post-title

Con Stüart Mill: Fikir azadlığı

İnsanların düşüncəsinin həm hökümət tərəfindən, həm də cəmiyyət tərəfindən sıxışdırılmağı qəbul edilməzdir. Fikirləri sıxışdırmaq, susdurmaq, onları həm indi yaşayan insanlardan, həm də gələcək nəsillərdən oğurlamaq deməkdir. Bu isə, insanlığa qarşı zərbədir, çünki bu fikirlər doğru ola bilər və insanlara yarar verə bilər.


Con Stüart Millin Utilitarizm fəlsəfəsinin təməli “ən ali xoşbəxtlik” prinsipidir. Gördüyümüz işlər o zaman doğru sayıla bilər ki, onlar bizi sonda xoşbəxtliyə çatdırsın. O cümlədən, bizi xoşbəxtliyə çatdırmayanlar isə səhvdir. Xoşbəxtlik deyəndə həzz və ağrının yoxluğu, bədbəxtlik deyəndə isə ağrı və həzzlərin yoxluğu nəzərdə tutulur. Millin arzuladığı sonluq, sadəcə həzzlərin olduğu və ağrıların olmadığı sonluqdur. (Qeyd etmək lazımdır ki, Millin utilitarizm fəlsəfəsi, Bentham, Hume və atası Ceyms Millin utilitarizm fəlsəfəsindən fərqlənirdi. O, Aristotel və Sokratdan təsirlənərək həzlərin təkcə kəmiyyəti ilə yox, keyfiyyəti ilə də maraqlanırdı. Yəni, o çox dadlı bir yemək yeməyin verdiyi həzlə, Çiçeronun bir əsərini oxumağın verdiyi həzzin arasında fərq görürdü. Ən böyük fərqi isə, onun eqoistik yararları rədd etməsidir. Xoşbəxtliyə çatmaq üçün digər insanlara mənfi yöndə təsir edə biləcək hər hansı bir işin iştirakçısı olmaq qəbul edilməzdir. Həmçinin, Mill digərlərindən fərqli olaraq, təkcə fərdi xoşbəxtliklə yox, kollektiv xoşbəxtliklə də maraqlanmışdır – hazırlayan). Millin utilitarizm fəlsəfəsi, onun On Liberty (Azadlıq haqqında) kitabında irəli sürdüyü fikirlərdə də öz əksini tapır. O, azadlığın ayrı-ayrılıqda bütün fərdlərə və ümumilikdə cəmiyyətə verəcəyi xeyirlərdən, xoşbəxtliklərdən danışır. Mill ilk olaraq azadlıq anlayışının tarixi inkişafından qısaca məlumat verir.

Azadlığın Tarixi Təkamülü

Qədim Roma və Yunanıstanda azadlıq “siyasi hakimin tiraniyasında olmamaq” kimi anlaşılmışdır. Buna görə də, insanlar və idarəçilər bir-birinə zidd olan qütblər kimi görülürdü. Hökmdarların varlığı zəruri hesab edilsə də, onların həddindən artıq çox gücə sahib olması istənilmirdi. Zaman keçdikcə insanlar siyasi azadlıqlar və hüquqlar əldə etdilər. Bununla birlikdə, bu azadlığa və hüquqlara zidd hərəkət edən hökmdara qarşı çıxmaq hüququnu da əldə etdilər. Daha sonra konstitusiyalar yazıldı, insanlar hökmdarın konstitusiyaya tabe olduğundan əmin olmaq üçün ya birbaşa, ya da nümayəndələri vasitəsilə hesabat almağa başladılar. Hətta, demokratiyanın qurulması ilə insanlar iqtidarda olan şəxslərə hakimləri kimi yox, xidmətçiləri kimi baxmağa başladılar, çünki o, xalqın səs çoxluğu ilə seçilirdi, buna görə də xalq qarşısında məsuliyyət daşıyırdı. (Mill demokratiyanı da Tokiavelli kimi çoxluğun tiraniyası adlandırır və detallı şəkildə tənqid edirdi – hazırlayan).


Fikir azadlığı

İnsanların düşüncəsinin həm hökümət tərəfindən, həm də cəmiyyət tərəfindən sıxışdırılmağı qəbul edilməzdir. Fikirləri sıxışdırmaq, susdurmaq, onları həm indi yaşayan insanlardan, həm də gələcək nəsillərdən oğurlamaq deməkdir. Bu isə, insanlığa qarşı zərbədir, çünki bu fikirlər doğru ola bilər və insanlara yarar verə bilər. İnsanlar qüsursuz və səhvsiz olmadıqları üçün güc sahibi olmaqları onlara bütün insanlar adından qərar vermək haqqını qazandırmamalıdır, yəni, fərdlər yeni fikirlərə olan münasibətlərində azad buraxılmalıdır. Deyək ki, həqiqətən ortaya çıxan yeni fikri sıxışdıranlar haqlı tərəfdir. Əgər ki, bu insanlar öz düşüncələrinin düzgün olduğuna əmindirlərsə, onlara əks olan fikirlərin ortaya çıxması onları narahat etməməlidir. Çünki, bir düşüncənin doğru və ya səhv olduğuna qərar verməyin ən yaxşı yolu onu əks düşüncələrlə müqayisə etməkdən keçir. Azad müzakirə şəraiti yaradılmalıdır, kimin haqlı, kimin haqsız olmağı seçimində dinləyicilər və oxucular sərbəst buraxılmalıdır. Çünki, insanlar ancaq öz əziyyətləri ilə axtarıb tapdıqları düşüncələrlə, yəni öz əldə etdikləri həqiqətlərlə xoşbəxt ola bilər.

Bəzi insanlar öz düşüncələrini məntiqli şəkildə əsaslandıra bilərlər. Belə olan halda həqiqəti tapmaq üçün bu fikirlərə (hətta, məntiqli şəkildə əsaslandırılmış olmalarına baxmayaraq) əks olan düşüncələri də incələmək lazımdır. Əgər insan əks düşüncələri təhlil edib, səhv olduğunu sübut edə bilmirsə, bu, onun öz düşüncəsini tam dərk etmədiyi mənasına gəlir. Əlavə olaraq, o, bu əks düşüncələri sadəcə onların daşıyıcılarından eşitməlidir. Çünki, düşüncələrin qarşılıqlı şəkildə müdafiəsi hansının doğru olduğunu tapmaqda asanlıqlar yaradır. Hətta, əgər bir düşüncəni təkzib edən və onun əksinə arqument bildirən bir kəs belə yoxdursa, insan özü əks arqumentlər gətirməli və öz düşüncəsinin doğruluğundan əmin olmalıdır. Əgər doğru düşüncələr müzakirə olunmazsa, əvvəlki təsirini itirəcəklər. Bu halı, xüsusilə, din tarixində görmək mümkündür. Məsələn, Xristianlıq insanların müzakirə obyekti olmaqdan çıxıb “toxunulmaz bir müqəddəs” halına gəldikdən sonra öz gücünü itirməyə başladı.

Hökümətlər yeni çıxan fikirlərdən hər zaman narahat olurlar. Çünki, illərdir, əsrlərdir var olan və artıq cəmiyyətdə adət halını almış düşüncələrin çoxu onların gücünə xidmət edir. Buna görə də, yeni və həqiqəti əks etdirən fikirlər, hansılar ki, iqtidarlar onları öz hökmranlıqlarına qarşı təhdid hesab edirlər, hər zaman zülmə uğraya bilər. Həqiqət elə bir məfhumdur ki, hər zaman zülmə uğrayıb və hər zaman da uğrayacaq. Ancaq, həqiqəti araşdırıb cəmiyyətə çatdırmaq istəyənlər, insanlıq üçün yararlı iş görürlər. Onların gördüyü işin və düşüncələrinin dəyərini anlamayanlar isə, onlara qarşı edilən zülmlərə səssiz qalırlar. “Hər zaman həqiqət zülmə qalib gəlir” ifadəsi, əfsuslar olsun ki, hər zaman həyatda öz əksini tapmır. Məsələn, Katolik kilsəsinin islahat edilməsi fikri Martin Lüterdən öncə ən az 20 dəfə irəli sürülmüş, ancaq, qalib gələ bilməmişdir. Buna görə də, həqiqətin yanlışdan hər zaman güclü olduğunu demək, sadəlöhvlükdən başqa bir şey olmaz. Fəqət, bunu demək mümkündür ki, həqiqət nə qədər zülmə uğrayır uğrasın, hər zaman araşdırılacaq və onun yolunda çalışanlar çıxacaqdır.

 

John Stuart Mill, “Utilitarianism”
John Stuart Mill, “On Liberty”
Hampsher Monk, “Modern Political Thought”

 

Yuxarı