Seyran Quliyev: Problemə dair düşüncələr ( fəlsəfə + )
Son günlər dünayada və ölkədə baş verən məlum pros…
Qısası, Xaricdə Təhsil üzrə dövlət proqramın ümumi xeyrini danmasam da, “belə bir proqram bizə lazım idimi?” sualına, nadanlıq olmasın, “lazım deyildi” cavabı verə bilərəm. Niyəsini sadalamaq üçün çox adam (proqrama azdan çoxdan bəlli olanlar) bu günlərdə müxtəlif arqumentlər səsləndirdi. Mən bu arqumentlərlə razılaşıram və onları təkrarlamayacağam. Məqsədim proqramın yararlılığını ümumi müzakirə etməkdir.
Xaricdə Təhsil üzrə Dövlət Proqramının qismən yekunlaşması ilə əlaqədar olaraq sosial şəbələlərdə xeyli müzakirələr getməkdədir. Səslənən təriflərə və tənqidlərə baxmayaraq, bütün bu həyata keçirilən layihələrin uğuru hər kəsə məlumdur. ASAN xidmət nə qədər adamı süründürməçilik və rüşvət əzab-əziyyətindən xilas elədi. ADA bir qrup seçmə tələbələrə yüksək keyfiyyətli təhsil və aktiv tələbə həyatı verdi. Xaricdə Təhsil Dövlət Proqramı çox minlərlə Azərbaycanlının xaricdə təhsil almasına şərait yaratdı və s. Bunlar şübhələndirilməyəcək faktlardır. Məsələ isə başqadır. Məsələ odur ki, resurslar məhduddur. Pul qurtara bilər. Ələxsus da, bu hökumətin əlində səxavət çox məhduddur. O proqramın, o layihənin ki, “otkat” imkanları azdır, onun reallaşması çətin məsələdir. Gərək müəyyən sosial təzyiq, sosial narazılıqlar və s. olsun. Əlbəttə, bu çox ölkələrdə belədir. Demokratiya və s. həmişə zorla gəlib. Öz xoşluğuyla heç bir hakimiyyət proqressiv olmayıb. Demokratik islahat qurban tələb edir. Hamı da istəyir ki, bu qurbanı başqası versin. Bu başqa mövzudur.
Əgər bir ölkədə dövlət (bəri başqan qeyd edim ki, mənim üçün dövlət və hökumət eyni şeydir. Bunları ayırmağa çalışan adam sadəcə öz arqumentini tavtoloji dəstəkləmək üçün özündən belə bir ayrım ixtira edir) müəyyən iqtisadi inkişaf həyata keçirmək niyyətindədirsə, o, buna sistemli yanaşmalıdır. Avropa tərəflərdə buna milli innovasiya sistemi (National İnnovation System) də deyirlər. Milli İnnovasiya Sistsemi elə bir yanaşmadır ki, dövlət-təhsil-istehsal&xidmət sahələrinin qarşılıqlı əlaqədə olduğu bir sistemi təşviq edir. Yəni, bugün iqtisadi inkişaf yalnız bu üç sahənin əlaqəli fəaliyyəti nəticəsində baş verə bilər. Dövlət təhsil və biznesə dəstək olur, biznes təhsil və dövlətə yatırım edir, təhsil və dövlət də biznes üçün kadrlar yetişdirir. Bizimkilər neyniyir? Götürürlər bir sahəni, orada paralel struktur formasında uğurlu bir nümunə yaradırlar və bunu ümumi sistemin uğuru kimi qələmə verirlər. Bu yanaşma uzunmüddətli və davamlı ola bilməz.
Məsələn, mənim ADA Universitetindən çox xoşum gəlir. Tez-tez gedib orada kitabxanadan istifadə edirəm. Mühit yaxşıdır, tələbələr ünsiyyətcildir, işçilər də mehriban. ADA-nın təlimlərində iştirak etmişəm, eyni zamanda, ADA tələbələrinə dərslər də vermişəm. O tələbələrin necə güclü, çalışqan və perspektivli olduqlarını da görmüşəm. Həm mənə göstərdikləri dəstəyə, həm də keyfiyyətli tələbə yetişdirdiklərinə görə ADA-ya şəxsi təşəkkürümü bildirirəm. İcazə verin məsələnin “amma”-sına gəlim. Dövlət təhsil siyasəti həyata keçirirsə, bu ayrıseçkilik olmadan, ümumi sistemdəki maneələrin aradan qaldırılmasına yönəldilməlidir. Bu edilirmi? Edilmir. Əvəzində nə edilir? Dövlət subsidiyası hesabına dolanan 300 tələbənin oxuya biləcəyi bir “elit” universitet yaradılır, hansının ki, illik büdcəsi bəlkə Bakı Dövlət Universitetindən də çoxdur, hansında ki, 18000-dən artıq tələbə təhsil alır. ADA-da sinif otaqlarına qiyməti 20.000 Avroluq monitorlar qoyurlar, Bakı Dövlət Universitetində kitabxanaya kitab almağa pul yoxdu. ADA-da milyonluq infrastruktur tikirlər, BDU-nun normal fizika, kimya laboratoriyası yoxdur. ADA-ya xaricdən müəllim gətirirlər, BDU-nun müəllimi 300 AZN maaş alır. Bu, əziz dostlar, uğur deyil. Bu qədər pulu kimə versən ADA kimi bir infrastrukturu yaradıb idarə edərdi. Bu, hünər deyil. Hünər 18.000 tələbənin təhsil aldığı bir universiteti “düzəltmək” olardı. Hünər İqtisad Universitetini rüşvətdən təmizləmək, Pedaqoji Universiteti ölkənin ən vacib universitetinə çevirmək olardı. Hünər vaxtında, bizim kimi inkişaf etməkdə olan ölkənin təhsil sistemində əslində universitetlərdən dəfələrlə daha əhəmiyyətli olan peşə məktəbləri sistemi qurmaq, məktəb məzunlarının əksəriyyətini peşə məktəblərinə yönləndirmək və əslində aparılsaydı uğurlu ola biləcək sənayeləşmə siyasəti çərçivəsində əmək bazarında keyfiyyətli təklif formalaşdırmaq olardı. Yoxsa, sən gəl milyonları tök balaca bir layihəyə ki, burada 300 tələbə təhsil alacaq. Bəs geridə qalan 80 000 tələbə nə olacaq? Təsəvvür edin ki, Azərbaycanda ADA universitetindən başqa heç bir universitetin əksər akademik jurnal və statistik databazalara çıxışı yoxdur. Qalıblar beynəlxalq fondların, nəbilim, təşkilatların və elə o databazaların özlərinin mərhəmət və səxavətinin ümidinə. Ona görə də, ADA Universiteti nə qədər inkişaf etmiş, nə qədər bilik və savad mərkəzi olsa da, orada işləyən və təhsil alan insanlar Azərbaycanın “uğur hekayəsi” ola bilməzlər. Onlara çəkilən xərclər digər minlərlə tələbəyə və müəllimə çəkilməyən xərclərdir. Üstəlik, belə bir təşəbbüs Qafqaz, Qərb, Xəzər Universitetləri kimi az-çox rüşvətin olmadığı, qohumbazlığın olmadığı və müəyyən qədər sağlam mühit yaratmağa çalışan özəl universitetlərin rəqabətədavamlılığını zəiflədir. Bu universitetlərdə ADA-dan xeyli az maaş alan müəllimlərin yaxşılarını dartıb aparırlar oraya. Halbuki, o boyda BDU və İqtisad Universiteti əvəzinə məhz bu özəl universitetlər bugün Azərbaycanda əmək bazarında keyfiyyətli təklif formalaşdıra bilir. ADA-da oxuyan tələbələrin əksəriyyəti isə imkanlı ailələrdən gəlir və onlar çox rahatlıqla xaricdə də təhsil ala bilərdilər. Əgər hökumət digər universitetlərə normal sərmaye qoysaydı, onların idarəetməsini və fəaliyyətini “düzəltsəydi”, bəlkə də heç xaricə getməklərinə də ehtiyac olmayacaqdı. Nəhayət, ən vacib bir sual cavabsız qalmamalıdır: bu böhranın ortasında sabah ADA universitetinin pulu kəsiləndə ADA universiteti özü-özünü saxlaya biləcəkmi? Mən buna şübhə edirəm. A kişinin oğlu, heç Massaçusets Texnologiya Universitetinin sinif otaqlarına 20 000 manatlıq monitor qoymurlar. Bu ADA bu infrastrukturu nətəhəri saxlayacaq? Təki saxlasın, ümid edirəm ki, çətinliklə üzləşməzlər və ən azından çəkilmiş bu qədər əziyyət boşa getməz.
Bizlərə digər bir uğur hekayəsi kimi nümunə göstərilən ASAN xidmət barədə də eyni şeyləri demək olar. Əlbəttə, mən özüm ASAN xidmətdən dəfələrlə istifadə etmişəm. İşlərimi çox rahat, əziyyət çəkmədən, az xərclə həll ediblər. Allah oranı quranlardan və oranın işçilərindən razı olsun. Allah onlara can sağlığı və uzun ömr bəxş etsin. Mən onlara şəxsən təşəkkürümü bildirirəm. Eyni zamanda, bu minnətdarlıq və məmnuniyyət hissi mənə mane olmur ki, “ASAN xidmət bir qurum olaraq mütləq vacib idimi?” sualını verim. Mənim bu suala cavabım budur ki, “lazım deyildi.” ASAN xidmətin yaradılması, onun nə qədər professional və uğurlu olmasından asılı olmayaraq, bürokratiyanın sual altına qoyulması deməkdir. Bürokratiyanın ən əlahiddə məqsədi vətəndaşa xidmət etməkdir. Onun sənədlərini yoluna qoymaq, işlərini rəsmiləşdirmək və digər hüquq və mükəlləfiyyətlərini yerinə yetirmək imkanı yaratmaqdır. Əgər bürokratiya bunu etməyə qadir deyilsə, əgər OVİR-in qarşısındə bir gecə əvvəldən növbəyə durmaq, içəridə də rüsumla əlavə 50 manat rüşvət vermək şərtdirsə, əgər şəxsiyyət vəsiqəsini dəyişmək üçün rayon polis idarəsinə gedib “get bunu orda o qızda kserekopya elə gətir” kimi süründürməçiliklə üzləşmək qaçılmazdırsa, əgər torpaq alqı-satqı idarəsi bazar qanunlarıyla işləyirsə, bunu dəyişmək üçün paralel bir qurum yaratmağa ehtiyac yox idi. Problemlərin özünü həll etmək lazım idi. Almaniyası olsun, Hollandiyası olsun, nəbilim müqayisə elədiyiniz heç bir inkişaf etmiş dövlət öz bürokratiyasını sual altına qoyub paralel xidmət qurumu yaratmaz. Dilim qurusun, amma, Allah haqqı, belə inkişaf olmur.
Gələk Xaricdə Təhsil üzrə Dövlət Proqramına. Şübhəsiz ki, bu hökumətin həyata keçirdiyi ən uğurlu proqramlardan idi. Mən Dövlət Proqramının ilk istifadəçilərindən biri və proqramın məzunu olaraq hesab edirəm ki, bu proqram mənə öz həyatımı qurmağa, həyatımı dəyişməyə imkan verdi. Mənim xaricdə oxumağıma ildə 20 000 Avro lazım idi. Mən bu pulu haradan tapacaqdım? Həmin vaxt ailəmin məni heç ADA-da oxutdurmağa da imkanı yox idi. Məhz bu proqram sayəsində mən həm öz kariyeramı qurmağa müvəffəq oldum, həm də digər insanlara yardım etməyə çalışıram. Ümumiyyətlə, bir haşiyə çıxım. Azərbaycanda bir az uğur qazanmış hər kəsin bir mənəvi borcu var ki, o, hansısa formada digərlərinə də yardım etməlidir. Biz, Almaniyada yaşamırıq ki, hər kəs öz işi ilə məşğul olsun. Bizdə uğurlu olmaq əksər hallarda şəraitə görədir. Adamın özünə görə deyil. Hər il kənd məktəblərindən məzun olan minlərlə şagirddən neçə nəfəri müəyyən uğur qazanmağa müvəffəq olur? Deyərdim ki, çox az hissəsi. Bəs bu onlarınmı günahıdır? Əlbəttə ki, yox. Özünüinkişaf lazımdır, amma o da bir yerə qədər işləyir. Xüsusən də, Azərbaycanda. Durub Qazağın, Oğuzun, Xızının, Masallının, Daşkəsənin dağ kəndlərində uçuq daxmalarda təhsil alan (əslində almayan, ala bilməyən) bir kənd uşağına “Uğur sənin öz əlindədir dostum, əgər sən istəsən hər şeyə nail ola bilərsən, yetər ki, istə! O kəslər ki, uğurlu deyillər, bu onların öz günahıdır!” demək həyasızlıq və riyakarlıqdır olmaqla yanaşı həm də gülməlidir. Ona görə də, dövlətin etmədiyini heç olmasa bizlər, müəyyən qədər uğur qazana bilmiş insanlar etməlidirlər. Çünki bizim qazandığımız uğurun 90 %-ı bizdən asılı olmayan səbəblərdən qaynaqlanır. Belə deyək, sadəcə bəxtimiz gətirib. Ona görə də, bu proqramı başlayanlara, həmçinin Təhsil Nazirliyində bu proqramı həyata keçirən işçilərə özümün və xaircdə təhsil almış dostlarımın adından dərin minnətdarlığımı bildirirəm. Orada işləyən mütəxəssislər və maliyyə şöbəsi bizim problemlərimizi pis-yaxşı həll edirdilər, nəzərə alsaq ki, bu ölkədə 300-500 manata dolanmaq həqiqətən çətindir, nazirliyini siravi bürokratlarına dəyər vermək lazımdır.
Qısası, Xaricdə Təhsil üzrə dövlət proqramın ümumi xeyrini danmasam da, “belə bir proqram bizə lazım idimi?” sualına, nadanlıq olmasın, “lazım deyildi” cavabı verə bilərəm. Niyəsini sadalamaq üçün çox adam (proqrama azdan çoxdan bəlli olanlar) bu günlərdə müxtəlif arqumentlər səsləndirdi. Mən bu arqumentlərlə razılaşıram və onları təkrarlamayacağam. Məqsədim proqramın yararlılığını ümumi müzakirə etməkdir.
İndi deyəcəm ki, bəs bu proqramın əvəzinə – yuxarıdakı fikirlərimi tamamlayaraq – sistemli şəkildə xaricdən müəllimlər, professorlar, və ən vacibi – peşə məktəblərinə inzibati və tematik peşəkarlar, rəhbərlər və müəllimlər gətirsəydilər daha faydalı olardı, bir qrup adam çıxıb deyəcək ki, nə ziyanı var, bu da olardı, o da olardı. Əzizlərim, əgər hər şey mümkün olsaydı, o zaman niyə olmadı? Bu hökumət bu proqrama müəyyən büdcə ayırıb. Ayıra bildiyi bu qədərdi. Niyə bu qədərdi, niyə çox deyil, bu başqa məsələdi. Hər nədi, budu. Əlbəttə ki, Avropa Oyunları, Formula 1 kimi mənasız (oxu: kim üçün mənasız?) və faydasız (oxu: kim üçün faydasız?) layihələrə sovrulmuş milyonlarla dollarlara çox işlər görmək olardı. Bütün peşə məktəblərinin maddi-texniki bazasını ən yüksək səviyyəyə çıxarmaq olardı. Paul Kruqman müəllimin özünü dəvət eləmək olardı ki, gəlsin bizə iqtisadi inkişaf məsləhətləri versin. Amma, biz bu büdcənin necə xərclənməsini müzakirə ediriksə, deməli məhdud resurslarla maksimum faydalı iş görmək haqqında danışırıq. Mən də deyirəm ki, 3 ildə mənə 60.000 Avro xərcə çəkib bir tələbəyə təhsil verilər, amma bu pulu, olsun lap iki dəfə çoxunu, mənə dərs deyən professorların istənilən birinə verib, onu BDU-ya, yaxud İqtisad Universitetinə gətirib bu təhsili 50 tələbəyə vermək olardı. Haradasa 1 milyon xərc çəkib bütün fakültəni yeniləmək olardı. Bu, ildə 300-400 tələbə eləyərdi. Onların təhsili mənimki qədər yaxşı olmayacaqdı? Ola bilsin ki, olmayacaqdı. Amma mənim aldığım təhsilin 70%-i qədər də, bəs edəcəkdi. 5 milyona bütün universitet, 50 milyona 10 il bunu davam etdirmək – bu 4000 tələbə eləyəcəkdi. 50 milyon bilirsiniz nə qədər puldur? Heç nə qədər! 50 milyona 30 km yol çəkillər, onun da 20 milyonunu qəttəliyib qoyullar ciblərinə. Amma bu 4000 nəfərin arasından 50 nəfər doktorantura oxuyanları gəlib özləri bu ölkədə dərs deyəcəkdilər. Peşə məktəblərini bitirmiş ustalar qayıdıb həmin məktəblərdə dərs deyəcəkdi. Beləcə, yüzminlərlə peşəkar yetişdiriləcəkdi. Artıq xərcə də, ehtiyac olmayacaqdı. Detallarını müzakirə etməkdə maraqlı deyiləm. Yaxşı tərəfləri, pis tərəfləri, bu başqa məsələdi. Mən yanaşmadan, prinsipdən danışmaq istəyirəm. Necə olur ki, kasıb Uruqvayın prezidenti gedir Merkelin ayağına, deyir mənə 10 min nəfər peşə məktəblərində müəllim olmuş, indi də təqaüdə çıxan Alman verin, aparım Uruqvayda 5 il işləsinlər, maaşlarını da özüm verəcəm, bizimki, milyonlarla dolları ayırır bir proqrama, 7 ildə 5000 tələbə oxutdurur xaricdə, onun da yarısı qayıda-qayıtmaya. Qayıdanın da yarısı işsiz, gücsüz. Üstəlik, nə qədər adamın son günlərdə yazdığı İxtisas problemi, idarəçilik problemi, ölkələrin seçimi, təqaüdün miqdarı və ödəniş üsulu, məzunların əksəriyyətinin ölkəyə qayıtmaması və s. problemlərilə birlikdə. Birini də mən əlavə edim – göndərilən tələbələrin hərəsi bir yerdə oxuyur. Məsələn, tibb üzrə yüzlərlə tələbə göndərilib xaricə. Bunların bir qrupu Türkiyədə, bir qrupu Rusiyada, qalanı Almaniyada, başqaları ABŞ-da oxudular. Hərəsi bir sistemdə, hərəsi fərqli yanaşmaların olduğu tibb və təhsil sistemlərində oxudu. Daha yaxşı olmazdımı ki, müəyyən bir tibb təhsili sisteminə daha çox üstünlük verilsin və tələbələr ora yönləndirilsinlər? Bilmirəm. Deməyim odur ki, vahid yanaşmaya sahib olmayan, orta məktəb təhsili, peşə təhsili və ali təhsil siyasətlərinə uyğunlaşdırılmamış, (olmayan) sənayeləşmə siyasətinə uzlaşdırılmamış, təcrid olunmuş, pərakəndə şəkildə üstəlik bütün bu mənim və digərlərinin sadaladıqları problemlərlə dolu olan bir dövlət proqramın nəticələri cəmiyyətdə kifayət qədər təsir yaratmayacaq. Şəxsən geri qayıtmayan azı 5 nəfər proqram məzunu tanıyıram.
Uzun sözün qısası, təsəvvür edin ki, mənim aylardı dişim ağrıyır və mən bir gün qərara gəlirəm ki Spazmalqon atım. Möcüzə nəticəsində mənim dişimin ağrısı kəsir. Spazmalqon super dərmandı. Atırsan, 15 dəqiqəyə keçir gedir hər şey. Elə rahat yatırsan, quzu kimi. Səhər yuxudan duranda bir şeylər atışdırıb üstündən də spazmalqon, və… diş ağrısı bitir. Üstünnən aylar keçir, bir də ayılırsan ki, dişin çürüyüb, iltihab yaranıb, üzün şişib olub dağ boyda. Spazmalqonluq deyil məsələ. Gedirsən həkimə, həkim sənə deyir ki, ay bala, əvvəlcə ümumiyyətlə lazım idi ki, bu dişlərini gündə iki dəfə fırçalayasan. İndidən sonra da lazımdı ki, bunu kökündən çıxarıb ataq. Sonra da, gərək o biri dişlərinə qulluq eləyəsən. Yoxsa, onlar da,eyni vəziyyətə düşəcəklər. Bax, bizim hökumətin də siyasəti bu formadadır – qısa müddətli məqsədlərə xidmət edən və ara-sıra ortaya çıxan əslində fundamental-struktural problemlərə qarşı “ağrıkəsicilər” qəbul etmək. Bir də ayılacaqlar ki, diş çürüyür. Həm də çox sürətlə çürüyür. Gəlin ümid edək ki, bu çürümə uğur hekayələrimizi uğursuzluq hekayəsinə çevirməyəcək.
Nicat Qarayev
garayev.wordpress.com