post-title

Şenderoviç. Poeziyaya yadsansa, qan qrupun başqadır

Tanınmış rus satirik yazıçısı oxuduğu kitablar və rus ədəbiyyatı haqqında

 
 
"Dramaturgiya ümumiyyətlə peşəkar baxımdan ən çətin janrdır. Orada ilham bəs eləmir."
 
Viktor Şenderoviç
 
Oxuduğum kitablar haqqında
 
 (2-ci hissə)
 
XX əsr rus ədəbiyyatından isə mənə ən çox təsir edəni Yuri Trifonovun Moskva povestləri, ondan sonra romanlarıdır. “Qoca”, “Zaman və məkan” əsərlərini yadımıza salaq. Böyük yazıçıdır. Ölümündən keçən 30 il ədəbiyyatda qaldığını göstərdi.
 
O, dəb deyildi, Trifonovun povestləri və romanları həmişə rus ədəbiyyatında qalacaq.
 
Vasiliy Şukşinin yeri tamam ayrıdır. Onun "Kəsdi", “İnciklik” povestləri rus ədəbiyyatının ən yaxşı nümunələridir. Mən onları “qaynar yazılar” adlandırardım. Yəni yazıçı özü ağlayır, gülür. Quraşdırmağa çalışmır. Yazıçı son zamanlar dəbdə olduğu kimi, qəti görünməməyə çalışanda temperatur sıfır dərəcəyə düşür, soyuq olur. Trifonov və Şukşin soyuq deyillər.
 
“İnciklik”də Şukşin incikliyi, onun göz yaşları, əsəbi, gülüşü necə də görünür... Emosional baxımdan özündən keçirdiyin nəsrin qiyməti yoxdur. Soyuq burunla yazılan əsərdə yazıçı ustalığını, süjet döngələrini, kompozisiyanı qiymətləndirə bilərəm... Amma dediyim kimi, özün ağlamasan və gülməsən, oxucu da biganə olacaq. Əgər mən yaza-yaza özüm gülürəmsə, deməli, oxucu da güləcək. Ürəyim döyünürsə, oxucunun da ürəyi döyünəcək. Bu mənada Flobersayağı “Madam Bovari – mənəm” ən dəqiq yazıçı reseptidir. Şukşin, Trifonov özlərindən keçirərək yazıblar, Brodskinin ən yaxşı şeirləri də bu cür yazılıb.
 
***
 
Məni dəyişdirən insanlardan biri, bəlkə də sonuncusu Brodskidir. Mən onu oxuyanda artıq oturuşmuş insan idim, 30-u haqlamışdım. Ona Nobel mükafatı hələ verilməmişdi. Oxumağa başlayanda sarsıldım, heç ağlıma da gəlməzdi ki, məni, 30 yaşlı adamı nə isə belə dəyişdirə bilər. O, məni dəyişdirdi.
 
Təkcə poetik düşüncəmi deyil, davranışımı da dəyişdirdi. Sosial davranışa nümunə oldu. Onda formulaya bənzər fikirlər var və mən onları yadımda saxladım. Bəlkə də onlara uyğun yaşamıram, amma içimdə onlar öz yerini tapıb. Onun etikası, individualizmi, prozası, ləyaqəti, insan anlayışı, tarix anlayışı – mənə güclü təsir göstərdi.
 
Yetkin Brodski daha mürəkkəbdir. Mənə görə, Brodskinin ən yaxşı vaxtı - «Зимним вечером в Ялте» şeiridir, 1960-cı illərin sonu, 70-ci illərdə yazılıb, o zaman o, mənim fikrimcə, kamilliyə çatmışdı. Mürəkkəb şeirlər idi, amma hələ insan idrakı onları qəbul edə bilirdi.
 
Sonra o, eksperimentlərə başladı. Brodskinin ölümündən sonra Viktor Qolışev “Novaya gazeta”da onun bir məktubundan şeirini çap etmək qərarına gəldi. Şeir puşkinsayağı vəzndə yazılıb. Asan, gözəl, əla bir şeirdir. 1990-cı illərdə, ölümündən bir qədər əvvəl, mürəkkəb şeirlər yazdığı vaxtda yazıb onu da. O puşkinsayağı qafiyələrisə o şeir saymırdı. Hərçənd, möhtəşəm yazıb!
 
Çoxları deyirdi ki, Brodski dəbdir. Amma 20 il keçib ölümündən, dəb qalmazdı indiyə.
 
Məni formalaşdıranlardan biri də Volodindir. O, pyeslər də yazıb. Volodin şeirləri, onun intonasiyası, sanki heç şeir deyil, danışıq intonasiyası idi, xalis insani danışıq. Sanki danışıq təsadüfən misralara bölünmüşdü. Xoşbəxtəm ki, onunla şəxsən ünsyyətim olub. Şeirlərinin onun özünə çox oxşaması məni heyran etmişdi.
 
***
 
ХХ və XIX əsr rus poeziyası – havadır.
 
Pasternak ilə nəfəs alırdıq. Sonra Mandelştam gəldi, o da hava oldu. Gündəlk, daxilən, əzbərdən oxumaq üçün. Poeziyanı heç nəylə əvəz etmək olmaz. Mandelştam, Samoylov, Levitanski, Tarkovski olmasaydı, mən bu mən olmazdım. Biz (öz çevrəmin adından danışıram)  poeziya oxuyurduq, yoxsa yaşamaq mümkün olmazdı. Burada paytaxtlıq, yaxud başqa bir şəkildə snobizm yoxdur. Əgər sən poeziyaya yadsansa, qan qrupun başqadır.
 
***
 
Qriqori Qorin haqda danışmaq çətindir. İnsani qavrayışım oxucu qavrayışımı dumanlandırır. Mənə demişdi: "Sənin ravvinin olacam.” O, məni həyatım boyu izlədi, kömək etdi, məsləhət verdi, qorudu.
 
Onun mənim həyatımda insani rolu elə böyüykdür ki, mənə onun haqqında bir oxucunun dramaturq haqda danışdığı kimi danışmaq çətin gəlir. Nəfəsim kəsilir. Hərçənd, yazıçı kimi də o, böyük yazıçıdır.
 
“Həmin o Menhauzen”i yazanda 32 yaşı var idi. Dramaturgiya ümumiyyətlə peşəkar baxımdan ən çətin janrdır. Orada ilham bəs eləmir. 16 yaşda «Белеет парус одинокий» yazmaq olar. Amma pyes yazmaq olmaz, ona kompozisiya ustalığı və başqa peşəkar keyfiyyətlər lazımdır. Dramaturq – yaş peşəsidir.
 
Artur Rembo (Arthur Rimbaud) 18 yaşda ola bilərsən. Dramaturgiya isə xeyli yaş istəyir.
 
24 yaşında “Mandat”, 28 yaşında “İntiharçı” pyesini yazan Nikolay Erdman istisnadır. Adətən dramaturgiya belə tez yetişmir. Qorin 32 yaşında “Həmin o Menhauzen”i yazmışdı. O, zarafat etməyi öyrənməzdən əvvəl çatdırıb düşünməyi öyrənmişdi. İndiki dövrdə nadir bacarıqdır. Onun dramaturgiyasının alt qatında əsl ağıl və etika dayanır. O, xeyir və şəri dəqiq ayıra bilirdi. İronik idi. Amma bu bayağı deyildi, intellektin ali ironiyası idi...
 
***
 
Brodskidən danışarkən Dovlatov haqda susmaq olmaz. Biz o yazıçıların müasiri olmuşuq. Ədəbiyyat kimi əladır.
 
Onların aldadıcı sadəliyi bəzi ehtiyatsız insanlara o əsərləri hər kəsin yaza biləcəyi yazılar, qeyri-ədəbiyyat adlandırmağa imkan verir. Hanı, hamı yaza bilərsə, yazsınlar, amma nəsə görmürük.
 
Dovlatovdan danışanda “Mənəvi dərs” demək təəccüblü səslənir.
 
O özü bu sözləri heç vaxt dilə gətirməyib, zövqü buna imkan verməyib. Amma onda ibrətamizlik var. Sakit insani ləyaqət dərsi var və bu dərs ondadır ki, insan özündən son dərəcə narazıdır. Dovlatov özündən son dərəcə narazı idi. O, özü haqda çox pis fikirdədir, özünün xoşuna gəlmir. Mələk olmadığını bilir. Özündən başqa heç kəsdən xoşu gəlməyən adamların fonunda özündən xoşu gəlməmək onu çox cəlbedici edir. O, öz qeyri-mükəmməlliyindən səmimi qüssə duyur. “Kompromis” povesti bu haqdadır.
 
Kağız təmiz söhbət yeridir, onu aldatmaq olmaz. Dovlatovu oxuyanda onun bütün həyatı boyu iztirab çəkdiyini görürsən. İflas, kompromislər, yanılmalar. Bütün problemlər bundan doğur. O, özünə qədər də edilmiş hiyləgərliyi edir. Saşa Çornı deyir: “Я истину тебе по-дружески открою: Поэт — мужчина. Даже с бородою”. Əlbəttə, biz başa düşməliyik ki, “mən” – bədii əsərin bir parçasıdır.
 
Dovlatov dəhşətli bir iş görüb – qəhrəmana öz adını verib. Ehtiyatsız insanlar bu quyuya düşüblər. Amma bu, müəllifin özü deyil, hərçənd onun bioqrafiyasından, refleksiyasından əlamətlər var. Bu refleksiyalar faktnın özü müəlliflə qəhrəman arasında məsafə qoyur. Maraqlı effektdir. Dovlatov bunu edib və qələbə çalıb...
 
O, öz familiyasına qarşı qorxmadan, amansız davranır. Bir sözlə, onu oxumaq zövq verir. Bu, həm də dil və üslub zövqüdür. Amerikada o, əvvəlki hekayələrinin bir çoxunu yenidən yazdı, onları səslənmək baxımından mükəmməl səviyyəyə çatdırdı.
 
Onda Babel səviyyəli ifadələr var. "Kompromis"dən bir cümlə:
 
"Покойный, разминувшись с именем, казался вещью".
 
"Filial"da üzür, bilir ki, qız ona baxır. Sonra qalxır... Orda bir cümlə var:
 
"Признаться, я готов был дисквалифицировать весь Финский залив". Gözəl yazılıb, ona görə təkrar-təkrar oxumaq olur. Dilindən də zövq alırsan.
 
Bu da zamanın sınağından çıxmış nəsrdir. Dəb gedib, Dovlatov qalıb.
 
Son vaxtlar isə bədii ədəbiyyat oxumuram, etiraf edim. Bu o demək deyil ki, bugün yaranan bədii ədəbiyyat pisdir. Sonunculardan Meir Şalevanın adını çəkə bilərəm, İsrail yazıçısıdır.  Onun "Rus romanı", "Göyərçin və oğlan"ı çox gözəl əsərlərdir. John Faulz, Umberto Eco... Amma mənim daxilimdə doymuş məhlul var, sərbəst valentlik yoxdur.
 
Son vaxtlar əsasən qeyri-bədii ədəbiyyat oxuyuram....
 
Bir də ki, əgər bir kitabı, məsələn, sən Meir Şalevanıı oxuyursansa həmin vaxt heç nə yazmamalısan. Sanki maqnit zonasına düşürsən və bu maqnit sənə çox güclü təsir edir.
 
***
 
ХХ əsrin əvvəlində şair Bryus çox dəbdə idi. Nə oldu, onun bir misrası da qalmadı. O zaman Setayeva, Blok, Axmatova, Xodaseviç, Mayakovski, Qumilyov, Paternak, Mandelştam yazırdı, amma əsas rus şairi Bryus hesab olunurdu. Kimin birinci, kimin ikinci, kimin yeddinci olması bizim işimiz deyil. Mayakovskiyə deyəndə ki, sənin əsərlərin yaşamayacaq, gündəmə aiddir, o demişdi: "İki yüz il sonra gələrsiz, danışarıq". Haqlı çıxdı. Mayakovskinin yaxşı şeirləri qalır, qalacaq.
 
Həll etmək bizim işimiz deyil. Bizim işimiz Boris Leonidoviç demişkən, "sağ qalmaq, yaşamaq və yaşamaq"dır.
 
"Tomskiy Obzor"
 
(Azadliq.org)
Yuxarı