post-title

Zamiq Məmmədli: Avropanın dilsiz Azərbaycanlıları

Sonra diskriminasiyadan, ayrı-seçkilikdən, \"bütün dünyanın türkləri/müsəlmanları sevmədiklərindən\" riyakarcasına dəm vururuq. Əzizlərim, biz dünyanı idarə edən sivilizasiya mərkəzlərinin dilini, düşüncə tərzini bilmirik, onlarlı tanımırıq, bu səbəbdəndir ki, onlarla işləyə də bilmirik. Çünki, keyfiyyətli xarici dil bazamız yoxdur, kasaddır. Bunu zəhmət çəkib heç düzəltməyə də çalışmırıq.

 

Ən yaxın dostlarımı da bəzən incidirəm. Çoxlarını xarici dil bilmədiklərinə və ya öyrənmədiklərinə görə tənbeh edirəm. Bəzən fikirləşirəm ki, bu mənə lazımdı?

Dili bir cümlə ilə belə izah edə bilərik: Dil - əşyaların, fəaliyyətlərin, fikirlərin, vəziyyətin izahatını verməkdə bizə kömək edən işarələr sistemidir.

Dil:

- İnsanlar arasında başlıca ünsiyyət vasitəsidir;
- Əşya, fəaliyyət, düşüncə və müxtəlif vəziyyətlərin izahatını verən işarələr sistemidir;
- İnsanların digərlərinə öz təbirincə anladığı reallığın izahatı vasitəsidir;
- İnsanlar tərəfindən ortaq paylaşılan mənalar sistemidir;
- Qrammatik düzgün izahatalar (söz, cümlə və s.) toplusudur;

Dili öyrənən elm sahəsi linqivistikadır. Dünyada yeddi minə qədər "canlı" dilin olduğu deyilir. 21-ci əsrin sonuna qədər bu canlı dillərdən yarısının məhv olacağı da deyilir. Bu yazımda dilin elmi izahatını vermək fikrindən uzağam. Bu dilçilərin işidir. Mənim toxunmaq istədiyim məqam daha fərqlidir. 
Deməli, "Europeans and their languages" Araşdırmasının nəticələrinə görə, Avropalıların yarıdan çoxu (54%) ən az 1 xarici dildə danışa bilirlər. Ən yaxşı göstərici Lüksemburq'dur, orda əhalinin 98%-i ən az 1 xarici dil bilir. Çexiyada əhalinin 49%, İspaniyada 46%, Ruminiya və Bolqarstanda 48%, Polşada əhalinin 50%-i xarici dil bilir. Avropada ən yayğın xarici dillər - ingiliscə 38%, fransızca 12%, almanca 11%, ispanca 7%, rusca 5%.

10 ildən çoxdur ki, Avopada yaşayıram. Öz həmyerlilərimdə - Azərbaycanlılarda gördüyüm ən böyük zəif cəhətlərdən biri xarici dillərdən çəkdikləri əziyyət, kasadlıqdır. Bunun səbəbləri müxtəlif ola bilər. Orta məktəblərdə xarici dil tədrisinə ciddi yanaşılmaması, müəllim - mütəxəssis çatışmazlığı və s. Mənim özüm də iki orta məktəb dəyişmişəm, birində xarici dil ingilis, digərində fransız dili idi. Bakı Dövlət Universitetində isə xarici dil kimi bizə alman dilini keçirdilər. Hər üç xarici dilin keyfiyyəti haqqında danışmağa dəyməz. Amma bu xarici dil kasıbçılığımızın yeganə səbəbi, bəhanəsi ola bilməz. Şəxsi təcrübəmdən və müşahidələrimdən deyə bilərəm ki, hər hansı bir xarici dilə gündə yarım saat, 1 saat ayırmaqla bir ilin içində o dili kommunikativ səviyyədə mənimsəmək mümkündür. Özüm də xarici dildən çox əziyyət çəkmişəm. Yaşadığım, maqistr təhsili aldığım Çexiyada çex dilini hələ də öyrənirəm, təkmilləşdirirəm. Yəni bu problem mənim özüm üçün də aktualdır.

Azərbaycandan Avropaya gəzməyə, yaşamağa, təhsil almağa, iş qurmağa gələn həmvətənlərimizin əksəriyyəti xarici dil baxımından dəhşətli vəziyyətdədirlər. Yükünü sudan quruya daşıya bilənlər əsasən rusca bilənlərdir. Rus dili vasitəsilə getdikləri ölkələrin yerli dilini öyrənməyə çalışırlar. Rus dilini də qrammatik bilmək lazımdır. Sadəcə Azərbaycanca danışanların da öz ana dilinin qrammatikası haqqında nə qədər biliyə sahibdirlər, o da mübahisəlidir.

Avropada on illərlə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə yerli dövlət dilini bilməməsi və ya çox pis bilmələri də adi haldır. Bunun nəticələri illərlə o şəxslərin yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya olmamaları, oturum izni, vətəndaşlıq ala bilməmələri, yaxşı iş tapa bilməmələridir. Diasporamız zəifdir. Çünki yaşadığımız ölkələrin nə dilini və düşüncə tərzini bilmirik, nə də yaşamaq istədiyimiz ölkələrin dilini oturub öyrənmirik. Misal üçün, maraqlı və sevdiyimiz müqayisəni aparım. Deməli Çexiyada Ermənistanlı (yerli erməni yox, məhz Ermənistanlı) həkim, vəkil, jurnalist, sənətçi-aktyor, hətta rejissor, broker, investisiyalar üzrə mütəxəssis gördüm, amma bu peşələr üzrə bir Azərbaycanlı görmədim. Qastronomiya, yemək-içmək, kababxanalardan başqa sahədə uğur qazanan azərbaycanlıya rast gəlmək mümkün deyil. Başqaları güclü deyil, biz özümüz zəifik. Kitablar, nəsə oxumaq, nəyisə öyrənmək bizdə allergiya yaradır. İntellektual fealiyyət bizə yaddır. Praqa kitab mağazaları cild-cild, rəngarəng erməni-çex lüğətləri, qrammatika, konverzasiya kitabları ilə doludur. Amma 1 dənə, bircə dənə Azərbaycan dilinə aid broşür qalınlığında kitabça tapa bilməzsiniz. Azərbaycanın Çexiyadakı səfirliyinə dəfələrlə bildirmişəm, Azərbaycanlı tələbələr üçün heç olmasa dil kitabları çap etdirsinlər, veclərinə deyil, o da ayrı məsələ. Hansısa fərdlərin şəxsi təşəbbüsləri də kifayət deyil, yetərsizdir.

Sonra diskriminasiyadan, ayrı-seçkilikdən, "bütün dünyanın türkləri/müsəlmanları sevmədiklərindən" riyakarcasına dəm vururuq. Əzizlərim, biz dünyanı idarə edən sivilizasiya mərkəzlərinin dilini, düşüncə tərzini bilmirik, onlarlı tanımırıq, bu səbəbdəndir ki, onlarla işləyə də bilmirik. Çünki, keyfiyyətli xarici dil bazamız yoxdur, kasaddır. Bunu zəhmət çəkib heç düzəltməyə də çalışmırıq. Kim deyir ki, xarici dil öyrənməyə vaxtım yoxdur, yalan deyir. İndi yaponlar yuxuda da məlumat almaq üçün texnologiyalar üzərində işləyirlər. Bizimkilər saatlarla çayxanalarda boşboğazlıqla məşğuldurlar. Bəhanədir. Kim deyirsə ki, beynim xarici dilləri götürmür - yalan deyir, o da bəhanədir, sadəcə tənbəldir. Günümüzün çox yox, yarımca saatını hər hansı bir xarici dilə ayırmaqla başlamaq olar. Statistikaya görə, xarici dil bilmək iş tapmaq imkanını 200% artırır. Qlobal dünyada xarici dil bilməmək ən böyük əngəldir. 

 

Zamiq Məmmədli
 

kultura.az

Yuxarı