Seymur Baycan: “Belə getsə İlham Əliyevə səs verəcəm” – MÜSAHİBƏ
- Seymur bəy, işləriniz necə gedir? - Bizim bu vaxta qədər k&…
Tarixində nə Rüsso, nə Volter, nə Dekart, nə Kant kimi heç bir şəxsiyyəti olmayan Azərbaycan gerçəkliyini nəzərə alsaq, Rəsulzadə və arxadaşlarının, sanki möcüzə göstərdiklərinə şahid olarıq. Qaranlıq bir keçmişə sahib olan və heç bir aydınlanma dövrü olmayan bir kütlə üçün belə bir siyasi, elmi, fikri, mədəni layihəni həyata keçirmək çox böyük bilgəlik, dürüstlük və tarixi məsuliyyət tələb edirdi və bunu başarmışdılar.
Güntay bəy, Azərbaycan cümhuriyyəti ideya, fikir olaraq öz başlanğıcını hardan götürürdü?
Türk tarixindən və ənənəsindən götürmürdü. Tam tərsinə tarixin və ənənələrin rəddi istiqamətində bu ideya ortaya çıxdı. Atatürk “Cümhuriyyət Osmanlının və onun dəyərlərinin davamı deyil, tam tərsinə, onun və dəyərlər mirasının rəddidir” deyirdi. Bu, Azərbaycanda da belə idi. Çünkü indiki bəzi tarixpərəst dar görüşlü millətçilərin iddialarının tərsinə olaraq cümhuriyyətin qurulması yolunda tariximizdən bizə miras qalacaq bir tək yararlı dəyər və gələnək mövcud deyildi. Türkmənçay müqaviləsindən sonra Qafqazdakı türklərin dünyagörüşündə yeni üfüqlər açıldı. Səfəvi-İran tarixi mühitindən, mərsiyə, ağlaşma, şaxsey-vaxsey ənənəsindən qopmaq özü-özlüyündə bir fürsət idi. Digər tərəfdən modern rus hüquq sistemi yeni düşüncəli insanların da haqqını qoruyurdu. Bu üzdən Axundovla, eyni zamanda İranda baş qaldıran yenilikçi Babilər dini hərəkatını mollaların fətvaları ilə öldürüb kökünü kəsərək torpağı murdarlmasın deyə cənazələrini köpəklərin önünə atarkən, Qafqazda Axundovun, Molla Nəsrəddin dərgisində yazan ziyalı insanların həyat haqlarını ruslar qoruyurdu. Ancaq bununla belə yenə də günümüzdəki nisbətən modern Azərbaycan mədəniyyəti hansısa bir müsəlman şəhərində ortaya çıxmadı. Günümüzdəki mədəniyyətimizin təməli xristian Tiflisdə atıldı. Daha sonra yavaş-yavaş Bakıya daşındı. Nə İranda, nə Türkiyədə, nə də Qafqazda müsəlman qafası yeniliklərə açıq deyildi. Qafqazda rus istilasında yeni mədəniyyət meydana çıxarkən, Türkiyədə də Atatürk silah gücünə o qaranlıq tarixi devirdi. Lakin İran hansısa güclü və modern xristian ölkəsi ilə Qafqaz kimi irtibatda olmadığından və bir Atatürk də yetişdirə bilmədiyindən tarixin qaranlığına gömülüb qaldı. Azərbaycan cümhuriyyətinin quruculuğunda iştirak edənlərin hamısının zehniyyətləri daha öncəki tarixə və onun həyat ölçülərinə qarşı antitezis olaraq biçimlənmişdi. Xalqın heç bir şeydən xəbəri yox idi. Hətta xalqın vətəni işğal edilib Bakıda ermənilər soyqırım törədərkən, səfəvizədə əhali öz baş yarmağında və zəncir vurmağında idi. “Azərbaycan cümhuriyyəti” ideyası rus müstəmləkəçiliyində bəlli qisim ziyalıların modern Qərb mədəniyyəti ilə tanış olmalarının nəticəsi idi.
Çoxları deyir ki, 1918-ci ildə yaranmış Azərbaycan cümhuriyyəti erməni və gürcülərin qurduqları demokratik respublikalardan fərqli olaraq xalqın iradəsindən doğmamışdı, çoxluğun bundan xəbəri yox idi.
Tamamı ilə doğrudur. Bunun tarixi kökləri var. Erməni və gürcü kilsələri tarix boyu öz xalqını aydınladıb və kilsələr gürcü və erməni dilinin inkişafına yol açmışdır. Erməni və gürcü xalqlarının öz ana dillərində yazıb-oxuma təcrübələri var idi. Ancaq bizim məscidlər ana dilimizi qətl etmə və fars dilini yaşatma mərkəzləri olmuşdur. İndi də elədir. Bütün İran türklərində və son zamanlar İrandan təsirlənən Azərbaycan dinçiliyində cavanlar fars dilini öyrənirlər! Ya da danışdığı dillərini Ərdəbil mollalarının, mərsiyyəxanlarının dilinə bənzədirlər. Bizim tariximizdə sünni məscidlər ərəb, şiə məscidlər də fars dilini qoruyan səngərlər olmuşdur. Türk dilinin dini arxası olmamışdır. Bu üzdən Azərbaycan adında bir öklənin yaranması ümumi Qafqaz tarixindən təcrid edilərək meydana çıxmamışdır. Hətta Azərbaycanın müstəqil olmaq fikri və yetərincə xalq bazası yox idi. Xalqın dindar qisminin çoxu İrana qarışmaqdan yanaydı. Çünkü onun dini mənbələri oradan gəlirdi və indi olduğu kimi təqlid etdikləri ayətullahlar İranda yerləşirdi. O zaman müstəqil olmaqla bağlı referandum keçirilsəydi xalq İrana geri dönməkdən yana qərar verərdi. Lakin Qafqaz birliyi adlanan seym dağıldı. Gürcüstan və Ermənistan müstəqilliklərini elan etdi və bunun üzərinə yeni geopolitik məkan olaraq meydana çıxan Azərbaycan o dövrün böyük güclərindən biri olan Osmanlının diqqətini çəkdi. Türk ordusu gəlib azlıqda olan müsavatçılara dəstək oldu. Yəni dünyada və bölgədəki gəlişmələr Azərbaycan adında siyasi bir məkanın tarixə girməsinə meydan açdı. Daha doğrusu XX əsrdə türklərin bu bölgədə tarixdə qalmalarının böyük səbəbkarı Lenin olmuşdur. Artıq Osmanlı çökmək üzrə idi. Nə iqtisadiyatı, nə ordusu, nə modern texnologiyası vardı. Xalqının çoxu yazıb oxuması olmayan cahil kütlə idi. Çar Rusiyasının amacı İstanbulu alıb rusların paytaxtı etmək idi. Lenin inqilabı olmasaydı, belə də olacaqdı. Oktyabr inqilabından dərhal sonra Lenin İstanbulun ruslar tərəfindən işğalı ilə bağlı gizlin anlaşmanı ifşa etdi. Tam İstanbula girmək üzrə olan Rusiya Lenin iniqlabından sonra Atatürkün müttəfiqi oldu. Antiimperyalist savaşından dolayı Lenin Atatürkə tonlarca Altun yolladı. Digər tərəfdən Lenin inqilabı ilə ortaya çıxan boşluq üzündən Qafqazda üç müstəqil dövlət yarandı. Hər zaman böyük dövlətlərin həyatında meydana gələn krizlərdə kiçik millətlərin siyasi həyatında yeniliklər ortaya çıxar. Rusiyadakı inqilab krizi Azərbaycan adlı bir ölkənin tarixə girməsinə yol açdı. Yəni bir neçə amil var idi, ancaq ən əsas amil Rusiyadakı inqilab məsələsi idi. Sonradan qızıl ordu tərəfindən Azərbaycan işğal edilsə də, lakin Azərbaycan adlı ölkə kimliyi sovet tərkibində də özünü qorudu.
Ümumiyyətlə Azərbaycan cumhuriyyətinə qarşı neqativ fikirlər çoxdu. Məsələn, onların axıra qədər döyüşə bilməmələri, öz aralarında müəyyən problemlər yaşamaları, bəzən ayrı-ayrı adamların şəxsi keyfiyyətləri. Bütün bunlar cumhuriyyət üçün sərf olunan əməyi və ümumilikdə bu ideyanın dəyərini azaldırmı? Cumhuriyyətin dəyəri nədən ibarətdi?
Neqativ fikirlərdən daha çox pozitiv fikirlər var. Neqativ fikirdən yana olanların çoxunun tarix bilgiləri əksikdir. O dönəmin sosiologiyası üzərinə elmi bilgilərdən məhrumdurlar. Rəsulzadə və arxadaşlarını, sanki möhtəşəm bir keçmişin varisi kimi sanırlar. O zaman Azərbaycanın əhalisi 1-2 milyon idi və yazıb-oxuma nisbəti yüzdə iki civarında idi. Ölkənin heç bir hərbi təcrübəsi yox idi. İnqilab olmuş və dünyanın ən böyük imperatorluq dövləti olan Çar dağılaraq boşluq yaranmışdı. Azərbaycan adlı ölkə bu boşluğun içindən doğdu. İnqilab olmasaydı, zatən Azərbaycan, Ermənistan və Gürcüstan adlı dövlətlər və ölkələr də tarixə girməyəcəkdi. Hər dövrü öz tarixi imkanlarına görə dəyərləndirmək lazımdır. Türk ordusu gəlməsəydi milli dövlət qurma projesi də tarixə girməyə bilərdi. Çünkü Şaumyan Bakıda qırğın törətdiyində əhali Təzəpirdə zəncir vurub ağlayır, başını yarırdı. Xalq milli kimlikdən yana tutum sərgiləyəcək şüurda deyildi. Daha doğrusu xalq deyə bir şey yox idi. Milli ölkənin qurulması bəzi millətlərdə olduğu kimi xəlqi iradənin məhsulu deyildi, kəsinliklə belə deyildi. Xalq öz xurafələri içində boğulmuşdu. İrandan ölü dirildən şeyxləri gözləyərək 13 yaşlı qızlarını fırıldaq molla-feodal sinfinə peşkəş etmə “şərəf”ini yaşamaqda idi. Bu hərəkətdə xalqın qatqısının olması böyük yalandır, çünkü xalq yox idi, canlı kütlə var idi. Xalq olsaydı, zatən milli hökümət də dirənərdi. Digər tərəfdən İrandan gəlib Bakıda neft quyularında çalışan türk fəhlələr müsavata qarşı kommunistlərin yanındaydılar. Bunların da sayı təqribən 400 min nəfər idi. Hətta Bakının türkləşməsi də İrandan gələn işçilərin axını ilə tamamlandı. İranlı fəhlələr 3-4 il neft quyusunda çalışırdı. İçəri şəhərdə mirzələr var idi. İranli işçilər bu mirzələrə məktub yazdırıb İrana ailələrinə yollardılar. Mirzələr İran-Qacar konsulluğunun casusları idi. İran konsulluğu ilə Bakı mafiyası bu işçiləri öldürürdülər. Məsələn bir işçi ailəsinə yazdırırdı ki, üç ay sonra dönəcəyəm. 3-4 il işləyib bir az para qazanan bu işçi geri dönüb bir neçə baş mal-davar alıb ailəsini keçindirmək, qızını-oğlunu evləndirmək istəyirdi. Konsulluq onun evə dönəcəyi günü mafiyaya xəbər verirdi. Mafiya bu adam son kərə neft quyusuna endiyində yuxarıdan bir daş atıb adamı öldürərək adını qəza qoyurdular. Sonra adamın qazandığı 3-4 illik pulu konsulluq və mafiya arasında paylaşılırdı. Ailəsi də İranda bədbəxt yollara sürüklənirdi. Bu zülmdən bezən iranlı işçilər kommunistlərin dadlı və şirin “dünya işçiləri birləşin” şüarına inanmışdı. Müsavata qarşı bu vurucu güc kommunistlərin yanında yer almışdı. İtirəcək heç bir şeyi olmayan kommunistlərin şüarına inanan kütlə. Bu gücün qarşısında müsavat höküməti dirənə bilməzdi. Bu 400 min iranlı işçini müsavat hökümətinə qarşı təşkilatlandıranlar arasında Pişəvəri də var di. Müsavat ideyası sadəcə o təlatümlü dönəmin deyil, uzun tarixi gələcəyin doğrusu və doğruluğu idi. Bəzi doğruları əsrlər sonra anlar xalq. Çünkü yalanlar öz-özünə tarixə gömüldüyündə həqiqət özünü göstərər. Amma “cümhuriyyət” nədir? Cümhur ərəb dilində xalq deməkdir. Latın dilindəki “republic” sözünə qarşılıq olaraq xalqçılıq anlamında “cümhuriyyət” sözü düzəldilmiş. Cümhuriyət soya və ideologiyaya dayanan səltənətlərin sonu və xalqın öz yönəticilərini seçməkdə aktiv olması anlamındadır. Lakin cümhuriyyət demokratiya olmadan mümkün olmaz. Cümhuriyyət yönəticiləri seçmək üsulu isə, demokratiya da yönəticilərə nəzarət etmə yöntəmidir. Bu üzdən demokratiyasız cümhuriyyət günümüzdə bir çox İslam ölkələrində olduğu kimi soy və ideoloji səltənətlə fərqlənməməkdədir. Bu səbəbdən müsavat höküməti demokratik cümhuriyyəti təsis etmişdi. Tarixində nə Rüsso, nə Volter, nə Dekart, nə Kant kimi heç bir şəxsiyyəti olmayan Azərbaycan gerçəkliyini nəzərə alsaq, Rəsulzadə və arxadaşlarının, sanki möcüzə göstərdiklərinə şahid olarıq. Qaranlıq bir keçmişə sahib olan və heç bir aydınlanma dövrü olmayan bir kütlə üçün belə bir siyasi, elmi, fikri, mədəni layihəni həyata keçirmək çox böyük bilgəlik, dürüstlük və tarixi məsuliyyət tələb edirdi və onlar bunu başarmışdılar.
Belə bir tənqidlə də rastlaşırıq bəzən. Deyirlər ki, cumhuriyyətin konstitusiyasında qadınlara azadlıq verilmişdi, halbuki bu qeyri real idi. Kim idi səs verən qadın.
Avropa ölkələri bunu illər sonra öz qanunvericiliklərinə sala bildilər. Buna qarşı münasibətiniz necədi.
Doğrudur, o zaman heç bir qadın yayqın “dini” tabuları aşaraq, gəlib seçimdə iştirak edə bilməzdi. Lakin millətləşmə sürəcində bunun önəmi yoxdur. Önəmli olan bu haqqın anayasada yerləşməsi və sonra bu haqq anlayışına görə ölkə qadınlarını tərbiyyə etmək və eyitmək idi. O dövr aydınlarının amacı ölkənin gələcəyini etkiləyəcək, xalqın düşüncə üfüqünü aydınladacaq və modern hüquqla tanış olacaq bir mədəniyət layihəsini həyata keçirmək idi. Aydın gələcəyin altyapısını qurmaq idi. Yəni qadınların sosial və politik həyata qatılmaları üçün anayasa onlara haq və imkan tanıyırdı. Bu qadınların sosial həyatda aktiv olmaları üçün uşaqlıqdan onları təlimləndirmək və onlara haqlarının nə olduğunu açıqlamaq da bir görəv sayılırdı. Bu baxımdan Şərqin qaranlığında və qadına ikinci dərəcəli insan kimi baxan ortamında bu anayasa böyük bir inqilab yaradaraq qadınların fikri oyanışına və azadlığına yollar açır, imkanlar yaradırdı. Ən modern insan və qadın haqlarını ölkədə yayqınlaşdırmaq planlanmışdı.
Nədənsə cumhuriyyətə ədəbiyyatın da şübhəli, inamsız münasibəti olub. Sizcə niyə o dövrdə ədəbiyyat cumhuriyyət ideyasına sahib çıxmadı, ən azı yanında belə olmadı?
Dövlət həyatında iki il uzun ömür sayılmaz. Lakin bir gerçəyi gözlərdən qaçırmamalıyıq. Milli dövlətin bir başqa yaranış səbəbi də Axundovdan başlayaraq 1918-ci ilə qədər davam edən milli dildəki yaradıcılıq idi. Əslində bu hökümətin mədəni bünövrəsi milli dildəki yaradıcılıqda atılmışdı. Məsələn “Molla Nəsrəddin” dərgisində qadınların əzilən insan kütləsi olduğu və heç bir haqlarının olmadığı təsvir edilirdi, hökümət bu problemi anayasada çözməyə çalışdı. M. Ə. Sabir və digərləri işçi fəhlələrin insan olmadığını təsvir edirdi, hökümət o sinfə seçib-seçilmə haqqı tanıdı. Milli hökümətin üstünlüyü onun gerçəkləşdirməyə çalışdığı mədəni haqların daha öncə ədəbiyyat tərəfindən təsvir edilməsindəydi. Sonra da sovet rejimi gəldi və hətta o dövr dilində yazanları yox etdilər. Dildə türkizm görüşü üzərinə ortaq türkcədə yazmaq yayqınlaşmışdı. Daha sonra dildə sovetizm bunu durdurdu. Bizdə inteqral tarix yazımı yoxdur. İnteqral, yəni bölünməz bütün, yəni bir dönəmi, sadəcə siyasi olaylara, savaşlara görə deyil, o dövrün mətnlərinə, rəsmlərinə, amaclarına, niyyətlərinə görə incələmə şəkli. Bu ölçüylə yanaşsaq milli dövlət projesinin tam da milli dildə təsvir edilən niyyətlərin içindən çıxdığını görərik.
Gürcü və ermənilərdən söz düşmüşkən, onlar ikisi də özlərini bu regionun ən qədim sakinləri, ən zəngin mədəniyyətli xalqı hesab edir. Azərbaycanı isə xüsusi olaraq ermənilər tarixi olmayan, yeni ölkə hesab edir. Bu fikirlər nə dərəcədə həqiqətdir? Buna cavab nə ola bilər?
Bir millət öz varlığının şüuruna varmamışsa, bir bölgədə on min il də yaşasa, onun varlığının heç bir dəyəri yoxdur. Öz varlığının bilincinə varmaq da dildən başlar. Dili qiymətləndirmə və dildə dəyərlər yaratmaqla başlar bir millətin tarixdə var olması. Bunlar olmadıqdan sonra tarixdəki digər canlılar kimi yaşar. Bu bölgədə kimin daha erkən yerləşməsinin mənə görə heç bir önəmi yoxdur. Önəmli olan bəşər mədəniyyəti üçün burada yerləşən xalqların nə etdiyidir. Erməni və gürcü dilində yazılan tarix kitabları olmadan Orta Doğu və dünya tarixini yazmaq mümkün deyildir. Ermənilər V əsrdən ana dillərində ədəbiyyat və tarix kitabları yazmışlar. Gürcülər də o şəkildə. Bizim dilimizdə nə var? Heç bir şey. Dünya tarixçiliyinin türk dilinə heç ehtiyacı yoxdur. Bizim ədəbiyyat tariximiz XIII əsrin sonlarına doğru Həsənoğlunun iki şeiri ilə başlar. Olanlar da sadəcə kimsəyə lazım olmayan şeir. Bir tarix kitabı, bir sosial məzmunu olan mətn miras qalmamış. Həm ermənilər, həm də gürcülər V əsrdə ardıcıllığını qoruyan əlifbalarını tənzimləyirlər. Əlifba bir millətin tarixində ən böyük inqilabdır. Bizdə XIX əsrin sonlarına doğru Axundov bu həqiqəti anlamış, lakin Axundovu da anlayacaq dövlət qurumu, hətta bir bəylik belə yoxdur. Farslar da 1200 il öncə indiki əlifbalarını təsis edərək yazmağa başladılar. Əlifba olmadan necə yazmaq olar? Mədəni millət olmanın ilk aşaması əlifba icad etməkdir. Osmanlı beyni ərəb və Səfəvi-Qacar beyni də fars milliyətçiliyinin yuvası idi. Bu, məsələnin mədəni tərəfidir. Ancaq kimin gec, kimin tez bir yerə yerləşməsinin tarix üçün heç bir önəmi yoxdur. Bunlar qısır dartışmalardır. Çünkü heç bir millət yaşam coğrafiyasını özü bəlli etməz. Bunu bəlli edən yer kürəsinin tarixidir. Heç bir millət əbədiyyətə qədər bir yerdə yaşaya bilməz. Tarixdə və iqlimdəki gəlişmələr və dəyişmələr millətlərin yaşam yerlərinin dəyişməsinə səbəb olar. Məsələn indiki İraq Sasanilərin mərkəzi ərazisi idi, indi orada fars deyil, ərəb yaşayır. Yəhudilərin vətəni Misir idi, Musa onları Fələstinə gətirdi. İstanbul Bizansın idi, indi türklər yaşayır. Belə şeylər tarixdə olmuş və olacaq. XI əsrdə yaşamış böyük alim Əbureyhan Biruni “Hind tarixi” kitabında yazırdı ki, dağlardan dənizə tərəf getdikcə böyük qayaların yerini kiçik daşlar almağa başlayır, dənizə yaxınlaşdıqca daşlar yox olur. Bu da göstərir ki, çox qədim zamanlarda, yer kürəsinin indiki tarixi dövründən öncəki dövrdə Hindistan dənizin altında imiş. Modern geologiya Biruninin dediklərini təsdiqlədi. Yəni bir zaman dənizin altında olan Hindistanda indi xalqlar yaşayır. Tarixdə belə olaylar yenə olacaq. Dənizlər yaşam yerinə dönüşərək quruluqlar dənizin altında qalacaq. Bəşərin həyatı və tarixi bir bütündür. İnsanlar cahillikləri üzündən kimin tez harada yerləşməsini dartışır. Heç bir mülk əbədiyyən bir şəxsin və millətin deyil, ola da bilməz. Quranda da deyildiyi kimi “mülk Allahındır.” Önəmli olan xalqların güvənliyidir. Güvənlik təhlükəyə girdiyində xalqlar arasında belə qısır dartışmalar meydana çıxar.
Bəs tarixi baxımından burada yerləşmələr necə olub həqiqətən?
Tarix elmi üçün çox şeylər bəlli deyil. Lakin bəlli olan ölçüdə danışmaq olar. Tarixi dürüst incələmək üçün öncə ön yarqıları buraxmaq lazımdır. Belə olmazsa, tarix elm olmaqdan çıxar və bir millətin hissiyatını oxşayan yalan bilgilərlə dolu ideologiyaya çevrilər. Mən ömrümün bir qismini tarixi araşdırmalara həsr etdim. Tarixin harasından başlasaq, əvvəlini bilməyəcəyik, hər zaman ortasından başlayacağıq. Lakin son beş min ildə hansı xalqların haralarda yaşadığını modern kimya elmi və “dilçilik saatı” vasitəsiylə tam olaraq bəlli edə bilirlər. Bütün canlılarda bulunan radioaktiv və ya C14 (karbon-14) deyə bir maddə var. Radioaktiv maddəsinin yarı ömrü 5500 ildir. Məsələn bir çuxurdan deyəlim ki, beş qram radioaktiv maddəsi tapılsa, bu, o deməkdir ki, 5500 il öncə onun ağırlığı on qram imiş. Bu yolla bir çox köçlərin istiqamətini və olayların mahiyyətini bəlli etmək mümkündür. Digər araşdırma qaynağı isə dilçilik saatıdır. Dilçilik saatı 1950-ci illərdə kəşf edildi. Qərb dillərindən hər gün daha çox tələffüz edilən 215 sözü seçərək 1000 ildə bu sözlərin nə qədər dəyişimə uğradığını incələdilər. Sözlərin 15 faizi dəyişimə uğramışdı. Qərb dilləri latın dili kökənli olduğundan düşündülər ki, buna görə bənzər nəticə çıxa bilər. Lakin eyni metodu çin, rus, yapon və koreya dillərinə də tətbiq etdilər və bənzər nəticə çıxdı. O dillərdə də 1000 il ərzində dilin 15 faiz sözləri dəyişimə uğramışdı. Buna dilçilik saatı adı verdilər. İndi tarixi olayları bəlli edəcək əlimizdə iki önəmli saat var: radioaktiv saatı və dilçilik saatı. Yəni olayların tarixini saat kimi doğruca göstərən iki amil. Artıq hissiyyata cavabdeh olacaq tarix yazmanın zamanı keçmişdir. Bizim Qafqazda miladdan sonra qismən varlığımızla bağlı doğrulanmamış zəif bilgilər var. Bu bilgilər o saatların labaratoriyasından keçməmiş. Çünkü Sasanilər Dərbənd və Bakı Qalasını türklərin axınını önləmək üçün tikmişdilər. Lakin xalq və əhali şəklində bizim İranın quzeyində və Qafqazda yerləşməmiz Babək Xürrəmdinin məğlubiyyətindən sonra başlar. Babəki məğlub edən türk orduları idi. O ordular Babək yenildikdən sonra böyük qismi Azərbaycanda yerləşdilər. Azərbaycanın yerli əhalisinin oğlanlarını daşıyıb Bağdadın kölə bazarında satdılar, dirənəni öldürdülər və qızlarını özlərinə qadın etdilər. Hər türk ən az 20-30 qadın aldı. Hər türk ordusuna mənsub kişinin 50-60 uşağı oldu. Tarixdəki savaşların amacı qadınlara sahib olmaq olmuşdur. Hətta Saciyan adlı ilk türk höküməti də Babək yenilməsindən sonra quruldu. Babəkin də türklərlə heç bir əlaqəsi yoxdur. Türklər heç bir zaman bir qalaya sığınıb savaşmamışlar. Türk savaş şəkli axın və saldırı şəklində olmuşdur. Babəkdən sonra Azərbaycana ikinci ən böyük türk axını və yerləşməsi Səlcuqlar zamanında başlamışdır. Səlcuqlarla bölgədə türkləşmə açıqca meydana çıxmışdır. Anadolu ilə Azərbaycanın türkləşməsinin tarixi eynidir. Üçüncü dalğa Çingiz Xan zamanında oldu. Moğolların sayı az olduğundan ordularına türkləri də alırdılar. Hülaku Xan iki yüz min türk çadırını paytaxtı Marağanın ətrafına və Azərbaycanın dəyişik bölgələrinə yerləşdirdi. O zaman ailə üzvləri çox olurdu. Düşünün, hər çadırda ortalama on adam olsa, iki milyon ya da 1-2 milyon arasında türk əhali moğollar zamanında bölgəyə yerləşdirilmişdir. O zamanın şərtlərinə görə bu, çox böyük rəqəmdir. Mənim incələmələrimə görə bizim tariximiz bu şəkildə olmuşdur və belə olmasının da heç bir əksikliyi yoxdur. Sadəcə bəzi sözdə tarixçilərin belə olmasından xoşlanmadıqları üçün özlərindən ağıllarına gələni tarix olaraq uydururlar.
Qafqaz xalqlarının xüsusilə ermənilərin tarixə və böyük keçmiş iddialarına belə güclü vurğunluğu sizcə nədən irəli gəlir? Qədimlik, böyüklük, nəhəng ərazi iddiaları.
Bu metod uzun vədədə ermənilərin ziyanına olacaq. Ermənilər də bu bölgə xalqlarından biri olmuş. Onlar da göydən düşməmişlər, onların da bu bölgədə tarixləri var. Lakin onların gerçək tarixi vətənləri indiki Ermənistan və Qarabağ olmamışdır. Qarabağa yerləşən ermənilərin tarixi heç 80 il də deyil. İkinci Dünya Savaşından sonra İrandan on minlərcə erməni sovetlərlə anlaşmanın nəticəsi olaraq Qarabağa yerləşdirildi. Yəni 1950-ci illərdən başlayaraq İranın dəyişik yerlərində yaşayan erməni kəndlilərini Qarabağa yerləşdirdilər. Onların həyatda qalanları farsca da danışa bilirlər. Çoxu İran ermənisidir. Bugünkü bütün Ermənistan türk yurdu olmuşdur. İndi BMT və dünya dövlətləri Azərbaycan üçün siyasi və hüquqi bir coğrafiya tanımışdır. Bu ölkə bizimdir və ermənilər tarixi mövzuları buraxıb bu işğala son verərək bölgəyə barışın gəlməsinə yardımçı olmalıdır. Belə olmazsa, 50 ildən sonra Ermənistan zatən tamamən boşalacaq. İqtisadi sıxıntı üzündən erməni əhalisi ölkəsini tərk edir. Doğum azalır, ölüm çoxalır. Hər gün sayıları azalır. Ancaq Azərbaycan və Türkiyə əhaliləri artır. Mənə görə bu əsrin sonuna doğru artan Azərbaycan əhalisi daşıb Dərbəndə, İrəvana dolacaq. Buna tarixi determinizm də deyə bilərik. Tarixi determinizmin önünü rus ordusu ala bilməz. Çünkü Rusiya da çökəcək. Tarixi determinizimin iradəsi yavaş-yavaş öz-özünə meydana çıxar. Zəlzələlər kimi. Zəlzələnin meydana çıxması birdən olmur. Yerin dərin qatlarında yüzillər boyunca yavaş-yavaş ortaya çıxan olaylar birdən bütün gücü ilə özünü göstərər. Qədim xalq olmanın da heç bir mənası yoxdur. Qədim olmayan xalqlarmı var? Hamımız insanıq.
Heç təsadüfi deyil ki, bölgədə bu qədər ərazi mübahisələri var. Necə hesab edirsizniz bunların nə zamansa həll yolu mümkündürmü və o necə olacaq?
Ərazi savaşı tarixdə hər zaman olmuş, olacaq da. Rusiyanın Japoniya, Koreyanın Çinlə,... Bunu həll etmənin yolu Avropa modelini bütün dünyaya tətbiq etməkdir. Yəni sərhədləri ortadan qaldırmaq və barışın bərqərar olmasında xalqların demokratik yolla qatqılarını sağlamaq. Bütün yer kürəsi belə bir insanın həyatından daha üstün deyildir. Bəşər ağlı burxulmuş. Savaşlara və savaş texnologiyasına həsr edilən pullar barışa, ekonomiyə həsr olunsa, dünyada bir tək ac adam qalmaz. Bu, bütün dünya xalqlarının ortaq problemidir. Bütün xalqlar barış üçün bilgi və niyyət ortaya qoymalıdırlar. Bəşərin ən böyük problemi də budur. Savaşsız tarix olmamışdır. Müsəlman ölkələrinin tarixi və indiki durumu daha çox qaranlıq. Başqa millətlər bu sorunu çözsələr də müsəlmanların çözmələri asan görünmür. Bunun üçün bütün müsəlman ölkələri dünyəvi hüquq sisteminə keçməli və dini siyasətdən ayırmalıdırlar. Bəşər tarixində dinlə siyasət birləşdiyində çox qanlar axmışdır. Dünyəvi hüquqla idarə olunan Dünya Dövlətlər Birliyi yaranmalı və insan haqları bir ölkənin sorunu olmaqdan çıxaraq bütün dünya xalqlarının ortaq sorunu halına gəlməlidir.
Bəzi adamlar Rusiya işğalını bir mənalı qiymətləndirmir. Onun bu toplumu xeyli dərəcədə irəli apardığını iddia edir. Digərləri isə qeyd edir ki, biz buna hazır deyildik və ona görə də bu xalqın özünün gedəcəyi təbii inkişaf xəttini pozdu və indi biz təzədən geriyə, qaldığımız yerə qayıdırıq.
Mənə görə Rusiya işğalı iki mərhələdən ibarətdir. Birinci aşama XIX əsrdə mərhələ-mərhələ gerçəkləşdi. “Gülüstan” və “Türkmənçay” adıyla da bu işğallar tamamlandı. Rusiya şəhər-şəhər, bölgə-bölgə işğal edərək bunları birləşdirib və içindən bir dövlət çıxmasına yardımçı oldu. Bu işğal və müstəmləkə olmasaydı, tarixdə Azərbaycan adında siyasi bir məkan da olmayacaqdı. Bu işğalları A. Bakıxanov və Rəsulzadə kimi şəxsiyyətlər təqdir etmişlər. 1918-ci ilə qədər davam edən bu müstəmləkəçilik faydalı olmuşdur. Nədən? Çünkü iki növ müstəmləkəçilik var: İç müstəmləkəçilik və dış müstəmləkəçilik. İç müstəmləkəçilikdə bir millətin ruhu qəbul etdiyi bəlli batil inanc sistemləri və ideologiyalar tərəfindən əsir alınmışdır və bu millətlərin qurtuluşu yoxdur. Bu millətlər başqa millətlərin yararına olan ideologiyaların könüllü köləsi olmaqdan xoşlanarlar. Səfəvilərdən bəri İrandakı türklər iç müstəmləkəçiliyə məhkumdurlar və şiəlik adı altında fars köləliyi etməkdən məmnundurlar. Səfəvi nəfəsi ilə zəhərlənən türklərin qurtuluşu və oyanışı asan olmaz. Çoxu Səfəvizədə olan Qafqaz türkləri də iç müstəmləkəçiliyə məhkum idi. Rus gəldi və iç müsəmləkəçiliyi ortadan qaldıraraq dış müstəmləkəçilik yaratdı. Dış müstəmləkəçilik iç müstəmləkəçiliyə uğrayan bizim kimi millətlər üçün aydınlıq bir üfüq açar. İran da işğal edilsə, bəlkə biz iç müstəmləkəçilikdən azad ola bilərik. Bu üzdən diqqət etsəniz bizim bütün modern ədəbiyatımız rus müstəmləkəçiliyində yarandı. Ayrıca Qafqaz türklərinin İran kültür hövzəsindən ayrılması üçün Çar Rusiyası türkcə məktəblər açmağa təşəbbüs göstərdi. Qafqaz valisi Varantsov Axundovu türkcə yazmağa təşviq etdi. Onun əsərlərinin Tiflisdə səhnələşməsi üçün yardım edirdi. Bu durumu Rəsulzadə Finlandiyanın aqibəti ilə müqayisə edər. Rəsulzadə deyir ki, həm Azərbaycanın, həm də Finlandiyanın dövlətləşməsində Rusiyanın böyük rolu oldu. Finlər də türklər kimi öz dillərini kəndli dili olaraq görüb fincə yazmaqdan imtina edər, türklər kimi öz dillərini aşağılayaraq isveç dilində yazardılar. 1809-cu ildə Rusiya Finlandiyanı işğal edərək onların isveçlər qarşısındakı iç sömürgəçilikdən qopmasına səbəb oldu. Finlərin millətləşməsi dış sömürgəçilikdə, Rusiyanın müstəmləkəçiliyində başladı. İndi Finlandiya dünyanın ən demokratik ölkələrindən biridir. Fin dilində belə bir deyim var: “Biz isveçli deyilmişik, rus da ola bilmərik, o zaman gəlin özümüz olaq.” Qafqaz türklərində də belə oldu. Türkmənçay müqaviləsi xalqın qaranlığa gömülmüş ruhunda bir üfüq açdı. Lakin dövlətləşmədən sonrakı sömürgəçiliyin heç bir faydası olmamışdır. Yəni sovet sömürgəçiliyinin faydası deyil, zərəri olmuşdur. Özət olaraq söylərsək, birinci mərhələ sömürgəçilik aydınlığa bir yol açarkən, ikincisi bütün aydınlıq üfüqləri qapatmış və Zəngəzur kimi ərazilərimizi əlimizdən almışdır. İndi isə artıq müstəqil dövlətik və hər növ müstəmlikəçiliyə qarşı çıxmalıyıq. Çünkü artıq İran-Səfəvi mühitinə qarışıb orada yox olaraq əski ruhi köləliyimizə geri dönmə mərhələsi keçmiş və dünya şərtləri də buna izin verməz. Türkmənçaydan başlayıb müstəqil Azərbaycan adında bir ölkənin qurulması aşamalarını mən tarixi determinizmin Rusiya vasitəsi ilə gerçəkləşməsi sürəci olaraq görürəm. Yəni tarix sadəcə böyük güclərin bəlli etdiyi hədəfə görə irəliləməz, özünün də bir amacı var. Qurbağanı bir qaynar suya atsanız, bir sıçrayışla atılıb özünü azad edər. Lakin onu bir qazanda soyuq suya buraxaraq sonra qazanın altını yavaş-yavaş isitsəniz xəfif hərarətdən qurbağa xoşlanmağa başlar. Qazan qaynamağa başlayanda artıq onun özünü xilas edəcək gücü qalmaz. İç müstəmləkəçilik də buna bənzər. İrandakı səfəvizədə türklərin durumu yavaş-yavaş isinən qurbağanın halına bənzəyir. Rus sömürgəçilik qazanından qurtulmaq sıçırayışla mümkün olmuşdur. Bu sıçrama ideyasını dış sömürgəçilik ərməğan etmişdi.
Qərbdə sekulyarizmin dinə qalib gəldi şərqdə isə demək olar hələ də mübarizə gedir.
Sekulyarizm Qərb və dolayısıyla insanlıq tarixinin böyük nailiyətlərindən biridir. Bu yolda Qərbdə çoxlu aydınlar öldürüldü. Qərb də asanca meydana çıxmadı. Orta Çağ qaranlığına qarşı aydınların mübarizəsinin sonucu olaraq sekulyarizm meydana çıxdı. Sekulyarizm sadəcə bir qavram və siyasi sistem deyil, bir düşüncə tərzidir. Bu düşüncə tərzinin əsasında demostifikasion, yəni düşünənin önündəki bütün miflərin ortadan qaldırılması durar. Yəni sosial və təbii varlığı bilgiyə və ağlın verilərinə görə anlamaq. Batil din anlayışlarının basqısı altında olmadan azad ağlın varlıqla qarşılaşması deməkdir. Ağlın önündəki bütün əngəllərin qaldırılması. Sekulyar dünyagörüşündə kilsə və məscid müqəddəs yerlər deyil, müqəddəs yer məktəblərdir. Sekulyarizmin elmi tərifi kainata baxışda saxta imanın yerinə, ağlı qoymaqdır. Hüquqi tərifi insan haqlarının dərki deməkdir. Siyasi tərifi dini qurumlarla siyasi qurumların bir-birindən ayrılması anlamındadır. Heç bir dinin şəriəti və idarə üsulu bəşəri xoşbəxt edə bilməmişdir. Bu gerçəyi Avropa aydınları dərk etdi. Volter, Rüsso kimi aydınların əsərləri bu yolda çox təsirli oldu. Obyektiv və subyektiv olmaq üzrə sekulyarizm iki sahəyə ayrılır. Obyektiv sekulyarizm sosial sahədə gözlə görünər və dini qurumları siyasətdən uzaqlaşdırar. Subyektiv sekulyarizm zehnlə əlaqədardır. Məktəblərdə çocuqlar din deyil, elm öyrənməlidir və məktəblərdə dini dərslər yasaqlanmalıdır. Din məsələsi 18 yaşdan sonra fərdin öz azad iradəsi və seçimi ilə başlamalıdır. Bu üzdən zehni və ya subyektiv sekulyarizm təlim-tərbiyyə ilə əlaqədardır və pedaqoji bir mövzudur. Azadlıq, sekulyarizm və demokratiya istəmək düşünən xalqlara xasdır. Bu cəsarətdə bulunmaq üçün də Doğu tarixinin qaranlığından qopuş gərəkməkdədir. Şərqdə hələ də 7 yaşından uşağa elm öyrətmək yerinə, dini xurafələr öyrədirlər. Uşaqlara öyrədilən dini bilgilərin hamısı xurafədir. Çünkü uşaq üçün elm lazımdır. Özü böyüdükdən sonra xurafələrin arxasınca da gedə bilər, bu onun seçimi. Lakin ən doğru din anlayışı belə 18 yaş altında uşaqlara öyrədilərsə, bu xurafədən başqa bir şey ola bilməz. Çünkü bu yaşlarda insan zehninin strukturu bu bilgilərə ehtiyac duymaz. Şərq ölkələrində insan beyninin strukturuna qarşı zorakı bir təhsil sistemi var. Sekulyarizm bunu qəbul etməz. Bu qədər terroristin Şərqdən çıxmasının səbəbi də budur. 18 yaşına çatan müsəlman bir gəncin beyin strukturu dəyişdirilərək terror hərəkətlərinə uyğun hala gətirilir. Viktor Hüqo kimi böyük yazar ömrünün sonlarında dünyada barışın bərqərar olması üçün bütün ölkələrin sekulyar düzənə keçməsi gərəkdiyini vurğulamışdır. Bizdə isə sekulyarizmin fəlsəfəsi, mətni, tarixi və kökü yoxdur. Rus sömürgəçiliyində Axundov bunu başlatsa da, yaşantıya keçmədi. Şərq Orta çağı qaranlığından qopmuşluğu Anadoluda da karizmatik bir öndər sağlaya bildi.
Güntay bəy, müəyyən mənada Şərqə baxdıqda adamda belə təəssürat yaranır ki, şərq təfəkkürü, ümumilikdə götürəndə insanlar dini təfəkkürdən qopa, bəşəri ideyaları qəbul edə bilmir. Hələ də Şərq ölkələri və cəmiyyətləri köhnə ideyalara ilişik qalıb. Elmi, sekulyar düşüncə şərqdə böyük çətinliklə rastlaşır. Bunun köklü səbəbi nə ola bilər? Doğrudan da Şərq təfəkkürü modern dəyərlərə yaddır kimi fikir doğru hesab oluna bilər ya necə?
Şərq çox böyük bir məkandır. XI əsrdə böyük alim Əbureyhan Biruni deyirdi ki, Şərq mədəniyyəti İslam şərqinə aid deyil, Hindistan və Çinə aiddir. İslam şərqindəki mədəniyyət əski Yunan mədəniyyətinin ərəb dilinə təcüməsindən başqa bir şey deyildir. Çünkü mədəniyyət sadəcə din deyil, din mədəniyyətin bir üzvüdür, digər üzvlər olmadığında din də xurafələrə qərq olur. Yəni İslam aləmindəki mədəniyyəti bu xalqlar özləri zəhmət çəkib törətməmişlər, yunan və hind millətlərindən almışlar. Əlkindi, Əlxarəzmi, Farabi, İbni-Sina kimi böyük mütəfəkkirlər yunan mədəniyyətinin yetirmələridir. Bu üzdən İslam şərqindəki bütün fəlsəfi cərəyanların əsasında yunan ağlı durmaqdadır. Bunun iqlimlə əlaqəli olan səbəbi var. İslam şərqində illik ortalama yağışın miqdarı 15-35 santım arasındadır. Lakin Çin, Yaponiya, Avropada bu miqdar 180-200 santım arasındadır. Mədəniyyət də suların, çayların kənarında və bol yağmurlu yerlərdə boy atar. Bizim iqlimdə heç bir zaman mədəniyyət olmamış, bütün yazılanların hamısı yalan və iftiradır. Hanı, haradadır olmuşsa? Mədəniyyət ortaya çıxdıqdan sonra aradan getməz. Ərəbistanın, Mərkəzi Asiyanın, İranın səhralarında mədəniyyətmi olar? Bu iqlimlər savaş və yağma iqlimidir. Bu üzdən də böyük alim Yunq “Avropalaşma daş dövründən bəri başlamışdır” deyir. Yəni o dövrdən bəri millətlər şərqin susuz və quraq çöllərindən qaçaraq Avropaya və Çinə yerləşmək istəmişlər. Çin divarı buna mane olduğundan Qərbə yönəlmiş, Hinditsanı məhv etmişlər. Ərəblər, farslar və türklərin Hindistanda etdiyi yağmaların və öldürdükləri günahsız insanların sayı-hesabı olmamışdır. Mahmud Qəznəvi kimi bir yobaz və qaba sultan hindlilərin 200 ilə təsis etdikləri bir şəhəri tamamən tarixdən silib əhalisini qətl etdi, mallarını yağmalayaraq gətirib farsca yazan şairləri ödülləndirdi. Bizim dədələrimiz bəşər tarixinə çox zərər vermişlər. Səbəbi də öz soylarından iyrənmələri olmuşdur. Renessansdan sonra Avropa oyanıb gücləndi və bu axınların önünü kəsdi. Osmanlının Vyanadakı məğlubiyyəti ilə bu axınlar durdu. Vyana düşsəydi bəşər tarixində böyük fəlakət başlar və renessansdan sonra ortaya çıxan bütün faydalı inkişafı Osmanlı ortadan qaldıraraq öz sapıq köləci, cariyyəci və insan haqlarına sayqı duymayan İslam anlayışını Avropada da yayqınlaşdırardı. Avropda da indi azad qadınlar yerinə, daş-qalaq edilən qadınlar durumu ilə qaşı-qarşıya qalacaqdıq. Bu üzdən Vyana mühasirəsində şəhid olan avstriyalıları hər zaman sayqı ilə anmaq lazımdır. Necə ki, o dönəmdə Qərbin Martin Luter kimi aydınlatıcıları da bu şəkildə düşünmüşlər. Martin Luter deyir ki, Vyana düşsə, Avropa yağmacılar tərəfindən yenidən Orta Çağa geri dönəcək, ancaq bu dəfə xristian orta çağına deyil, İslam Orta çağına. Ya da Ərəblər Avropanı işğal edərək ömürlərində qarşılaşmadıqları sarışın Avropa gözəllərini özlərinə cariyyə edər və İslamı yaymaq adına öz ailəsi ilə kəndində yaşayan Avropa vətəndaşlarını gətirib kölə adı ilə satardılar və sonra “Allahın dinini yayırıq” kimi məsxərə bir iddiaları var idi. Bumu Allahın dini? 8- ci əsrdə əsrdə Fransadan Şarl Martel adında bir qəhrəman çıxdı və avroplalıları birləşdirərək sapıq və qatil ərəbləri Avropanın yaşıl qitəsindən uzaqlaşdırdı. Yüz minlərlə təcavüzkar ərəbi öldürdülər. Bir sözlə Şərqdə nə demokratiya, nə insan haqları təcrübəsi və tarixi olmuşdur. Bu üzdən əlinə fürsət düşən insan bu cəhənnəm ölkələrdən qaçıb Qərbdə insanca yaşamaq istəyir. Çünkü heç bir siyasi fəlsəfəmiz olmamış. Molla-feodal sinfinin mənfəətləri üzərinə gəlişdirilmiş şəriət düzəni hər növ insan haqları mərkəzli düşüncəni susdurmuşdur. Şərqdə düşüncəyə ağlını qapatmış millət ən çox biz türklər olmuşuq. Sadəcə qılınc və yağma ilə uğraşaraq bəşəriyyətə lazım olacaq bir kitab və bir düşüncə ürətməmiş, türkcəni ağıl və düşüncə dili etməmişik. Gerçək türk və türkcə tarixi əslində Atatürklə başlar, Atatürk öncəsi qaranlıqdır.
19-20-ci əsr Azərbaycan tarixindən sizin üçün 3 ən mühüm şəxsiyyətin adını çəkə bilərsiz?
Axundov sadəcə bizim deyil, qaranlığa gömülmüş bütün müsəlman ölkələri xalqlarının qəhrəmanıdır. Müsəlman şərqində ilk olaraq O, sekulyarizm haqqında bilgi verdi. Geriçi molla-feodal şəriət düzənindən qoparaq sekulyarizmə keçməklə qurtuluşun mümkün olacağını vurğuladı. Onun ateizmi kitab oxumağı yasaqlayan, ora-burasına zəncir döyən, qadın daş-qalağından yana olan, qadına haqq tanımayaraq onu qara paltarına büründürüb evdə həbs həyatı yaşadan, kişimərkəzli İslam anlayışından yana olan müsəlmanların möminliyindən çox, amma daha çox üstündür. Həsən Bəy Zərdabi də böyük şəxsiyyətdir, çünkü yüzillər boyu öz dilini məsxərə edən xalqa öz dilində qəzet açmaq cəsarətini göstərdi. Onun “əkinçi” qəzeti ilk dəfə olaraq müxtəlif görüşlərin qəzetdə bir araya gələrək qarşılaşmalarını sağladı. Və mənim üçün ən böyük şəxsiyyət olan Hüseyn Caviddir. Cavidin əsərlərini çox diqqətlə oxudum. İlk dəfə olaraq dilimizdə fəlsəfi dərinliyi olan dram əsərləri yazdı. Cavidin milliyətçiliyi də bölgəsəl deyildir, qlobal əxlaq anlayışına dayanmaqdadır. Cavid yaradıcılığında ilk dəfə olaraq ana dilimiz səfəvizədə tarixi mühiti aşaraq aydın üfüqlərə qovuşur. Dilimiz öz geniş imkanları ilə mənzum fəlsəfi əsərlərlə qarşılaşır.
O dövrün iki intellektual axını var idi, Molla nəsrəddinçilər və Füyuzatçılar.
Üç qrup var idi. Üçüncüsü də nə molla nəsrəddin xəttində idi, nə də füyuzat. Ortada bir yerdəydi və bu ortada olanların dili daha gözəl idi. Dil çoxluğa xitab edəndə çox sadə olar. Molla Nəsrəddin də çoxluğa xitab edirdi. Amacı kütlədə oyanış yaratmaq idi. Seçkinlərə xitab etmək fikri də yox idi. Molla Nəsrəddinin dili ilə fəlsəfi əsər, dərin məzmunlu bir mətn yazmaq olmazdı. Kəndli dili idi. Başarısının da səbəbi bu idi. Çünkü bizim xalqın şəhər həyatı yox dərəcəsində idi və çoxu kəndli idi. Füyuzatın dilini əsla sevmirəm, çünkü heç bir qrammtikası olmayan saxta osmanlıca dildə yazırdılar və kimsə də anlamırdı. Əli Bəy Hüseynzadənin bütün əsərlərini oxudum. Orada türkçülüklə bağlı bir tək cümlə ilə qarşılaşmadım. Onun türkçülüklə nə əlaqəsi var? İrançı kimliyi içində barındıran osmanlıçı olmuşdur. Hətta bir yerdə türkcə ilə farscanın eyni dil olduğunu savunacaq dərəcədə qeyri-elmi bir iddiada bulunmaqdadır. Üçüncü yol isə Çəmənzəminli, Cabbarlı, Cavid yolu idi. Bunlar dili öz kökü üzərində yüksəltməyə çalışırdılar. Bunlar kütləyə deyil, seçkinlərə yazırdılar. Bütün xalqlarda belədir, seçkinlərə xitab edən dillə kütləyə xitab edən dil fərqlidir.
Azərbaycanlılar, keçmişə hara qədər öz tarixi, mədəniyyəti kimi iddia edə bilər? İndiki azərbaycanlının tarixi, milli kimliyi haradan başlayır?
İndiki Azərbaycanlının tarixi mənə görə Türkmənçaydan sonra başlayır. Gerisində zatən heç bir şey yox. Sərt ümum şərq qaranlığından başqa bir şey deyildir. Bir millət var ola bilməsi üçün tarixə ehtiyacı yoxdur. Finlərin heç tarixləri yoxdur. Yüksəlmək üçün modern ağla ehtiyac var. Torpağa gömülmüş yağmacı şahlarmı ya qaba və qaranlıq görüşlərimi bizə yardım edəcək? Bizdə də bir renessans olmalı və modernləşən ağlımızın bağlarını tarixin qaranlıqlarından qoparmalıdır. Hər qopuş bir yeniliyə yol açar. Şərqlə Qərb insanının bir özəlliyi də budur: Şərq insanı keçmişin nostalgiyası ilə duyğulanıb durarkən, Qərb insanı gələcəkdə nə olacağının həyəcanını yaşar. Bu üzdən Qərb heç bir tarixi mərhələyə bağlı qalmadan sürətlə irəliyə doğru sıçrarkən, Şərq öz qaranlıq keçmişində saplanıb qalmışdır. Şərqlilərin iddiası budur ki, keçmişdə böyük olmuşlar! Nə zaman olmuş bu? Hər zaman Şərq tarixində insanın yaradıcı və aydınladıcı ağlı zindan həyatı yaşamışdır. Tarixdə hadisələrə deyil, ideyalara diqqət etmək gərəkir. Türkmənçay öncəsi tarixdə ərəb-fars milliyətçiliyi ideyaları hakim olmuş və türk şahları da cahilcəsinə bu ideyalar yolunda fədakarlıq etmişlər. Anadoluda Atatürkdən, Qafqazda Türkmənçaydan sonra milli kimlik mehvərli tariximiz başlar.
Bəzi fikirlərə görə, ədəbiyyatımızın əsaslı, bugün üçün də vacib olan hissəsi Axundovdan başlayır. Məsələn Füzulinin yaradıcılığı bu gün üçün praktiki anlamda heçnə vermir adi oxucuya. Nə düşünürsüz bu haqda?
Modern ədəbiyatımız, yəni dilin öz kökü üzərində yüksələrək sosial mövzuları ələ alan ədəbiyatımız Axundovdan başlayır. Axundovdan o tərəfə bir şey yoxdur, olanları da kimsə anlamaz. Axundov öncəsi ədəbiyyatı anlamaq üçün farsca və ərəbcən də olmalıdır. Bu, o deməkdir ki, bu ədəbiyyat kimsəyə gərək deyil və heç kim də bunu oxumayacaq. Ancaq məsələn fars dilindəki klassik ədəbiyyat bizimki kimi deyil. IX əsrdən etibarən meydana gələn fars ədəbiyyatının əsas amacı ərəbcəçiliyə qarşı savaş açmaq idi, türkcənin də zatən kültür dili olmadığı üçün farscaya təsiri olmamışdır. Bizim klassik ədəbiyyat ərəbcənin və farscanın basqısı altında saxta bir dildə yazılmışdır. Bəziləri deyirlər ki, o zaman belə olmuş, bu doğru deyil. Niyə sadəcə türkcə yazılan əsərlər belə olmuş da, farsca yazılan belə olmamış? Füzulinin qabardılmasının səbəbi odur ki, bizim Füzulidən başqa kimsəmiz və yazarımız yox. Füzuli də Əlişir Nəvai məktəbinin yetirməsidir, özünün məktəbi olmamışdır. Hətta Füzulinin “Leyli və Məcnun” əsəri həm “Məfulu məfailun fəulun” vəzni, həm də məzmunu ilə Əlişir Nəvaidən iqtibas edilmişdir. Doğrudur, ilk dəfə Xaqani Şirvani bu vəzndə farsca “Töhfət-ul İraqeyn” əsərini yazmışdır. Xaqaninin əsərlərini farsca bilən hər kəs anlar. Füzuli və Əlişir anlaşılmaz. Onlar türkcəni yüksəltmək istəsələr də başarmamışdılar. Bunun bir səbəbi mənə görə türk dilinin tarixdə nəsrə girməməsidir. Dil nəsrə girdiyində öz qrammatik imkanlarını sərgilər. Şeirdə qrammatik bilgiyə gərək yoxdur. Fars dilində şeirlə nəsr yanaşı inkişaf etmiş və farsca şeir yazan hər kəsin dil bilgisi olmuşdur. Füzulinin türkcə dil bilgisi olduğunu sanmıram. Çünkü türkcənin dil bilgisi məktəblərdə, ya da o zaman məscidlərdə öyrənilməli idi ki, bu da olmamışdır. Bu üzdən türkcə çox az olan şeirlər də türkcə nəsrlə bir yerdə inkişaf etmədiyi üçün şairlərin ağlında dolaşan dil bilgisi farsca olmuşdur. Buna görə də klassik ədəbiyatımız fars dil bilgisi əsasında yazılmışdır. Füzulinin qəzəlləri gözəldir, lakin onu bütün əsərlərinə görə dəyərləndirmək lazımdır. Məsələn Füzulinin “Hədiqət-üs Süəda” kitabı başdan sona qədər xurafatdır. Bir millətin ağlını qaranlığa gömmək üçün bu kitab yetərlidir və nə yaxşı ki, kimsə onu oxuya bilmir. Füzulinin bu əsəri güya türkcə nəsr sayılır. Ancaq fars qrammatikası əsasında və ərəbcənin ağır sözləri ilə yazılmış, bəzən də ortada türkcə sözlərə oxucunun gözləri toxunur. Buna türkcə ədəbiyyat deməzlər. Onlar təmiz türkcədə yaza bilərdilər, ancaq bu əziyyətə qatlaşmamışlar. Təmiz türkcə əruz şeiri də yazmaq mümkündür və mən bunu öz yaradıcılığımda təcrübə etmişəm. Bütün Şərq ədəbiyyatı fonunda Füzulini dəyərləndirərsək (ki, Axundov o şəkildə dəyərləndirmişdir), Füzuli nə Cəlaləddin Rumi, nə Hafiz, nə Xaqani, nə Əttar, nə Xosrov Dehləvi səviyyəsində şairdir. Onlar geniş düşüncə üfüqlərinə görə türk dilini fəlsəfəyə də sövq edə bilərdilər. Şərq dilləri arasında fəlsəfəyə uyğun olan dil türkcədir. Çünkü türkcənin söz dağarcığı çox və özünü genişlətmə imkanları yüksəkdir. Türk dilində elə sözlər və feillər var ki, fars və ərəb dillərində ümumiyətlə qarşılıqları yoxdur. Məsələn durdurmaq, saxlatdırmaq, dərinləşdirmək, gülüşdürmək, güləşdirmək, ... kimi minlərcə feilin ümumiyyətlə qarşılıqları yoxdur. Lakin bizdə dil və kültür aristokratiyası, şəhər həyatı olmadığından dilimizə sahib çıxan olmamışdır. Ədəbi keçmişin tarixi dil aristokratiyasında saxlanar. Bu da olmamışdır. Bu qədər geniş imkanlarına baxmayaraq, farsca qarşısında türk dilinin tarixi mətnləri və bilgi qaynağı çox azdır. Füzulinin farsca əsərinin həcmi türkcədən ən az on dəfə artıqdır.
Ardı var...
Kultura.az
Güntay Gəncalp
Hüseynov Nurlan