post-title

Zamin Hacı: Bizim “mükəmməl” tariximiz

Bir məşhur afyorizm var, deyir, millət öz tarixini unudanda onu təkrar yaşamağa məhkumdur. Özü də bu afyorizmin türkün məsəli, dalı da var, ta bilmirəm eyni “aferist”in afyorizmidir, yoxsa başqası quraşdırıb: “Tarixini unudan millətlər onu iki dəfə təkrar yaşamağa məhkumdur, bir dəfə faciə, bir dəfə komediya şəklində”.

 
Çoxdandır paytaxtın mərkəzinə getmirəm, çünki oranı biz kasıblar üçün qapalı zona elan ediblər. Vaxtilə işlədiyim qəzetlərin redaksiyaları mərkəzi küçələrdə idi. Müxalifət partiyalarının oralarda ofisləri olardı. 
 
Yəqin indi kiməsə desən ki, 90-cı illərdə Azərbaycan İslam Partiyasının ofisi paytaxtın göbəyində, Fransa səfirliyi yerləşən binanın düz qonşuluğunda idi - sənə gülər, deyər başına at təpibmi. Ancaq bunlar hamısı doğrudur. İndi oralar xaricilər üçündür. 
 
Formula-1 yarışı, Evrovızqon manıs toplantıları üçündür. Hərçənd neft pulu bitəndən heç beş-on yoluq xarici də gəlmir və paytaxtın mərkəzi tam ağzıgünə qalmışdır. Dükanlar bağlanmış, Bakı yeli vurub yapistlərin yel dəyirmanlarını oynadır. 
 
Uzun sözün qısası, oralardan xəbərləri ancaq sosial şəbəkədən, mediadan eşidirəm və son günlər deyirlər böhran üzündən mərkəzi küçələrin işıqları söndürülür. Gecə saat 12-dən sonra binaların fasad işıqları və yol kənarı dirəklərdəki bütün işıqlar söndürülürmüş, şəhər qaranlığa qərq olurmuş. 
 
Acınacaqlı haldır. Lap AzTV təbliğatında deyilən kimi, “doxsanıncı illərə” qayıtmışıq. Deyirlər, göz-gözü görmür, küçəyə çıxanı soymaq, o cümlədən dükanları, evləri qarət eləmək asanlaşıbmış. Millət gecə-gündüz asudə gəzirdi, milli yapizm-kommunizm quruculuğundan ləzzət alırdı, heyf, yarımçıq qaldı. Hətta bəzi zəhmətkeşlərimiz gecə də evinə qayıtmırdı, musiqili fəvvarələrin böyründə, müasir işıqlandırma sistemləri ilə qayrılmış daş parklarda divan tipli skameykalarda yıxılıb yatırdılar. Səhər oyanan kimi gərnəşib, gözlərini ovcalayıb AzTV-yə intervü verirdilər. Bəs indi küçədə və gecədə gəzməyə öyrəncəli o zəhmətkeş paytaxt sakinlərinin və o cümlədən şəhərimizin nəğməli qonaqlarının axırı necə olacaqdır? 
 
Bir məşhur afyorizm var, deyir, millət öz tarixini unudanda onu təkrar yaşamağa məhkumdur. Özü də bu afyorizmin türkün məsəli, dalı da var, ta bilmirəm eyni “aferist”in afyorizmidir, yoxsa başqası quraşdırıb: “Tarixini unudan millətlər onu iki dəfə təkrar yaşamağa məhkumdur, bir dəfə faciə, bir dəfə komediya şəklində”. Düzü, tam yadımda qalmayıb birinci faciə kimi təkrar olur, yoxsa komediya şəklində. O üzdən uca millətimizə təskinlik verə bilməyəcəyəm. Ancaq bizim üçün nə fərqi? Başqalarına faciə olan şeylər bizə komediya kimidir, vecinizə almayın. Üstəlik, təkrarın sayını da itirmişik.
 
Mən belə tarixi diskussiyalarda xalqımıza arxayınam, bilirəm o, istər qaranlıqda, istər işıqda öz yolunu tapacaqdır. Aygün xanım demişkən, qoy işığı söndürüm. 
 
“Azərbaycan tarixinə dair qaynaqlar” adlı bir kitab var. Onu oxuyanda görürsən ki, Bakıda işıqların söndürülməsi, təzədən 90-cı illərə qayıtmaq-zad boş şeydir. Hətta təzədən Surət Hüseynov baş nazir qoyula bilər. Əsas can sağlığıdır. Dünya beş gündür, beşi də bizim üçün qaradır, ye, iç, kef elə. 
 
Bax, həmin qaynaqlar kitabında 13-cü əsrdə yaşamış ərəb tarixçisi İbn əl-Əsir yoldaşın “Əl-kamil fi-t-tarix” (“Mükəmməl tarix” deməkdir, ümumən 12 cilddir, mən hamısını oxumuşam, inanmayan YAP-a girsin -Z.H.) əsərindən Azərbaycana aid bölüm verilib. Həmin bölümdə monqol-tatar tayfalarının Azərbaycanın Marağa şəhərini necə istila eləməsi, əhalini qırması təsvir edilib. Oxuyursan, görürsən 700 il qabaqkı ağılda və qanacaqdayıq, heç bir dəyişiklik olmayıb. Sitat: “İşğalçılardan bir kişi içərisində yüz kişi olan həyətə girib onların hamısını bir-bir öldürmüşdü, heç bir kimsə ona mane olmamışdı. İnsanlar o qədər ruhdan düşmüşdülər ki, özlərini müdafiə etmirdilər. ”Ümidsizlikdən Allaha sığınırıq" - deyirdilər". 
 
Bundan sonra monqollar Ərdəbil, Təbriz və başqa şəhərləri də darmadağın edə-edə gediblər, camaat isə müqavimət göstərmədən başını qılıncın altına uzadırmış, deyirmişlər bu, Allahın bizə göndərdiyi bəladır, gərək tabe olaq. 
 
Neçə illərdir mənim yuxumu qaçırdan o mənzərə gözüm önündə canlanır: bir nəfər yüz nəfəri qılıncdan keçirdir, heç kim ona müqavimət göstərmir. Dəhşətdir. Gorun çatlasın, İbn əl-Əsir, gərək bunu yazıb bizə çatdıraydın? Elə bil müxalifətçi olub zalım oğlu...

Musavat.com
Zamin Hacı

 
Yuxarı