post-title

Şərif Ağayar. Sentimentallıq, yoxsa istedad

\"Adamlar əsəb zəifliyindən doğan həssaslığı çox zaman istedadla qarışıq salırlar.\"

 
 
Sentimentallıq adətən sənətin əksi olan bir ifadə kimi işlədilir. Hətta aşağılayıcı, alçaldıcı ladı da var.
 
V.Nabokov Dostoyevsky haqqında məşhur essesində yazıçının sentimentallığını bütün tərəflərdən bombardman edib və haqlı olaraq belə bir nəticəyə gəlib ki, bu hiss həmişə müsbət deyildir.
 
Dağıdıcı, yırtıcı, ziyanverici sentimentallıq da var.
 
Misal üçün, Hitler kifayət qədər sentimental adam olub. Bəzən şeir oxuyanda, musiqi dinləyəndə ağlayırmış. İkinci Dünya Savaşının o qədər böyük miqyas almasının səbəblərindən biri də Hitlerin sentimentallığıdır.  
 
Mən bizim ədəbi mühitdə də zərərli sentimentallığı dəfələrlə müşahidə etmişəm. Adamlar əsəb zəifliyindən doğan həssaslığı çox zaman istedadla qarışıq salır.
 
Məşhur ifadəni dəyişsək, sənət göz yaşlarına inanmır. Hətta sentimental əsərlərin özündə belə, diqqət müəllifin yox, oxucunun duyğusallaşmasına fokuslanır. Öz yazdığı əsərdən təsirlənən yazıçı, öz komik roluna gülən aktyor qədər bayağıdır. 
 
Hər hansı bir hadisə səni ağladacaq və sarsıdacaq qədər təsirləndiribsə, ilk əvvəl əsəb həkiminə getməlisən.
 
Təbii, sarsıntılar sənin böyük sənət əsəri yaratmağına da gətirib çıxara bilər. Həmin sentimentin sənət üçün faydalı olduğunu biz yalnız həmin əsəri oxuyandan sonra görə bilirik.
 
Azərbaycanda “Oxuyub ağladım, dəhşətdir!” – fikri ədəbi ölçüyə çevrilib. Predmet və hadisələrə duyğulanmaq isə istedad göstəricisidir.
 
Sentimentallıq əsəb və iradə zəifliyidir.
 
Sentimental adamın böyük əsər yaratmağa əsəbi və iradəsi çatmaz.
 
Bu cür adamlar həssas, küsəyən, bəzənsə aqressiv, qəddar, kinli olurlar.
 
Sentimentallıq hisslərin həmişə yüksəlişi deyil, bəzən də alçalması, aşağılanmasıdır, pozitiv və neqativ mənada abartılmasıdır.
 
Sentimentallıq sənətdən çox cinayətlərə, dava-dalaşa, səhhət problemlərinə rəvac verir.     
 
V.Nabokov sentimentallığa qarşı əla bir ifadə işlədir: uca hisslər!
 
Hissiz sənət yoxdur təbii ki, ancaq əsl sənət məhz sentimentallıqdan çox uca hisslərin ifadəsidir. Uca hisslərə isə biz sənət əsəri əlimizə gəlib çatandan sonra şahidlik edirik.
 
Hər kəs öz içində öz hisslərini uca hesab edə bilər və bu təbiidir. Bu ucalığa ətrafdakıların inanması və həmin hissləri şərik olması üçün sənət lazımdır. Sənət yaratmaq üçünsə sənətkar olmalısan.
 
Bizi Maksim Qorkinin hekayələrini ağlaya-ağlaya, yoxsa gülə-gülə yazdığı maraqlandırmır. Bizə maraqlı olan, böyük yazıçının keçirdiyi acılı-şirinli hissləri necə çatdırmasıdır.
 
Sənətin dəyəri o hisslərdən çox, o hisslərin hansı bədii-estetik səviyyədə sunulmasındadır.  
 
Eyni zamanda zarafat konusu bəzən ədəbiyyat adamları arasında səhv alğılanır. Hər uğurlu zarafat edən istedadlı şair və ya yazıçı deyildir, olsa, olsa istedadlı zarafat edəndir.
 
Tamam, razıyam, həssaslıq və yumor istedad göstəricisidir, ancaq istedad bütün bunlardan daha çox YAZIYLA İFADƏ EDƏ BİLMƏK bacarığıdır.
 
Dərin yaşamaq, dərin gülmək azdır, dərin yaşatmaq və dərin güldürmək də lazımdır!
 
Kulis.az
Yuxarı