post-title

Aygün Qurbanlı: Təkamül psixologiyasına görə “gözəllik” anlayışı

Qadınlarda siqnal ötürmə yaşa və nəsil artıra bilmə qabiliyyətlərinə görə ayrılır, hansı ki bunların hər ikisi qadında estrogenin testosterona uyğun nisbətilə uzlaşır. Üz cizgilərindən əlavə, qadınlarda dərinin şəkli və vəziyyəti də kişilər üçün partnyor seçmə anında önəm daşıyır.


Bir insanı üz görünüşünə görə bəyənmək yoldaş seçmə qərarından platonik münasibətlərə qədər dəyişə bilər. Və ya bir insan başqa birisinin üzünə baxaraq ondan məlumat almaq, onu tanımaq kimi qeyri-adi qabiliyyətlərə yiyələndikcə insan üzünün cəlbediciliyi müxtəlif psixoloqların və digər elm adamlarının marağına səbəb olmuşdur. Jurnallar, televiziya ekranları sadəcə adi üzlərlə deyil, xüsusi cəlbedici üzlərlə doludur; həm qadınlar, həm də kişilər potensial partnyor hesab etdikləri insanın qəşəng görünməsində xüsusi maraqlıdırlar. Xarici görünüş əhəməiyyətlidir və gözəllik anlayışı müəyyən mədəniyyətlər daxilində bir-birindən fərqlənir. Bundan əlavə, fiziki cəlbediciliyin bir sıra sosial təsirləri də vardır, məsələn gözəllik iqtisadi yüksəlişə asan çatmaqla asosasiya oluna bilər, xüsusilə qadınların işə götürülməsi halları buna misaldır. Cəlbedici insanların sevgilisinin çox olması tez-tez rast gəlinən haldır, daha çox partnyor seçmə imkanı isə onların həyatlarının daha uğurlu qurulacağı ehtimalını reallaşdırır. “ Gözəl olan yaxşıdır” stereotipi isə insan özünü tanıyandan bu yana ortalıqda dolaşmaqdadır.

Eyni hal heyvanlar aləmində də mövcuddur, onlar üçün ölçü, bəzək ( məsələn, lələk, xəz, üzgəc) kimi əlamətlər diqqət cəlb edən “ gözəllik” əlamətləridir və cütləşməyə hədəflənən siqnallardır. Lakin mövzu sırf insanları əhatə etdiyi üçün heyvanlar üzərində çox qalmayacam. Belə ki, gözəlliyin necə bir sosial nəticələr doğurduğu faktlarına baxmayaraq “gözəl üz” anlayışı hələ də ətraflı açılmamaqdadır. Cəlbedici üz xüsusiyyətlərilə bağlı ən geniş yayılmış fərziyyələrdən biri, gözəllik standartlarının mədəniyyətlərin inkişafı ilə tədricən yaranması haqdadır, əlbəttə bu fikirdə həqiqət payı var. Məsələn, bu məqamda yeddi əsr öncə yaşamış, dünyaca məşhur filosof, astronom, riyaziyyatçı, təbib, hərtərəfli biliyə sahib Nəsrəddin Tusini xatırlamaq yerinə düşərdi. Filosof “Bəhnamə” ( cinsi biliklərə dair) adlı əsərində oğluna xitabən gözəl qadının xüsusiyyətlərini və cizgilərini yazır: “ Ey oğul, indi sənə qadınların gözəllik əlamətlərini sayacam. Özündə bu cizgiləri daşıyan qadın əsl qadındır. Əgər bu əlamətlərdən biri artıq və ya əskik olarsa, qadın bir o qədər gözəllikdən uzaqdır. Gözəllik əlamətləri bunlardır:


Qadının dörd əlaməti qara gərək: saçı, qaşı, kipriyi və gözünün qarası.
Qadının dörd əlaməti parlaq gərək: dili, dodağı, yanağı və üzü.
Qadının dörd əlaməti yuvarlaq gərək: sifəti, gözü, topuğu və biləyi.
Qadının dörd əlaməti uzun gərək: boynu, burnu, qaşı və barmaqları.
Qadının dörd yeri xoş qoxunmalı: əzası, əli-qolu, qoltuq altları və ayağı.
Qadının dörd əlaməti geniş gərək: alnı, sinəsi, gözləri və budları.
Qadının dörd əlaməti dar gərək: ağzı, göbək dəliyi, qulaq dəlikləri və burun dəlikləri.
Qadının dprd əlaməti kiçik gərək: ağzı, əlləri, ayaqları və qulaqları.
Qadının başı nə böyük olmalıdır, nə kiçik. Boynu nə uzun olmalıdır, nə qısa. Yuvarlaq ətli olmalıdır.
Bənizi ağ olmalıdır və ya qaz bənizli və ya qarabuğdayının gözəli olmalıdır.
Bədən rəngi gözəl olmalıdır.
Saçı uzun və sıx olmalıdır. Saç qadının üz suyudur. 
Güldüyü zaman gözəl gülməlidir. Qadının gülüşünün gözəlliyi digər özəlliklərindən öncə gəlir. 
Gözləri qapqara olmalıdır. Qaşlar da çat. 
Yeridiyi zaman budları titrəməli.
Şirin davranışlı, şirin sözlü və yumşaq olmalıdır.
Bu özəlliklərə sahib qadın gözəlliyinə tam çatmış deməkdir.” 

Ədəbiyyat tarixinə müraciət etsək bu kimi nümunələrdən çox sayda götürə bilərik, hər dövrün üstünlük verilən “ öz gözəllərinin” var olması yalan deyil, lakin bir həqiqət də var, zaman keçdikcə “ gözəllik” anlayışı dəyişir və təbiətşünasların dili ilə desək “ təkamül edir”. Məsələn, günümüzdə Tusinin təriflədiyi çatma qaşlı qızı çətin ki, oğlanlara bəyəndirə bilərik. Fikri ümumiləşdirsək belə bir mənzərə ilə rastlaşacayıq: zaman keçdikcə qamətli və həcmli Renesans gözəllərini 20-ci əsrin əvvəllərində Retro tərzdə geyinmiş qısa buruq saçlı zərif xanımlar, həmin əsrin sonlarında isə moda aləminin podyum gözəllərini anareksiyaya təhrik edəcək dərəcədə geniş yayılmış “ Konslager gözəlləri” tərzi əvəz etdi. Demək ki, “ gözəllik” anlamı mədəniyyətlərin inkişafı nəticəsində yaranıb, dəyişməsi yad fikir deyil, lakin əgər bu fərziyyəni tamamilə doğru qəbul etsək, o zaman gərək “gözəlliyi” sistemləşdirilmiş anlam kimi qəbul edək və bir zamanlar gözəl hesab etdiyimiz vücudları daha cəlbedici hesab etməyək. Bu isə tamamilə belə deyil, hər nə qədər bizim üçün gözəllik etalonu yaratmaq istəsələr də, qəlbimiz şəxsi seçiminə uyğun olana vurulur, “ gözəllik sevənin gözlərindədir” kimi ifadələr isə istənilən xalqın dilində qarşılığı olan ifadələrdir. 18-ci əsrin məşhur filosoflarından Devid Yumun gözəlliklə bağlı fikrini xatırlamaq yerinə düşərdi: “ gözəllik şeylərin özü ilə bağlı deyil; o onu düşünən, seyr edənlərin zehnində mövcuddur; və hər zehin fərqli bir gözəllik düşünür.” 

Yuxarıda deyilənləri saf-çürük etsək “ gözəllik” anlamının tarixən müxtəlif dəyişikliyə məruz qaldığını və bunda da fərdi payımızın olduğunu deyə bilərik. Yenə Tusinin gözəlinə müraciət edək, çatma qaşlarını heç kimə bəyəndirə bilməsək də, ağ bədəni və ya filosofun özü kimi təsvir etsək “qarabuğdayının gözəlini”, parlaq gözləri və dodaqları, uzun saçları, kiprikləri, gözəl gülüşləri kim bəyənməz ki? Deməli, dövrlər dəyişsə də ümumi gözəllik əlamətləri cəlbediciliyini itirməyib. Bizi gözəl üzlərə tərəf çevrilməyə vadar edən nəsə var və bu yalnız şair, yazıçı və bu kimi melanxolik şəxsiyyətlərin diqqətini çəkməyib, təkamülçülərin özlərinəməxsus maraqlı elmi araşdırmaları var, onlar “ nəyə görə gözəl üz?” sualını ortaya qoymuş və yalnız cəlbedici qadınların “ seçilməsindən” deyil, həm də cəlbedici kişilərin “seçilməsindən” danışmışlar. 

“ Gözəllik və cəlbedicilik” anlamı ilə bağlı problemi araşdıran elm sahəsi Təkamül psixologiyasıdır. O, yaddaş, qavrama, dil kimi psixoloji xüsusiyyətləri müasir təkamül dünyagörüşü ilə araşdıran elm sahəsidir. Təkamül psixologiyası insanın hansı psixoloji xüsusiyyətlərinin necə inkişaf etdiyini və adaptasiya olunduğunu öyrənir. Təkamül psixoloqları yuxarıdakı problemi fiziki cəlbedicilik adlandırmış və bu istiqamətdən yola çıxmışlar. Sağlam insanların nümayiş etdirdikləri gözəlliyə diqqətimizin cəlb olunduğunu nəzərə alaraq, onlar ilk olaraq gözəllik sağlamlıqla əlaqəlidir fərziyyəsini irəli sürmüşlər. Bəs necə olur ki, adi cizgilər cəlbedici xüsusiyyət daşıyır? Niyə bizi gözəl üzlər cəlb edir? Müxtəlif mədəniyyətlərdə müxtəlif gözəllik anlayışları olsa da, müəyyən fiziki əlamətlər hər kəs üçün cəlbedicilik meyarları hesab oluna bilər. Təkamül psixoloqları bu meyarları insanın özünə partnyor seçərkən hansı üstünlüklərə verəcəyi siqnal kimi qəbul edirlər. Onlar 3 əsas əlaməti siqnal ötürücü kimi dəyərləndirirlər:
Simmetriya- fiziki cizgilərin ikitərəfli simmetriyası inkişafın ümumi yüksək keyfiyyətinin təsiri, xüsusilə də inkişaf zamanı ətraf mühit narahatlıqlarına qarşı müqavimət göstərə bilmə qabiliyyətindən xəbər verir. Yəni, simmetrik üzə sahib insan ətraf mühit dəyişikliklərinə tab gətirə bilmə siqnalını ötürür. Cizgilərin ikitərəfli simmetriyası insanlarda və bir çox heyvanlarda genetik heterogenliklə əlaqələndirilir ( bənzər xromosomlarda genin müxtəlif variasiyalarının mövcudluğu), yəni kənar evliliklərdən ( genetik yaxın olmayan valideynlərdən doğulan uşaqlar) doğulan uşaqlar böyüyüb qarşı cins üçün partnyor olmaq seçimi zamanı, qarşı cinsə özü haqda parazitlərə qarşı müəyyən genetik müdafiəyə sahib olan birisi kimi siqnalını ötürür. Kobud ifadə etsək simmetrik vücud özünün nə qədər sağlam olmasını “reklam edir”. Təkamül psixoloqları bunu insanın qavrama sisteminin fəaliyyət məhsulu kimi dəyərləndirirlər. Burada yuxarıdakı 
“ gözəl olan yaxşıdır” stereotipi yada düşür.

Normallıq anlayışı ( ing. Averageness) – kütlə içində müəyyən ortaq cizgilərin üstünlük təşkil etməsi səbəbilə digərlərindən daha normal qəbul edilməsi. Qeyri-normallıq (ing. non- averageness) kütlə içində daha kəskin fərqliliklə seçildiyinə işarədir. Normal hesab edilən üzlər ona görə cəlbedici hesab olunur ki, onda gen nasazlığının əlamətləri yoxdur, nasazlıq əlamətləri yayqın deyil və insanların törəmə istəklərinin gerçəkləşməsi üçün əlverişli siqnal ötürücüdür.

Hormonlar. Bir çox növlərdə, o cümlədən insanlarda testosteron hasilatı və metobolizma erkəkləri dişilərin diqqətini cəlb etmək üçün yarışmaya girmələrinə məcbur edir. Testosteron kişi cinsiyyət hormonudur; cinsi yetişkənliyə çatmış kişilərdə testosterenin estrogenə qarşı yüksək nisbəti üzdə almacıq sümüklərinin yana doğru böyüməsinə, çənənin və çənə altının böyüyüb dəyişməsinə, qaşaltı sümüyün böyüməsinə səbəb olur. Testosteron kişilərdə immun sistemini qabardır və “ maskulin” cizgilər verməklə özünü yüksək keyfiyyətin aydın siqnalı kimi təqdim edir.

Qadınlarda siqnal ötürmə yaşa və nəsil artıra bilmə qabiliyyətlərinə görə ayrılır, hansı ki bunların hər ikisi qadında estrogenin testosterona uyğun nisbətilə uzlaşır. Üz cizgilərindən əlavə, qadınlarda dərinin şəkli və vəziyyəti də kişilər üçün partnyor seçmə anında önəm daşıyır. Ümumiyyətlə, kişilər yarasız, çatsız, ziyilsiz, xalsız, şişsiz, sızanaqsız və hirsutizm ( tüklənmə) əlamətləri olmayan qadınlara tərəf cəlb olunurlar. Bədən tükünün olması və ya olmaması cinsi dimorfik xüsusiyyətdir və nisbi tüksüzlük və hamar dəri qadınların nəsilartıra bilmə qabiliyyətlərinin siqnalı ola bilər, çünki bu kimi əlamətlər aşağı androgen və yüksək estrogen hormonlarının mövcudluğuna işarədir. Dəri infeksiyası androgen və estrogen hormonlarının hasilatının pozulması və nəsilartırma funksiyasının aşağı düşməsi mənasını verə bilər. Araşdırmalar göstərir ki, qadınların üz dərilərinin şəkli kişilərin onlar haqda mühakimə yürütmələrində mühüm rol oynayır və təmiz dəri ən cəlbedici xüsusiyyət hesab edilir. ( Fink, Grammer and Thornhill, 2001 )

 

Aygün Qurbanlı
Kultura.az

Yuxarı