post-title

İnsanın allah yaratmasının elmi şərhi

Niyə allaha ehtiyac duyuruq sualının olduqca geniş və hərtərəfli izahı vardır. Dəqiq və ya humanitar elmlər bu sualı müxtəlif aspektlərdən araşdırmağa və açıqlamağa çalışırlar.

Aparılmış elmi tədqiqatları ümumiləşdirməklə, görkəmli elm adamı Riçard Doukinz, Virciniya Universitetinin psixiatrı Anderson Tomson və tibb yazarı Klara Aukofer 2011-ci ildə "Allah(lar)a niyə inanırıq?: İnanc elminə yığcam bələdçi" adlı müştərək kitab ərsəyə gətiriblər. Onlar son illər aparılan psixoloji tədqiqatlar nəticəsində insanın özünə allah yaratması ehtiyacını elmi nöqteyi-nəzərindən şərh ediblər.

Müəlliflər aşağıdakı mətndə kitabın məzmununu qısa məqalə şəklində oxuculara təqdim edirlər: 

“Sülh içində yaşayaq”, - deyə oxuyub xəyal etməzdən əvvəl Con Lennon "nə cənnət...nə cəhənnəm.... nə də din" misralarını bir-birinə calayaraq söyləmişdi.

"Heç bir din" - deyə oxuyan Lennon insanları nəyə çağırırdı? Özündə Usama bin Ladenin aşkar zorakılığını "ilahi" ismarıc şəklində daşımayan bir dünyaya. "Allahın istəyi" kimi don geyindirilən Katrina qasırğasının qarşısını ala biləcək, itkilərə yol verilməyən səhvsiz bir dünyaya. Siyasətçilərin səmərəsiz və boş səylərlə kimin daha çox inanclı olmasını sübut edəcək yarışlara qatılmaq məcburiyyətinin olmadığı bir dünyaya. Elə bir dünyaya ki, burada tənqidi düşüncə ideal sayılsın. Qısacası, məntiqlə idarə olunan bir dünyaya.

Son illərdə şüurla bağlı tədqiqatlarda iştirak edən alimlər dinin "DNK"–sını aşkarladıqlarını açıqlayıblar. Onlar empirik (təcrübi) sübutlara söykənən (işləyərkən beynin "xəyal qurma" funksiyanın araşdırılması da daxil olmaqla) məhz insanın allah yaratması fikriylə nəticələnən güclü nəzəriyyələr ortaya qoyublar. Bir sözlə, elmi nə qədər düzgün qavrasaq, bir o qədər " nə cənnət....nə cəhənnəm.....nə də din" fikrinə yaxınlaşmış olarıq.

Fizioloji DNK-mız kimi, psixoloji mexanizmimiz də təbii seçmənin uzun dövrü ərzində, etiqad pərdəsi fonunda təkamül edib. Onlar bizim əcdadlarımızın təməlini formalaşdıran məməli, primat dövrlərindən tutmuş, afrikalı ovçu-yığıcı keçmişimizəcən kiçik qruplarda səmərəli işləməyə, həyatda qalmağa və törəməyimzə imkan yaradıblar; fərdi əlamətlərimiz isə tarixdən əvvəlki dövrə qədər artıq çoxdan inkişaf etmişdi.

İnsan - 1940-cı ildə psixiatr Con Baulbi tərəfindən tanınan və psixoloq Meri Eynsvors tərəfindən daha da genişləndirilən "bağlılıq" (özünü nəyəsə, kiməsə bağlı hiss etmə-tərc) hissinə güclü ehtiyac duyaraq doğulur. Anamızdan etibarən digər himayəçilərimiz bizdə fərdi sağ qalma hissini gücləndirir. Bağlılıq instinkti beyin kimyası vasitəsilə psixoloji cəhətdən möhkəmlənir və tamamilə ona məxsus olan sinir şəbəkləri inkişaf etdirərək, qoruyub saxlanılır. Biz doğuşdan yaranan bu bağlılıq hissini bizi himayə edənlərə – istənilən kəsə, məsələn, hakim şəxslərə, din xadimlərinə, daha bariz şəkildə isə allahlara qədər- asanlıqla uzadıb genişləndirə bilirik. Hətta ölüm və ya təcrid olunmaq kimi məfhumların mövcud olmadığı reallıqlarla üzləşsək belə, Allah bizi himayə edib, qayğımıza qalan super güclü valideynə çevrilir.

Alimlər indiyədək dinin təməlinin formalamasında “adaptasiya” kimi düşünülən 20 möhkəm əlaqəni fərq ediblər. Bağlılıq hissi kimi onlar da insanın qarşılıqlı təsir mexanizmlərindən biri kimi göstərilirlər. Milli Səhiyyə İnstitutlarında (NİH) aparılan beyin-xəyal tədqiqatları göstərir ki, din mövzusu barədə açıqlamalar verilən zaman və onlarla razı olub-olmadıqları soruşulanda, sınaqlar zamanı insanın sosial davranışlarına (bizim digərlərilə münasibətlərimizi tənzimləyən bacarıqlarımız) cavab verən beynin həmin şəbəkələri məşğul olur.

Dinlə bağlı psixoloji adaptasiyalara misal kimi, qarşılıqlı fəaliyyət duyğusunu, bir kimsənin sərbəst davranışlarını əcaib davranış hesab etmək meylimizi, romantik sevgi qabiliyyətimizi, kimlərinsə bizə “qrupdan olmama” münasibətinə qarşı göstərdiyimi qızğın reaksiyanı, qohum-əqrəba və digər yaxın qruplaşmalar içində də eyni qızğınlıqla sədaqətli olmaq ehtiyaclarımızı göstərmək olar. Din bu xüsusiyyətləri əxz edir. Sünni və Şiə müsəlmanları arasındakı rəqabət, Protestant və Katoliklər arasındakı doktrina mübarizəsi bizim “qrup” meyillərimizi əks etdirir.

Bu adaptasiyalara əlavə olaraq, insanlar həm də digər insanların beyinlərində nə baş verdiyini fikirləşmək kimi və “gözə görünməyən” başqa birisiylə mürəkkəb qarşılıqlı əlaqədə olmaq kimi nəzərəçarpan bacarıqlar yaradıb, inkişaf etdirib, təkrar istifadə edirlər. Beynimizdə zaman, yer və şərtlərlə bağlı idraki anlayışımızı birləşdirə bilirik. Əgər başqa birisi bizim yerimizdə olsaydı nə edərdi kimi sualı götür-qoy edə bilirik; gələcək planlarımızı qururuq; keçmiş hadisələri təkrar nəzərdən keçiririk. Bu kimi əqli bacarıqlarla ölülərlə söhbət etmək, allahları göz önünə gətirmək  və ya onlara dua etmək asanlaşır deyə bilərik.

Mənəviyyat - allahlar və ya din tərəfindən azğın insanlara göndərilmiş dəyər kimi görülür, halbuki elm onu təbii seçmə nəticəsində nəsillərdən-nəsillərə ötürülən adaptasiya oluna bilinən strategiyadan başqa bir şey hesab etmir.

Yel Universitetinin psixologiya üzrə professoru Paul Blum qeyd edir: “İnsanlar üçün birgə çalışmaq olduqca faydalıdır.., bundan belə bir məna çıxa bilər: başqa fərdlərin yaxşı və pis tərəflərini dəyərləndirmək də adaptasiya oluna bilinən fəaliyyətdir. İnqilabi hesab edilən araşdırmasında o və komandası körpələrin həyatlarının ilk illərində doğru və yanlışı, yaxşı və pisi, hətta ədaləti və ədalətsizliyi anadangəlmə duyğuları ilə necə nümayiş etdirdiklərini aşkarlayıblar. Çağalara yüksəkliyə dırmaşan bir kuklaya başqa bir kuklanın kömək etdiyini və ya mane olduğunu göstərdikdə, körpələr kömək edən kuklaya doğru istiqamətlənirlər. Onlar özlərindəki qiymətləndirici sosial mühakimələrə duyğularındakı mənəvi impulsla cavab verə bilirlər.

Almaniyanın Leypziq şəhərində Təkamül Antropologiyası Maks Plank İnstitutuna həmsədrlik edən inkişaf psixoloqu Maykl Tomasello da azyaşlı uşaqlarda mənəviyyatla bağlı araşdırma aparıb. O və yoldaşları uşaqlarda başqalarını düşünmə xüsusiyyətlərini nümayiş etdirən zəngin araşdırmaya sahibdirlər. Müəllif bizim hamımızın altruist doğulduğumuzu, lakin sonralar öz maraqlarımızı qoruyan strategiyalar əxz elədiyimizi iddia edir.

Psixoloji adaptasiya və mexanizmlərdən savayı, alimlər həm də ilahi varlıq kimi şərh edilən fenomenlərin nevroloji izahını açıqlayırlar. Kanadalı psixoloq Maykl Persincer görməni və səsi əngəlləyən, lakin baş beyin yarımkürələrinin gicgah payını stimullaşdıran “ilahi dəbilqə” adlandırdığı anlayış yaradıb; müəllif qeyd edir ki, aşkarladığı bu anlayış “başqa birinin” mövcudluğuna inanma hissinə cavabdehdir. Şəxsi hekayəsindən və mədəni irsindən asılı olaraq, insanlar bu hissin mövcudluğunu ya fövqəltəbii, ya da dini obraz kimi şərh edirlər. Müqəddəs Pavelin Dəməşq yolunda özündən gedib yıxılması hadisəsini reallıqda baş beyin neyronlarının güclü spazmasından yaranan epilepsiya kimi başa düşmək olar. 

İnsan psixologiyasını və nevrologiyasını daha yaxşı başa düşdükcə, dinin təməllərini daha aydın şəkildə açıqlaya biləcəyik. Bu təməllərdən bəziləri, məsələn, bağlılıq hissi bizi allahlara tərəf itələyir və onlardan ayrılmağı olduqca çətinləşdirir. Ancaq bu mümkündür.

Dini insanın yaratdığı konsepsiya kimi tanısaq, daha yaxşı insan olacağıq. Biz dini inancın real köklərini ən cüzi şəkildə də olsa, dərk etməklə həyatı olduğu kimi qəbul edəcək, zəkamızın bəlkə də ən böyük adaptasiyasının üstünlüklərindən biri - ağlımızı işlətmək bacarığımızdan-  faydalana biləcəyik. 

Sadəcə bunu təsəvvür edin.

 

Tərcümə: Aygün Qurbanlı

Kultura.az

Yuxarı