Bulqakovun "Ağ qvardiya" əsəri Azərbaycan dilində çıxdı
Mixail Bulqakovun debüt romanı "Ağ qvardiya" Ukraynadakı 1918-ci il vətəndaş mü…
Əziz oğlum, orta əsrlər gettosuna gedən yolum çox çətin oldu. Mən iyirmi il işlədiyim şəhər boyunca gedirdim. Əvvəl biz küçənin sakit-səssiz hissəsi ilə gedirdik. Nikolski küçəsinə çıxanda mən bu lənətə gəlmiş gettoya gedən yüzlərlə adam gördüm. Küçə balışlara görə ağappaq görünürdü. İnsanlar xəstələri əllərində aparırdılar.
“Bu məktubu yazmaq mənim üçün çox çətindir , çünki bu məktub mənim səninlə son söhbətimdir. Məktubu sonlarkən mən səndən həmişəlik gedəcəm”.
Yekaterina Vitis məşhur yazıçı Vasili Qrosmanın anası idi. Hansı ki, o, 1941-ci ildə oğluna əlvida xarakterli məktub yazmışdır. Qrosman özünün “Həyat və Tale” əsərində bu məktubdan da bəhs etmişdir.
Hər bir insan bu məktubu oxumalıdır. Bu məktub ana sevgisinin abidəsi, faşist zülmünə qarşı mübarizə simvoludur.
Məktub:
Vitya, mən əminəm ki, bu məktub sənin əlinə çatacaq. Ancaq bu məktubun cavabı heç vaxt olmayacaq. Çünki mən olmayacam. Mən istəyirəm sən biləsən ki, son günlərimdə beynimdə dolaşan düşüncələr mənim həyatdan getməyimi daha da asanlaşdırır.
Vitya, insanları həqiqətən başa düşmək çox çətindir. 7 iyul tarixində almanlar şəhərə hücum etdilər. Şəhər bağında olan radioda son hadisələr haqqında məlumat səsləndirilirdi. Həmin gün mən xəstəxanadan xəstələrin qəbulu prosesindən sonra çıxmışdım və radionun səsini eşitcək dayandım. Aparıcı döyüşlər haqqında ukrayna dilində məlumat verirdi. Mən uzaqdan silah səsi eşitdim, sonra isə bağ boyunca insanların qaçdığını gördüm. Mən evə tərəf getdim və qəfil qışqırıq səsi eşitdim: “Almanlar hücum etdi” . Mən isə cavabında dedim ki, Panika yaratmayın. Sonra mən şəhər sovetinin katibinin yanına getdim və ondan şəhərdən çıxışın nə vaxt həyata keçiriləcəyini soruşdum. O isə əsəbləşdi: “Bu haqda danışmaq çox tezdir, biz hələ heç siyahı belə hazırlamamışıq”.
Bütün gecəni qonşular bir-birinin evlərinə gedib-gəldilər. Hamıdan sakit və rahat olan uşaqlar idi. Mən qərar verdim , hamının başına nə gələcəksə , mənimlə də o olacaq. Əvvəl mən çox qorxdum , dəhşətli dərəcədə səni yenidən görmək, alnından, gözlərindən öpmək istədim. Sonra düşündüm ki, xoşbəxtlikdən sən təhlükəsiz yerdəsən.
Səhərə yaxın mən yuxuya getdim. Oyanarkən dəhşətli həsrət hiss ilə oyandım. Mən öz otağımda, yatağımda idim , ancaq özümü yad yerdə, itirilmiş, tənha hiss edirdim. Elə bu səhər mənə sovet hakimiyyəti boyunca unutduğum bir şeyi - yəhudi olduğumu xatırlatdılar. Almanlar yük maşınlarında hərəkət edərək qışqırırdılar: «Juden kaputt!». Sonra bu haqda mənə qonşularım xatırlatdılar. Qapıçının arvadı pəncərəmin altında dayanaraq deyirdi: “Şükür Allaha, yəhudilərin sonudur”. Bu nifrət hardan idi? Onun öz oğlu yəhudi ilə evli idi. Qarı tez-tez onlara qonaq gedərdi və hər dəfə öz nəvələrindən mənə danışardı. Dul qonşum haqqında da bir dəfə sənə yazmışdım. Onun 6 yaşında mavi və möcüzəvi gözlərə sahib Alyona adında qızı var. Bir dəfə mənim otağıma gəlib yığışmağımı istədi və dedi ki, mənim otağıma özü köçəcək. Mən isə yaxşı o zaman mən də sizin otağa köçərəm dedim. O, cavab verdi:” Siz mətbəx tərəfdə olan qapalı yerə köçəcəksiz”. Mən etiraz etdim: orada nə pəncərə , nə də soba var. Sonra xəstəxanaya getmişdim, dönərkən isə otağımın qapısını sındırılmış və əşyalarımın həmin balaca , qapalı otağa köçürüldüyünü görmüşdüm. Qonşum isə demişdi:” Sizin divanı özümə saxladım , onsuzda o köçdüyünüz yer üçün böyükdür”. Təəccüblü idi, o, texnikom bitirmişdi, vəfat etmiş əri isə sakit və yaxşı insan idi. O, sağlığında mühasib işləyərdi. Dul qadın mənə: “ Siz qanundankənar elan olunmusunuz” sözünü elə tonda dedi ki, sanki bu hal onun işinə yarayırdı. Onun qızı Alyona isə bütün gecəni yanımda otururdu və mən ona nağıllar danışırdım. Qızcığaz getmək istəmirdi və anası onu qucağında aparmalı oldu.
Vitya, sonra çalışdığımız xəstəxananı yenidən açdılar. Ancaq məni və başqa bir yəhudi qadını işdən qovdular. Mən işlədiyim ayın əmək haqqını istədim , ancaq yeni müdir belə cavab verdi: “ Sovet hakimiyyəti dövründə işlədiyiniz ayların pulunu Stalindən tələb edin. Moskvaya yazın”. Sanitarka Marusya məni qucaqladı və sakitcə fəryad etdi: “Aman Allah , səninlə nə olacaq , sizin başınıza nə gələcək”... Həkim Tkaçev əllərimi sıxdı. Mən bilmirəm çətin olan nədir: qəddarlıq yoxsa ölən pişiyə baxan kimi sənə baxan yazıq ifadələr. Mən heç düşünməmişdim ki, bütün bunları yaşamalı olacam.
Çox insan məni təəccübləndirdi. Ancaq qaranlıq, hirsli, savadsız insanlar yox. 75 yaşlı olan qoca təqaüdçü pedaqoq həmişə məni görəndə səni soruşurdu və sənə salam çatdırmağımı xahiş edirdi. Sənin haqqında belə deyirdi: “O, bizim fəxrimizdir”. Bu günlərdə lənətəgəlmiş məni gördü və salamlaşmadan üzünü çevirib getdi. Sonra mənə dedilər ki, o, komendaturanın iclasında çıxış edərək demişdir:” Nəhayət, hava təmizləndi, artıq sarımsaq qoxumur”. Axı, bu sözlər onun nəyinə lazımdır. Bu sözlər onun adını ləkələyir. Elə həmin iclasda yəhudilərə qarşı çoxlu böhtanlar səsləndirilib... Əzizim Vitya, ancaq hamı bu iclasa getməmişdi. Bəziləri bundan imtina etmişdi. Bilirsən , mənim yaddaşımda çar dövrünün antisemitizmi “Mixail Aarxanqel İttifaqı” ndan olan insanların vətənpərvərliyi ilə bağlı idi. Burda isə fərqli mənzərə gördüm. Rusiyanı yəhudilərdən təmizləmək lazımdır deyib qışqıranlar qul riqqəti ilə almanların qarşısında əzilirlər. Onlar bir neçə almana görə Rusiyanı satmağa hazırdılar. Şəhər ətrafından olan insanlar oğurlamaq üçün gəzirlər. Mənzilləri, ədyalları, paltarları ələ keçirirlər. Vəba iğtişaşları zamanı hətta həkimləri də öldürürdülər. Mənim yanıma dayanmadan tanış adamlar təzə xəbərlərlə gəlirdilər. Onların gözlərində çılğın ifadələr əks olunurdu. Sonra qəribə ifadələr meydana gəldi- “əşyaları gizlətmək”.
Gizlədilmiş əşyalar mənə oyunu xatırladır. Tezliklə, yəhudilərin köçürülməsi haqqında qərar elan olundu. Özümüzlə ancaq 15 kiloqramlıq nəsə götürə bilərdik. Evlərin divarına sarı elanlar yapışdırırdılar- “Bütün yəhudilərə 1941-ci ilin 15 iyul günü axşam saat 6-a kimi düşərgəyə yerləşmək təklif olunur. Getməyənlər güllələnəcəklər”.
Bax belə Vitya. Bütün yəhudilər kimi mən də yığışdım. Özümlə balış, bir neçə yataq ağları, bir zamanlar sənin mənə hədiyyə etdiyin fincanı, qaşıq, bıçaq və iki boşqab götürdüm. İnsana çoxmu şey lazımdır? Bir neçə tibbi alətlər də götürdüm. Əlavə olaraq özümlə sənin məktublarını, vəfat etmiş anamın, David dayının və sənin atanla çəkildiyin şəkilləri, Puşkin və Mopassanın kitablarını, Çexovun “Darıxdırıcı hekayə” kitabını götürdüm. Bəlli oldu ki, mən bütün səbətimi doldurdum. Bu tavanın altında mən sənə nə qədər məktublar yazmışam , gecələr saatlarla ağlamışam. Bundan sonra yəqin ki, ancaq öz tənhalığım haqqında yazacam. Ev ilə, bağla sağollaşdım. Həyətdəki ağacın altında bir neçə dəqiqə oturdum. Sonra qonşularla da sağollaşdım. Bəzi insanlar həqiqətən qəribədirlər. İki qonşum elə gözümün qabağında mənim stulum və yazı stolumun kimə qalması mövzusunda mübahisə etdilər. Mənimlə sağollaşanda isə hər ikisi ağladılar. Qonşumuz Basankoya tapşırdım ki, əgər sən müharibədən sonra gəlib mənim haqqımda maraqlansan sənə hər şeyi ətraflı danışsın. O, söz verdi. Qapıçı Tobikin balaca iti mənə toxundu. Sanki son gecə onun toxunuşu daha qayğıkeş idi. Əgər sən nə vaxtsa gəlsən yaşlı yəhudi ilə yaxşı davrandığına görə onu yedizdir. Mən yola düşərkən fikirləşirdim ki, bu səbəti düşərgəyə qədər necə daşıyacam. Elə bu vaxt qəfil mənim xəstəm olan və mənə həmişə qaraqabaq, laqeyd insan təsiri bağışlayan Şukin gəldi. O, mənim əşyalarımı daşımaq üçün götürdü və mənə otuz rubl verərək mənim üçün hər həftə hasarın yanına çörək gətirəcəyini dedi. O, mətbəə sahəsində işləyir. Gözündə xəstəliyi olduğundan onu orduya götürməmişdilər. Müharibəyə qədər o, mənim yanımda müalicə alırdı. Əgər məndən təmiz ürəkli, duyarlı insan siyahısı istəsəydilər, mən onlarla adamın adını yazardım. Ancaq heç vaxt onun adını çəkməzdim. Vitya , bilirsən mən onun gəlişindən sonra özümü yenidən insan kimi hiss etdim. Demək ki, mənimlə insan kimi davranan təkcə həyətdəki it deyil. O, mənə dedi ki, şəhər mətbəəsində yəhudilərin səkilərdə hərəkət etməsini qadağan edən yeni qanun çap olunur. Yəhudilər tanınmaları üçün sinələrində altı guşəli sarı ulduz gəzdirməli idilər. Yeni qanuna əsasən yəhudilər bundan sonra nəqliyyatdan, hamamdan istifadə edə bilməzdilər. Həmçinin onların dispanerlərə və kinoya getmək haqları da əlindən alınırdı. Yəhudilər yağ, süd, yumurta, giləmeyvə, ağ çörək, ət və kartof istisna olmaqla heç bir tərəvəz ala bilməzdilər. Bazarda alış-veriş etməyə ancaq axşam saat 6-dan sonra (kəndlilər bazarı tərk etdikdən sonra) icazə verilirdi. Köhnə şəhər tikanlı məftillərlə əhatə olunacaq və məftillərdən kənara çıxmaq qadağandır. Yalnız məcburi əmək üçün müşayət ilə məftillərdən kənara çıxmaq mümkün olacaq. Hansısa rusun evində yəhudinin olması bilinsə ev sahibi partizanı gizlətmək səbəbindən güllələnəcək. Şukinin qaynatası, qonşu ərazidən gələn yaşlı kəndli öz gözləri ilə yerli yəhudilərin çomadanlarla meşəyə qovulduğunu, gün ərzində oradan müxtəlif silah səslərinin, vəhşi qışqırıqların gəldiyini və oradan heç kimin geri qayıtmadığını söylədi. Qocanın evində qalan almanlar isə evə gec və piyan halında geri qayıdıblar. Hətta səhərə qədər içməyə davam edərək qocanın gözü qarşısında qolbaqları, üzükləri, bəzəkləri öz aralarında bölüblər. Bilmirəm bu bizi gözləyən taleyin təsadüfi və ya ixtiyari xəbərçisidir?
Əziz oğlum, orta əsrlər gettosuna gedən yolum çox çətin oldu. Mən iyirmi il işlədiyim şəhər boyunca gedirdim. Əvvəl biz küçənin sakit-səssiz hissəsi ilə gedirdik. Nikolski küçəsinə çıxanda mən bu lənətə gəlmiş gettoya gedən yüzlərlə adam gördüm. Küçə balışlara görə ağappaq görünürdü. İnsanlar xəstələri əllərində aparırdılar. Həkim Marqulisin iflic olmuş atasını ədyala büküb aparırdılar. Bir cavan oğlan əllərində qoca bir qarını aparırdı. Onun qarşısında isə arvadı və uşaqları gedirdilər. Gedənlər arasında məni bir oğlan heyrətə gətirdi. O, başı dik, əşyasız, əlində kitab, sakit üzlə irəliləyirdi. Ətraf ağılsızlarla, dəhşətli faciələrlə dolu idi. Biz körpü yolu ilə gedirdik, səkidən isə bizə insanlar tamaşa edirdi. Təəssüf edən qadınları görürdüm. Çoxlu tanış üz görürdüm. Bəziləri sağollaşırdı, bəziləri isə üzünü çevirirdi. Mənə elə gəlirdi ki, bizi izləyən gözlər arasında laqeydlər yox idi: maraqlanan, amansız hətta ağlayan belə gözlər var idi.
Mən ətrafda iki cür insanlar görürdüm-palto, papaq, qalın paltar geyinmiş yəhudilər və səkidə durmuş yay paltarındakı digər insanlar. Mənə elə gəlirdi ki, artıq günəş də yəhudilər üçün sönüb. Vitya, bilirsən mən elə bilirdim ki, ora gedəndən sonra özümü dəhşətli dərəcədə pis hiss edəcəm. Ancaq ruhum biraz sakitləşdi. Sən qəti elə düşünmə ki, mənim ruhum qul ruhudur. Yox, yox. Düşərgədə mənim ətrafımda hamı mənimlə eyni taleyi bölüşürdü. Burada məni at kimi körpü ilə irəliləməyə məcbur etmirdilər, tanış üzlərin heç biri gözünü məndən qaçırmırdı. Hamımız üzərində faşistlər tərəfindən yapışdırılmış möhür daşıyırdıq. Mən burada özümü heyvan kimi deyil, bədbəxt insan kimi hiss edirdim. Buna görə də özümü daha yüngül hiss edirdim.
Mən öz kolleqam , həkim-terapevt Şperlinqlə iki otaqlı evdə məskunlaşdım. Şperlinqin iki böyük qızı və 12 yaşında oğlu var idi. Mən uzun-uzun onun arıq üzünə və qəmli böyük gözlərinə baxıram. Onun adı Yuradır və mən iki dəfə ona Vitya demişəm. O isə əvəzində adının Vitya yox, Yura olduğunu bildirmişdir. İnsanların xarakterləri necə də fərqlidir! Şperliq 58 yaşında çox enerjilidir. Hər bir uğuruna cavan insan kimi sevinir. O, mənə dedi ki, düşərgədə məktəb yaratmaq lazımdır. Hətta o, mənə Yuraya fransız dilindən dərs deməyi təklif etdi. Əvəzində isə bir boşqab sup verəcəkdi. Mən razılaşdım. Şperlinqin kök arvadı Fanni Borisovna içini çəkərək deyirdi: “Bitdi öldük, biz öldük”. Ürəyiaçıq və mehriban olan böyük qızı Lyubaya nəzarət edirdi ki, o çörəkdən və ya yeməkdən kiməsə verməsin. Ananın sevimli balaca qızı isə atasının, bacısının üstünə qışqırırdı. O, müharibədən əvvəl ailəsinə baş çəkmək üçün Moskvadan gəlmişdi və burada ilişib qalmışdı. Aman Allah, ətrafda nə qədər ehtiyac var. Elə insanlar var idi ki, onlar həmişə yəhudilərin zənginliklərindən, qara gün üçün hər zaman pul saxladıqlarından danışardılar. İndi onlar bizim Köhnə şəhərimizi görsəydilər... Budur o qara gün gəlib çatdı. Axı bu şəhərdə məskunlaşanlar ancaq 15 kiloqramla bura gələnlər deyildilər axı. Burada əvvəlcədən də yaşlılar, işçilər, fəhlələr, sanitarlar yaşayırdılar. Onlar necə dəhşətli yerdə yaşayıblar və yaşayacaqlar. Necə yeyirdilər! Vitya, mən burda çox pis insanlar gördüm - qorxaq, hiyləgər, görməmiş, hətta satqınlığa belə hazır olan insanlar...
Ancaq mən sənə başqa şey haqqında danışmaq istəyirəm. Mən özümü heç vaxt yəhudi kimi hiss etməmişəm. Mən rus rəfiqələrimlə birgə rus şəhərində böyümüşəm. Hər şeydən çox Puşkini, Nekrasovu sevmişəm. Mənim 14 yaşım olanda ailəm Cənubi Amerikaya mühacirətə getmək istəyirdi. Mən isə atama dedim: “Rusiyadan heç yerə getməyəcəm, getməkdənsə burda boğularam”. Getmədik. Bu dəhşətli günlərdə mənim ürəyim yəhudi xalqına qarşı sevgi hiss edir. Əvvəllər bu hissi bilmirdim. Əziz oğlum, bu sevgi mənə sənə olan sevgimi xatırladır.
Həyat davam edir. Hətta bu yaxınlarda burada toy belə oldu. Qonşu xəbər verir ki, bizimkilər alman ordusunu yavaş-yavaş məğlub edir. Sevinirəm. Gah eşidirəm ki, Sovet rəhbərliyi Çörçillə birlikdə almanlara nota göndərib və Hitler yəhudiləri öldürməmək haqqında qərar verib. Belə çıxır ki, düşərgədə olan ümid heç yerdə yoxdur.
Dəlləklər, pinəçilər, həkimlər, dərzilər - hamı işləyir. Mən də səhərdən axşama kimi işləyirəm - xəstələrin yanına gedirəm, yuyuram, dərs keçirəm - qışa hazırlaşıram.Yəhudi qadın uşağı üçün qaz yumurtası aldığı üçün almanlar tərəfindən huşunu itirənə qədər döyülmüşdü. Sonra yenə şaiyə, şaiyə, şaiyə. Budur şaiyələr kəsildi.
Vitya, düşərgədə gecələr çox xüsusi olur. Bilirsən, əziz dostum, sən həmişə həqiqətləri deməlisən, oğul hər zaman anasına doğruları deməlidir. Həmçinin ana da oğluna həqiqətləri deməlidir. Vitya, elə düşünmə ki, sənin anan güclü adamdır. Mən zəifəm. Uşaq vaxtı mən qaranlıqdan və göy gurultusundan qorxurdum. Yaşlı vaxtı mən xəstəlikdən , tənhalıqdan qorxurdum. Qorxurdum ki, xəstələnərəm və işləyə bilmərəm, sənə yük olaram, sən də bunu mənə hiss etdirərsən. Mən müharibədən qorxurdum. İndi Vitya, gecələr məni ürək donduran vahimə bürüyür. Məni ölüm gözləyir. Mən səni köməyə çağırmaq istəyirəm. Nə vaxtsa sən uşaq vaxtı mənim yanıma kömək üçün qaçırdın. Ancaq mən indi zəif vaxtımda istəyirəm ki, başımı sənin dizlərinə qoyum ki , sən öz gücünlə, ağlınla məni qoruyasan. Mənim ruhum güclü olmaqla yanaşı həm də zəifdir. Tez-tez intihar haqqında düşünürəm. Ancaq bilmirəm məni gücsüzlük ya zəiflik və ya mənasız ümid saxlayır. Bəsdir. Mən yatıram və yuxu görürəm. Tez-tez vəfat etmiş anamı görürəm və onunla söhbət edirəm. Bu gün yuxuda isə Parisdə bir yaşadığımız Saşa Şapoşnikovu görmüşəm. Ancaq səni hər an düşünməyimə baxmayaraq bir dəfə də olsun səni yuxuda görmürəm. Oyanıram və eyni tavanı görürəm. Xatırlayıram ki, bizim torpaqlarda almanlar var. Bu an mənə elə gəlir ki, mən oyanmadım, yenidən yatdım və yuxu gördüm.
Vitya, mən sənə demək istəyirəm ki. Yox, yox, deməyəcəm... Vitya , mən öz məktubumu sonlandırıb, onu düşərgənin hasarına aparacam və orada dostuma verəcəm. Bu məktuba fasilə vermək mənə çətindir çünki bu məktub səninlə son söhbətimdir. Sən heç vaxt mənim son saatlarım haqqında bilməyəcəksən. Bu bizim ən son ayrılığımızdır. Bu günlərdə hər zaman olduğu kimi sən mənim xoşbəxtliyim idin. Gecələr səni xatırlayırdım, sənin uşaqlıq paltarını, ilk məktəb gününü, ilk məktubunu xatırlayırdım. Sənin ilk günündən 30 iyunda yolladığın son teleqrama qədər olan hər şeyi xatırladım.
Vitya, mən hər zaman tək idim. Gecələr yalnızlıqdan ağlayardım. Axı bütün bunları heç kim bilmirdi. Hər şeyi sənə danışmaq mənim təsəllim idi. Mən düşünürdüm ki, sənə atanla niyə ayrıldığımızı, niyə bu qədər illər tək yaşadığımı danışacam. Ancaq mənim taleyim tək sonlanacaq - səninlə heç nəyi bölüşməmiş.
Hər zaman sevdiklərinlə, səni sevənlərlə, sənə anandan daha yaxın olanlarla xoşbəxt ol. Məni bağışla. Məktubu necə sonlandırım? Gücü hardan alım, oğul?
Vitya, ananın sənə son sözü budur. Yaşa, yaşa, yaşa....
Anan...
Yekaterina Savelyevna 1941-ci il 15 sentyabrda digər yəhudilərlə birlikdə güllələndi. Oğlu Vitya ömrünün sonuna kimi ölmüş anasına məktub yazırdı.
Tərcümə: Asya Cəlilova
Kultura.az