post-title

110 yaşlı mənəvi diaqnoz

Azərbaycan ictimai fikir tarixinin ən parlaq hadisələrindən biri – “Molla Nəsrəddin” jurnalının dərcə başlamasından 110 il keçir.

 
 
“Molla Nəsrəddin” sıradan bir dərgi deyildi, o, xalqımızın mənəvi diaqnozu idi. Tıpkı Axundovun komediyaları kimi, tıpkı Sabirin “Hophopnamə”si kimi. Tıpkı Mirzə Cəlilin “Ölülər”, “Danabaş kəndinin əhvalatları” kimi, “Usta Zeynal”ı kimi, tıpkı Üzeyir Hacıbəylinin felyetonları kimi, tıpkı Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Pir”i, “Mirzə Səfər”i kimi.
 
“Molla Nəsrəddin” ağrıyan yerlərimizi də göstərdi, onları necə sağalda biləcəyimizi də.
 
“Molla Nəsrəddin” dərdimizi də göstərdim, dərmanımızı da.
 
Kamyu cəhaləti “bütün pisliklərin anası” adlandırırdı. Bəli, bilgisizlik, savadsızlıq, cahillik bir xalqı hər cür məhrumiyyətə, məşəqqətə sürükləyə bilər, necə ki, biz bunu öz timsalımızda aydın görürük. Pisliklərdən qurtuluşun yolu da aydınlanmaqdır, maariflənməkdir, bilgi və fikir sahibi olmaqdır. 110 il öncə yaranan “Molla Nəsrəddin” məhz bunu hayqırmağa gəlmişdi.
 
Bəzən deyirik ki, aradan 100 ildən çox keçib, amma dəyişən heç nə yoxdur, 100 il öncə yazılanlar az qala nöqtəsinə, vergülünə qədər aktualdır.
 
Yanlış düşüncədir. Ümumi danışmağa gərək yoxdur. Özünü xilas edən, dəyişə bilən kifayət qədər insan var. Kimlərsə dəyişməmək istəyirsə, bunun günahkarı da özüdür.
 
Heç bir mütərəqqi iş, əməl təsirsiz ötüşmür. Bu təsir zəif də ola bilər, fərq etməz, cəhalətdən, köləlikdən, geriqalmışlıqdan xilas olmağı bacaran hər fərd dəyərlidir, qiymətlidir.
 
“Molla Nəsrəddin” bizə məhz bunu sübut etdi. Sübut etdi ki, ən ağır şərtlər altında, ən çətin şəraitdə belə, sarsılmamaq, ruhdan düşməmək, yorulmamaq lazımdır, davam etmək önəmlidir. Yeri gəlsə, hər fərd uğrunda mücadilə etmək gərəkir, bir nəfəri belə olsa, cəhalət, mütilik buxovundan azad etmək işıqlı, ləyaqətli gələcək adına qənimətdir.
 
Başda Mirzə Cəlil olmaqla, “Molla Nəsrəddin”çilərin fədakarlığı, cəfakeşliyi, cəsarəti, yorulmazlığı Azərbaycanda qaranlıqların yarılmasını, bəşəri dəyərlərin qələbəsini bu ölkənin aydın, azad həyata qovuşmasını, onun mütərəqqi dünyanın bir parçasına çevrilməsini arzulayan hər kəsə örnək olmalıdır.
 
Bəli, bu gün Azərbaycan çağdaş, azad, modern dünyanın bir parçası olmaya bilər, amma unutmamaq lazımdır ki, hər halda Azərbaycan indi bir Əfqanıstan, bir Türkmənistan, bir Özbəkistan da deyil və bunda “Molla Nəsrəddin” və maarifçi keçmişimizin digər parlaq hadisələrinin misilsiz, həlledici payı var.
 
Məhəmməd Əmin Rəsulzadə “Molla Nəsrəddin”in dəyərini çox dəqiq ümumiləşdirmişdi: “Hürriyyətin, hürrəndişligin məbədi, şübhəsiz ki, xürafatın, əbatiligin bütxanəsi yerində tikilməli idi. Buna görə birincisinin tikilməsi ikincinin yıxılmasına bağlı idi. Bu vəzifəyi kim görəcəkdi? ”Təlxək” Molla Nəsrəddin” Təxrib (dağıdıcılıq – E.A.) vəzifəsini “Molla Nəsrəddin” kamali-müvəffəqiyyətlə görüyordu. O yaxıcı, yıxıcı istehzasını köhnəliyi təmsil edən nəsələrdən və kimsələrdən əsirgəmiyordu… Ölü fikirlər, ölgün məişətlər onun diri xəndələrinə məruz qalaraq intibah qəhqəhələri doğuruyordu. O ağlanacaq hallara gülüyordu. Güldürərək ağladıyordu. O, hətta ağlamağa da gülüyordu. Çünki ağlaya-ağlaya yaman günlərə qaldığımızı yaxşıca dərk etmişdi”.
 
“Molla Nəsrəddin”in 110-cu ildönümündə Mirzə Cəlili və bütün “Molla Nəsrəddin”çiləri sevgi ilə, ehtiramla anır, uğrunda bir ömrü şam kimi əritdikləri ali dəyərlərin, işıqlı idealların təntənəsi adına əlimizdən gələni əsirgəməyimizə söz veririk.
 
Elnur Astanbəyli
 
Azadliq qəzeti
Yuxarı