post-title

Yusif Akçura: Üç tərz siyasət

Kultura.az saytı məşhur türkçü alim Yusuf Akçuranın türkçülüyün manifesti sayılan \"Üç tərz siyasət\" essesininin ikinci və üşüncü hissələrini oxuculara təqdim edir.


İndi bu üç siyasətdən hansının yararlı və tətbiqə qabil olduğunu araşdıraq.
Yararlı dedik; lakin kimə və nəyə yararlı?

Əvvəlcə bütün bəşəriyyətə deyilə bilər. Onda, bəşəriyyətin mənfəəti üçün xidmət edən siyasi yol və yollara tərif vermək, və sonra o yol və ya yolların müəyyən və məhdud bir qism insana tətbiqindən də bütün bəşəriyyətin faydalanacağını isbat etmək, və daha sonra, anılan üç yoldan birinin və ya bir neçəsinin gələcək şərtlərə malik olan yol və ya yollarla eyniyyətini göstərmək gərəkdir. Bu isə, inanmıram ki, indi mümkün olsun. Çünki, bəhs edilən şərtləri ehtiva edən siyasi yol və ya yolları, bəşəri bilik hələ tapa bilməmişdir.
Yuxarıda qeyd edilən üsulla getməyib, yalnız üç yoldan bir və ya bir neçəsinin osmanlı, müsəlman və türklərə tətbiqinin bütün bəşəriyyət üçün faydalı olacağı sübut edilməyə çalışılsa, üsul nöqsanlı olduğuna görə nəticə həddindən artıq xətalı olar. Əksər ictimai və siyasi işlərdə bu xətalı üsulun istifadəsinə adət edilməsinə baxmayaraq, həqiqətən də bir növ səfsətə olduğu üçün ondan imtina edirəm. 
Məsələni bir az yığcamlaşdırıb, formalaşmış bəşəri bir heyətə müraciət edək. 
Yenə də çox ümumi bir məsələyə gəlib çıxırıq: müəyyən bir cəmiyyətin mənfəətləri nədən ibarətdir? Bu suala cavab verməmiş, bu və ya digər siyasi yolun hansısa cəmiyyət üçün faydalılığı məsələsi həll oluna bilməz.
Məlumdur ki, hər hansı bir cəmiyyətin mənfətlərinin nədən ibarət olduğunu müəyyənləşdirmək siyasi bir məsələdir. Yəni "Siyasət" deyilən və hələ mövzu və metodu qəti olaraq qərarlaşdırılmamış natamam bir elmin mühüm məsələlərindən biridir. Siyasət elminin məsələləri haqqında, deduksiya və induksiya (metodlarının - M.M) tərəfdarları arasında münaqişə və çəkişmə davam etməkdədir. "Birincilər deyirlər ki, siyasi qaydalar sırf fikridir (ideal), bəhs edilən qaydalar eyniylə riyaziyyatın aksiomları kimi hazır şəkildə (a priori) qəbul olunur. Hökümət adamları bu qaydaları, necə ki memar həndəsi qaydaları tətbiq edir, cəmiyyətə tətbiqə mükəlləfdilər. İkincilərə görə isə, cəmiyyətlər tabe olduqları qaydaları zatında ehtiva edərək inkişaf və dəyişiklikləriylə meydana çıxararlar: bu baxımdan siyasət elmi, bəşəri fəaliyyətə xəyali bir qayə təyinindən imtina etməyərək, hadisələrdən tarixi və ictimai qaydalar yaratmağa, mühit, əhval, yanılma və ehtirasları gözdən qaçırmamağa çalışmalıdır".
Siyasət elminin üsulunda olan bu ixtilaf, onunla əlaqəli məsələlərin də əksəriyyətində qəti bir forma tapmağa maneə olur. Bəşəri cəmiyyətlərin həqiqi mənfəətləri, ictimai elmlərin mənsubları tərəfindən olduqca çox müzakirələrə səbəb olmasına baxmayaraq, hələ bir qərara gəlinməmiş məsələlərdəndir.
Bu qərarsızlıqla yanaşı, hər cəmiyyət öz mənfəətini əldə etmək ümidi ilə həqiqətən də mütəmadi dəyişiklik vəziyyətindədir. Yəni yuxarıda anılan ictimai məsələ, praktiki olaraq hər zaman, hər yerdə həll olunmaqdadır. Bu mütəmadi dəyişiklik əsnasında mənfəət deyə hərəkətə etdirilən şey həyatdır. Həyat isə güclü şəkildə davam etdiyi üçün, həyatın varlığı gücün varlığını gərəkli edir. Bu o deməkdir ki, hər cəmiyyət mənfəətini həyatda, yəni güc qazanmaqda və gücünü artırmaqda tapır. Bu baxımdan, cəmiyyətlər arasında, kainatın mövcudiyyət ardınca qaçan bütün ünsürləri arasında olduğu kimi, daimi bir müharibə gedir. Biz də bu formanı qəbul etmək məcburiyyətindəyik. Hər cəmiyyətin mənfəəti; mövcudiyyətində, bu səbəbdən də güclü olmaqdadır.
Lakin hansı cəmiyyətin mənfəəti üçün çalışmalıyıq? Bu suala məntiqli bir cavab verilməsi mümkün deyil. Həqiqətən də, nə üçün türk və müsəlmanların mənfəətinə xidmət edək, ancaq məsələn slavyanların və ya ortodoksların mənfəətləri üçün çalışmayaq? Xüsusilə, bir cəmiyyətin mənfəəti, əksər hallarda, digərinin zərəri ilə başa gəldiyi üçün, hansı məqbul səbəbə istinad edərək, bəşəriyyətin bir qisminə zərər verməkdə haqlı olduğumuzu göstərə bilərik?
Bu sualı ancaq təbii meylimiz, başqa təbirlə ağlımızın hələ təhlil edə, haqq verə bilmədiyi hissimiz cavablandıra bilər. Mən Osmanlı və Müsəlman türküyəm. Buna görə də, Osmanlı Dövləti, İslamiyyət və bütün türklərin mənfəəti üçün xidmət etmək istəyirəm. Lakin siyasi, dini və soya əsaslanan bu üç cəmiyyətin mənfəətləri müştərəkdirmi? Yəni birinin güclənməsi, digərlərinin də güclənməsinə gətirib çıxarırmı? 
Osmanlı dövlətinin mənfəəti, bütün müsəlmanların və türklərin mənfəətlərinə zidd deyil. Çünki, onun güclənməsi təbəəsi olan müsəlmanlar və türklərin güclənməsi mənasına gəldiyi kimi, digər müsəlman və türklər də, güclü bir dəstək qazanmış olarlar.
Fəqət İslamın mənfəəti, Osmanlı Dövləti və Türklüyün mənfəətlərinə tamamilə uyğun gəlmir. Çünki, İslamın güc qazanması, necə ki Osmanlı təbəəsinin bir qisminin (qeyri-müsəlmanların) sonda itirilməsinə və bu baxımdan Osmanlı Dövlətinin bu günki topluluğundakı bir parçasının yox olmasına gətirib çıxarar, eləcə də Türklüyün müsəlman və qeyri-müsəlman dini anlaşmazlığı ilə bölünməsinə və buna görə də gücsüzləşməsinə səbəb olar (Yusif Akçuranın qeydi - Qeyri-müsəlman türklər çox az olduğu üçün bu sonuncu əngəl əhəmiyyətsizdir).
Türklüyün mənfəətinə gəldikdə isə, onun da, nə Osmanlı Dövlətinin və nə də İslamın mənfəətinə tamamilə uyğun gəlməsi mümkün deyil. Çünki, İslam cəmiyyətini Türk və Türk olmayan qisimlərinə bölərək zəiflədər, və bunun nəticəsində də Osmanlı təbəənin müsəlmanları arasına da nifaq salıb Osmanlı Dövlətinin gücsüzləşməsinə gətirib çıxarar.
Məhz bu səbəbdən, hər üç cəmiyyətə mənsub olan şəxs, Osmanlı Dövlətinin mənfəəti üçün çalışmalıdır. Lakin Osmanlı Dövlətinin mənfəəti, yəni güc qazanması, indiyə qədər mövcud olub bəhsimizin mövzusunu təşkil edən Üç Tərz Siyasətdən hansına uyğun gəlir? Və bunlardan hansı Osmanlı ölkələrinə tətbiqə qabildir?


3


Osmanlı milləti təşkili, Osmanlı ölkələrinin hazırkı hüdudları ilə mühafizəsi üçün yeganə çarədir. Fəqət, Osmanlı Dövlətinin həqiqi gücü, müasir coğrafi şəklinə uyğun gəlirmi?
Əgər Osmanlı milləti meydana çıxarsa, dövlətin fərqli din və soylara mənsub təbəəsindən, sərbəstlik və hüquqi bərabərlik üzərində qurulmuş qarışıq bir millət əmələ gələcək, bunlar sırf vətən (Osmanlı ölkəsi) və millət (Osmanlı milləti) fikriylə birləşərək, din və qövümlərin yaşayılarından doğan ixtilaf və davalar ortadan qalxacaq, və bu əsnada rumlar, ermənilər kimi türklər, ərəblər də əriyəcək...
Osmanlı Dövlətinin qurucuları olan Osmanlı türkləri, sadəcə ilk öndərləri Osman bəyin adını vətən və millətə verməyin və xüsusilə ata-analarının himmətiylə meydana gələn imperatorluğun daha çox parçalanmadığını görməyin mənəvi faydaları ilə qanə olacaqlar. Bəlkə də Osmanlı adından da məhrum olacaqlar: əksəriyyəti hakimiyyət altındakı əski millətlərdən (müsəlman və qeyri-müsəlman) meydana gəlmiş bu sərbəst dövlətdə, əksəriyyətin arzusuyla, əski məhkumiyyəti göstərən Osmanlı adı belə götürüləcək....
Bununla yanaşı Osmanlı türkləri uzun bir keçmişdən bəri icra etdikləri hakimiyyətin təsiri ilə, bəlkə məhdud bir gələcəkdə də maddi nüfuzlarını davam etdirə bilərlər. Lakin, ətalət həssasiyyətinin ictimai işlərdəki bu təcəllisi, digər təbii vəziyyətlərdə olduğu kimi çox az davam etməkdədir. 
Osmanlı millətinin tərkibindəki cümlə müsəlmanlara gəldikdə isə: çoxluq təşkil edəcəkləri üçün, məmləkətin idarəsində bütün hakim gücün onların əlinə keçməsi və bu səbəbdən də mənəvi və maddi olaraq islam ünsürünün bu qarışıq topluluqda ən çox fayda əldə etməsi lazım kimi görünsə də, etdiyimiz bu təsəvvür ilə Osmanlı millətində dini ixtilafın ortadan qalxmadığını, həqiqi bir bərabərliyin meydana gəlmədiyini, fərqli ünsürlərin ciddi şəkildə ərimədiyini düşünmüş oluruq...
Osmanlı millətinin meydana çıxmasında, ona daxil olacaq türk və müsəlmanların nüfuz və güclərinin artmayacağını demək, Osmanlı Dövlətinin gücünün əksiləcəyi demək deyildir. Halbuki əsil məsələmiz dövlətin gücü idi. Bu güc əlbəttə artacaqdır. Müntəzəm, sıx, xülasə, dəb olan bir təbir ilə "Blok" təşkil edən bir millət əhalisi, daim ixtilaf və dava edən, parçalanmaqda olan anarxik bir dövlətdən, şübhəsiz ki, daha güclüdür.
Lakin, əsl mühüm məsələ, müxtəlif soy və dinə mənsub olub indiyə qədər bir-birləriylə dava və savaşdan halı qalmayan ünsürlərin, bundan sonra qaynayıb-qarışmalarının mümkün olub-olmadığıdır. 
Yuxarıdan da aydın oldu ki, bu başlıqdakı təcrübə uğursuzluqla nəticələnmişdir. Bundan sonra uğur mümkün olub-olmayacağını anlamaq üçün, keçmiş təcrübənin müvəffəqiyyətsizlik səbəblərini, təfsilatı ilə nəzərdən keçirək: 
1. Bu qarışma və harmoniyanı müsəlmanlar və xüsusilə, Osmanlı türkləri istəmirdilər. Çünki, altı yüz illik hakimiyyətləri hüquq cəhətdən sona çatacaq və bu illər ərzində hakimiyyətləri altında görməyə alışdıqları rəiyyət ilə eyni səviyyəyə enəcəkdilər. Bunun ən təcili və maddi bir nəticəsi kimi, o vaxta qədər adətən inhisara aldıqları məmurluq və əsgərlikdə rəiyyəti də iştirak etdirmək, digər bir təbirlə, nisbətən az müşkül, aristokratlar tərəfindən şərəfli zənn olunan bir iş yerinə adət etmədikləri və həqir gördükləri sənaye və ticarətə girmək lazım gələcəkdi. 
2. İslam istəmirdi. Çünki, ona qoşulanların həqiqi mənfəətlərini həddən ziyadə maddi və bəşəri bir nöqteyi-nəzərdən diqqətdə saxlayan bu güclü din, müsəlman və qeyri-müsəlmanın hüquqi cəhətdən tam bərabərliyini qəbul etmir, qeyri-müsəlmanları daima ikinci yerə qoyurdu. Sərbəstliyə gəldikdə isə: İslam hər cəhətdən dinlərin ən hüriyyətpərvəri olmaqla yanaşı, din olması etibarıyla mənşəyi fövqəlbəşər olduğundan, mütləq həqiqətlərdən ibarət əsas və qaydalar xaricində hər qaydanı doğru yola zidd görəcək və bu səbəbdən də insanlığın səadətə çatması məqsədiylə tam bir fikir və vicdan sərbəstliyini qəbul etməyəcəkdi.
3. Qeyri-müsəlman təbəə də istəmirdi. Çünki hər birinin son dövr tərəqqiləriylə ehtişam qazanan keçmişləri, istiqlalları, hökümətləri vardı. Müsəlmanlar və xüsusilə türklər o istiqlala son qoymuş, o hökümətləri məhv etmişdi. Osmanlı hakimiyyəti altında isə, iddialarına əsasən, əksəriyyət ədalət deyil zülm, bərabərlik deyil həqarət, rahatlıq deyil əzab görmüşdülər. Hətta şərəf və namusları belə bəzən ayaq altında tapdalanmışdı. 
Miladi təqvimi ilə On Doqquzuncu əsr, bir tərəfdən bunlara keçmişlərini, vəziyyətlərini, haqlarını, milliyyətlərini öyrətdi; digər tərəfdən də, hakimlərini, Osmanlı dövlətini zəiflətdi. O həddə ki, hakimiyyət altdakılardan bəziləri hətta istiqlal qazana bildi.
Bu arada, zəifləmiş hakimləri (Osmanlı Dövləti - M.M) məcburən və fəqət daima tərəddüdlə dostluq əlini uzatdı, hakimiyyəti aralarında bölmək, hüququ birləşdirmək istədilər. Göz bəsirətləri əksər hakimlərdən açıq olan bu güclənmiş məhkumlar, uzadılan əllərdən bəzilərinin çox səmimi və sadiq olduğunu çox gözəl bilsələr də, bu yeni siyasətdə Qərbin təsirini, Osmanlı Dövlətinin varlığında öz qazanclarını görən bəzi Qərb dövlətlərinin təzyiqlərini də gözdən qaçırmadılar.
Bəlkə də bəzilərinin mənfəətləri, Osmanlı millətinin təşəkkülü istiqamətində idi. Lakin, onlar da soyuq ağıllarından ziyadə həyəcanla gələn hislərinə tabe olurdular. Heç biri, demək olar ki, heç biri keçmiş istiqlallarıyla müharibə aparan bir qövm ilə yanaşı, ona qarışaraq, əriyərək yeni bir millət meydana gətirməyə razı deyildi.
4. Osmanlıların böyük düşməni Rusiya ilə onun köləsi və yol göstərənləri olan kiçik Balkan hökümətləri istəmirdi. Çünki, Rusiya, Boğazlara, Anadolu və İraqa, İstanbul və Balkanlara, müqəddəs torpaqlara sahib olmaq, beləcə siyasi, iqtisadi, milli və dini məqsədinə çatmaq məqsədi güdürdü. Boğazları ələ keçirməklə, donanmasına Qara dəniz kimi təhlükəsiz və böyük bir liman təmin edəcək, beynəlmiləl ən mühüm ticarət yollarından sayılan Aralıq dənizinə sərbəst şəkildə çıxacaq, və sonra o möhkəm pusqudan istədiyi vaxt atılaraq dövrümüzün hind karvanları və onları mühafizə edən ingilis ticarət və hərbi gəmilərinə hücumla Birləşmiş Krallığın ən zəngin müstəmləkəsinin yolunu kəsə biləcək, qısacası çoxdan bəri göz dikdiyi Hindistanı, qərbdən müəyyən qədər mühasirəyə almış olacaq, Anadoluya sahib olmaqla dünyanın ən münbit və məhsuldar qitəsini hökmü altına alacaq, İraqa qədər bütün qərbi Asiyanı əlinə keçirərək Hindistanın qərb qapılarına çatmış olacaq, və bəlkə də, uzaqdan-uzağa ta o zamanlar meydana çıxan Rusiya və İngiltərənin İslam topluluğu və bu səbəbdən də İslamın müqəddəs torpaqları uğrunda rəqabətdə də öz faydası üçün müvazinəti pozacaq, nəhayət, Boğazları, Osmanlı Asiyasının mühüm bir qismini əldə etməklə, Rusiya böyük siyasi və iqtisadi bəhər dərmiş olacaqdı.
Balkanları geniş imperatorluğuna ilhaq ilə, şimal və cənub slavyanlarını birləşdirəcək, beləliklə Ayasofiya qübbəsinə xaç sancaraq Ortodoksluğun meydana gəldiyi beşiyi, yəni rusların dinlərinin çıxdığı yeri Məscidi-Kamaməni idarələri altına alaraq, Xristianlığın qaynaqlarını məmləkətinin tərkibinə qatacaq və bu minvalla, demək olar ki, hamısı radikal olan dindar təbəəsinin ürəkdən dilədikləri ən ali bir əməli, dini və ruhi bir əməli həyata keçirəcəkdi.
Bu məqsədlərinin asanlıqla həyata keçirilməsi, Osmanlı Dövlətinin gücsüzlüyündən, Osmanlı təbəəsinin davamlı nifaq və dava halında olmasından asılı idi. Xüsusilə, Rusiya əsla bir Osmanlı milləti təşəkkülünə razı olmazdı.
O dövrdə yeni siyasi istiqlal qazanmış Serb və Yunan dövlətləriysə, "Türk boyunduruğu altında qalan millətdaşlarına" imkan yaratmaq istəyərdilər. Bu səbəbdən də Osmanlı təbəəsinin parçalanmış halda olması mənfəətləri üçün zəruri idi və bunun üçün çalışırdılar.
5. Avropa ictimaiyyətinin bir qismi də istəmirdi. Çünki, Avropa cəmiyyətinin qurucularından bəziləri hələ Müsəlmanlıq-Xristianlıq din ixtilafından, Əhli-Səlib müharibəsi ənənələrindən xilas olmadıqları üçün, xristianları İslam hakimiyyətindən xilas etmək, xaçın ən kiçik hissəsini belə ayın altında saxlamamaq, mömin olmayanları (inffideles) Avropa torpağından, Nasara ölkəsindən (Qüds) qovub çıxarmaq arzusunda idi. Bəziləri isə, sırf insaniyyət və elm baxımından mühakimə edərək, "hər cür tərəqqiyə istedadlı Avopalı millətləri, yarı barbar, zülmkar, hərb və ixtilafdan başqa məharəti gözə dəyməyən Turanilərin boyunduruğundan" xilas etmək və bu asiyalıları gəldikləri Asiya səhrasına qovmaq istəyərlərdi. Lakin, çox vaxt bu iki fikir bir-birinə qarışır və hansının hansından törədiyi anlaşılmayacaq qədər qarışıq bir halda təcəlli edirdi.
Demək ki, Osmanlı millətini, Osmanlı ölkələrindəki bütün qövümlərin arzusunun əksinə, xarici maneələrə rəğmən, Osmanlı hökümətində işbaşında olan bir neçə adam, bəzi Avropa dövlətlərinə (xüsusilə Napoleon Fransasına) əsaslanaraq meydana gətirəcəkdi. Bu iş, qeyri-mümkün deyiləcək qədər müşküldü. İşbaşında olan zatların hamısının, dahi olsalar belə, yenə də bu qədər maneələrə dözə bilmələri çox az mümkündü. Doğurdan da iş müvəffəqiyyətsizliklə yekunlaşdı.
Qeyd edilən maneə səbəbləri, o vaxtdan bəri əksilmədi, artdı, çoxaldı. Əbdülhəmidin siyasəti, müsəlmanlar ilə qeyri-müsəlmanlar arasında nifaq və zidiyyəti artırdı. Qeyri-müsəlman təbəənin bir qismi də istiqlal qazanaraq, digərlərinin şövqlərini artırdı. Rusiyanın getdikcə güc və şəvqəti artdığı üçün, Osmanlı Dövlətinə olan zərərli təsirləri çoxaldı. Serb, Yunan, Bolqar, Qaradağ təsirləri peyda oldu. Avropa fikri daha çox türklər əleyhinə yönəldi. Osmanlı milləti siyasətinin ən güclü tərəfdarlarından Fransa, Avropa Müqaviləsi dövründəki əzəmətini itirərək, Rusiyanın əlaltısı oldu. Xülasə, məmləkətin daxilində və xaricində bu siyasətə büsbütün qarşı bir mühit meydana gəldi. Buna görə də, zənnimcə, artıq Osmanlı milləti meydana gətirməklə məşğul olmaq, bihudə bir yorğunluqdur. 
İndi də, İslam birliyi siyasətinin yararlı, tətbiqə qabil olub-olmadığı tədqiq edək:
Yuxarıda eyham vurulduğu kimi, bu siyasət tətbiq olunarsa, Osmanlı təbəəsi arasında dini nifaq və düşmənçiliyin artması və beləliklə qeyri-müsəlman təbəə ilə onların çoxluq təşkil etdiyi məmləkət ərazilərinin itirilməsi və buna görə də Osmanlı Dövlətinin gücünün azalması lazım olacaqdı. Bundan əlavə, ümumiyyətlə türklər arasına müsəlman və qeyri-müsəlman fərqi girəcək, soydan əmələ gəlmə qardaşlıq din ixtilafları ilə pozulacaqdı. 
Lakin, bu əngəllərə müvafiq olaraq, Osmanlı dövlətinin hakimiyyəti altındakı bütün müsəlmanlar və bu səbəbdən də onun bir hissəsi olan türklər, çox güclü bir bağla sımsıx birləşəcəklər, beləliklə fərqli soy və dindən meydana gəlmiş "Osmanlı milləti"nə nisbətən, olduqca çox sıx və bu sıxlığı baxımından, mülk, adət, ərazi, sərvət cəhətdən olan nöqsanlarına rəğmən daha güclü bir topluluq, İslam topluluğu, meydana gətirəcəkdilər.
Daha mühümü, yer üzündəki bütün müsəlmanların getdikcə güclənmək üzrə birləşməsi və, beləcə anqlo-sakson, german, slavyan, latın və bəlkə sarı irqin birləşməsi ilə əmələ gələcək böyük güclər arasında varlığını mühafizə edə biləcək, dinə əsaslanaraq təşkil edilən bir gücün meydana gəlməsi üçün hazırlaşacaqdı. Bu ali əmələ yetənə qədər, şübhəsiz xeyli zaman keçəcək, ilk dövrlərdə yalnız indidən mövcud mənəvi münasibətlər möhkəmlədilərək, gələcək topluluğun yalnız təxmini bir qaralaması ediləcək və fəqət get-gedə cizgiləri və forması daha çox müəyyənləşəcək, müsbət, qəti və hələ yalnız adı anılan böyük, qorxunc mənəvi çoxluqlarla müqayisəyə qadir, Asiyanın böyük bir qismi ilə Afrikanın yarısından çoxuna hakim mənəvi bir subyekt yaradılmış olacaqdı. 
Lakin, bu tərzi-siyasətin, Osmanlı dövlətində müvəffəqiyyətlə tətbiqi mümkündürmü? 
İslam, ictimai və siyasi işlərə çox əhəmiyyət verən dinlərdən biridir. İslamın əsas qaydalarından biri, "din və millət birdir" düsturu ilə ifadə olunur. İslam, mömin şəxslərin soy və millətlərinə son qoyur; dillərini ortadan qaldırmağa çalışır, keçmişlərini, xatirələrini unutdurmaq istəyir: "İslam qüvvətli bir dəyirmandır ki, fərqli din və soy mənsublarını üyüdüb, din və soy cəhətdən bir, eyni haqlara malik, bir-birindən heç fərqlənməyən müsəlmanlar çıxarır... "
İslam meydana gələndə, güclü, müntəzəm siyasi təşkilatı vardı. Əsas Qanunu Quran idi. Rəsmi dili ərəbcə idi. Seçilmiş bir başçısı, müqəddəs bir idarə mərkəzi vardı. 
Lakin, digər dinlərin tarixində rast gəlinən dəyişikliklər, İslamda da müəyyən həddə qədər müşahidə olunur: irqi təsirlər və müxtəlif hadisələr nəticəsində, dinin təşkil etdiyi siyasi birlik qismən pozuldu. Hicrətdən hələ bir əsr keçməmişdi ki, ərəb və əcəm miliyyətləri ziddiyyəti, Əməvi və Haşimi arasındakı nifrət tərzində təcəlli ilə, İslam birliyinə sağalmaz bir yara açdı, böyük Sünni və Şiə ixtilafını meydana çıxardı. Daha sonralar, ərəb və əcəm (fars - M.M) ünsürlərinə, türk, bərbər kimi və s. müxtəlif ünsürlər də qarışdı. Bunlar İslamın düzəltmək, birləşdirmək və təmsildəki şiddətinə rəğmən, milli hiss və ehtiraslarını qismən mühafizə etdikləri üçün, İslamdakı fikir və siyasət birliyi daha çox pozuldu. Şərqdə də, eynən Qərbdə olduğu kimi, kiçik dövlətlər meydana gəldi. Xilafət, mənəvi rəhbərliyi müəyyən həddə qədər mühafizə etməklə yanaşı, çox geniş Darül-İslam, hər tərəfdə meydana gələn kiçik-kiçik və müvəqqəti əmirliklər, səltənətlər, şahlıqlar, padşahlıqlar ilə parça-parça oldu. Şəxsən xilafət də ikiləşdi, hətta üçləşdi. Rəsmi və dini dil birliyi də itdi. Əcəmcə ərəbcə qədər haqq iddiasına qalxdı. 
Elə bir vaxt gəldi ki, İslamın gücü ən dib nöqtəsinə doğru enməyə başladı. İslam ölkələrinin bir qisminin, get-gedə böyük qisminin, dörddə üçündən çoxu, Xristian dövlətlərinin hakimiyyəti altına girməsi ilə İslamiyyətin birliyi dəlik-deşik oldu. 
Son vaxtlar isə, Qərb fikirlərinin təsiriylə, İslamiyyətin arzusuna rəğmən, tamamilə məhv edə bilmədiyi qövm və millət təəssübü, çox az da olsa, özünü göstərməyə başladı. 
Gücünə xələl yetirən bu qədər hadisələrlə yanaşı, İslam hələ də çox güclüdür. Müsəlmanların arasına, dinlərində şübhəçilik və ya daha betəri olan imansızlıq hələ girməyib deyilə bilər. İslamın demək olar ki, bütün tabeliləri, din yolunda bütün fədakarlıqları gözə alacaq, müti, dini ilə həyəcanlı, dini bütöv şəxslərdir.
Bəzi müsəlman dövlətlərinin yeni qanunları İslam şəriətindən ayrı olmaqla yanaşı, əsası yenə İslam qaydaları kimi göstərilməkdədir. Hələ də, ərəbcə yeganə din dilidir. Hətta bir çox yerlərin müsəlmanları üçün elmi və ədəbi dildir də. İslam məktəbləri -müstəsna bölmələri istisna olmaqla- eyni proqram ilə eyni dil üzərində (ərəbcə) tədrisə davam etməkdədir. Xüsusilə, İslam mədəniyyətinin, əvvəlki birliyinin davam etdiyi deyilə bilər. 
Hələ hər müsəlman, türk və iranlıyam deməmişdən əvvəl, "Əlhəmdülillah Müsəlmanam..." deyir. Hələ İslamiyyət dünyasının böyük qismi, Osmanlı türklərinin xaqanını İslamın xəlifəsi bilir. Hələ bütün müsəlmanlar, gündə beş dəfə Mükərrəm Məkkəyə üz tutur və Kəbəyə üzünü sürtüb Həcəri-Əsvədi öpmək üçün, böyük bir həyəcanla kürənin hər tərəfindən müxtəlif sıxıntılara dözərək gəlirlər. Heç qorxmadan təkrar oluna bilər ki, İslam hələ çox güclüdür. Buna əsaslanaraq tövhidi-İslam siyasətinin tətbiqində, daxili maneələr az güc ilə öhdəsindən gəlinəcək haldadır. Lakin xarici maneələr çox güclüdür. Doğurdan da, bir tərəfdən İslam dövlətlərinin hamısı Xristian dövlətlərinin nüfuzu altındadır. Digər tərəfdən bir-iki müstəsna xaricində, bütün Xristian dövlətləri müsəlman təbəəyə malikdir.
(Xristian dövlətləri - M.M) Tabeliliklərində olan müsəlmanların, hətta güclü mənəvi bir vasitəylə olsa belə, hüdudları xaricindəki siyasi maneələrə bağlılıqlarına, gələcəkdə mühüm nəticələri meydana gələ biləcək ümumi bir fikrə xidmətlərinə, bunu mənfəətlərinə zidd hesab etdiklərindən, hər yolla əks getmək istəyərlər, və bütün İslam dövlətləri üzərindəki nüfuz və iqtidarları sayəsində bu istədiklərini icra da edə bilərlər. Ona görə də, zamanəmizin ən güclü İslam dövləti olan Osmanlı Dövlətinin belə ciddi bir surətdə İslam birliyi siyasətini tətbiqə çalışmasının, bəlkə də müvəffəqiyyətlə, əleyhinə çıxarlar. 
Türk birliyi siyasətindəki faydalara gəldikdə isə, Osmanlı ölkələrindəki türklər həm dini, həm irqi bağlarla çox sıx, lakin (irqi bağlarla - M.M) dindən daha sıx birləşəcək və əsasən türk olmadığı halda müəyyən həddə qədər türkləşmiş sair müsəlman ünsürlər daha ziyadə Türklüyü mənimsəyərək və hələ heç türkləşməmiş ünsürlər də türkləşdirilə biləcəkdi.
Lakin əsil böyük fayda ; dilləri, irqləri, adətləri və hətta çoxunun dinləri belə bir olan və Asiya qitəsinin böyük bir qismi ilə Avropanın şərqinə yayılmış türklərin birləşməsinə və beləliklə digər böyük millətlər arasında varlığını mühafizə edə biləcək böyük bir siyasi millət təşkil etmələrinə xidmət ediləcək və bax bu böyük topluluqda türk cəmiyyətlərinin ən güclü və ən mədəniləşmişi olduğu üçün, Osmanlı Dövləti ən mühüm rolu oynayacaqdı. Son hadisələrin ağıla gətirdiyi uzaq bir gələcəkdə, meydana gələcək ağlar və sarılar aləmi arasında bir Türklük cahanı meydana gələcək və bu orta dünyada Osmanlı Dövləti, indi Yaponiyanın sarılar aləmində icra etmək istədiyi vəzifəni üzərinə götürəcəkdi.
Bu faydalara müvafiq olaraq, Osmanlı ölkələrində məskunlaşıb, müsəlman olub, lakin türk olmayan və türkləşdirilməsi də mümkün olmayan qövmlərin Osmanlı Dövlətinin əlindən çıxması və İslamiyyətin türk və türk olmayan qisimlərinə ayrılaraq, artıq Osmanlı Dövlətinin türk olmayan müsəlmanlar ilə ciddi bir münasibətinin qalmaması əngəlləri vardır. 
Türkləri birləşdirmək siyasətinin tərkibindəki daxili müşkülat İslam siyasətinə nəzərən daha çoxdur. Hər nə qədər, Qərbin təsiri ilə türklər arasında millət fikirləri girməyə başlamış isə də, yuxarda deyildiyi kimi, bu hadisə hələ çox yenidir. Türklük fikirləri, türk ədəbiyyatı, türkləri birləşdirmək xəyalı hələ yeni doğulmuş bir uşaqdır. İslamiyyətdə gördüyümüz o güclü təşkilatdan, o gur həyat və o gur həyəcan hissiyyatdan, xülasə sağlam bir ittihadı meydana gətirə biləcək maddə və hazırlıqdan demək olar ki, heç birisi Türklükdə yoxdur. Bu gün əksər türklər keçmişlərini unutmuş bir haldadılar. 
Lakin bu da unudulmamalıdır ki, zəmanəmizdə birləşməsi mümkün türklərin böyük bir qismi müsəlmandır. Bu cəhətdən, İslam dini, böyük Türk millətinin təşəkkülündə mühüm bir ünsür ola bilər. Milləti təhrif etmək istəyənlərdən bəziləri, dinə bir amil (factuer) kimi baxmaqdadırlar. İslam, Türklüyün birləşməsində bu xidməti göstərə bilmək üçün, axır vaxtlar Xristianlıqda da olduğu kimi, daxilində millətlərin doğmasını qəbul edəcək şəkildə dəyişməlidir. Bu dəyişiklik isə demək olar ki, məcburidir də: zəmanəmizdə rast gəlinən ümumi cəryan irqlərdir. Dinlər, din olmaq baxımından, getdikcə siyasi əhəmiyyətlərini, güclərini itirirlər. İctimai olmaqdan ziyadə şəxsiləşirlər. Cəmiyyətlərdə vicdan sərbəstliyi, din birliyinin yerini tutur. Dinlər, cəmiyyətlərin əlavə işləri olmaqdan imtina edərək, qəlblərin hidayət və mürşidliyini üzərinə götürür, ancaq xaliq ilə məxluq arasındakı vicdani rabitə halına keçir. Dolayısıyla, dinlər ancaq irqlərlə birləşərək, irqlərə yardımçı və hətta xidmətçi olaraq, siyasi və ictimai əhəmiyyətlərini mühafizə edə bilirlər. (Yusif Akçuranın qeydi - Rusiyada Ortodoksluq, Almaniyada Protestantlıq, İngiltərədə Anqilikanlıq, müxtəlif məmləkətlərdə Katoliklik). 
Xarici əngəllər isə, İslamiyyət siyasətinə nisbətən daha az qüvvətlidir. Çünki Xristian dövlətlərdən yalnız birinin, Rusiyanın müsəlman türk təbəəsi vardır. Bu cəhətdən, mənfəətləri gərəyi, türklərin birləşməməsinə çalışacaq yalnız bu dövlətdir. Başqa Xristian dövlətlərə gəldikdə isə, ehtimal ki, bəziləri, Rusiya mənfəətlərinə zərərli olduğu üçün, hətta bu siyasəti dəstəkləyərlər də.
Yuxarıdakı mütaliələrdən bu nəticələr çıxır: Osmanlı milləti yaradılmasının, Osmanlı dövləti üçün faydaları varsa da, tətbiqə qabil deyil. Müsəlmanların və ya türklərin birləşməsinə istiqamətlənmiş siyasətlər, Osmanlı dövləti haqqında bərabər deyilə biləcək mənfəət və əngəllər ehtiva etməkdədir. Tətbiq cəhətinə gəldikdə isə, asanlıq və çətinlik yenə eyni dərəcədədir deyilə bilər.
Bu halda hansının tətbiqinə çalışılmalıdır? "Türk" qəzetinin (bu məqalənin göndərildiyi və Misirdə nəşr olunan qəzet - M.M) adını eşitdiyim zaman, nəhayət məni narahat edən bu suala cavab tapacağıma ümid və adına nəzərən o cavabın da Türklük siyasəti olacağını zənn eləmişdim. Lakin, gördüm ki, "hüququ mühafizə" olunacaq, zehinləri təmizlənəcək, fikirləri sevindiriləcək Türk, sandığım kimi indi də Hanbalıqdan Qaradağa, Teymur Yarımadasından Qaralar vilayətinə qədər Asiya, Avropa və Afrikanın mühüm bir hissəsini əhatə edən böyük irqin fərdindən hər hansı bir Türk olmayıb, ancaq Osmanlı Dövləti təbəəsi olan bir Qərb türküdür. "Türk" yalnız onları görür, onları tanıyır. Və, həm də ancaq miladi On Dördüncü əsrdən bəri --və fransız mənbələrinə nəzərən-- tanıyır. Və ona görə də, bu zəmanədə eyni dövlətin təbəəsi olub müsəlman və ya qeyri-müsəlman və fəqət digər soydan olan camaatlar, və xarici millətlərə qarşı yalnız onların "hüququnu mühafizə" etmək istəyir. Türk üçün türklüyün əsgəri, siyasi və mədəni keçmişi yalnız Xüdavəndigarlardan, Fatehlərdən, Səlimlərdən, İbni Kamallardan, Nəfilərdən, Bakilərdən, Övliya Çələbilərdən, Kamallardan təşəkkül edir: Oğuzlara, Çingizlərə, Teymurlara, Uluqbəylərə, Fərabilərə, İbn Sinalara, Təftəzani və Nəvailərə qədər vara bilmir:
Arada bəzən İslamiyyət, Xilafət siyasətlərinə də sanki yaxınlaşsa da, birləşə biləcək türklərin, demək olar ki, hamısı müsəlman olduğu üçün əsasən mühüm nöqtələrdə ortaqlıqları olan İslam və Türk siyasətlərinin ikisini bir yerdə dəstəkləmək istədiyi zənn olunur; lakin bunun üzərində də çox qalmır, israr etmir. 
Xülasə, nə vaxtdan bəri ağlımı məşğul edib, lakin öz-özümü qane edəcək cavab tapa bilmədiyim sual yenə önümdə dayanıb cavab gözləyir: Müsəlmanlıq, Türklük siyasətlərindən hansısı Osmanlı dövləti üçün daha yararlı və tətbiqə qabildir?

Zoya kəndi, Rusiya
15 mart, 1904
Akçuraoğlu Yusuf

 

Tərcümə: Misir Məmmədov

Kultura.az

Yuxarı