post-title

Gündüz Ağayev: Adam o ölkədə dəli olar (Müsahibə)

Müasir Azərbaycan incəsənəti deyilən bir şey tanımıram. Çünki müasir incəsənət müasir dünya ilə ayaqlaşmalıdır. Müasir İncəsənət aslılığı sevmir, o istədiyi kimi inkişaf etməlidir. Azərbaycanda isə heç bir quruma, hakim sinifə tabe olmayan, ümumiyyətlə azad şəkildə beynəlxalq sərgilərdə iştirak edən müasir incəsənət nümayəndəsini tanımıram


Klassik sual olasa da, ancaq həqiqətən maraqlıdı, yaradıcılığınızda nə kimi yenilik var?

Yaradıcılığımda hələki yenilik yoxdur. Mənə yad olan mühitdə olduğum üçün yalnız müşahidələrlə kifayətlənirəm. Bir az fasilə etmək qərarına gəlmişəm. Yeni mərhələyə keçmək üçün bu vacibdir.

Xeyli müddətdir ölkədə deyilsiniz. Nə dəyişib sizin üçün ümumilikdə? 

İlk növbədə Azərbaycanda olarkən hər zaman üstümdə gəzdirdiyim gərginlik məni tərk edib. Rahat nəfəs almaq nə olan şeydir onu hiss edirəm. Yeni insanlarla tanış oluram. Ümumiyyətlə Fransada müxtəlif xalqların nümayəndələri çoxluq təşkil edir. Bu ölkədə dünyanın hər bir yerindən gələn əcnəbilərlə yaxından tanış olmaq şansın var. Müxtəlif adətləri, mətbəxləri, özlərinə məxsus rəngarəng milli geyimli insanları bir yerdə görmək çox maraqlıdır. Bu gözəl mənzərəni şahidi olduğunda isə istər-istəməz fikirlərində dəyişiklik olur, dünyaya olan baxışın qloballaşır, daha geniş sferada düşünməyə başlayırsan. Özünü bütün bu dünya mədəniyyət qovşağının bir parçası kimi hiss edirsən. 

Ölkədən kənarda olanda bir çox şeylərə baxış bucağı istər-istəməz dəyişir, kənardan müşahidə başqa fikirlər doğurur. Bu mənada sizdə nələr dəyişib?

Fikirlərimin nə dərəcədə dəyişildiyini konkret olaraq deməkdə çətinlik çəkirəm. Dediyim kimi yeni tanış olduğum cəmiyyətin yüksək mədəniyyəti, digər xalqların mədəniyyətinə qarşı olan marağı və tollerantlığı həyata baxışımda yeni mərhələ açdı. Artıq bəzi xırda məsələlər haqqında düşünmək mənə maraqsız və mənasız gəlir. Burada sözün əsl mənasında ciddiliyin özünü görürsən. Təəssüflər olsun ki, vətəndaşı olduğumuz ölkədə qeyri-ciddilik tüğyan edir. Karikaturadan ibarət olan hakim sistem və üstəlik bəşəri dəyərlərə nəinki inanan, hətta bu dəyərləri məsxərəyə qoyan, rahatlıqla ayaqlar altına atan, özünə inamını itirmiş xalqla bu illər ərzində heç bir şeyə nail olmaq mümkün olmayıb. Hər şey illuziya xarakter daşıyır. Müasir geyinmək, son model telefona sahib çıxmaq, sosial şəbəkələrdən istifadə etmək hər şey demək deyil. Bizə elə gəlir ki, sivil dünyaya çox yaxınıq. Həqiqət də isə tam əksidir. Ümumiyyətlə bizdə çox dey düzgün getmir. Yersiz həmrəylik, tayfa psixolojiyası ən başlıca nöqsanımızdır. Vətəndaş mövqeyi məsələsinə gələndə hamı özünü bilərəkdən yuxuya verir. Şərq düşüncəsinə uyğun olaraq o zaman yuxudan oyanırlar ki, şah əmr edir. İstənilən əmrlərdə şaha sadiqlik nümayiş etdirməyə can atırlar. Kimi lazımdır söysünlər, vətən xaini etsinlər. Azərbaycanlılar fərqli və azad düşüncəni qısqanırlar. Sən mütləq onlardan biri olmalısan, onlar kimi verilən əmrləri canla-başla yerinə yetirməlisən. Bizim cəmiyyətdə azad insana paxıllıq hədsiz dərəcədir. Adamı elə bil hala salırlar ki, az qala sən də mübarizəndə sarsılıb bütün dəyərlərə tüpürərək dolma davasına girişəsən. Səbirsizliklə nifrət ikidəqiqəliyini gözləyəsən. Son hadisələr bir daha sübut etdi ki, ölkədə tam olaraq total sistem qurulub. Fərqli düşünən insan qıtlığı yaşanır. Dilimizə düşən bəzi sözlər isə öz həqiqi mənalarını tapdı. Sən demə humanizm, pasifizm sözləri xalq düşməni, vətən xaini anlamına gəlirmiş. İndi gəl bu ölkədə yaşa görüm necə yaşayırsan. Kitablar, filmlər, bir-iki həmfikir dostlar olmasa adam o ölkədə dəli olar. Necəki çoxunun başına hava gəlib. Amma Parisin Respublika meydanı ilə üzü Bastiliya meydanına doğru yürüş edən yüz minlərlə etirazçının arasında sən özünü daha güclü hiss edirsən. Bütün inamın özünə qayıdır. Bir daha əmin olursan ki, bu söhbətlər təkcə kitablarda, filmlərdə bitmir. Həyatda öz həllini tapır. 

Ölkədən kənarda olmaq həm də illərlə öyrəşdiyin, həyatının hissəsi olan şeylərdən qopmaqdı, bu mənada nə kimi çatışmazlıq hiss edirsiz? 

Əlbəttə ilk aylar çox çətin olur. Fikirləşəndə ki, sən artıq birdəfəlik doğulduğun, böyüyüb, boya-başa çatdığın vətənindən çıxmısan və qayıtmaq şansın çox azdır, adamı dəhşətli dərəcədə vahimə bürüyür. Ətrafında insanlar danışır amma sən heç bir şey anlamırsan. Bunu təsəvvür etmək çətindir. Demək olar ki, hər gün görüşdüyün dostları uzun zaman görmədiyindən darıxmaq nə olan şeydir onu dərinə kimi hiss edirsən. Sözsüz bu darıxmaqda boşluğun və bekarçılığın da payı olur. Dil öyrənməyə başlayanda, inteqrasiya ilə bağlı öz üzərində çalışanda hər şey ikinci plana keçir. Zaman keçdikcə özünə gəlirsən. Yaşadığın cəmiyyətin üstün xüsusiyyətləri, qurduqları azad ölkələri səni həyata bağlayır. Və gələcək haqqında düşünməyə başlayırsan. Hər dəfə “Monsieur Aghayev” deyə mənə müraciət ediləndə müraciətin və soyadımın məsuliyyətini, necə bir xalqın arasına düşdüyümü dərk edirəm.

 

Deməli fransız dilini öyrənirsiz? Ümumiyyətlə inteqrasiya prosesi necə gedir? 

Bəli. Artıq dil kursuna gedirəm. İnteqrasiya üçün birinci şərt elə yaşadığın ölkənin dilini öyrənməkdir. Bunsuz heç bir şeyə nail olmaq mümkün deyil. Fransız dili ilə indiyə kimi tanışlığım olmadığından bu dili öyrənmək bir az vaxt tələb edəcək. Ökə mediasını izləmək, yeni insanlarla tanış olmaq, sənətimə uyğun çevrələr tapmaq, ölkədə olan sənət yenilikləri ilə maraqlanmaq və çalışdığım qədər iştirakçısı olmaq kimi mərhələləri isə dili qismən də olsa öyrəndikdən sonra həyata keçirtmək olar. Hələki burada yeniyəm. 

Çox sürətli məşhurluq yaşadınız. Necə başladı hər şey? 

Hər şey “Müqəddəs Selfie”-dən başladı. Fransadan əvvəl mən bir ilə yaxın Ukraynada yaşadım. Son demək olar ki, bütün seriya işlərimi də elə orada işlədim. “Müqəddəs Selfie”-ni Facebook səhifəmdə paylaşandan sonra uğur qazandı. Və dostlarla qərara gəldik ki, bu işləri xüsusi saytlara yükləyək. Sonradan bəzi məşhur dərgilər işlərimi çap etməyə başladılar. Bununla kifayətlənmədim. Ukaynada yaşadığım bir il boyunca dayanmadan işlədim. Bu məşhurluq bir illik zəhmətimin bəhrəsidir.

Son işləriniz az qala bütün dünyanı dolaşdı. Artıq dünyaca məşhur karikaturist deyə bilərik sizə?

Bu haqda heç nə deyə bilmərəm. 

Doğrudan maraqlıdı, işləriniz dünyanı dolaşdıqca aldığınız reaksiyalar necə oldu? Tam qəbul edildimi işləriniz və ya Gündüz Ağayev adı artıq təsdiqləndimi?

Karikatura elə bir sənətdir ki, birmənalı olaraq qarşılanmır. Dünyada müxtəlif sistemli ölkələr və fərqli psixologiyada olan cəmiyyətlər var. Eyni ideyanı hamıya qəbul etdirmək çətin məsələdir. Hətta o ideya tam həqiqəti əks etdirsə belə bu mümkün olmur. Nə etsən belə, dünyanın ikiqütblü siyasətində hansısa tərəfi seçməkdə ittiham olunacaqsan. Bu səbəbdən işlərimə gələn müxtəlif reaksiyaları normal qəbul edirəm. Bu belə də olmalıdır. Yeni fikir, yeni ideya çox vaxt kütlə tərəfindən etirazla qarşılanır. Bu səbəbdən işlərimin tam qəbul edilməməsi məni narahat etmir. Fikirləşirəm bu müsbət haldır. Bəzi seriyalar isə məsələn uşaqlara həsr etdiyim sentimental sil-silə işlər birmənalı olaraq qəbul edildi. Həddindən artıq paylaşıldı. Seriya Banqladeş, Hindistan, Çin, Yaponiya kimi uzaq ölkələrin məşhur dərgilərində çap edildi. Çoxlu təşəkkür məktubları aldım. Amma buna baxmayaraq Gündüz Ağayev adının təstiqlənməsini deməkdən qorxuram. Bu illuziya da ola bilər.

Dünyanın iki qütblü olduğunu deyirsiz, qütblərdən hansınısa mütləq həqiqət qütbü hesab edirsiz? Və siz hansı qütbə yaxınsız? 

İnanmıram hansısa qütb tam olaraq mütləq həqiqəti daşıyan tərəf olsun. Nöqsanlar hər iki tərəfdə var. Yeri gələndə mənim Birləşmiş Ştatlara aid də tənqidi işlərim olub, Rusiyaya aid də. Özümü də konkret hansısa qütbə aid etmirəm. Sadəcə ali dəyərlərin daha çox tapdandığı ölkələr və onların siyasi fiqurları var ki, tez-tez qələmimə tuş gəlirlər. İndi nə edək ki, bu ölkələrin demək olar ki, əksəriyyəti eyni qütbdəndir? Dikatorları, qəddar rejimləri tənqid edəndə olursan qərbpərəst. Bunlara qalsa gərək sən xalqına divan tutduğuna görə Kim Çeni deyil Avropanı günahlandırasan. Deməlisən ki, qərbdə azad söz, insan haqları olmasaydı Kim Çen də indiki kimi fakturalı görünməzdi. 

Yeri gəlmişkən yerli tamaşaçı ilə xarici tamaşacı arasında nə kimi fərqlər var?

Bu müqayisə hər zaman mənimçün maraqlı olub. Və tez-tez bu haqda statuslar da yazmışam. Amma əvəzində yerli izləyicilərdən yenə də problemi anlamaq əvəzinə “məşhurlaşan kimi bizi bəyənmirsən”, “bu da adam oldu” kimi nəzakətsiz reaksiyalar aldım. Yerli izləyicilərin sənət adamı ilə ünsiyyət problemi var. Birinə inboksda cavab yazırsansa qarşı tərəf bunu olmazın fürsət hesab edir. Dayanmır, sifariş verir, ideyalar təklif edir, məsləhətlərini, göstərişlərini yazır, bununla da ürəyi soyumur, sonda yazır ki, kaş mən rəsm çəkməyi bacaraydım. Yəni səndə alınmır. 

Bir dəfə olsun əcnəbi izləyicimdən sərhədləri aşan məktub almamışam. Bunu yalnız azərbaycanlılardan gördüm. Üstəlik də deyirlər sən bizimkisən, ərk edirik, filan. Özlərinə sərf etməyəndə söyürlər, lazım olanda isə dünayaya car çəkib deyirlər ki, bu bizimdir, azəri türküdür. 
Ümumiyyətlə fikir vermişəm hər hansı bir işimə radikal reaksiyalar əsasən əzilən, təhqir olunan, total düşüncəli cəmiyyətlərdən gəlir. Məsələn rusiyalılar Putinə görə mənə olmazın təhqirlər yağdırdılar. İranda indiki rejimə qarşı olan mühacirlərdən və bir-iki İran vətəndaşından savayı demək olar ki, bütün iranlılar məni söyürdü. 

Bəs ciddi təhdidlər necə olur? Çünki karikaturalarınıza mövzu elədiyiniz ölkələr və liderlər həqiqətən nəinki regionda, dünyada azad sözün, mədəniyyət və incəsənət adamlarının ən çox basqıya məruz qoyulduğu ölkələrdi.

Ruslar, turklər, iranlılar söyüb. Bizim hakimiyyətin təhdidindən basqa ciddi təhdid olmayıb. Bir iki dindar ölumlə hədələyib.

Hansısa iş və ya yaradıcı təkliflər varmı qərbdən?

Təkliflər olur. Amma mən qərar vermişəm ki, hələki gözləməliyəm. Bəzi problemləri var, onları yoluna qoymaq lazımdır.

Gündüz bəy, karikatura yeni incəsənət növü olmasa da, digital dünyaya ən çox və ən tez uyğunlaşan sənətə çevrildi. Sizcə bu yaxşıdı ya pis?

Məncə bu yaxşıdır. Çünki karikaturanın öz misiyası var. Onları başqa cərəyanlara aid olan rəsm əsərlərinin orijinalları kimi muzeylərdə qoruyub saxlamağa ehtiyac yoxdur. Əks halda o öz misiyasını yerinə yetirə bilməz. Dijital və ya qeyri dijital fərqi yoxdur, o yaranıbsa mütləq geniş aiditoriyaya çatdırılmalıdır. Hər zaman karikatura cəmiyyətə ən güclü təsir edən sənət növü hesab olunub. Müasir elmi-texnologiyanın inkişaf etdiyi dövrdə belə öz funksionallığını itirməyib, əksinə daha geniş kütləyə çatdırılması üçün şərait yaranıb. Sənət o zaman yaşayır ki, ona ehtiyac duyulur. Karikatura o sənətlərdəndir.

Karikatura daha çox siyasi konteks daşıyır yoxsa bu bizə belə gəlir?

 

Karikatura təkcə içtimai-siyasi xarakter daşımır. Bu janra eyni zamanda sosial mövzular da daxildir. Sadəcə siyasi mövzular hər zaman aktual olduğu üçün bu tipli karikaturalar daha geniş yayılır. 

Bəzən belə fikirlərlə rastlaşırıq. Deyirlər ki, karikatura dərin, altmənalı olmalıdı, asan anlaşılan olmamalıdı. Gündüzün karikaturaları daha çox asan anlaşılan olur. Nə düşünürsüz bu haqda? Belə bir qayda varmı karikaturada?

Belə olmalıdır, elə olmalıdır” kimi qaydalar ümumiyyətlə sənətə ziddir. Bura azad ərazidir. Kim necə istəyirsə elə də işləyə bilər. Asan anlaşılmaq məsələsinə gəldikdə isə intelektual yanaşma olur. Bu da sivil, inkişaf etmiş cəmiyyətlərdə keçərlidir. Əgər sənin yüksək intelektlə yaratdığın karikaturanı olduğun ölkədə kimsə anlamayacaqsa bunu işləməyə dəyməz. Çünki karikatura əsasən bu gün üçün işlənilir. Gələcəkdə bu karikaturadan istifadə etmək həmin xalq üçün faciədir. Necə ki, Molla Nəsrəddinin bəzi karikaturaları indiki dövrümüzdə də aktuallığını saxlayır. 
Bir də “Ezop dili” deyilən bir məhfum var. Qapalı, azad sözün olmadığı ölkələrdə rəssamlar, yazıçılar bu dildən istifadə ediblər. Karikaturaçılar da həmçinin. 

Karikaturanın gücü nə dərəcədə mövzudan və nə dərəcədə onu necə işləməkdən, ideyadan aslıdı? Ümumiyyətlə belə bir bölgü düzgün hesab edilə bilər?

 

Mövzunun aktual, gündəmdə olması daha vacibdir. Gerisi rəssamın ustalığından asılıdır. 

Müasir Azərbaycan incəsənətində və mədəniyyətində izlədiyiniz, bəyəndiyiniz işlər var?

Müasir Azərbaycan incəsənəti deyilən bir şey tanımıram. Çünki müasir incəsənət müasir dünya ilə ayaqlaşmalıdır. Müasir İncəsənət aslılığı sevmir, o istədiyi kimi inkişaf etməlidir. Azərbaycanda isə heç bir quruma, hakim sinifə tabe olmayan, ümimuyyətlə azad şəkildə beynəlxalq sərgilərdə iştirak edən müasir incəsənət nümayəndəsini tanımıram. Elə bil qurum da yoxdur ki, o sərbəst olsun. Ən adi misal çəkək. Parisdə bütün yük maşınlarının, qatar tunellərinin, vaqonların üstünə qrafitlər çəkilib. Hər yer küçə incəsənəti ilə doludur. Bu dövlətin təşkil etdiyi layihə filan deyil. Sadəcə dövlət o rəssamlarla bacara bilmir. Onların azadlığı ölkədə çoxdan həzm olunub. Deyə bilərsiz Fransa ilə müqayisə etmək ədalətsizlik. Haqlısız, amma bunu qismən bizə yaxın olan Tiflisdə də müşahidə etmişəm. Azərbaycanda isə son Avropa oyunlarında turistlər üçün tez-bazar sifarişlə qrafit çəkdirdilər.

Yarat haqqında nə düşünürsüz? 

Bu cür təşkilatlar dünyanın hər bir yerində var. Problem bunda deyil. Problem bu təşkilatın kimin tərəfindən yaradılmasındadır. İnsan haqlarının kobud şəkildə pozulduğu, saxta məhkəmələrin qərarı ilə günahsız insanların həbs olunduğu ölkədə idarəçilərin müasir incəsənətə dəstəyi çox absurd görünür. Bu sadəcə onların reklamı üçündür. Təsəvvür edin, Ai WeiWei Çin hökumətinin qarşı çıxmır, həbs olunmur, əksinə hakimiyyətin qurduğu yaradıcı birlik vasitəsi ilə dünyanı dolaşır, işləri sərgilənir. 

Sənət və azadlıq məsələsi ?? Ancaq onlar özlərini başqa cür qələmə verirlər. Yüksək elita mədəniyyəti. 
Məsələ bunda deyil. Təşkilat çox yüksək büdcə hesabına dayanmadan müxtəlif layihələr həyata keçirdir. O büdcə hardandı? Hətta məsələ o yerə gəlib çatıb ki, Mədəniyyət və Turizm Nazirliyinin gücü çatmadığı işləri bu təşkilat asanlıqla gerçəkləşdirir. Hakimiyyətin öz qanunları olduğu kimi bu təşkilatın da öz qanunları var. Necə indiki hakimiyyət xalqı iqnor edirsə, bu təşkilatın da yüksək elit mədəniyyət siyasəti ona bənzəyir.

Necə düşünürsüz mədəniyyət faktorunun vacibliyini, onun əhəmiyyətini cəmiyyətə çatdırmaqda müstəqil, arxasında inzibati güc durmayan adamlar uğurlu ola bilərlər ?

Uğurlu ola bilər, bir şərtlə ki, ölkədə onlar üçün münbit şərait yaranmalı, maneələr aradan qaldırılmalı, bir çox vergi güzəştləri təmin edilməli, hansısa hakim zümrədən aslılıqları olmamalıdır. O zaman rəqabət də yaranar, rəqabət olan yerdə isə təbii olaraq inkişaf da olacaq. Bizim ölkədə isə bu çox çətin məsələdir. 

Son nə oxuyursunuz indi?

Steynbekin ,,Qəzəb salxımı,, romanını bitirmək üzrəyəm, paralel olaraq Ekonun ,,Qızıl gülün adı,, romanını yenicə oxumağa başlamışam.

Bəzən yazılarınızı da görürük saytlarda.

 

Hərdən həvəslənib yazıram.

Rəsmləriniz arxa plana keçmiş sayıla bilər yoxsa ?

Hələlik studiyam yoxdur. Videoartlar etmək niyətindəyəm. Gələcək planlarımdır. Dəqiq bilmirəm yeni mühit mənə necə təsir edəcək.
İndi isə yalnız karikatura işləyirəm.


Gündüz Ağayev
Kultura.az
Müsahibəni apardı Nurlan Hüseynov

Yuxarı