinə dini təhsilin vacibliyini vurğulayırdı. Dinin sistemli şəkildə tədris edilməsini, bunun üçün ruhani seminariyalar açılmasının vacibliyini vurğulayırdı. Odur ki, “Həyat” qəzetinin 26 may 1906-ci il tarixli 113-cü nömrəsində dərc olunmuş “Həftə fəryadı” adlı felyotonunda yazırdı: “Buyurunuz: Gəncədə ruhanilər üçün yeni üsulla mədrəsə açılır, lakin pul yoxdur. Hörmətli hacılarımızdan biri bu barədə belə bir fikirdədir: ruhanilər millətə lazımdırlar. Fəqət indi ruhanilərimiz yaman haldadırlar, divarın o tərəfində olan şeyləri görmürlər, millət nə ilə tərəqqi etməyini bilmirlər, ona gör vaxtında zəmanəyə müvafiq, millətə lazim olan qulluğu etməyi bacarmırlar. Bacarmırlar deyiriz də, elə bilirsiniz istedadlarımı yoxdur? Qabilmi deyillər? Xeyr, əfəndim! Pək gözəl müstəid, qabil rühanilərimiz ola bilər, fəqət bünövrə gərəkdir ola, lazım olan tədris və təlim gərəkdir ola.” Nərimanovu oxuduqca bir solçu, marksist olaraq dinə qarşı məsafəli deyil, əvəzində dinin cəmiyyətə verə biləcəyi töhfəni dərk edən şəxsiyyəti görürük.  Dini-İslamı bilməyin əslində bu xalqa verəcəyi töhfələrin əhəmiyyətini dilə gətirdiyi bir dövrdə onun müasirləri sayılan bir çox publisistlərimiz dinə qarşı sərt mövqedə dayanırdı. Nərimanov isə, dinin cəmiyyət üçün əngəl deyil də, təkan olacağını deyirdi. İslam peyğəmbərinin həyatının, hədisi-şərifininöyrənilməsinin əhəmiyyətinə toxunurdu. Hətta uzun illər sonra (1923-1924) Stalin, Trotski və Radekə göndərdiyi “Ucqarlarda inqilabımızın tarixinə dair”məruzəsində Kərbala hadisəsi, İmam Hüseynin mübarizəsi haqqında belə qeydləri var. Biz bir daha görürük ki, Nərimanov həm də dini çox yaxşı bilir, həm də İmam Hüseyn mübarizəsində etiraz, inqilabi motivləri də görür.  Çünki, hələ Qori seminariyasında oxuduğu illərdə dini yaxşı öyrənmişdi. Hətta bu məsələni yazılarında da oxucuya çatdırır: “Demək olur ki, indiki hala nisbətən Qori seminariyası- xüsusuən müsəlman şöbəsi böyük tərəqqidə bulunurdu. Cənab axund molla Əbdülislam türk dilinə və şəriət dərslərinə artıq diqqət edirdi. Dərslər az isə də, o, vaxtını ititməyib bacardığı qədər ciddi-cəhd edirdi. O vaxt təlim kitabları yox idi. Bununla bərabər, gecələr işləyib gündüz dərsləri üçün hekayələr düzəldirdi. Türk dilində sərf və nəhv öyrədirdi. İnsaf məqamında demək olar ki, Qori seminariyasında elmini tamam edib indi millətpərəst və yainki əli qələm tutan beş-üç nəfər varsa, cənab axund molla Əbdülislamın tərbiyəsinə bağlıdır".

Əxlaq və tənqid üzərinə 

Nəriman Nərimanovun  dönə-dönə vurğuladığı əxlaq, davranış qaydaları kimi cəmiyyət üçün vacib olan məsələlər də diqqətdən yayınmamalıdır. Tənqidin vacibliyini xüsusi ilə vurğulayır və cəmiyyətin ümumi inkişafına verəcəyi töhfəni bir daha oxucuya gösətirirdi. Ümumiyyətlə, Nəriman Nərimanovun dövrü mətbuatda dərc olunan yazılarına( misal üçün yuxarıda qeyd olunanlar) qlobal prespektivdə nəzər yetirdikdə qarşımızda solun tənqidi gücünü tam əxz etmiş bir inqilabçı görürük. Ola bilsin, onun vurğuladığı məsələlər( millət, xalq, din, dil) solun bəşəri dəyərlərinə tərs görünüb, millətçi kontekstində alqılansın. Hansı ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ona qarşı aparılan kompaniyada bu ünsürləri açıq aşkar görürük. Ancaq, Nəriman Nərimanovun çatdırmaq istədiyi məsələ bu idi: əvvəlcə öz içimizdəkiişlərimizi həll etməliyik. Necə ki, inqilabçı silahdaşları bu məsələyə görə onu millətçi damğası ilə damğalayırdılarsa, bu gün də xalqın mənafeyindən dayanan şəxslər “sol” çevrələr tərəfindən millətçi kateqoriyasında görünür. Nərimanovun qeyd etdiyi kimi, tənqid ilə təhqir, tənqid ilə qarayaxma arasındakı fərqləri görüb elə davranmalıyıq.  Odur ki, Nərimanov gününü ona buna sataşaraq, xarici görünüşünə, geyimininə sataşaraq özünə məzhəkə düzəldənlərə səslənirdi: “Ey bədbəxt millət! Dərdimiz, qəmimiz azalmaqdansa, gün-gündən çoxalır; fəryadımız kəsilməkdənsə, gün-gündən ucalır; gözümüz açılmaqdansa gün gündən örtülür. Ağlımız seyqəltapmaqdansa, gün-gündən paslanır... Belə iradları bundan müqəddəm mollalardan, qocalardan eşdirdik, indi “cavanlardan” eşidirik. Afərin, gələcək millət balalarının atalarına! Afərin etdiyiniz “ittifaqa”. Siz filan  oxumuşa saqqal barəsində nəsihət veribsiniz, lakin mən də sizə nəsihət verməsəm də ürəyimdə olanı deyəcəyəm: zavallı cavanlar! Bir adamın saqqalı barəsibdə ittifaq etməkdənsə, Şişə kəndlərində acından, susuzluqdan, dərmansız, köməksiz, yurdları viran, uşaqları yetim qalmış din qarşdalarımızın barəsində ittifad edib hərəniz bircə manat göndərə idiniz...” Nəriman Nərimanov elə bil bu millətin xəmrinin necə yoğrulduğuna bələd idi. Üzərindən bir əsr keçsə yenə də millətin nümaynədləri öz “vərdişlərindən” əl çəkməyib. Mən bunun təməlində duran şeyin xalq olaraq svilizasiya prosesini yekunlaşdırmamağa bağlayıram. Odur ki, hər dəfə aradakı zəncir qopduqca bir addım geriyə düşür, oradan başlamağa məcbur oluruq. 

Tənqidçi kimi də Nərimanovun mövcud şərtləri görməsi, reallığı dərk etməsi yaşadığı mühiti, cəmiyyətin strukturunu bilməsi onun bu günümüz üçün əhəmiyyətini daha da artırır. Dövrü mətbuatda teatr, ədəbiyyat üzərinə dərc olunmuş məqalələrində də özünəməxsus üslubu görürürk. Nərimanov burada da, qarşı tərəfi daha diqqətli olmağa səsləyir. 16 mart 1906-ci il “Yeni iqbal” qəzətinin 257-ci nömrəsində dərc olunmuş “Arşın mal alan” məqaləsində yazırdı: “Zatən operettaya mıəxsus bir yüngüllük gərəkdir olsun, fəqət təbiətdən kənar olmaq operettanın şərtlərindən deyildir, zənn edirəm. Kim bilir, bəlkə on və ya iyirmi il bundan sonra bizim qızların da əxlaqları pozulub hər bir “arşın mal alan”ın boynuna asılacaqdır. Fəqət nə üçün indidən səhnə vasitəsi ilə böylə şeyləri dərs veririz? Qeyri millətlərin operettalarında böylə şeylər görünür isə təbiidir. Onlarda bu əhvalatlar olubdur, aşıb-daşıbdır. Bundan sonra əhli-qələm bu əhvalatlardan özləri üçün mövzu, tema və tiplər götürüb meydana gətiriblə və məqsədləri camaatın əxlaqını düzəltmək olubdur: Bizim operettalar bu pozğunluğa yol göstərirlər. Demək ki, başqaları hazır tipləri meydana gətirməkdə ikən biz özümüz gələcək üçün tiplər düzəldirik...” 

Beləliklə Nərimanovun qələmindən ötən əsrin əvvəlindəki Azərbaycan cəmiyyətinə nəzər saldıq. O gündən bu günə dəyişən elə də böyük bir şeyin olmadığını görmək həqiqətən də insanı düşündürür. Bir xalqın yüz ildə irəli gedə bilməməsi böyük bir faciədir. Kimsə durub deyəcək ki, xeyr bizdə də dəyişiklik olub. Məsələn misal çəkəcəklər ki, xanımlarımız sərbəstdir, hər kəs istədiyi kimi içki içir, siqarət çəkir, xoşa gəlməyən əməllərlə məşğul olur. Bu baxımdan razıyam. Bəli, haqq verəcəm, inkişaf edirik. Ancaq elm, təhsil, səhiyyə, mədəniyyət, vətəndaş mövqeyi baxımdan geri gedirik. İndi isə sual olunur: Nərimanovun tutduğu yolu seçib, millətin toparlanması üçün nəfəsimiz kəsilənə qədər bağırmalıyıqmı, yoxsa “mən, mənə, məni, mənim, mənimki” təfəkkürü ilə hərəkət etməliyik? Bu sualın cavabı isə sizdədir əziz oxucular. 

Tural Amin Oyrati
Antverpen Universiteti
Sosial elmlər fakultəsi

25.06.2016

Antverpen, Belçika 

Kultura.az
Yuxarı