post-title

Səməd Rəhimli: \"Dağlıq Qarabağda müharibə perspektivinə liberal baxış\"

Geniş yayılmış diskursun əksinə Dağlıq Qarabağ Azərbaycan üçün torpaq məsələsi deyil. Yurisdiksiya məsələsidir. Yəni Dağlıq Qarabağın “erməni mədəni” irsinə deyil, “türk mədəni” irsinə aid olmasını “sübut etməyə” çalışmaq çox ziyanlı işdir. Biz Azərbaycanda Erməni varlığını hər vəchlə inkar etməyə çalışaraq heç nə əldə edəsi deyilik. Bunun əvəzinə biz göstərməliyik ki, Dağlıq Qarabağ bizim üçün “ermənilərin əlindən torpaq almaq” məsələsi deyil, dövlətin suveren hüququ olan yurisdiksiyanı bərpa etmək məsələsidir. Ona görə də ritorika olaraq “torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik” əvəzinə “Azərbaycanın yurisdiksiyasını bərpa edəcəyik” vurğusu qoyulmalıdır. İkinci həm də münaqişənin etnik vurğusunu azaldacaq. Bir daha təkrar edirəm ki, Dağlıq Qarabağ mövzusu bizim üçün “dədə-baba torpağı” deyil, Azərbaycan Respublikasının “suveren yurisdiksiyası” məsələsidir.


“Dondurulmuş münaqişə” kimi xarakterizə edilən Dağlıq Qarabağ münaqişəsi üzərində ölkədə aparılan uzunmüddətli müzakirələr səciyyəsinə görə ən mübahisəli və emoisonal olanlarından biridir. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli yanaşmalar bu mübahisələrin ənənəvi iştirakçıları tərəfindən hiddətlə qarşılanır və hakim paradiqmadan başqa hər hansı fikir yaxşı qarşılanmır.

   Cari ilin əvvəllərində növbəti mübahisə dalğası çərçivəsində ölkədə liberal olaraq fərdlər və çevrə münaqişəyə dair “reallıqla uzlaşmayan mülahizələr yürütməkdə”, “xəyalpərəst olmaqda” ya da “düşmənə qarşı gərəksiz humanistlikdə” günahlandırıldı (düzdür, Azərbaycanda liberal olaraq qəbul edilən şəxslərin heç də hamısı bu ideologiyanı bölüşmür. Sadəcə olaraq “alçaldıcı termin” olaraq “liberal” adlandırılırlar. Bu ayrı müzakirə mövzusudur). Bu müzakirələrin əsas predmetlərindən birini liberalların “müharibəyə” neqativ yanaşması və ölkənin hazırki vəziyyəti üçün bu yanaşmanın “qəbuledilməz” olması təşkil edirdi.

   Hazırki yazı çərçivəsində bu məsələyə diqqət yetirələcək və liberalizmin (eləcə də liberalların) müharibə fenomeninə münasibətdə olan yanaşmasına nəzər yetiriləcək. Eləcə də Azərbaycan Respublikasının əsas problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin müharibəsinə dair perspektivi ilə əlaqədar liberal perspektiv təqdim ediləcək. Düzdür, liberallar fərdiyyətçidir və onlar da kollektiv yanaşma aşkar edilməsi çətin məsələdir. Amma yazının məğzi liberalizmin özlünü təşkil edən ideyalarla müharibə fenomeni arasında olan münasibətlərlə bağlıdır.
   
   Mövcud paradiqma:
   Azərbaycanda rəsmi ritorika olaraq Dağlıq Qarabağ münaqişəsi “ərazi bütövlüyü” kontekstində təqdim edilsə də, münaqişənin “etnik” mahiyyəti çox güclü vurğulanır. İstər əhali, istərsə də siyasətçi və dövlət rəsmiləri münaqişənin etnik tərəfindən ayrıla bilmirlər. Bu hal 1988-ci ildə münaqişə başlayandan bəri belədir.

   Bu çərçivədə ölkənin əsas hekayəsi (təqdimatı) həmişə “ermənilərsiz” olur. Hətta tez-tez hökümət rəsmiləri “ermənilərə qarşı heç bir nifrət olmamasından”, “Dağlıq Qarabağa ən yüksək muxtariyyətdən” danışsalar da, bunlar yuxarıda göstərilən etnik vurğuların kontekstində riyakarlıq kimi görünür.

   Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair istər ictimai, istərsə də rəsmi ritorikası bütövlükdə əsasən etnik amil üzərində qurulub. Nəticədə, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticəsi olan müharibədə hərbi məğlubiyyətdən doğan “qurban” fəlsəfəsi ilə torpaqlarımızı işğal edən “erməni işğalçıları” diskursu təməldir. Bu diskursda irqçi ermənifobiya mühüm yer tutur. Nəticə etibarilə, Azərbaycan yaşadığı münaqişəni etnik kontekstdə qəbul edir və Dağlıq Qarabağ erməni əhalisinin separatizmindən daha çox qonşu olduğu Ermənistanın işğalı kimi təqdim edir (əslində isə vəziyyət daha mürəkəbbdir).
   
   Liberal prinsiplər (ideyalar):
   Liberal prinsiplərə başlayarkən ilk növbədə onu vurğulamaq lazımdır ki, cəmiyyətdə olan ictimai rəyin tam əksinə olaraq liberalizm (və ya liberal olmaq) özlüyündə müharibə əleyhdarı olmaq demək deyil. Liberal olan bir şəxs hər hansı bir müharibəni dəstəkləyə bilər. Təsadüfi deyil ki, klassik liberalizmə görə dövlətin üç əsas funksiyasından biri onun ölkə müdafiəsini təşkil etməsidir. Bu isə ölkənin müdafiəsi üzrə müharibəni istisna etmir. Amma bu o demək deyil ki, liberallar avtomatik Azərbaycanda hazırda populist üslubda təqdim edilən Dağlıq Qarabağ üzərində başlanması çağırışı edilən müharibəni dəstəkləməlidir. Azərbaycanda liberallar ümumi rəy olaraq hazırda Dağlıq Qarabağda döyüş əməliyyatlarının eskalasiyasının əleyhinədirlər. Aşağıda izah ediləcək səbəblərdən də hazırda bunun əleyhinə olmaqda haqlıdırlar.

   Deməli, bu ilin əvvəlində gedən müzakirələrdə çoxlarının yanlış qəbul etdiyi mühakimənin əksinə olaraq liberallar özlüyündə müharibə əleyhdarı deyillər. Ola bilər ki, hansısa liberal həm də pasifist olsun və müharibə əleyhdarı olsun. Lakin bu ümumilikdə liberalizmin mahiyyəti ilə əlaqədar deyil.
   Liberalizmin müharibə ilə əlaqədar mövqeyini onun müxtəlif ideyalarında tapmaq mümkündür. Əgər xülasə etsək liberalizmin müharibə fenomeni ilə əlaqədar yanaşması aşağıdakılarda ifadə edilə bilər:

1) Liberal perspektivdə müharibə aparacaq ordu müqaviləlilik (peşəkarlıq) əsasında qurulmalıdır. Belə ki, bu, ilk növbədə etik məsələdir. Əsasən liberalizmin fərdiyyətçilik və volyuntarizm (iradəvilik) ideyaları ilə bağlıdır. Liberalizmin əsas predmeti fərd və onun perspektividir. Bu mənada Azərbaycanda hazırda silahlı qüvvələr məcburi hərbi xidmət əsasında qurulduğu üçün, liberallar məcburi hərbi xidmət öhdəliyi ilə yığılmış bir ordu ilə müharibənin aparılmasını dəstəkləyə bilməzlər. Belə ki, məcburi hərbi xidmət zamanı döyüşçü öz azad istəyi (iradəsi) ilə orduya qoşulmur. O, buna qanunla məcbur edildiyi üçün qoşulur. Döyüşçünün xarakteri döyüşün gedişində və döyüş zərurəti ilə əlaqədar başqalarını (digər ordunun döyüşçülərini) öldürə bilməkdir. Bu leqal olsa belə, kimsə özü üçün başqalarını öldürməyi etik olaraq problemli görə bilər. Digər tərəfdən, döyüşçü döyüşün gedişində ölüm riski ilə qarşı-qarşıyadır. Yenə etik olaraq kimsə yalnız öz istəyi ilə həyatını riskə atmağı seçə bilər. Amma məcburi hərbi xidmət bunları istina edir. Bu hallar yalnız peşəkar orduda yoxdur. Bu baxımdan liberal perspektivdə bir müharibə yalnız və yalnız peşəkar ordu vasitəsi ilə aparıla bilər (qeyd – ola bilər ki, bəzi bölgələrin müdafiəsi üçün qısa bir müddətdə peşəkar ordu cəlb etmək mümkün olmadı və bu vaxt əhalinin qorunması zərurəti meydana çıxdı; bu halda müstəsna hal olaraq qısa müddətli məcburilikdən istifadə edilə bilər; amma bu liberal perspektivdə ümumi qaydaya çevrilməməlidir);

2)Liberal perspektivdə aparılacaq müharibə praqmatizm və nəticəyönümlü xarakterdə olmalıdır. Liberalizm ideyalarına görə dövlətin fəaliyyəti faydalı bir nəticəyə yönəlməkdən ibarətdir. Zatən liberallar dövlətin zəruriliyini bu motivlə haqlılaşdırırlar. Bu baxımdan bir dövlət fəaliyyəti olaraq onun müharibə (hərbi əməliyyatlar) aparması qabqacadan planlaşdırılmış bir nəticəyə yönəlməlidir. Bu nəticədən kənarda “abstrakt” bir “milli qürur” təmin etməyə yönəlməməlidir. Liberal perspketivdə müharibənin populist gündəliyi yoxdur və təbii ki, liberallar belə gündəliklə razılaşmayacaqlar. Hərbi əməliyyatlar zərurətlə əlaqədar olmalı və konkret nəticəyə (sülhə) yönəlməlidir;

3)Liberal perspektivdə müharibə yalnız onu aparmağa qadir olan ordu tərəfindən aparıla bilər. Əgər ordunun döyüş qabiliyyəti uzunmüddətli hərbi əməliyyatlara yararlı deyilsə, liberallar onun müharibə aparmasını dəstəkləyə bilməz. Bu əslində yuxarıdakı praqmatizm prinsipi ilə sıx əlaqəli olsa da, özü muxtar xarakter daşıyır. Belə ki, prinsipiallıqdan fərqli olaraq, ordunun döyüş qabiliyyətliyi texniki yoxlamaya əsaslanır. Bu baxımdan liberallar üçün ordunun döyüş qabiliyətliyi əhəmiyyət kəsb edir.

4)Liberal perspektivdə müharibə irqçi diskrusla aparıla bilməz. Liberallar yalnız dövlətin hərbi əməliyyatlar aparmasını dəstəkləyə bilər (əgər bu bir zərurətdən irəli gəlirsə), həmin dövlətin müharibə apardığı qrupun aid olduğu sosial çevrəni yadlaşdıra və onlara qarşı irqçi münasibət göstərə bilməzlər. Bu mənada Azərbaycanda hazırda olan ermənifobiya liberallar tərəfindən dəstəklənə və qəbul edilə bilməz. Azərbaycanda mövcud olan ermənifob diskurs liberalların qarşı çıxdığı fenomendir. Liberal perspektivdə irqçi məzmunlu bir müharibə qəbul olunmayacaq;

5)Liberal perspektivli müharibə beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüquqa uyğun aparılmalıdır. Ən azından buna cəhd gösətrilməlidir;

6)Liberal perspektivdə müharibə işğalçı və irredentist xarakter daşıya bilməz. Liberalizmin təməl ideyalarından biri olan və hazırda beynəlxalq hüququn əsas prinsiplərindən birini təşkil edən başqa dövlətin ərazisinin işğal edilə bilinməməsi və ərazi bütövlüyünün tanınması prinsipi liberallar üçün də aktuallığını qoruyur. Bu mənada liberallar yenə populist millətçi diskursun əsasını təşkil edən “İrəvanın azad edilməsi”, “Güney Azərbaycan”, “Bütöv Azərbaycan” mövzularını bölüşmür. Bu mövzular irredentist olduğu üçün liberallar bunu rədd edir. Burada humanitar müdaxilələr istisnadır. Liberallar leigitmliyi olan humanitar müdaxiləni dəstəkləyə bilər.

   Yuxarıda qruplaşdırılan prinsipial məsələr aşağıda Qarabağ münaqişəsi kontekstində Azərbaycanda hazırda olan müharibə diskrusu ilə müqayisə edilərək müharibə üçün yeni – liberal perspektiv təqdim ediləcək. Hesab edirik ki, Azərbaycan artıq Qarabağ münaqişəsinə dair 1988-ci il paradiqmasını dəyişməlidir.
   
   Dağlıq Qarabağ münaqişəsi (liberal perspektiv):
   Bəri başdan bunu deyim ki, aruzlanan hal sülhün bərqərar olmasıdır. Amma reallıqla həmişə arzulananla (mövcud olanla tələb olunan) arasında həmişə ziddiyətlər çıxır. Bu baxımdan hesab edirik ki, liberal paradiqmanı əsas almaqla müharibə versiyası müzakirə olunmalıdır.

   Yuxarıda qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfində etnik olaraq qavranılır. Eləcə də Erməni tərəfi üçün münaqişə etnik xarakterlidir. Lakin Azərbaycan tərəfindən fərqli olaraq Erməni tərəfinə münaqişənin etnik xarakterdə təqdim edilməsi strateji olaraq sərf edir. Çünki ayrılmaq və ya Ermənistana anneksiya tərəfdarı məhz Erməni tərəfidir. 
   
Hesab edirik ki, məhz liberal perspektivi izah etməyə buradan başlamaq lazımdır. 
Amma əvvəlcə məsələnin mahiyyətini anlamalıyıq.
   
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda kompakt halda yaşayan erməni əhalisinin kökü daha əvvələ dayanmaqla sovet sistemi içində ölkəyə inteqrasiya oluna bilməməsinin nəticəsində meydana çıxan etnik mahiyyətli ərazi münaqişəsidir və sonuncu 1988-ci il münaqişə fazası sovet sisteminin qapalılığının birbaşa nəticəsidir. Bu mənada özlüyündə münaqişənin bir tərəfi etnik xarakter daşıyır. Təsadüfi deyil ki, münaqişə etnik xarakter daşıdığı üçün Azərbaycanda başda Sumqayıt və Bakı şəhərləri olmaqla ermənilərə qarşı kütəvi poqromlar yaşanmış və Abşeron yarımadasının rusdilli subkulturasına aid olan erməni əhali köçməyə məcbur olmuşdur. Eyni məmzunlu poqromlar və deportasiya ilə bölgənin qədim əhalisi olan Ermənistan azərbaycanıları qarşılaşmışdır. Bu dövrdən bəri münaqişənin qurbanı olduğuna inanan Azərbaycan cəmiyyəti dərin frustarisyanın fonunda ciddi bir ermənifobiyaya qapılmışdır. Rəsmi olaraq isə siyasət Ermənistanın işğalçı olduğunu tanıtmağa yönəlmiş və ərazi bütövlüyü vurğusu üzərində qurulmuşdur. Xocalı qətliamı və digər müharibə cinayətləri üzərində kampaniyalar isə dəstəklənir. Ümumi diskurs qurban fəlsəfəsinə əsaslanır. Ölkədaxili özünü büruzə verən əsas meyil isə azalmaq bilməyən ermənifobiya və Bakıda çox sayda (minlərlə) qalmış əsasən yaşlı qadınlardan ibarət olan Bakının rusdilli subkulturasına aid ermənilərin hər cür hüquqdan məhrum edilməsindən və Sumqayıt qırğınında ölən ermənilərin mövzusunu açmağa çalışan yazıçıları hədələməkdən və s. ibarətdir[ Azərbaycan olan ermənifobiya fenomeni ilə əlaqədar ətraflı bax: Toğrul İsaoğlu. DÖVLƏTIN KIMLIK SIYASƏTI, AZƏRBAYCANIN “DÜŞMƏN” VƏ “QƏHRƏMANLARI”
http://isaoglundan.wordpress.com/…/dovl%C9%99tin-kimlik-si…/
]. Ordu isə 1994-cü ildən “vur-qaç” stilində daha çox uğursuz əməliyyatlar həyata keçirir. Cəmiyyətin isə ildən-ilə bu mövzuda artan frustrasiyası davam edir. Artan frustrasiya reallıqla əlaqədar olmayan nəticələrə və düşmənçiliyin artmasına gətirib çıxarır (məsələn, məsuliyyətsiz müharibə istəkləri və s). Azərbaycanın hazırki elitası isə öz merkantil maraqlarına sərf edən xarici siyasət aparır, eləcə də Dağlıq Qarabağ münaqişəsini bu çərçivədə qiymətləndirir. Bu isə Azərbaycanın milli maraqlarına uyğun deyil.
   Liberal perspektivdə isə ümumilikdə olmaqla həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə yeni diskurs və siyasi paradiqma təklif olunur. Bunlar aşağıdakılardır.
   
   İrqçiliyin (ermənifobiyanın) sıradan çıxarılması:
   Yuxarıda qeyd olunduğu kimi münaqişənin etnik xarakteri erməni tərəfinə strateji olaraq sərf edir. Çünki ayrılmaq, seperatçı olmaq istəyən onlardır. Ayrılmaq istəyən ayrılığı əsaslandırmalıdır. Ona görə də Azərbaycandan erməni nifrəti ifadə edən hər cür addım, yanaşma, kampaniya (yeri gəlmişkən hazırda geniş aparılan “Justice for Khojaly” aksiyası da bu baxımdan strateji olaraq yanlışdır), bu kontekstdə yaradılan “qəhrəmanlar” Erməni tərəfinə sərf edir və onların ayrılıq diskrusunu gücləndirir. Yəni bu gün “milli qürur”un geniş ifadə olunduğu yer olan ermənifobiya etik olaraq yanlış olmaqla bərabər, Azərbaycana da strateji olaraq ziyandır.
   Buna görə də Azərbaycanın milli maraqlarının qorunması üçün ermənifob diskurs və praktik siyasət sıradan çıxardılmalıdır.
   Bunun üçün aşağıdakılar edilməlidir:
    Azərbaycanda formalaşdırılan “milli hekayə”yə ermənilər də daxil edilməli, erməni mədəni irsi bərpa edilməli, Azərbaycan rəsmi olaraq 1988-ci ildə Sumqayıtda ermənilərə qarşı olan qətliamları pisləməli, hazırda ölkədə yaşayan azsaylı etnik ermənilərin diskriminasiyasına son qoyulmalı və onların tamhüquqlu vətəndaş kimi inteqrasiyası, 1988-ci ildən başlayaraq ölkədən getmiş əsasən Bakı və Sumqayıtda yaşamış rusdilli erməni əhalisinin mümkün qədər bir hissəsinin qayıtması və burada hüquqlarının restitusiyası, Bakıdan nominal olsa da, ən azından bir erməni kimlikli deputat seçilməsi təmin edilməli, rəsmi və dövlət dəstəkli qeyri-rəsmi bütün ermənifob təbliğata son verilməli, diskriminasiyanın qarşısını almaq üçün nifrət nitqi qanunvericiliyi təkmilləşdirilməlidir.
   Bunları etməklə Azərbaycan onun etnik məzmunlu müharibə aparması tənəsindən xilas ola bilər və gələcəkdə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində aparacağı hərbi əməliyyatlara legitimlik gətirə bilər.
   
   Diskursun dəyişdirilməsi:
   Yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Dağlıq Qarabağ münaqişəsini “erməni işğalçılığı” kimi tanıtmağa çalışır. Halbuki bu uğursuzdur. Buna xərclənən enerji illərdir Ermənistanın işğalçı kimi tanınmaması ilə birlikdə xarici siyasətmizin aşkar uğursuzluqlarından biridir. Eləcə də oyuna Ermənistanın daxil edilməsi müharibə imkanlarını azaldır.
   Halbuki tarixi faktlara baxaraq Dağlıq Qarabağ münaqişəsinə iki aspektdə yanaşmaq mümküdür:
Keçmiş Dağlıq Qarabağ Muxtar Respublikası (DQMV) ərazisində müşaiyət olunan Erməni sepratizmi;
Separatçı etnik Erməni qoşunlarının Ermənistanın aktiv dəstəyi ilə Dağlıq Qarabağ ətrafı rayonların və etnik azərbaycanlıların yaşadığı Şuşanın işğalı.
   
   Bu iki aspekt fərqli diskurs tələb edir. Dağlıq Qarabağ Erməni separatizmi sadəcə silahlı (hərbi) yolla həll edilə bilməz. Buna görə də Dağlıq qarabağ Erməni separatizmini həll etmək üçün aydın təkliflər paketi və Erməni icmasının ölkəyə inteqrasiyası təmin olunmalıdır. Yəni Azərbaycan işin sülh perspektivini bura yönəltməlidir.
   İşğal olunmuş torpaqlar isə müzakirə mövzusu olmamalıdır və Azərbaycan sepratçı qüvvə tərəfindən işal edilmiş ətraf ərazilər üzərində hərbi əməliyyatlar keçirmək imkanlarını legitimləşdirməlidir.
   Bu mənada keçmiş DQMV əraizində heç bir hərbi əməliyyat keçirməyə ya da ora müdaxilə etməyə çalışmamalıyıq (1992-ci ildə bunu etdik və müharibənin alovlanmasını qaldıra bilmədik).
   Ancaq işğal olunmuş ətraf ərazilərlə bağlı hərbi əməliyyat perspektivi açıq olmalıdır. Azərbaycan işğal olunmuş ərazilərlə bağlı ciddi işlənmiş hərbi planı olmalıdır.
   
   Ermənistanın oyundan “kənarlaşdırılması”:
   Düzdür, bugün Dağlıq Qarabağ de fakto Ermənistana anneksiya olunub və münaqişədə etnik erməni qruplarına Ermənistan müstəsna yardım göstərib, eləcə də hazırda Qarabağda bu və ya digər formada Ermənistan qoşunları var. Amma biz mümkün qədər çalışmalıyıq ki, Ermənistanı oyundan kənarlaşdıraq. Bu sadəlövhcəsinə Ermənistanın aralanacağı anlamına gəlmir. Amma Azərbaycan hər vəchlə münaqişənin Ermənistanla olmadığını göstərməlidir. Belə ki, birincisi, beynəlxalq sistem iki suveren dövlətin apardığı münaqişələri artıq qaldıra bilmir. Buna görə də həmin müharibənin legitimliyi və aparılmaq imkanı azalır. Həm də Avropa Şurasının üzvü kimi üzv dövlətlərlə münaqişələri dinc yolla həll etmək prinsipini qəbul etmişik. Bundan imtina etməyin də beynəlxalq legitimlik üçün problemləri var. Amma Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağı nəzərdə tutan beynəlxalq komissiya yaradılmasını dəstəkləsə, Dağlıq Qarabağdakı münaqişədən asılı olmayaraq Erməsintanla sərhədləri açsa, 1989-cu ildən tətbiq olunan blokadanı qaldırsa, eləcə də hərbi əməliyyatlar başlasa onda Qarabağdan Ermənistanla sərhəd başqa heç bir yerdə (hücum olunmadıqca) hərbi əməliyyat keçirməsə strateji olaraq uğurlu addım atmış olar. Bununla münaqişənin beynəlxalq xarakterli və iki suveren dövlət arasında getməyən olduğunu “sübut edən” legitimlik mövcud olar.

   Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsini mümkün qədər “daxili məsələ” etməyə çalışmalıdır. Çünki dövlətdaxili münaqişədə gücdən istifadə edilməsi iki dövlətin müharibəsindən daha legitim sayılır.

   Düzdür, Ermənistan mümkün qədər Dağlıq Qarabağ separatistlərinə kömək edəcək. Amma bunu etməyi özlüyündə problemli deyil. Çünki həm buna dair “sübutlar” təqdim etməklə Ermənistanın iştirakçılığını zəiflətmək olar. Eləcə də ilk hücum edən Ermənistan olsun. Azərbaycan mümkün qədər bu məsələdə “yaxşı məramı”nı göstərməlidir.
   
   “Torpaq” deyil, “yurisdiksiya”:
   Geniş yayılmış diskursun əksinə Dağlıq Qarabağ Azərbaycan üçün torpaq məsələsi deyil. Yurisdiksiya məsələsidir. Yəni Dağlıq Qarabağın “erməni mədəni” irsinə deyil, “türk mədəni” irsinə aid olmasını “sübut etməyə” çalışmaq çox ziyanlı işdir. Biz Azərbaycanda Erməni varlığını hər vəchlə inkar etməyə çalışaraq heç nə əldə edəsi deyilik. Bunun əvəzinə biz göstərməliyik ki, Dağlıq Qarabağ bizim üçün “ermənilərin əlindən torpaq almaq” məsələsi deyil, dövlətin suveren hüququ olan yurisdiksiyanı bərpa etmək məsələsidir. Ona görə də ritorika olaraq “torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik” əvəzinə “Azərbaycanın yurisdiksiyasını bərpa edəcəyik” vurğusu qoyulmalıdır. İkinci həm də münaqişənin etnik vurğusunu azaldacaq. Bir daha təkrar edirəm ki, Dağlıq Qarabağ mövzusu bizim üçün “dədə-baba torpağı” deyil, Azərbaycan Respublikasının “suveren yurisdiksiyası” məsələsidir.
   
   Ordunun komplektləşdirilməsinin dəyişdirilməsi və gücləndirilməsi:
   Bir çox neytral hərbi rəylərə görə Azərbaycan ordusu uzun müddətli hərbi əməliyyatlara aparmağa qadir deyil[ Məsələn, bax: Azerbaijan: Is War over Nagornyy Karabakh a Realistic Option?
http://edoc.bibliothek.uni-halle.de/…/HALCoR…/Azerbaijan.pdf]. Bu mənada hazırda populist müharibə çağırışları etməkdənsə, onun əvəzinə ordunun gücləndirilməsi məsələsi müzakirə edilməlidir. Buna görə də yuxarıdakı prinsiplərin işığında hazırda liberallar döyüş qabiliyyəti olmayan bu ordu ilə hərbi əməliyyatlar aparılmasının tərəfdarı deyil. 
   Bundan əlavə, orduda islahat aparılaraq mərhələli olaraq peşəkar orduya keçilməlidir. Azərbaycana kəmiyyət olaraq say çoxluğu deyil, əsasən hazırki münaqişə çərçivəsində dağ döyüşü apara biləcək ordu lazımdır.
   
   “Müharibə” deyil, “hərbi əməliyyat”:
   Baxmayaraq ki, bu yazı çərçivəsində vəziyyəti izah etmək üçün “müharibə” istilahından tez-tez istifadə edilib, hazırki münaqişə çərçivəsində mümkün qədər bundan yayınmaq lazımdır. Azərbaycan mümkün qədər bu diskrusu oturtmalıdır: “Azərbaycanın yurisdiksiyası bərpa etməsi uğrunda keçirdiyi hərbi əməliyyatlar”. Siyasi korrektlik münaqişələrdə çox vacibdir.

   Nəhayət, keçirləcək hərbi əməliyyatlar Qarabağ ətrafı ərazilərlə məhdudlaşmalıdır. Çünki münaqişənin Dağlıq Qarabağ ərazisinə sıçraması həm legitimliyini azaldacaq, həm gərginləşməni bizə sərf etməyən formada artıracaq, həm də Dağlıq Qarabağ ətrafı ərazilər daha az mülki əhali ilə məskunlaşdığına görə burada beynəlxalq humanitar hüquqa riayət edərək daha az mülki itkilərlə müharibə aparıla bilinəcək.
   
   Nəticə:
   Bu yazı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi yenidən müharibə veriyası liberal perspketivdə qiymətləndirilmişdir. Nəticə də münaqişəyə dair hazırki paradiqmanın dəyişdirilməsinin vacib olduğu, ordunun komplektləşdirilməsi formasının dəyişdirilməsi və hazırda hərbi əməliyyatlar aparılmasının uğurlu olmaması nəticəsinə gəlinmişdir. Bundan əlavə, yazıda liberalların özlüyündə müharibə əleyhdarı olmaması, lakin müharibə və hərbi məsələlərə müəyyən prinsipiallıq daxilində yanaşmaları müəyyən edilmişdir. Eləcə də dövlətin xarici funksiyası kimi müdafiə qabiliyyətli silahlı qüvvələr yaratmasının liberal ideyalara zidd olmaması öz əksini tapmışdır.

 

 
P.S. 
"Bu yazı 2014-cü ilin oktyabrında yazılıb və ilk dəfə cemiyyet.org internet saytında paylaşılıb. Yazı Azərbaycan liberalları nöqteyi-nəzərindən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində müharibə perspektivini müzakirə etmək məqsədi güdür və normativist xarakterlidir. Hazırki hərbi əməliyyatlarla bağlı təhlil yazısı deyil."

 

Səməd Rəhimli (2014)
Kultura.az

Yuxarı