post-title

Tural Şahtaxtinski: Bizim bilmədiklərimiz


Oxuduğumuz hansısa kitabda, baxdığımız hansısa filmdə və ya fərqli ölkələrdən, cəmiyyətlərdən aldığımız bəzi xəbərlərdə yaşadığımız ölkədə baş verən hadisələrin eynisini görmək, hər gün qarşılaşdığımız insanlar, şahidi olduğumuz hadisələrin, bizi məhv edən faciələrin, yalanların eynisini görmək yəqin ki, çoxlarınıza tanış hissdir. Bəzən də elə bir hadisənin şahidi oluruq, elə bir kitab oxuyuruq ki, bu yaşadığımız cəmiyyəti birbaşa ifadə edir, heç bir əlavə şərhə ehtiyac qalmır.Bu eyniləşdirmə, bu hislər, bu həyəcanlar, əsəblər və təəccüblər artıq o qədər adiləşib ki, birdən insanın içini vahimə bürüyür və özünü dəhşətli dərəcədə bədbəxt hiss edir, yenə də nəyəsə təəccüblənmək istəyir, amma alınmır. Bir az həssaslığı olan insanlar ölkədə olan hər şeyi bir neçə dəqiqə içində düşünməyə cəhd eləsə bunun necə dözülməz ağrılı bir hal olduğunu dəqiq bilər. Adətən insanların yaddaşında elə hadisələr dərin iz buraxır ki, nəsə daha böyük bir faciə baş vermiş olur, ölümlü-itimli olur. Bu yaxınlarda düşündüm ki, görəsən niyə hər gün gözümüzün önündə baş verən hadisələr bizi çox az düşündürür, niyə biz daha çox faciə, ölüm-itim axtarırıq. Elə şeylər olur ki, onlar nə qədər xırda görünsə də gələcəkdə böyük bir faciə halını alması qaçılmaz və danılmazdır. Bunları düşündükcə üç əhvalat yadıma düşdü və yenidən onları dəqiqliklə özümə izah edə-edə düşündüm, bu necə də dəhşətli idi! Axı necə olub bu hadisələri çox adi qiymətləndirmişəm, sadəcə maraqlı bir əhvalat kimi baxmışam. Dediyim kimi təəccüblənəcək heç nə qalmayıb, ağlımızın da başımızdan çıxmasına az qaldığı bir zamandayıq. Ona  görə də bütün olanları və hazırda dediyim o üç əhvalatı dayanmadan yazmaq fikrindəyəm. 

 

***

Bəzi insanlar var onlara nə etsən narazı qalacaq, düşdükləri bataqlıqdan çıxmaq istəməyəcəklər, hətta kömək edən insanlara da nifrət edəcəklər, söyəcəklər, döyəcəklər, şər atacaqlar, həyasızlıqla ona kömək etmək istəyən insanı öz yoluna, düz bildiyi işə görə peşman edəcəklər, hər cür oyundan çıxıb qarşısında duran insanı əsəbləşdirib həyatdan da, özündən də iyrəndirəcəklər. Bu cür insanlarla bizim cəmiyyətdə çox vaxt qarşılaşmaq şansı var, bu elə bir haldır ki, nə qədər qaçsan da gəlib səni tapır, amma mən hələlik bu cür insanlardan bezməmişəm, çünki bu insanlar bəzən dəhşətli dərəcədə kədərli olurlar, onların halına acımamaq mümkün deyil, onlardan qaçmaq özünə, düşüncələrinə və həyat haqqında bildiklərinə xəyanət sayılar, amma yenə də olub keçənləri düşündükdə qaçan insanları da xəyanətdə günahlandırmaq haqsızlıqdır, buna görə də bu fikrimi yalnız özümə aid edirəm, oxuyub edən olsa özünü düşünüb məndən inciməsin. Keçək əhvalata. Təxminən bir il əvvəl dəfələrlə qarşılaşdığım, söhbət etdiyim tanış bir xanım var idi, onunla hər dəfə qarşılaşanda bir insanın boşluqdan, bekarlıqdan, bilgisizlikdən, məlumatsızlıqdan, kitabsızlıqdan nə qədər əziyyət çəkdiyinin şahidi olurdum, bu məni çox üzürdü, bilmirdim necə edim ki, bu üzüntüdən xilas olum. Çünki bəzən yuxarıda qeyd etdiyim hadisələrdən dolayı istəyirəm elə addım atım ki, qarşımdakı demək istədiklərimi düzgün anlasın, buna görə özümə bir az zaman verdim və sonda həmin xanımla ciddi söhbət etmək qərarına gəldim. Onu mənasız üzüntülərdən, kədərdən, boşluqdan, heç bir əsası olmayan dərddən xilas etmək qərarına gəldim.İndi burada söhbəti uzadıb, olub keçənləri ətraflı yazmağa ehtiyac görmürəm. Qısa deyim: həmin gün xanımın da razılığı ilə ona bir kitab hədiyyə etdim və özünün arzusuna uyğun olaraq bu kitab uşaq ədəbiyyatına aid hekayələr kitabı oldu. Kitabdan sonra təxminən bir ay həmin xanımla qarşılaşmadım, qarşılaşdığım zaman isə elə sözlər eşitdim ki, məni xeyli təəccübləndirdi. Sözün həqiqi mənasında o gündən bu günə bir dəfə belə onu görməmişəm, çox güman onun məni görmək arzusu olmadığı üçün belə olub. O insan mənə dedi ki, sən çox böyük səhv edib mənə kitab verdin, sənin kimi avara insan tanımıram yer üzündə, sən belə avara işlərlə məşğul olduğun üçün bu gündəsən. Dedi ki, kitabın ilk hekayəsini oxuyandan sonra yatdım, elə o gecədən bildim ki, kitab oxumaq həqiqətən mənasız bir işdir və bu yaxınlarda  başıma gələn hadisədən zorla xilas olmuşam. Dedi ki, hekayəni oxuyan gündən bir həftə sonra məcbur qalıb psixoloq yanına gedib, əsəb xəstəliyi tapıb, iynədən, dərmandan aslı qalıb, hətta molla yanına da gedib ki, onu bu qorxulardan, əzablardan xilas eləsin. Xeyli təəccübləndim, düşündüm, axı bu hekayəni oxuyandan sonra bu insanın başına nə gəlib, niyə məni bu qədər danlayır? Bir sözlə,  dedi ki, ilk hekayəni oxuyub bitirəndən sonra o hekayədə olan uşaq hər gecə yuxusuna girib, kabusuna dönüb, onu yatmağa qoymayıb, bütün əsəbləri pozulub və təzəlikcə xilas olub bütün bunlardan. Bu qədər. Bunu da eşidəndən təxminən beş dəqiqə sonra çıxıb getdim, amma nədənsə o gündən sonra bu yaxınlarda yadıma düşdü hadisə. Həmin insanın iyirmi bir yaşı vardı, insan oxumağa gec başlaya bilər, lap əlli yaşında da başlasa olar, amma gərək buna hazır olsun, ən əsası bunu həqiqətən istəsin, istəmədisə, hazır olmadısa yuxu dərmanına möhtac qala bilər, amma mən yenə də inanıram ki, insan oxuyub dəli olmur. Bir amma da var, həmin xanımın yəqin ki, ətrafındakı insanlar artıq çoxdan qərar veriblər-insan oxusa dəli ola bilər və bunu yəqin ki, neçə-neçə insana bunu başa salmağa, öyrətməyə çalışıblar.

 
***

Novruz bayramı idi. Dostlardan biri məni öz evlərinə qonaq dəvət eləmişdi,  həmin dostumla münasibətim çox yaxşı olsa da ailəsinin dözülməz söhbətlərindən çox bezmişdim, elə söhbətlər edirdilər ki, ikimiz də özümüzü gülməkdən və ya əsəbləşməkdən bir təhər saxlayırdıq. Evdə dostumun qardaşı uşaqları da  hərdən gözə dəyirdi, bildiyimiz kimi bayram günü uşaqlar evə yığılmırlar, amma ilk fürsətdə onlarla söhbət etməyə cəhd eləmişdim, elə bu zaman onlardan eşitdiyim şikayətlər məni sarsıtmışdı. Onlar şikayət edirdilər ki, nənəsi ilə babası onları şəhərin mərkəzində gəzməyə aparmayıblar, nənə və babanı da az-çox süfrə arxasında tanıdığımdan bəlli idi ki, onlar heç vaxt nəvələrini gəzməyə aparmağı düşünməyiblər, nəinki Novruz bayramında. Bir saatlıq qonaq getmişdim, mənasız söhbətlərin dözülməzliyi, həmin an çəkdiyim əziyyətlər indi heç yadıma da düşmür, çünki belə hallar çox olub, amma orada nənənin dediyi bir kəlmə söz indi yadıma düşür və məni dəhşətli dərəcədə üzür. Mən həm nənə və babaya, həm də o iki uşağa çox üzülürəm.Nənə və baba öz mənasızlığından, boşluğundan, həyata aid, sənətə aid bilgisizliyindən, kitabsızlığından əziyyət çəkdiyi üçün çox kədərli görünürdü, uşaqlar isə onların bu kədərli beyinlərinin qurbanı olmasına görə. Deməli məlum oldu ki, nənə və baba uşaqları mənasız türk seriallarının hansısa birinə görə  gəzməyə aparmayıb. Nənə birdən kədərli-kədərli belə dedi: “Bilsəm göstərməyəcəklər uşaqları gəzməyə aparardım, neçə vaxtdır dayandırıblar, dedim, bəlkə bu gün bayrama görə “..........nün” bir bölümünü göstərələr.” Özüm serialın adını yazmadım, lazım deyil, onsuz kifayət qədər əsəbləşirəm yadıma düşəndə. Deyəsən, bu elə bir zaman idi ki, Azərbaycan telekanallarında türk seriallarını ləğv etmişdilər.İndi deyə bilmərəm serialı baba da gözləmişdimi, yoxsa tək nənəyə görə hər ikisi uşaqları gəzdirməkdən imtina etmişdilər, hətta onu da deyə bilmərəm ki, serial söhbəti olmasa uşaqları gəzməyə aparardılarmı, aparmazdılarmı. Çox kədərli mənzərə idi, təxminən altmış yaşlı insanın ömrünün bu vaxtında oturub hansısa mənasız türk serialının bir bölümünü,  özü də bunu bayram hədiyyəsi kimi gözləməsi və bu gözləntiyə görə iki uşağın arzusunu ürəyində qoyması. Onsuz da o uşaqlar normal bayram keçirmirlər, nə də böyüklər.Mən az hallarda gördüm ki, bayramları bizim insanlar normal qeyd etsinlər. Bilirəm, bu böyük iddiadır, amma mən belə  görmüşəm. Bayram günləri xüsusi olur, əyləncəli olur, insanlar özlərini xoşbəxt hiss edir.Bu, bütün dünyada belədir.Fikir verin, biz bayramları, xüsusi günləri səmimi qeyd edə bilmirik, bu günlərdə sevinə bilmirik.Heç səmimi təbrik də edə bilmirik bir-birimizi.Təbrik edəndə belə bölünürük, ayrılırıq.Üzümüzdə gülüş olanda izahlı olur, izah etmək istəyirik ki, hansı səbəbdən gülürük. Bu ayrı bir söhbətdir , qayıdaq öz söhbətimizə.  Bəli bayram günü o uşaqların gəzməyə gedə bilməməsi çox kədərli hadisə idi, amma ondan da kədərlisi nənə və babanın həmin uşaqlara heç vaxt kitabdan, incəsənətdən, təhsildən söz açmaması, açsa da “oxu, pul qazan” kimi axmaq bir məsləhət verməsindən o yana keçməməsi, onlara öz mənasız həyat təcrübələrini aşılaması, mentalitetdən, saxtakarlıqdan ağız dolu danışmasıdır. Bunları əminliklə yazıram, çünki bu ölkədə çox az qarşılaşdığım haldır böyüklərin uşağın əlindən tutub onu kinoteatra, teatra və ya hansısa mədəni tədbirə aparmaqları, incəsənətdən, kitab oxumağın həqiqi faydalarından danışmaqları. Əksinə qadağalar, qışqır-bağır, saxtakarlıq, söyüş, kişidirsə qadını əzmək, qadındırsa əzilmək, böyüdükcə rüşvət, yalan, saxta qonaqpərvərlik və s bu kimi zərərli şeylər öyrədirlər.Onlar heç vaxt narahat olmazlar ki, bağçada, məktəbdə, universitetdə nəvələrinə təhsildən başqa hər şey öyrədirlər, onları bədbəxt edirlər.


***

Düşünürəm, insan üçün ən dözülməz ağrılardan biri də diş ağrısıdır, diş ağrıdısa qocası da, cavanı da, kasıbı da, varlısı da,  hamı həkimə getməyə məcbur qalır, daha bunu müxtəlif vasitələrlə ötürmək olmur, olsa da müvəqqəti olur, axır-əvvəl diş səni həkimə aparır, ya da özü səndən gedir, amma dizini yerə gətirəcək qədər güclü ağrılar verir. Buna görə də hər dəfə diş həkiminə gedəndə orada hər cür insanla qarşılaşıram. Bir dəfə diş həkimində növbə gözləyirdim, növbə gözləməyə görə xeyli dava düşdü, çünki növbə gözləməyi bilmirdilər. Hamı bir-birini qınadı, söydü, təhqir elədi və beləcə, həkimin yanına bir-bir keçdilər.Bununla belə, söhbət etməyə, ailəsindən, qonşularından və qohumlarından qeybət etməyə, kasıblıqdan, aclıqdan, toxluqdan, əzilməkdən danışmağa da vaxt tapdılar.Məmur özbaşınalığından tutmuş rüşvətə, rüşvətdən Amerikanın xarici və daxili siyasətinə qədər hər şeydən danışa bildilər.Orada çoxunun şikayəti həkimlərdən, onların rüşvətxorluğundan və səhv müalicə aparmağından oldu, amma fikir verirdim bu söhbətlərdə söylənən fikirlər tamamilə yarımçıq və yersiz idi.Çünki onlar nəyi tənqid etsinlər bilmirdilər. Məsələn,  həkimlərin rüşvət almasından, həm də çox pul almasından şikayət edirdilər, amma axırda da deyirdilər ki, onların günahı yoxdur, daha sonra deyirdilər hər şey yaxşıdır, əslində, günahkar da yoxdur. Hətta deyirdilər ki, dünyanın hər yerində bu şeylər baş verir, deyirdilər ki, şükür sakit yaşayırıq başqa ölkələrdə gündə bir yer partlayır.Yəni öz dərdlərinə tez bir təsəlli tapırdılar.Bütün bunları elə bilməyin ciddi-ciddi müzakirə edirdilər, sadəcə birdən yadlarına düşürdü. Sanki hamısı birdən yarımçıq, mənasız cümlələrlə şikayətlənir,  sonra da əsl dərdlərinə problemlərinə keçirdilər. Bu əsl problemlər haqqında danışmaq istəmirəm, bu qədər mənasız işlərin, boşluğun əsl problem olması adamı kifayət qədər əsəbləşdirir.Yazıb sizi də əsəbləşdirmək istəmirəm. Orada bir nəfər cavan oğlan mənə yaxınlaşdı elə o insanlar kimi başladı şikayətlənməyə, dedi, fəhlə işləyirəm günün yarıdan çoxunu çətin iş rejimində işləməklə keçirirəm, aylarla pulumu ala bilmirəm, hətta bəzən heç vermirlər, artıq ümidim üzülür, eyni zamanda uşaqlar var, onları böyütmək çox çətindir, məktəbdə müəllimlər gündə bir şeyə pul yığır, iş də  hər dəqiqə olmur, ərzaq baha, dərman baha, üstəlik həkimlərin rüşvət alması, hətta çox vaxt səhv müalicə aparması, adamı kefiyyətsiz dərmanlardan asılı  salması, bir işini iki etməsi, saxtakarlıq, yalan, xalqın acından ölməyi, zülm çəkməyi, sınmağı və s hər şeydən bolluca şikayət etdi. Elə bu zaman həkimlərin birinin kabinetində səs-küy qopdu, aləm dəydi bir-birinə, hamının qanı qaraldı, bütün gözlər və fikirlər həmin kabinetdə oldu. Orada bir qadın həkimlə diş çəkməsi üçün çox pul istədiyinə görə dalaşırdı, bayaqdan bu insanların yarımçıq fikirlərlə, qorxa-qorxa, pıçıltı ilə danışıb şikayət etdiyi hər şeyi düz həkimin üzünə yağdırırdı. Həkim də həyasızca həmin xanımı doğru olduğu yerdə səhv çıxarmağa çalışırdı və bunu bacarırdı.Xanım gedəndən sonra mənə yaxınlaşıb qorxa-qorxa hər şeydən şikayət edən fəhlə də daxil olmaqla hamı onun arxasınca danışdı, hamı onu qınadı.Abırsız, tərbiyəsiz deyən də oldu, savadsız, yalançı deyən də və sonra hər şeyi unutdular. Mən də həmin gün düz beş saat növbə gözləmişdim və sonda əsəbləşib çıxmışdım oradan.

***

Yazını yaza-yaza düşündüm ki, görəsən, bu insanların axırı necə oldu, nə baş verdi həyatlarında? Açığı bir az sıxıldım, elə həmin an kitab oxuyub gecələr yata bilməyən xanımın da, nəvələrini gəzməyə aparmayan nənə və babanın da, diş poliklinikasında olan insanların da yanında olmaq istədim, onların indi necə olduqlarını görmək istədim, amma heyif bu mümkün deyildi. Həm bu ölkənin hər günü faciədir, hər anı, hər dəqiqəsi ağır bir dərddir, hamının yanında olmaq mümkün deyil.Hələ bizim bilmədiyimiz, görmədiyimiz nələr baş verir, bəlkə də heç vaxt bilməyəcəyik.Bu ölkədə insanlar məhv olur. Neçə uşaq nənəsinin, babasının, atasının, anasının, qohumların, yaxınların qurbanı olur, neçə insan kitabsızlığın, təhsilsizliyin, cəhalətin, mövhumatın, mentalitetin, zərərli, lazımsız adət-ənənələrin qurbanı olur, neçə insan həkimin, müəllimin, məmurun, rüşvətin, falçının qurbanı olur. Ölkədə heç nə öz yerində deyil.Bütün bunları gördükcə, eşitdikcə, bildikcə, düşündükcə anlayırsan ki, bu neçə-neçə insan bütün ölkəni əhatə edir, çünki bu qaçılmazdır. Bir dəfə evdə oturmuşdum, qəfil başım ağrımağa başadı, istədim həmin an kimsə desin, başın ağrıyırsa demək başın var. Bunu elə-belə yazdım, son vaxtlar tez-tez eşidirəm ki, oxucuları güldürən bir şeyyazmayanda oxumaqdan da, yazan adam da bezirlər, təkrar bir də oxumurlar.

Kultura.az

Yuxarı