Doris Lessinq: Müsahibə
BCB: 1952-ci ildə siz ingilis və amerikan ədəbiyyatçıları ilə birg…
Kitab yazmaq, acı verən bir xəstəliyin davam etməsi kimi insanı tükədən qorxunc bir mübarizədir. Nə qarşı çıxa biləcəyin, nə də anlaya biləcəyin bir şeytan tərəfindən təhrik olunmasan, əsla bir iş görməzdim. Bu şeytanın körpəni diqqət çəkmək üçün ağlamağa məcbur edən instinktdən fərqlənmədiyini bilirik.
Hələ lap uşaq yaşlarımdan, hardasa beş-altı yaşım olanda artıq bilirdim ki, mən böyüyəndə yazıçı olmalıyam. On yeddi-iyirmi dörd yaşlarımda özümü bu fikirdən daşındırmağa çalışırdım, amma anlayırdım ki, təbiətimə qarşı çıxıram və gec-tez mən kitablar yazmağa başlayacağam.
Ailəmdə 3 uşağın ortancılı idim, digər uşaqlarla aramda beş yaş fərq var idi və səkkiz yaşına qədər atamı gec-gec görürdüm. Bu və digər səbəblərdən bir qədər tənha uşaq idim, qaraqabaq xasiyyətim tezliklə məni sinif yoldaşlarım arasında arzuolunmaz adama çevirdi. Tənha uşaqlara məxsus hekayələr uydurub, xəyali qəhrəmanlarla danışmağa adət etmişdim və məncə ədəbiyyat ehtirasım lap əvvəldən təcrid olunmağın və dəyərsiz hesab edilməyin yaratdığı hisslərlə birlikdə irəliləyirdi. Bilirdim ki, sözlərdən ustalıqla istifadə edə bilirəm, xoşagəlməz faktlarla üz-üzə dayanmağa gücüm çatır. Bunun gündəlik həyatımdakı uğursuzluqlardan özümü qoruya biləcək gizli bir dünya yaratdığını hiss edirdim. Bütün bunlara baxmayaraq uşaqlıq və yeniyetməlik illərimdə ərsəyə gətirdiyim ciddi yazı nümunələrinin həcmi heç altı səhifə də deyildi. İlk şeirimi dörd ya beş yaşımda anama diqtə edərək yazdırmışdım. Şeir yadımda deyil. Mən bu barədə heç nə xatırlamıram, sadəcə bir pələng haqqında olması və pələngin "stul kimi dişləri” (əslində yaxşı ifadədir, ama deyəsən poema Blake’in "Tiger, Tiger” əsərindən oğurlanmışdı ) olduğu yadıma gəlir. On bir yaşında, 1914-1918-ci illər müharibəsi başlayanda yerli qəzetdə çap edilən vətənpərvərlik poemasını, iki il sonra isə yenə də vətənpərvər ruhda olan, Kitçenerin ölümünə həsr etdiyim digər poemamı yazdım... Bir az böyüdükdən sonra ara-sıra zəif və adətən yarımçıq qalan "təbiət şeirləri" yazmağa başladım. Bir ara qısa hekayələr yazmağa cəhd etdim, amma bu fiasko ilə nəticələndi. Bütün bu illər ərzində kağıza köçürdüyüm, ciddi əsərə çevriləcəyinə ümid bəslədiyim əsərlərim bundan ibarət idi.
Yenə də, bu müddət ərzində müəyyən mənada ədəbi fəaliyyətlərim oldu. Əvvəla tələsik, asan və çox da zövq almadığım şeylər yazırdım. Dərslərimdən əlavə, qısa müddət ərzində ərsəyə gətirdiyim “günün tələbinə uğun” yarı komik şeirlər yazır – on dörd yaşımda Aristofanı təqlid etməyə çalışmış, bütöv bir qafiyəli pyesi bir həftəyə yaxın bir vaxta bitirmişdim – həmçinin məktəb jurnallarının həm çap edilməsinə, həm də redaktəsinə kömək edirdim. Bu jurnallar ağlınıza gələcək ən gülünc şeylər idi və bugün ən dəyərsiz jurnallar üçün çəkəcəyim əziyyətdən belə dəfələrlə az zəhmət sərf etmişdim. Ancaq bütün bunlarla bərabər on beş ildən artıq müddətdə tamamən fərqli bir ədəbi növü məşq etdim: özüm haqqında fasiləsiz “hekayə” yazdım, bu, bir növ yalnız beyində mövcud olan gündəlik idi. Balaca uşaq olarkən, beynimdə Robin Hood olduğumu və özümü həyəcanlı macəraların qəhrəmanı olaraq təsəvvür edirdim. Amma tezliklə mənim hekayəm kobud narsizmdən xilas oldu, getdikcə etdiklərimin və gördüklərimin sadə təsvirinə çevrildi. Bir dəfə beynimdən dəqiqələrcə bu cür şeylər keçirdi "O, qapını itələyib açdı və otağa daxil oldu. Pərdələrin arasından süzülən sarı günəş şüaları üstündə mürəkkəb qabı ilə yanaşı qoyulmuş yarı-açıq kibrit qabı olan stolun üzərinə düşürdü. O, sağ əlini cibinə salıb, pəncərəyə tərəf addımladı. Küçədə üçrəngli bir pişik quru yarpaqlarla oynayırdı”... və s. Bu alışqanlıq təxminən iyirmi yaşına qədər, qeyri-ədəbi illərim boyunca davam etdi. Uyğun sözləri axtarmalı olsam da və axtarsam da, təsvir etmək cəhdlərim sanki özümdən asılı deyildi, kənardan diktə edilirdi. Güman edirəm ki, “hekayə” müxtəlif yaş dövrlərində heyran olduğum yazıçıların üslublarını əks etdirib və xatırladığım qədəriylə daim eyni həssas təsviri keyfiyyətə malik olub.
Təxminən on altı yaşımda birdən-birə sadə kəlimələrin həzzini, yəni bu kəlimələrin səsini və çağırışını kəşf etdim. Con Miltonun “İtirilmiş cənnət” şeirinin
Və oo çətinliklə və əziyyətlə
Davam etdi: çətinliklə və əziyyətlə oo
misraları indi mənə o qədər qeyri-adi gəlməsə də, o zamanlar tüklərim biz-biz olurdu və “o” əvəzinə “oo”olaraq yazılmasından zövq alırdım. Bir şeyləri təsvir etmə məsələsində isə mən hər şeyi bilirdim. O vaxtlar necə bir kitab yazmaq istədiyim məlum idi: bədbin sonluğu olan, ətraflı təsvirli, kəsin bənzətməli, iri həcmli naturalist romanlar yazmaq istəyirdim. Və otuz yaşında yazdığım, amma daha öncədən layihələşdirdiyim və ilk bitirdiyim romanım “Birma günləri” həqiqətən də, daha çox bu tərz bir kitap olmuşdur.
Keçmişimlə əlaqəli bu qədər məlumatı ona görə verirəm ki, yazıçıya nələrin yön verdiyini bilmədən onun başa düşmək mümkün deyil. Yazarın düşüncəsi onun yaşadığı dövr tərəfindən müəyyənləşir – bu ən azından bizim kimi hərəkətli və inqilabi dövrdə yaşayanlara aiddir – fəqət yazar yazmağa başlamazdan əvvəl heç vaxt tamamilə xilas ola bilməyəcəyi emosional yanaşma tərzi olmalıdır. Şübhəsiz ki, çoşğusunu çilovlamaq və yetkinləşməmiş bir dövrdə, dəyişkən ovqatlarda ilişib qalmamaq yazarın vəzifəsidir: amma ilkin təsirlərin hamısından qaçmaq, yazma həvəsini tamamilə öldürə bilər. Dolanışıq ehtiyacını bir kənara qoysaq, yazmaq (ən azından nəsr yazmaq) üçün dörd əsas meyil vardır. Bu təməllər, hər yazarın içində fərqli dərəcələrdə mövcuddur və ölçüləri hər yazarda zamana və yaşadığı mühitə görə dəyişir. Bu meyilləri belə sıralaya bilərik:
(I) Xalis eqoizm. Ağıllı görünmə, haqqında danışılma, ölümdən sonra xatırlanma, uşaqlıqda ona xor baxan böyüklərdən qisas alma və s. arzular. Eqoizmin bir meyl, özü də güclü bir meyl olmadığını düşünmək dəlilikdir. Yazıçıların bu xüsusiyyəti elm adamları, siyasətçilər, vəkillər, əsgərlər və uğurlu iş adamları - qısaca üst təbəqədən olan insanlarda da var. İnsanların böyük əksəriyyəti hədsiz eqoist deyil. Otuz yaşdan sonra fərd olma hissini demək olar ki, tamamilə tərk edir və ya sadəcə ağır işlərin altında əzilirlər. Və bir də, sonuna qədər öz həyatlarını yaşamaqda qərarlı olan iradəli və bacarıqlı insanlardan ibarət bir toplum da vardır və yazıçılar məhz bu topluma aiddir. Deyə bilərəm ki, ciddi yazıçılar jurnaslistlərlə müqayisədə pula daha az düşkün olsalar da, daha lovğa və eqosentrikdirlər.
(II) Estetik zövq. Xarici aləmin, həmçinin, sözlərin, onların düzgün quruluşunun gözəlliyi. Bu və ya digər səsin təsirindən, yaxşı hekayənin sərtliyindən və ritmindən zövq almaq. İnsanın dəyərli hesab etdiyi, nəzərdən qaçırılmamasının vacibliyini hiss etdiyi bir təcrübəni bölüşmək istəyi. Estetik stimul bir çox yazıçılarda olduqca zəifdir, amma təbliğat və ya dərs kitabı yazan bir yazıçı belə xoşuna gələn sözləri və ifadələri sevə və bunlara həssas yanaşa bilər. Dəmir yolu bələdçi kitabından bir az yuxarı səviyyəli heç bir kitab estetik qayğılardan xali deyil.
(III) Tarixi amil. Hadisələri olduğu kimi görmək, həqiqətləri tapmaq və gələcək nəsillərə çatdırmaq arzusu.
(IV) Siyasi məqsədlər. “Siyasət” sözünü mükün ola biləcək ən geniş mənada istifadə etmək. Dünyanı müəyyən istiqamətə yönəltmək, insanların can atmalı olduqları cəmiyyət barədə təsəvvürlərini dəyişmək. Bir daha təkrar edirəm: Heç bir kitab siyasi qərəzlilikdən xali deyil. Sənətin siyasətlə əlaqəsi olmaması fikri elə özü də bir siyasi düşüncədir.
Bu fərqli amillərin necə bir-biri ilə mübarizə apardıqlarını, insandan insana, zamandan zamana dəyişmək məcburiyyətində olduqlarını müşahidə etmək mümkündür. Yaradılış etibarilə mən ilk üç amilə dördüncüdən daha çox meyl edirəm. Bəlkə də sülh dövründə yaşasaydım, bərbəzəkli ya da sadəcə təsviri romanlar yazar, öz siyasi əqidəmdən demək olar xəbərsiz qalardım. Ancaq indi bu cür təbliğatçı olmaq məcburiyyətindəyəm. İlk olaraq, mənə aid olmayan bir peşədə (Birmada Hind İmperiyasının polisi olaraq) beş ilimi keçirdim, ardından yoxsulluq və uğursuzluq hisslərini yaşadım. Bu hakimiyyətə olan təbii nifrətimi ikiyə qatladı və ilk dəfə işçi siniflərinin mövcudluğunu bu zaman anladım. Birmadakı işim isə imperiyalizmin təbiətini az da olsa anlamağıma yol açdı. Ancaq bu təcrübələr məni konkret siyasi istiqamətlərə yönləndirməyə kifayət etmirdi. Daha sora Hitler dövrü, ardınca İspaniya Vətəndaş Müharibəsi və s. gəldi. 1935-ci ilin sonlarına qədər hələ də bir qərar qəbul edə bilməmişdim.
İspaniya Vətəndaş Müharibəsi və 1936-37-ci illərdəki hadisələr vəziyyəti dəyişdirdi və bundan sonra harada qərar tutacağımı dəqiqləşdirməyə başladım. 1936-ci ildən bu tərəfə yazdığım ciddi əsərlərin hər sətri, birbaşa və ya dolayı olaraq, totalitarizmə qarşı durmaq – mənim anladığım ölçüdə - demokratik sosializmi dəstəkləyərək yazıldı. Bizim dövrdə bu mövzularda yazmaqdan insanın yayına biləcəyini düşünmək mənə mənasız görünür. Hər kəs bu və ya digər formada bunlar haqqında yazır. Bu, sadəcə, hansı mövqedən çıxış edəcəyinizlə bağlı bir məsəslədir. Siyasi əqidəndən xəbərdar olduqca, estetik, intellektual vicdanını qurban vermədən siyasi fəaliyyət göstərmək imkanın o qədər artar.
Keçən on il boyunca ən çox istədiyim siyasi yazıları incəsənətə çevirmək idi. Məni yazmağa təşviq edən başlanğıc nöqtəm hər zaman partizanlıq hissi, ədalətsizlik duyğusudur. Yazmağa başladığımda öz-özümə “bir sənət əsəri yaradacağam” demirəm. Yalanı ortaya çıxarmaq, düşüncəmə diqqət çəkmək üçün yazıram. Ancaq eyni zamanda estetik bir təcrübəm olmasa idi, nəinki bir kitab, hətta jurnal məqaləsi belə yazmağın öhdəsindən gələ bilməzdim. Əsərlərimi analiz edən hər kəs hətta birbaşa təbliğat məqsədi daşıyan hissələrdə belə siyasətçilərin qeyri-münasib hesab edə biləcəyi bir çox ifadəyə rast gələ bilərlər. Uşaqlıqda əldə etdiyim dünya görüşündən tamamilə vazkeçməyi nə bacara bilərəm, nə də ki istəyərəm. Həyat davam etdiyi müddətcə, nəsr tərzinə dair konkret fikrə sahib olmağı, bərk cisimlərdən, faydasız məlumatlardan zövq almağa davam edəcəm. Bu xüsusiyyəti sıxışdırmağa çalışmağın mənası yoxdur.
Bu asan deyil. Quruluş və dil, eləcə də düzgün söz seçmək problemləri ortaya çıxır. Bu problemlərin bəsit bir örnəyini verməyə icazə verin. İspaniya Vətəndaş Müharibəsi haqqında yazmış olduğum “Kataloniyaya salam” təbii ki, açıq bir siyasi kitabdır, amma daha çox müəyyən bir məsafə və ölçü diqqətə alınaraq yazılıb. Ədəbi instiktlərimə xələl yetirmədən həqiqəti olduğu kimi çatdırmaq üçün çox çalışdım. Fəqət kitabda Frankoya sui-qəsd etməkdə ittiham edilən Trotski tərəfdarlarını müdafiə edən, qəzetlərdən gətirilmiş sitatlarla dolu uzun-uzadı bir fəsil var. Aydındır ki, sıravi oxucunun gözündə bir ya iki il sonra öz əhəmiyyətini itirəcək belə bir fəslin kitabı korlaması qaçılmazdır. Hörmətlə yanaşdığım bir tənqidçi mənə mövzu ilə əlaqəli mühazirə oxuyub: “Bunları niyə kitaba salmısan?” dedi. “Çox gözəl ola biləcək bir əsəri jurnalistikaya çevirmisən” Düz deyirdi, amma başqa cür edə bilməzdim. Mən İngiltərədə çox az insanın bilməyini istədikləri bir həqiqəti - günahsız insanlar nahaq yerə ittiham edildiyini bilirdim. Əgər buna qəzəblənməsəydim, bu kitabı heç vaxt yazma bilməzdim.
Bu problem bu və ya digər formada yenidən ortaya çıxır. Dil problemi daha incə məsələdir və müzakirəsi çox uzun çəkə bilər. Təkcə onu deyə bilərəm ki, son illər bədii yazmaq əvəzinə, daha çox dəqiq yazmağa çalışmışam. Hər halda fikrimcə, hər bir yazı üslubunu təkmilləşdirdikcə mükəmməlləşir. “Heyvanıstan” siyasi və bədii məqsədləri bütöv halda birləşdirmək istiqamətində ilk şüurlu cəhdim idi. Yeddi ildir, roman yazmıram, amma tezliklə daha bir əsər yazacağıma ümid edirəm. Bu yeni əsər də uğursuzluğa məhkumdur, bilirəm. Bütün kitablar uğursuzluğa məhkumdur, amma necə bir kitab yazmaq istədiyimi indi dəqiq şəkildə bilirəm.
Dönüb son bir neçə səhifəyə baxdığımda, sanki yazmaq stimulum cəmiyyətin yararına hesablanmış olduğunu görürəm. Yekun təəssüratın belə olmasını istəmirəm. Bütün yazıçılar, şöhrətpərəst, eqoist və tənbəldirlər və onları stimul verən səbəblərin kökündə bir müəmma dayanır. Kitab yazmaq, acı verən bir xəstəliyin davam etməsi kimi insanı tükədən qorxunc bir mübarizədir. Nə qarşı çıxa biləcəyin, nə də anlaya biləcəyin bir şeytan tərəfindən təhrik olunmasan, əsla bir iş görməzdim. Bu şeytanın körpəni diqqət çəkmək üçün ağlamağa məcbur edən instinktdən fərqlənmədiyini bilirik. Amma yenə də daim öz xarakterini yox etməyə çalışmadan, oxunaqlı mətn yazmağın mümkün olmadığı da məlumdur. Yaxşı nəsr əsəri pəncərə şüşəsi kimidir. Mənə hansı stimulun daha çox təsir etdiyini dəqiq deyə bilmərəm, amma hansılarının arxasınca düşməyin vacibliyini bilirəm. Geri dönüb keçmişimə baxdıqda isə ruhsuz, lazımsız, bir sözlə cəfəngiyyat yazmağımın səbəbini bir siyasi məqsədimin olmamasında görürəm.
1946
Tərcümə edən: Fərid Abdıyev
Kultura.az