post-title

Bertold Brext - İncil

(Tək pərdəli dram)

 
(Die Bible)
 
 
İştirak edənlər: Baba, ata (Bələdiyyə başçısı), qızı və oğlu.
 
(Dram Hollandiyada katoliklər tərəfindən mühasirəyə alınmış bir pravoslav şəhərində baş verir.)
 
 
BİRİNCİ SƏHNƏ
 
Bazar yaxınlığında bir binanın rahat salonu. Balkonda aynalı şüşələr taxılmış, güllü yastıqlarla döşənmiş pəncərə. Baba masanın yanında oturub, Qız isə balkonda. Arada bir uzaqdan qarışıq gurultular gəlir.
 
BABA: (Ucadan və həyəcanlı oxuyur) Və doqquzuncu saatda İsa hayqıraraq dedi: “Allahım, Allahım, məni niyə tərk etdin?” Az sonra onu əhatəyə alanlar lağla dedilər: Başqalarına kömək elədin, ancaq özünə bir xeyri yoxdur. Çarmıxdan xilas olub düş aşağı, biz də sənə inanaq. Bundan sonra İsa bir daha hayqırdı: “Yaxşı”. Başı yana düşdü və öldü.
 
QIZ: Burada çox qəribə, boğucu hava var, küçələr də bomboşdur. Qorxuram.
 
BABA: Hər kəs qala divarlarındadı. Ona görə belə  səssizlikdi. Qorxmalı bir şey yoxdur.
 
QIZ: Mənə elə gəlir ki, çox qısa vaxtda hücum edəcəklər. Amma qorxum buna görə deyil.
 
BABA: (Cavab vermir  və İncili səhifələyir)
 
QIZ: Necə oldu bilmirəm, amma qorxum səhərdən başlayıb. Atamla qardaşım gedəndən bəri. Qardaşım mənə çox qəribə baxmışdı.  “Bu gün bəlli olacaq”-demişdi, “hücumu dəf etmək çox çətindi. Biz özümüzü uf demədən fəda edərik”. “Biz”i xüsusi qeyd eləmişdi. Bu  söhbətin əhəmiyyəti yoxdu. Anidən içimə bir qorxu düşür, amma səbəbin bilmirəm. 
 
BABA: Təlaşdandı.  Neçə dəfə getdilər. Hər dəfə də geri qayıtdılar. Qorxduqlarını heç görməmişəm. 
 
QIZ: (Gözü bir nöqtəyə zillənib.) Mən də bilirəm neçə dəfə gediblər. Heç narahat olmamışdım.
BABA: Bu gün çətin bir gündür. Düşmən hücum etmək üzrədir. Buradayıq və cəbhədəkilərə yardım edə bilmirik. Sadəcə Allahdan kömək istəməyə imkanımız var. Dua edək! Təsəllini İncildə axtaraq.
 
QIZ: (Pəncərədən bayıra baxaraq) Bu gün hava çox boğucudu.(Səssizlik)
 
BABA: “Amma işarələr bəllidirsə, dağlara qaçmalsınız! O vaxt sağlam və sadiq olun. Çünki çox şey ona bağlıdır.”
 
QIZ: (Uzaqlara baxaraq) Baba, başqa şeylərdən danış! Sənin İncilin soyuqdur. Orada bəhs olunan insanlar bizdən güclüymüş.
 
BABA: Günaha girirsən qızım...  (Oxuyur) “Halbuki mən sizə deyirəm ki, yaxınlarınıza kömək edin! Ac olana çörək aparın, qıtlıq içində olanla paylaşın.(Səhifələri çevirir)
 
QIZ: (Qəribə halda) Başqa şeylərdən danış! Sənin İncilin soyuqdu.  Səfalətdən, ölümdən danış, amma Allahın köməyindən də de. Yaxşı, xilaskar bir Allahdan danış. Sənin İncilin sadəcə cəzalandıran Tanrını tanıyır.
 
BABA: “Atasını ya da anasını daha çox sevənin gözümdə dəyəri yoxdur”. Bu nə gözəl kitabdı! Çünki güclüdür. İnsanlar bunu daha çox oxumalıdı.
 
QIZ: Pilləkanlarda ayaq səsi eşidirəm. Bunlar ağır, yorğun  addımlardı. Belə yeriyən insan qoca, pərişan biri olmalıdı. Ya da çox çətinlik çəkən biri. Baxım bir... (Qapıya tərəf gedir.)
BABA: (Asta səslə) Bu yorğun addımların sahibini, deyəsən tanıyıram.
 
 
İKİNCİ SƏHNƏ
 
Bələdiyyə Başçısı oğlu ilə birlikdə daxil olur. İri cüssəli, heybətli bir adamdı. Qardaşı bacısını həyəcanla qucaqlayır.
 
QARDAŞ: (Süni təbəssümlə) Bacı! Gözəl bir gündür! Mərmilər yağır. (Ciddi) Biz əlimizdən gələni elədik amma...
 
(Səssizlik)
 
QIZ: Ata, orda vəziyyət necədir? Çox sakit və ciddi görünürsüz. Bəllidir ki, vəziyyət yaxşı deyil.
 
ATA: (Ağır-ağır və gözlərini qıza zilləyərək) Vəziyyət çox pisdir, qızım. (Sıxıntı ilə) Hələ səhər tezdən bilirdik ki, çox çəkməyəcək.
 
BABA: (Sakit) Biz də bilirdik.
 
ATA: Sizə bir şey deyilməyib. Ürkütmək istəmədik. Amma artıq deməliyik. Oğlum, sən de!
QARDAŞ: (Tərəddüdlə) Danışacaq elə də çox şey yoxdur. Əsas səngərlər ağır atəş altında dağıldı. Gecə-gündüz əlləşdik ki, bərpa edib ayaqda saxlayaq, amma alınmadı. Şəhərdə aclıq var. Sizin  bundan xəbəriniz belə yoxdur. Amma  aşağıdakı şəhər aclıqdan qırılır.
 
QIZ:  Onlara yemək verməliyik.  Bizdə kifayət qədər var, orada insanlar ölür.
 
ATA: Bu heç nəyi dəyişməz. Həddən artıq çoxdurlar. Sadəcə özünü də məhv edərsən.
QARDAŞ: Şəhər ac, əhali səfil. Ayaqda  dözəcək halları qalmayıb. Elə yorğundurlar ki. Və bu gün, yəni indi, saat 3-də  böyük hücum başlayacaq. Katoliklər hücum edəcək. Mümkün deyil ki, tab gətirək.
 
BABA: (Yerindən qalxaraq) Dözməliyik! Ya qalibiyyət, ya ölüm! Hər kəs səngərlərə getməlidi. İnancları uğrunda savaşmalı və ölməlidirlər. Əfəndimiz deyib ki, “Tövbə edin!”
 
QARDAŞ:(Zarafatla) “Tövbə edin!” Haha! Baba, bilirsən, insanın qarnı toxdursa, onda daha rahat tövbə edir. Və həm də sülh  dövründə, gözəl bir otaqda... Qalibiyyəti fikirləşmək belə mümkün deyil! Katoliklər kəndlərdə artıq qalib gəliblər. Son pravoslav şəhər olaraq sadəcə biz mübarizə aparırıq. Düşmən şəhərə girəcək.  Artıq o vaxt nə baş verəcəyini fikirləş.  Digər şəhərlərin başına gələnlər bizə dərs olmalıdı. Qadınları və uşaqları... Bəli... bir şey de... Ata, artıq mən danışa bilmrəm...
 
QIZ: Bu nə deməkdi? Mənə niyə belə baxırsız? (Səssizlik)
ATA: (Yorğun) Az əvvəl bir elçi gəldi. Düşmən qərargahından gəlib... Off, Allahım!
QIZ: (Ona tərəf addımlayır) Ata, danış görək! Hər şeyi bilmək istəyirik!
ATA: (Qucaqlamaqdan çəkinir, pıçıltı ilə) İndi olmaz... (Sonra yorğun, çətinlik və maraqsızca davam edir) Yəni əvvəl-axır deyiləcək! Elçi dedi ki... Katoliklər şəhəri əfv edəcəklər... əgər əhali katolik olsa və...
 
BABA: (Bağıraraq) Heç vaxt! Dayan! Biz ölənə qədər savaşacağıq!
 
ATA: Bir də... düşmən komandirə... bir qız... özünü fəda  etsə... bir gecəlik.. bir çox... (çəkinərək) Sən, qızım!
 
(Səssizlik. Sonrasında qız dəhşətli bir səslə bağırır və atasına hücum edir. Sonra hıçqırıqla sarsılır)
 
QIZ: Deməli mən? İstəyirlər ki, mən özümü qurban verim, hə? Allahım... Allahım!
 
ATA: (Özünü kənara çəkmək istəyir)  Burax, burax məni!.. Özün eşitdin.(Geriyə dönüb üzünü əlləriylə tutur)
 
BABA:(Sərt şəkildə) Qızım, cavab ver!
 
QIZ: (Dəli kimi) Nə, necə yəni... off... başım... (Ucadan qışqırır) Yox, bunu edə  bilmərəm! Yox! Edə bilmərəm!
 
(Hıçqıraraq babasının dizlərini qucaqlayır)
 
ATA: (Ağlayaraq)  Belə olacağını bilirdim.
 
QARDAŞ: (Sərt şəkildə bacısının çiyinlərindən tutaraq) Buna məcbursan! Bir xalq qurban deyə bağırır!
 
BABA: Çəkil! Qızın qanına girmə!
 
QARDAŞ: (Çarəsizliklə ağlayaraq) Deməli belə, hə? Hahaha! Bu nə zəriflikdi belə! Ölüm qalım məsələsi var! Ay qız, mənə qulaq as, buna məcbursan! (Asta səslə, yalvararaq) Əziz bacım! Bir xalqı xilas edəcəksən. Bir xalqı! Doğmalarını xilas edəcəksən. Atanı, babanı! Arxamca gəlməlisiz! 
 
BABA: Məni xilas etməyəcək! Mən burada qalıram!
 
QARDAŞ: (Sərt halda) Ay Allah! Eşitmirsən, ay qız!  Baba, ona başa sal ki, buna məcburdur!
BABA: Xeyr! Heç də məcbur deyil! Eşidirsiz, özünü qurban etməli deyil. Bir ruh min bədəndən daha dəyərlidir!
 
QARDAŞ: (sərt halda) Sən kəs səsini, dəli! Hə, sən dəlisən! Ya da çox qəddarsan! Axavdan belə daha qəddar. İnsanlar  bayırda bağırışır, sən eşitmirsən, çöl-bayırı od  götürüb, sən bunu görmürsən, baba! Qiyamət günü gələndə bəs necə dayanacaqsan ədalətin qarşısında?
 
BABA: (qatı sifətdə) Dimdik! İndi də deyirəm: Alnım açıqdı!
 
QARDAŞ: (gülərək)  Deməli, dimdik, hə? Əla, sən hələ də dəliliyinə davam elə. Ədalət adı ilə zəvzə! Haha! (Saat iki dəfə zəng vurduqda birdən dayanar) 3-ə yarım saat qalıb! Bacı! Saat 3 ən son məhəldi, ondan sonra hücum başlayacaq! Minlərlə insan acdı!
 
QIZ:  Ata, sən də istəyirsən özümü qurban verim?
 
ATA:  (susur)
 
QARDAŞ: Necə istəmir?! Ata, de ki istəyirəm... Əlbəttə ki, istəyir! Gəl, gedək!
 
QIZ: Gəlirəm!
 
BABA: (Qızı saxlayaraq) Dayan! Allahın bu sözündən xəbərin yoxdur? “Kim ki insanların qarşısında məni inkar etsə, mən də onu göylərin əfəndisi qarşısında inkar edəcəyəm!” Qızım, qızım! Yoxsa sənin ruhun minlərin bədənindən daha dəyərli deyil artıq? Həqiqətən də  əfəndimiz deyir ki, kim atasını və ya anasını məndən çox sevsə, mənim gözümdə dəyəri yoxdur!.. Sağlam dayanmalısan, ruhunu düşün!
 
QARDAŞ: Sən sus, qoca xəstə! Yoxsa İncilin də sənin kimi  soyuq, sənin kimi alçaq deyil? Sən ürəyinin səsini izlə, bacım! Minlərlə insanın əzabına qoşulmaq gözəl deyilmi? Gəl... tez ol!
 
QIZ: Yox... yox... rədd ol burdan... Baba düz deyir. Çəkil...
 
QARDAŞ: (Sürətlə və bacısını silkələyərək) Bu etmək məcburiyyətindəsən, bunu etməlisən!
 
ATA: Qızdan əl çək! Məcbur etmə!
 
QARDAŞ: Sən də belə oldun?! Buna məcburdu!
 
ATA: Bura bax, sənə deyirəm ki onu burax! Əmr edirəm! Bəsdir. Mənimlə gəlirsən.(Onu qapıya tərəf çəkir)
 
QARDAŞ: Siz sadəcə özünüzü düşünün! Hahaha! (Gedirlər. Ata geri qayıdır. Səmimi halda) Heç olmasa siz də gəlin, özünüzü xilas edin... bir mərmi  düşər, bina yanar... Gəlin!
 
BABA: (Sərt)  Kəs səsini! Biz burada qalırıq. Sizin kimi xəyanət etmirik! Lazım olsa, inancımız üçün buraya gömülərik. Sənin artıq bizə deyəcək sözün yoxdur. Öz qızının ruhunu satmaq istədin. Rədd ol get!  Qızına baxmağa layiq deyilsən!
 
ATA: (Özünə gəlir, tutqun və sarsıntıyla)  Düzdü, mən buna layiq deyiləm... Haqlısınız... Layiq deyiləm... (asta-asta çıxır) 
 
 
ÜÇÜNCÜ SƏHNƏ
 
Uzaqdan boğuq top səsləri gəlir.  Otaqda sakitlikdi. Qız yenə də balkondadır. Baba onun yanında dayanıb və saçlarını oxşayır.
 
BABA: Ağlama, qızım. Bələ lazım idi.
 
QIZ: Çox pis rəftar etdin, baba!
 
BABA: Elə olmalıydım. Sənin ruhunu satmaq istəyirdilər.
 
QIZ: (yuxudaymışcasına) Deyəsən atam istəmirdi... O mənə qarşı həmişə elə xoş olub ki. Balacaykən məni həmişə qucağına alıb, sən mənim balaca quşcuğazımsan, deyərdi. Məni qardaşımdan daha çox sevirdi.  Sonra anam öldü. Bu günki kimi yadımdadı. Orada qara geyimiylə tabutun içində yatırdı. Üç böyük cənazə şamı gecəni işıqlandırırdı. Biz uşaqlar gecə boyu oturub ağlamışdıq. Sabah atam gəldi. Məni qucaqladı, öpdü. “İndi birlikdə olmalıyıq”, “Sən mənim üçün yüz dostdan daha dəyərlisən”, dedi. Sonra da ölünü öpdü... And kimiydi. O qaranlıq gecə indi niyə ağlıma gəldi ki...
 
(Bu an atəş pəncərədə əks olunur, yaşıl-sarı işıqlar titrəyir. Sonrasında göy üzü qan qırmızısı olur. Baba stulunda oturmaqdadı.)
 
QIZ: (Pəncərədən) Yanğın böyüyür. Qarşıdakı o qülləni sardı. Bütün şəhər yanır. Qala divarları qızıl səma içində qara-qara dayanıb. Düşmən hücuma başladı. Parıltılı, qatı taburlar halında qıvrılaraq yaxınlaşıdqlarını görürəm. Off, Allahım! Yazıq şəhərimizə rəhm elə!
 
BABA: Qoy o düşmənlər hücum etsinlər, Allah bizimlədi!
 
(Torpağın gurultusu artır. Alov qığılcımları pəncərədə görünür)
 
BABA: Quzum, sən sakit ol. Allah bizimlədi...
 
(Kilisə zəngləri uzun-uzadı  çalmağa başlayır)
 
BABA: (Yuxulu kimi) Bax övladım, zəngləri dinlə. Hücum zəngləri! Allah yaxındır! Bu Allahın səsidi! Savaşa çağırırlar!
 
QIZ: (Təəccübdə) Zənglər... Allahın səsləri... (Qışqıraraq) Allahım! Allahın səsləri!
 
(Donmuş halda və səssiz, Babasının yanından keçərək bayıra çıxır. Baba da donmuş halda baxmaqdadı. Gurultular daha da şiddətlənir və yaxınlaşır. Evin çox yaxınında karedici bir partlayış eşidilir. Duman və alov pəncərədən içəri keçir. Bina yanmağa başlayır. Sonra birdən-birə bütün səslər kəsilir...)
 
BABA: (Ucadan danışır, əks-sədası yayılır) Bizimlə qal, əfəndimiz, çünki axşam olacaq, gün döndü!.
 
(Pərdə yanan binanın üstünə enir)
 
SON
 
Tərcümə: Alyoşa
 
Kultura.az
 
Yuxarı