post-title

Nicat Qarayev: Aydın olanı demək

Bizim bu istanbullu doktorantlar axır vaxtlar lap ömrümüzə oturublar. Gedib dərslərini hazırlamaq, dissertasiyaları üçün araşdırma aparmaq, İstanbulun qış romantikasında ayaqlarını Boğaza sallayıb qağayılara simit yedizdirmək əvəzinə elə hey yerlə, göylə əlləşirlər.

Biri liberalizm, strukturalizm, post-modernizm və bütün digər izmlərin öndə gedən nümayəndələrini Bəxtiyar Vahabzadənin müdafiəsinə səfərbər eləyir, o birisi də hələ 1920-lərdə saf-çürük edilib, nöqtəsi qoyulub sandığa atılan, vaxtaşırı Alen Badiö, Slavoy Jijek, Noam Çomski kimi filosofların çıxarıb tozunu təmizlədiyi və yenidən sandığa qoyduğu mövzunu təzədən açıb mübahisə eləyir ki, bəs sən demə Karl Marks və onun davamçıları kapitalizmdən kommunizmə keçidi müzakirə eləyəndə vacib bir məsələni yadlarından çıxardıblar!

Görəsən bizim bu istanbullu doktorant dostlarımız niyə axı Boğaz kıyısında oturub balık-ekmek yeyərək Üsküdara baxaraq Kazımın türküsünü dinləyərək efkar(esrar)lanmırlar? Axı onları bu qəliz problemləri həll etmək üçün fövqəlinsani fədakarlıqlara nə vadar edir?

İstanbullu doktorant dostlarımızdan acizanə şəkildə rica edirəm ki, mənə də icazə versinlər, onların bu fədakarlıqlarına az da olsa (yanan evə dimdiyində su gətirən qaranquş kimi) bir balaca töhfə verim. Əsas da Nisə xanımın kommunizmə şüurlu keçidin problemlərini həll etmək çabalarına.

İlk öncə, məni bir sual maraqlandırır. Görəsən hörmətli Nisə xanım başqa bir mövzu tapa bilmədi ki, öz misli görülməmiş biliklərini bizə çatdırsın və bizi bilmədiyimiz yeni və maraqlı mövzulardan agah etsin? Gərək mütləq gedib ağzını Jijekin təzəcə qıfılladığı “kapitalizmdən kommunizmə şüurlu keçid mümkündürmü?” sualını sandıqdan çıxarıb qurdalayardı?

Deyək ki, bu mövzu bizim Nisə xanımı çox maraqlandırıb. Əlində isti çay fincanı, tələbə yataqxanasının pəncərəsindən İstanbulun sentimental qışında, ay işığında sayrışan Mərmərənin sularına baxaraq məqaləsini yenicə oxuduğu trotskist professor Alan Woods-un “şüur” anlayışını doğru anlamadığını kəşf edən Nisə xanım “evrika!” qışqırır, kompyuterin arxasına keçir və başlayır yazmağa. Nisə xanım öz kəşfindən o qədər bihuş olur ki, yazıya başlamazdan əvvəl məqaləsinin başlığındakı sualı Google-da axtarışa verib özündən əvvəl bu suala cavab tapmağa çalışanların bu məsələ barəsində nə yazdıqlarını, niyə yazdıqlarını və necə yazdıqlarını öyrənməyi də unudur. Başqa sözlə, Nisə xanım məqaləsinin super-muper elmiliyini vurğulamaq üçün az qala hər cümləsini istinadladığı halda elmi araşdırmanın az qala ən vacib elementlərindən birini – ədəbiyyat icmalı (literature review) aparmağı tamamilə unudur!

Təsəvvür edin, 1871-ci ilin yayıdır. Paris Kommunası qurulub, Qərbi Avropanın bütün sosialistləri Kommunanı ziyarət edir. London, Amsterdam, Berlin küçələrində pamfletlər yayılır, sosialistlər qızğın çıxışlar edir, Karl Marks özü dayanmadan müxtəlif qəzet və jurnallarda, ayrı-ayrı fikir adamları ilə yazışmalarda bir suala cavab axtarır: “kapitalizmdən kommunizmə şüurlu keçid mümkündürmü?”

Təsəvvür edin, 1917-ci ilin yayıdır. Fevral inqilabından sonra Rusiyada və bütün Qərbi Avropada, hətta Nyu-Yorkun ən çox oxunan mətbuat orqanlarında ən çox müzakirə edilən məsələlərdən biri “kapitalizmdən kommunizmə şüurlu keçid mümkündürmü?” sualıdır.

Təsəvvür edin, 1922-ci ilin yayıdır. Vətəndaş müharibəsi qırmızıların xeyrinə sona yetməkdədir, Sovet dövləri yenidən qurulmalıdır. Sol meylli kommunistlərlə sağ meylli kommunistlər arasında müzakirələr səngimək bilmir. Buxarin, Zinovyev, Trotski, Lenin, Stalin – hamısı bir-birinə girib. Onlar da vacib bir suala cavab axtarırlar: kapitalizmdən kommunizmə şüurlu keçid mümkün olacaqmı?

Təsəvvür edin, 2008-ci ilin yayıdır. Qlobal maliyyə böhranı tüğyan edir. Alen Badiö öz məşhur “Kommunist fərziyyəsi” əsərini yazmaqdadır. Əsərin əsas sualı –“kapitalizmdən kommunizmə şüurlu keçid mümkündürmü?”

Təsəvvür edin, son 150 ildə bu müzakirələrdə eyni sual ətrafında bəlkə 500-dən artıq müəllif öz fikrini bildirib. Sol fikir arealında müxtəlif cərəyanların nümayəndələri bir-birlərini ağ yuyub, qara səriblər. Sağ fikir arealında saysız-hesabsız fundamental tənqidlər səsləndirilib.

İndi isə təsəvvür edin ki, Nisə xanım da bu mövzuda öz fikrini demək, müzakirəyə qoşulmaq istəyir. Amma di gəl ki, Nisə xanımın bu söhbətlərdən, bu müəlliflərdən, bu müzakirələrdən xəbəri də yoxdur. Ona görə bütün terminləri və anlayışları bir-birinə qarışdırıb: “sinfi şüur”u qarışdırıb “fərdi şüur”a, “fərdi şüur”u qarışdırıb “ictimai şüur”a, “ictimai şüur”u calayıb “instinkt”ə, “instinkt”i calayıb “rəqabət”ə, “rəqabət”dən dırmaşıb pul nəzəriyyəsinə, oradan da gedib çıxıb relyativizmə, sonra eksistensializmə, daha sonra intihara və s. və i.a. Bəs axırda nə alınıb? “Marks insanların pul üçün, Freyd isə seks üçün yaşadığını deyirdi” kimi klişe və absurd cümlələr.

Ay Nisə xanım, vallah, “əgər Allan Woods insanların şüurlu olduğuna inanırsa, o zaman niyə hələ də sosializm və ya kommunizm yoxdur?” cümləsi ilə “əgər insanlar meymundan əmələ gəlibsə, onda niyə indiki meymunlar insana çevrilmir?” cümləsi arasında heç bir fərq yoxdur. Səbəbini gəlin sizə aşağıda izah edim.

Marksist nəzəriyyədə nəzərdə tutulan şüur fərdi şüur deyil. Başqa sözlə, Marks üçün rasionallıq və ağıl müzakirə mövzusu deyil. Marks üçün sinfi şüur dediyimiz şeyin 1) insanın fərd olaraq şüuruna aidiyyatı yoxdur və 2) sistemik bir anlayışdır. Marksizmdə sinfi şüur və ona sahib olmaq istismara məruz qalmış sinfin istismarın mahiyyətini – zəncirlərindən başqa itirəcəkləri heç nələrinin olmamasını dərk etməsi və bunun üçün təşkilatlanaraq siyasi mübarizə aparması və dialektik prosesin tərkib hissəsinə çevrilməsi deməkdir. Burada, şüur dedikdə, bioloji ölçü nəzərdə tutulmur; xüsusi istehsal münasibətlərinin təlqin etdiyi spesifik sosial-siyasi münasibətlər çərçivəsində istismar olunan tərəfin özünüdərki nəzərdə tutulur.

Kapitalizmdən kommunizmə keçid isə, kapitalizmin böhranı, bu böhranın səbəbləri və sinfi şüurun bu səbəblərin inqilabi məqsədlərə çevrilməsində rolunu müzakirə edir. Bu rol barədə böyük fikir ayrılığı mövcuddur. Məsələn, Hilferdinq, Kautski və digər demokratik sosialistlər hesab edirdilər ki, insanlar heç zaman şüurlu şəkildə təşkilatlanıb “vaxtından əvvəl” bu keçidi həyata keçirə bilməzlər, kapitalizmin bir-neçə qatlı böhranı olmalıdır. Ona görə də, onlar belə bir keçidin ilk növbədə aqrar Rusiyadan deyil, sənayeləşmiş Almaniyadan, İngiltərədən başlayacağına inanırdılar. Marks da belə hesab edirdi. Amma Lenin, Roza Lüksemburq, Trotski və digərləri əksinə olaraq sinfi şüurun yetərincə formalaşması nəticəsində istehsal münasibətlərinin ləğv edilərək kommunizmə keçidin mümkün olacağını hesab edirdilər. Onlar üçün, Sovet Hökuməti buna əyani misal idi. Lenin bu sualın praktik cavabını Ukrayna anarxistlərinə cavab olaraq yazdığı “Dövlət və İnqilab” kitabında müzakirə edir.

Qısacası, əgər Alan Woods-un xəbəri, həvəsi və vaxtı olsaydı, Nisə xanımın tənqidinə belə cavab verərdi:

“Nisə, qızım, şüur marksizmdə dar mənada işlənib, istismar olunan sinfin öz istismar olunmasını dərk etməsi deməkdir. Burada, insanların ümumi şüura, ağıla sahib olması nəzərdə tutulmur. Şüur heç iradə də demək deyil. Ona görə də, insanların şüurlu və rasional varlıq olmaları heç də hər zaman onların ictimai-siyasi quruluşun sistemik xarakterindən doğan maneələri kollektiv şəkildə dəf etməsini şərtləndirmir. Məsələn, XVII-XVIII əsrlərdə feodalizm quruluşunun ləğv olunaraq kapitalizmə keçməsi, inqilablar və üsyanlarla müşayiət olundu. Çünki istehsal münasibətləri dəyişirdi və bu zaman istehsal alətləri üzərində hakimiyyətini itirməkdə olan sinif öz gücünü xoşluqla ələ verməyəcəkdi. İstehsal alətləri üzərində hakimiyyəti ələ keçirməyə can atan sinif şüurlu şəkildə təşkilatlandı və mübarizəyə başladı. Nəticədə, transformasiya baş verdi. Yeni ictimai-siyasi quruluş yarandı. Nə zaman ki, kapitalizm ictimai-siyasi quruluşunda istehsal münasibətləri oxşar şəkildə dəyişməyə başlayacaq, o zaman işçi sinfi şüurlu şəkildə təşkilatlanaraq bu dəyişikliyin bərqərar olması üçün mübarizə aparacaq. Marksizmdə bu, bir növ qaçılmaz dialektik nəticə kimidir. Təbii ki, Marksistlər münəccim deyillər, lakin keçmişi izah etməkdə ən yaxşı nəzəriyyələrdən biri elə marksizmdir.”

O ki qaldı rəqabətə, heç kim insanlar arasında müxtəlif növ rəqabətlərin olduğunu inkar etmir. Marksizmdə ədalətsizlik dedikdə birmənalı şəkildə istehsal münasibətlərindən qaynaqlanan, istismara söykənmiş istehsal rəqabəti nəzərdə tutulur. Məsələn, feodalizmdə gildiyaların bir-biri ilə rəqabəti Marksizmin predmeti deyil. Marksizm hesab edir ki, kapitalist istehsal münasibətlərinin aparıcı qüvvəsi olan rəqabət aradan qalxdıqdan sonra siniflər ləğv olacaq və rəqabət də təbii şəkildə aradan qalxacaq. Bu, o demək deyil ki, insanlar ümumiyyətlə rəqabət aparmayacaq və güc münasibətləri olmayacaq. Sadəcə, bir var ümumi rəqabət anlayışı, bir də var kapitalist istehsalında rəqabət anlayışı. Bunlar həm formaca, həm də mahiyyətcə ayrı-ayrı şeylərdir.

Müzakirəni xüsusi nüanslar üzərində uzatmaq istəmirəm. Hesab edirəm ki, fikrim aydındır. Nisə xanıma məsləhətim bu olardı ki, həvəsə düşüb belə ev tapşırıqlarını yerinə yetirəndə vacib bir polemik prinsipə riayət etsin. Hər hansı bir məqalə yazarkən, həmin məqalə iki məqsədə xidmət edə bilər: ya müəyyən bir sahədə yeni bir kəşfin, ixtiranın edilməsi və o sahənin üfüqlərinin genişləndirilməsi, yaxud da müəyyən bir mövzuda aktual olan müzakirədə tərəf tutaraq müzakirələrə qoşulmaq.

Nisə xanım bu məqaləsində deyəsən müzakirələrə qoşulmaq istəyib. Müzakirəyə qoşulanda isə tənqid etməlisən. İki cür tənqid mümkündür: ya gərək bir nəzəriyyənin fərziyyələrini qəbul edib, onun arqumentlərini tənqid edəsən. Ya da gərək fərziyyələrini birbaşa tənqid edəsən.

Əgər Nisə xanım marksizmdə insan təbiətinin xüsusiyyətlərinin yanlış fərz edildiyini iddia edirsə, onda müzakirə bunun ətrafında getməlidir. Çünki Nisə xanım bizi inandıra bilsə ki, marksizmin insan təbiəti anlayışı yanlışdır, onda “kapitalizmdən kommunizmə şüurlu keçid mümkündürmü?” və digər oxşar suallar bəri başdan mənasız suala çevrilir. Yaxud, Nisə xanım fərz edə bilərdi ki, Marksın insan təbiəti haqqında irəli sürdüyü iddialar həqiqətdir. Bu zaman kapitalizmdən kommunizmə keçid şüurlu şəkildə mümkün ola bilərmi ya bilməzmi, artıq marksizm çərçivəsində müzakirə olunmalıdır ki, nəzəriyyənin daxilən ziddiyyətli, mahiyyətcə problemli olduğu göstərilsin. Nisə xanım isə bunların heç birini etmir. O, həm fərziyyə kimi Marksizmdə sinfi şüur anlayışını tənqid edir, həm onun həqiqət olduğunu fərz edib kommunizmin mümkünsüzlüyünü iddia edir, həm də şüurun marksist tərifinin problemli olduğunu qeyd edir. Bu isə ancaq tavtologiyadır.

Bütün bunlara baxmayaraq, mən inanıram ki, Nisə xamım bu mövzu ilə həqiqətən maraqlanır və bir az da araşdırsa, müvafiq ədəbiyyat əhatəsini genişləndirsə müzakirəyə daha faydalı töhfə verə bilər. Ona görə də Nisə xanımın işini asanlaşdırmaq üçün, ona aşağıda mövzuya uyğun qısa ədəbiyyat siyahısı təqdim edirəm:

 

Karl Marks, “Gota proqramının tənqidi”
Karl Marks, “Ruja məktublar”
Karl Marks, “Fransada vətəndaş müharibəsi”
İ. Lenin, “Dövlət və inqilab”
Lev Trotski, “IV İnternasional və Sovet İttifaqı”
Lev Trotski, “SSRİ-in problemləri və inkişafı”
Toni Kliff, “Mühasirəyə alınmış inqilab”
Roza Lüksemburq, “Rusiya inqilabı”
Alen Badiö, “Kommunist fərziyyəsi”
Herbert Markuze, “Sovet marksizmi: tənqidi təhlil”; “Bir ölçülü insan”
Mişel Fuko, “Həqiqət və güc”
Duzinas və S. Jijek, “Kommunizm ideyası”

 

Nicat Qarayev

https://garayev.wordpress.com/

 

Yuxarı