Bethovenin 250 illiyinə dəvət
“Ay işığı” sonatasını ilk dəfə Qretanın ifasında eşitmişəm. Altı, ya yeddi yaşı…
Daxili partiyalardan əlavə olaraq, Avropanın lider dövlətlərindən olan Almaniya və Fransanın rəsmiləri də Krallığın Avropa İttifaqındakı üzvlüyünün davam etməsini istədiklərini dilə gətiriblər. Birləşmiş Krallıq eləcə də, Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqındakı ən böyük müttəfiqi sayılır. ABŞ prezidenti Obama da yaxın zamanda Londona olan səfəri zamanı İttifaqda qalmağın tərəfdarı olduğunu açıq-açıq söylədi.
Referendumlar bilavasitə demokratiyanın bir təzahürü olub, seçicilərin birbaşa olaraq ölkənin daxili və xarici siyasəti ilə bağlı məsələlərində iştirakını təmin edir. Birləşmiş Krallıq 1973-cü ildən etibarən Avropa İttifaqının üzvüdür. Aİ-a üzv olsa da, bu birliyin bir çox təməl prinsiplərini (avrozona, Şengen ərazisi kimi) qəbul etməyərək əslində suverenliyini ən çox qoruyan ölkələrdən biridir. Ümumiyyətlə, Avropa İttifaqında və onun üzvü olan bəzi ölkələrdə son zamanlarda baş verən siyasi-iqtisadi böhranlar, baş verən terror aktları, immiqrant axımı Birləşmiş Krallığı Aİ üzvlüyü ilə bağlı yenidən düşünməyə vadar etdi.
Baş nazir Devid Kemeron 2015 parlament seçkiləri zamanı başçılıq etdiyi Mühafizəkarlar Partiyasının (Conservative Party) qalib gələcəyi təqdirdə Aİ-da qalıb-qalmamaq ilə bağlı referendum keçirəcəyinə söz verdi. Xalq içində Aİ-a qarşı qurulan təşkilatlanmalar, Mühafizəkarlar Partiyasının içindəki bəzi millət vəkillərinin bu sözün verilməsində xüsusi rolları var idi. Ancaq, ən önəmli yeri sağ-radikal partiya olan Birləşmiş Krallıq İstiqlal Partiyası (United Kingdom Independence Party) tutur. Bu yazıda ətraflı şəkildə referendumun baş tutma səbəbləri, müxtəlif partiyaların referendum müddətində dəstəklədiyi mövqe, Aİ-nın Britaniya üçün əhəmiyyəti müzakirə ediləcək.
2014 Avropa Parlamenti seçkilərində bir çox Avropa ölkəsində sağ radikal partiyalar müvəffəqiyyət qazandı. Bunlardan biri də Birləşmiş Krallıq İstiqlal Partiyası idi. Bundan əlavə olaraq, bu partiya 2013-2014-cü illər arasında keçirilən bir neçə növbədənkənar parlament seçkilərində də qalib gələrək Mühafizəkarlar partiyasının dəstəkçilərindən də çox sayıda səs aldı. İstiqlal Partiyasının bu yüksəlişində xüsusilə, Aİ ilə bağlı olan düşüncələrinin xüsusi rolu var idi. Bunun əhəmiyyətini anlayan iqtidar partiyası Aİ ilə bağlı referendum keçirib, son qərarı birbaşa xalqın verəcəyini açıqladı.
Məhz Avropa İttifaqı dəyərlərinə qarşı qurulan, 2015-ci ilin May ayındakı Britaniya parlament seçkilərində 4 milyona (13%) yaxın səs alan İstiqlal Partiyası Aİ-dan çıxmağı dəstəkləyən ən böyük siyasi qüvvədir. Baş nazir Kemeron özü başda olmaqla, Mühafizəkarlar partiyası böyük bir qüvvə ilə Aİ-da qalmağın tərəfdarıdırlar. Lakin, hökümətin 5 naziri də daxil olmaqla, iqtidar partiyasının içində də Aİ-nı tərk etmək istəyənlər mövcuddur. Bu isə, Mühafizəkarların referendumdakı tərəfini istər-istəməz neytrallaşdırır. Britaniyanın ikinci ən böyük partiyası olan İşçi Partiyası (Labour Party) isə, demək olar ki, bütünlüklə Aİ-da qalmağın tərəfdarıdır. Krallıqda son illərin ən tez böyüyən siyasi gücü olan Şotlandiya Milliyyətçi Partiyası (Scottish Nationalist Party) da Avropa İttifaqında qalmağı dəstəkləyir. Bu partiyanın təşəbbüsü ilə 2014-cü ildə Şotlandiya Krallıqdan ayrılmaq üçün referendum keçirmişdi. Həmin vaxtda da bu partiya Krallıqdan çıxsalar belə, Aİ-dan ayrılmayacaqlarını bildirmişdi. Buna görə də, sabiq baş nazirlərdən olan Toni Bleyr İttifaqdan ayrılmağın eləcə də Birləşmiş Krallığın da parçalanmasına səbəb olacağını iddia etdi. Uelsin regional partiyası olan Plaid Cymru və bununla yanaşı son zamanlarda siyasi gücünü bir az itirməsinə baxmayaraq hələ də ciddi sayıda seçicisi olan Liberal Demokratlar da Avropa İttifaqının bir parçası olmağa davam etmək istəyirlər.
Daxili partiyalardan əlavə olaraq, Avropanın lider dövlətlərindən olan Almaniya və Fransanın rəsmiləri də Krallığın Avropa İttifaqındakı üzvlüyünün davam etməsini istədiklərini dilə gətiriblər. Birləşmiş Krallıq eləcə də, Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqındakı ən böyük müttəfiqi sayılır. ABŞ prezidenti Obama da yaxın zamanda Londona olan səfəri zamanı İttifaqda qalmağın tərəfdarı olduğunu açıq-açıq söylədi.
Avropa İttifaqında qalmaq istəyən siyasi partiyaların və təşkilatlarının ən çox dilə gətirdikləri İttifaqın öz üzvlərinə yaratdığı biznes imkanlardır. Vahid Bazar (Single Market) vasitəsilə, Aİ üzvü olan ölkələr və şirkətlər arasında mal və xidmətlərin sərbəst hərəkəti ilə bərabər, kapital və istehsalda göstərilən xidmətlərin sərbəst hərəkətini təmin etməkdən ötrü maneələrin və tariflərin aradan qaldırılmasını təmin edilir. Bir çox ekspertlərin fikrincə, 20-ci əsrdə iki Dünya müharibəsi görmüş Avropa qitəsinin ölkələri iqtisadi cəhətdən bu qədər sıx bir-birinə bağlı olduğu üçün potensial müharibələrin yenidən baş tutması riski də azalmış olur. Hal-hazırda Birləşmiş Krallığın ticarət əlaqələrinin yarısı birbaşa Aİ ilə bağlıdır. Aİ üzvü olmayan digər ölkələrlə qurulan ticarət və biznes əlaqələri də Aİ vasitəsilə qurulur. Bu kimi arqumentlərə əsaslanaraq, qalmaq tərəfdarı olanlar Aİ-dan çıxmaqla Krallığın böyük bir iqtisadi böhrana girə biləcəyini iddia edirlər. Digər tərəfdən, Aİ-dan ayrılmağı dəstəkləyənlər iddia edirlər ki, Birləşmiş Krallıq Avropa İttifaqının tətbiq etdiyi biznes qanunlarından müstəqil şəkildə hərəkət etsə, iqtisadi gücünü daha da artırar. Hətta iddia edirlər ki, Krallıq İttifaqdan ayrılsa belə ittifaq üzvləri ilə iqtisadi əlaqələrini davam etdirə biləcək qədər siyasi ağırlığı olan bir ölkədir.
Referendum öncəsində müzakirə edilən digər mühim bir məsələ isə İttifaqdan ayrılıb-ayrılmamağın Birləşmiş Krallığın qlobal siyasi roluna və təhlükəsizliyinə olan təsiridir. Aİ dünyanın ən böyük iqtisadi və siyasi birliklərindən biri olub çox geniş təsir imkanlarına malikdir. Buna görə də, Krallıq İttifaqda qalıb önəmli siyasi müzakirələrin həllində aparıcı rol oynamağa davam edə bilər. Təbii ki, bunu İttifaqda qalmağa müsbət yanaşanlar iddia edir. Bunun əksini düşünənlər isə, Krallıq Avropa İttifaqından ayrılası olsa, beynəlxalq siyasi arenada daha müstəqil və güclü şəkildə hərəkət edəcəyi fikrini irəli sürürlər. Təhlükəsizlik məsələsində də yenə mübahisəli fikirlər mövcuddur. Birinci qrup Aİ-da qalaraq beynəlxalq aləmdən xəbərdar olub təhlükəsizliyi maksimuma qaldıracağına inanır. İkinci qrup isə, NATO və BMT Təhlükəsizlik Şurasının üzvü olmağın təhlükəsizlik cəhətdən Aİ-dan daha önəmli olduğunu düşünür.
Avropa İttifaqı vətəndaşları istədikləri ittifaq üzvü olan ölkədə yaşamaq və işləmək hüququna sahibdir. Mühafizəkar Partiyasının iqtidarı dövründə immiqrasiya ilə bağlı əlavə məhdudiyyətlər qoyulsa da, ən yeni rəsmi statistikaya görə Aİ-nın üzvlərindən 2015-ci ildə Birləşmiş Krallığa 184.000 immiqrant gəlib. Bu referendumda Aİ-da qalmağı dəstəkləyənlər immiqrasiyanın iqtisadiyyata olan bəhrələrindən tez-tez danışırlar. Ümumilikdə gələn immiqrantların verdiyi vergilər qazanıb ölkə xaricinə çıxartdıqları pullardan daha çox olur. Xüsusilə, iqtidar partiyası iddia edir ki, baş nazir Kemeronun Aİ ilə bağladığı yeni sazişə görə, işçi olaraq gələn immiqrantların aldığı dövlət yardımları 4 il müddətinə limitli olduğu üçün immiqrasiya iqtisadiyyatımız üçün təhlükə yaratmır. Bunun əksinə olaraq, digər tərəf Aİ üzvü olaraq qalacaqları müddətdə immiqrasiyanın idarə edilə bilməyəcək bir vəziyyət alacağını düşünür. İmmiqrasiya ilə bağlı ən məşhur fikirlərdən biri də, işçi olaraq gələn immiqrantların yerli xalqın iş imkanlarını əllərindən aldığına dair olan iddiadır. Eləcə də, bu yerli işçilərin maaşlarının düşməsinə də səbəb olur. Bu iddialar, son dövrlərdə bütün Avropada radikal sağ partiyalara işçi sinifindən çox sayıda səs qazandırır.
Digər önəmli məsələ isə, Avropa İttifaqının Britaniyanın suverenliyinə, qanunlarına zərbə vurub-vurmamasıdır. Aİ-dan ayrılmaq istəyənlər düşünür ki, çox uzun əsrlərdir parlamentli demokratiya nümunəsi olan Britaniyanın suverenliyi və müstəqilliyi Aİ-nın institutları tərəfindən pozulur. Onlar düşünür ki, Avropa Komissiyası və Avropa Parlamenti Birləşmiş Krallığın parlamentindən daha çox səlahiyyətə sahibdir. Əlavə olaraq, dəfələrlə Britaniya məhkəmələri Avropa Ədalət Məhkəməsinin təsiri ilə qərarlarını dəyişib və bu məsələni ayrılmaq tərəfdarları tez-tez vurğulayırlar. Əks tərəf isə iddia edir ki, Birləşmiş Krallığın sadəcə çox az qanunları Aİ-dan asılıdır. Bu qanunlar da bizim digər Aİ üzvləri ilə daha geniş ticarət imkanları yaratmağımıza şərait yaradır. Daha öncə də qeyd etdiyimiz kimi Krallıq öz iştirak etməmək hüququndan (opt-out) istifadə etdiyi üçün Avropa İttifaqının bir neçə qərarları ona şamil edilməmişdir. Aİ-da qalmağı dəstəkləyənlər bu hadisələri dilə gətirib suverenliklərinin hələ də pozulmadığı iddiasını irəli sürürlər.
Referendum 2016-cı il 23 iyun cümə axşamı günü baş tutacaq və xalq Birləşmiş Krallığın gələcək siyasi həyatının formalaşmasında birbaşa iştirak edəcək.
Kultura.az
Tural Hüseyn
Kingston Universiteti