post-title

Counter Strike oynayan gənc də potensial inqilabçıdır.

Sovet dövründə yaşayan insanların əksəriyyəti səmimi olaraq o dövlət quruluşunun daha yaxşı olduğunu düşünürdülər. Bəli bunu onlara təkidlə başa salırdılar, amma konseptual yanaşanda o zamanlar “Dəmir divarın” hər iki tərəfi bir-birinə çox bəzəyirdi. SSRİ-də Soljenitsin, Saxarov atəşə tutulurdu, Amerikada qara dərililər.

 

Hər iki tərəfin öz “Təməlqoyan ataları” vardı. Sonucda insanların dövlətin idarə olunmasında iştirakı hər iki tərəfdə zəif idi.

Təbii SSRİ-də daha zəif idi, amma elə qərbdə də insanlar hər gün, hər saat, hər dəqiqə öz fikrini ictimayətə rahat çatdıra bilmirdilər.

Lakin internet dünyanı dəyişdi. İnsanların təfəkkürünü dəyişdi. Fərddə individual iştirak mədəniyyəti formalaşdırdı. Bu mədəniyyət artıq bütün sahələrə sirayət edir və istənilən məhsulun istehsalında nəzərə alınır.

İnsanlar artıq istifadə etdiyi şeylərin hazırlanmasında iştirak etməyə alışırlar. Kitab oxuyursa, müəllifə iradını bildirmək istəyir, musiqiyə qulaq asırsa, müğınniylə danışmaq istəyir, yediyi dondurmanın dadı xoşuna gəlmirsə, bu barədə istehsalçıya şikayət etmək istəyir.

Və nəbadə bu istəyə mane olasan. Bu zaman bir nəfərin etirazı yüzlərin qəzəbinə çevriləcək. Bu cür formalaşmış təfəkkür Dövlətin işində də iştirak tələbatı yaradır.

Buna görədir ki, televiziyadakı “Danışan başlar” artıq çoxdan aktuallığını itirib. İnsanlar artıq “saxla, düşən var” deməyə öyrəşib.

Bu baxımdan bu gün internet-klubda Counter Strike oynayan gənc də sabahın potensial inqilabçısıdır. Onun bu gün inqilab etməməsinin səbəbi ictimai ehtiyac və məsuliyyətinin az olmasıdır, amma iştirakçı təfəkkür onda da formalaşır.

Onun küçəyə çıxmasına səbəb isə həmin bu təfəkkürü boğmaq cəhdləri olacaq. Maraqlısı isə odur ki, bu mexanizm artıq xeyli vaxtdır ki, işə düşüb və onun qabağını almaq mümkün deyil.

Bu gün bizim hökümətin Şimali Koreya yolunu seçərək tərkidünya olmaq şansı da yoxdur.

Ya təfəkkür dəyişməlidir, ya da hökümət.

Hacı Hacıyev

Kultura.Az

Yuxarı