Leonid Yuzefoviç – yazıçı, ssenarist, tarixçi, bir çox məşhur ədəbi mükafatların sahibidir. O rus və dünya ədəbiyyatının taleyi, təcrübəli yazıçının yeni başlayan həmkarlarını öyrətmək imkanları, rus ədəbiyyatının indi düşdüyü durum haqda danışıb. Onun “Səhra hökmdarı”, “Durnalar və cırtdanlar”, “Qum atlısı” və s. romanları çox məşhurdur. O rus ədəbiyyatına Boris Akunindən də əvvəl tarixi-detektiv janrını gətirən və Akuninin Fandorinini ondan təsirlənərək yaratdığı xəfiyyə Putilin obrazının yaradıcısıdır.
- Leonid Abramoviç, siz uzun müddət Lipka şəhərində təşkil olunmuş gənc yazıçıların Forumunda seminar aparıbsınız. Necə düşünürsünüz, insana yazmağı öyrətmək mümkündürmü?
- İnsana yazmağı öyrətmək mümkünsüzdür, ancaq bununla belə özün öyrənə bilərsən. Bu zen-buddizmdəki kimidir, müəllim adama heç nə öyrətmir, di gəl ki onun yanında daha çox şey öyrənirsən, nəinki onsuz.
- Yaxşı, bəs yazıçılığın ilkin şərtləri nələrdir: məsəlçün təcrübəmi, şəraitmi, impulsmu? İnsanı yazıçı edən şərtlər nələrdir?
- Fikrimcə, təbiətdə ayrıca yazıçı istedadı deyə bir şey yoxdur. Sadəcə mütaliəyə sevgidən doğmuş yazarlıq işinə bir meyllilik var ki, məqsədli şəkildə üzərində işlədikcə bir vərdiş halını alaraq inkişaf edir. Sonuncusu, həmişə, hər işdə olduğu kimi, ən çox motivasiyadan asılıdır.
- Sizin belə deyək yetirmələrinizin çoxu sizi özlərinə ustad, müəllim sayır. Ədəbiyyatda əvvəllər olan ustadlıq, şagirdlik anlayışları nə dərəcədə vacibdir?
- Ustad-şagird söhbətləri mənimçün sovetin son illərinə xas qəzetlərin leksikonunu xatırladan gülünc şeylərdir. Ancaq gərək insanın yanında yaşlı və gənc həmkarları olsun, belə olanda özünə inamı artır. Orta xətti tutub getmək ən etibarlısıdır. Yaşlı nəsil tədricən dünyasını dəyişdikcə, Tyutçevin bir sözü yada düşür: “Öndə gedən yoxdur və mən qismətin növbəsində dayanan son adamam”. Elə də ürəkaçan bir şey deyil.
- Bəs siz kimi özünüzə ədəbiyyat ustadı sayırsınız?
- Ədəbiyyatda kimi sevsən onu öyrənirsən. Mənimçün belə ustadlar lap çoxdur, hətta onlardan az bir hissəsini saymağa belə xeyli vaxt lazımdır. Onlardan təkcə birini, gənc yazıçıların çoxunun oxumadığı, ancaq fikrimcə rus ədəbiyyatında ən önəmli mətnlərdən biri olan Vladimir Korolenkonun uşaqlıq və gənclik illəriylə bağlı xatirələrinin yer aldığı “Mənim müasirimin tarixçəsi” kitabıdır. Məncə tayı-bərabəri olmayan və olduqca aktual bir əsərdir. Korolenko orda gənclik illərində qəlbinin üç mədəniyyət – polyak, ukrayn və rus mədəniyyəti arasında onlardan birinə aid olmaq üçün tərəddüd etdiyindən və axırda onların ən universalı olan rus mədəniyyətinə sadiq qaldığından bəhs edir. O mədəniyyətlərin ilk ikisi ancaq bir xalqa məxsus idi və bunun üçün də məhdud idi. Heç istəməzdim Korolenko seçimini etdikdən neçəsə on illik sonra, rus ədəbiyyatının onu cəlb edən əsas xususiyyəti itirilsin.
- Bu gün rus ədəbiyyatının dünya üzrə əsas ağırlığını itirdiyi, rus yazarlarının Rusiyadan kənarda heç kimə maraqlı olmadığı haqda çox danışılır. Sizcə bu belədirmi?
- Təkcə rus yox, ümumən ədəbiyyat dünyada təsir gücünü itirib. Dünya dəyərləri sırasında bir xalqın söz sənəti özüylə birgə doğurduğu mədəniyyətin çəkisinə görə yerini tutur. Çağdaş dünyada ingilisdilli ədəbiyyata rəqib yoxdur. Bu da var ki, ingilisdilli ədəbiyyatın yüksəliş tarixi yüz, hətta əlli il öncələrə gedib çıxır.
- Onda bu konteksdə, rus ədəbiyyatının öz qınına çəkilib, ancaq dar, professional çevrəni maraqlandırdığını, kütlə üçün heç nə ifadə etmədiyini deyənlər haqlıdırmı?
- Hə düzdür, çevrə daralır. Səbəbi hamıya məlumdur. Oxucularımızın sayı qatbaqat azalıb, yazıçılarımızsa azalmır ki, azalmır, axı öz aramızdır ədəbiyyatdan hali olmaq insançün böyük zövq mənbəyidir. Biz orta əsrlər Yaponiyası və Çininin həyat normasına keçirik, orda hər bir savadlı adam şeir yazırdı, özü də şairliyin qarşılığında nə pul, nə də mənsəbdə yüksəliş gözləmirdilər. Rusiyada da, Fransada olduğu kimi, yazıçılıq heç olmasa adama kiçik bir ad, bir az məşhurluq qazandırır, bu da özlüyündə az şey deyil.
- İxtisasca tarixçisiniz. Bu yazıçılıq fəaliyyətinizdə sizə nə kimi köməklik etdi? Mənə elə gəlir, yazıçı tarixə mümkün qədər yaxşı bələd olmalıdır, hələ o biri sahələrdən, musiqi, kino, memarlıqdan və s. dən baş çıxarmalıdır. Siz necə düşünürsünüz, bu doğrudurmu?
- Nasirin ağlı onu gizlətmək bacarığıyla təsdiq olunur. Yaxşı yazıçı savadıyla qürrələnmir, çünki yazıçının məqsədi düşüncələrini dilə gətirmək deyil, düşüncələri oyatmaqdır. Onun mətnə gətirdiyi fikir və assosiasiyalar, eynilə emosional güc kimi mətnin keyfiyyət göstəricisidir. Svetlana Vasilenko deyir ki, “ədəbi əsərin keyfiyyəti, insanın tüklərini biz-biz etmə səviyyəsi ilə ölçülməlidir”, bu həqiqətin bir tərəfidir. Ümumiyyətlə, mənimçün “ədəbiyyat” sözü belletristikayla eyni mənanı daşımır. Heyzinqin “Orta əsrlər payızı” romanı məndə insan təbiəti ilə bağlı qalan bütün gözəl romanlardan daha böyük təsəvvür yaratdı.
Oxuduğum bu cür romanlardan sonuncusu Vyaçeslav Kuriçınin “Lolitasız Nabokov”u olub. Təkcə Nabokov deyil, bizim hamımız, ölü və dirilərimiz haqda işıqlı bir kitabdır. İş elə gətirib ki, “yazıçı” sözü ümumiləşmiş ad kimi ən fərqli işlərlə məşğul olan cürbəcür fərqli fiqurlara verilib. Çeslav Miloş da yazıçıdır, Stiven Kinq də. Hər ikisi yaxşıdır, ancaq onlar arasında nə oxşarlıq var? Mədəniyyətdən doğulub böyüyən müəlliflər mənim qəlbimə daha yaxındır, düzdür bu da hələlik bir şey ifadə etmir. Bir zamanlar romalı intellektuallar İncil kimi kütlənin dilindən yazılmış bir vulqar əsərdən heç bir ciddi şeyin əmələ gəlməyəcəyinə tam əmin idilər. Axı, heç Horasiyayla Katull müqayisə olunmaz dərəcədə bir-birindən fərqlidir! Ona görə də bir müddət sonra mənim seçimin tutarsız ola bilər.
- Bu gün Rusiyada mövcud olan ədəbi mükafatlar sistemi ədalətlidirmi? Yoxsa Eduard Limonov demişkən – hər bir mükafat ehtiyatla kənar şəxslərdən qorunan neft quyusu kimidir?
- Mükafatlarla bağlı danışarkən subyektivliklə ədalətsizliyi qarışdırılar, əslində isə bunlar fərqli şeylərdir. Mükafat yarışında yazıçılar deyil, münsiflər heyəti üzvlərinin zövqü mübarizə aparır. Onlar avtomatik səs verən maşın deyil, insandırlar və adi insana xas zəiflikləri, meyllilikləri də var. Onların həm də öz baxışları yaxud estetik prinsipləriylə səsləşən müəllifləri irəli çəkmək kimi bir cığallıqları olur.
- Xorxe Luis Borxes deyir ki, “Heç bir əsəri uğursuz adlandırmaq düzgün deyil. Axı, yazıçı nə yazdığını bilmir”. Əsər nə dərəcədə müəllifin iradəsi çərçivəsinə daxil olmalıdır?
- Borxes fəndgir yazıçıdır, onun sözlərini hər mənada anlamaq olar, bircə birbaşa mənasından başqa. Deyəsən, Lev Tolstoy da demişdi ki, bütün yazıçılar iki kateqoriyaya bölünür: birincilərin şəxsiyyəti yazdıqlarından yüksəkdə dayanır, ikincilərinki alçaqda. Sonra kimsə həmin deyimə əlavə də edib ki, əsl yazıçılar ancaq ikincilər arasındadır. Birinci deyimin doğruluğuna şübhəm yoxdur, ancaq ikinciylə də razılaşmamaq əldə deyil.
- Sizi tez-tez Borxesə bənzədirlər. Digər yandan nədənsə naşirlər hər bir vəchlə sizi detektivlərin müəllifi kimi göstərməyə çalışırlar. Siz bunu necə qəbul edirsiniz? “İntellektual ədəbiyyat”dan kənara çıxdıqca bədii əsərin statusu gücdən düşmür ki? Ümumiyyətlə, “ciddi” və “qeyri-ciddi” ədəbiyyatın sərhədləri hardadır, belə bir sərhəd varmı?
- Detektiv müəllifi olmaqda utanılacaq bir şey yoxdur. Ciddi və qeyri-ciddi ədəbiyyat arasında isə, həyatın bütün sahələrində olduğu kimi aydın sərhədlər yoxdur. Mütəmadi dəyişiklik zonası var, dəyişiklər toplanıb axırda ortaya yeni keyfiyyət çıxarır.
- Onda sualı bir az genişləndirim. Belə rəy var ki, Leonid Yuzefoviçin bəxti gətirmədi: uzun illər otur xəfiyyə Putilin haqda silsilə əsərlər yaz, serial çəkilsin, sonra da hardansa bir Akunin çıxsın, Fandorini ilə bütün mayanı udsun. Siz bu haqda düşünürsünüzmü? Və yazıçı taleyinizi necə qiymətləndirirsiniz?
- Akunindən qətiyyən incik deyiləm, yazıçı taleyimi isə nadir xoşbəxt talelərdən sayıram. Kitablarım çap olunur və yenidən çap olunur, ekranlara yol tapır, müxtəlif dillərə çevrilir və hələ bir oxunur da. Müasir müəllifin başqa nə arzusu olsun? Gərək elə ətrafında ona vurğun pərəstişkarlar hərlənib, ağzından çıxanı yığalar? Ciddi yazıçılar arasında belə meqalomanyaklara rast gəlməmişəm.
Söhbətləşdi: Platon Besedin
www.politconservatism.ru
Çevirdi: Namiq Hüseynli
Kultura.az