Mirzə Cəlil təkcə öz səlahiyyət və bacarıqlarından istifadə edib zülm edənləri tənqid etməklə yekunlaşmır.
Əsas dərdi bu deyil.
Mirzə Cəlilin əsas dərdi boyuna minən adamlar yox, boynuna minilən adamların hadisəni dərk etməməsidir. Diqqət edin: Novruzəli poçt qutusuyla bağlı baş verən o boyda həkətdən sonra da baş verənləri anlamır. Məmmədhəsən əmi Xudayar bəyi ittiham eləməkdən min ağac uzaqdır. Ona elə gəlir ki, kəndin kattası istənilən adamın eşşəyini əlindən alıb apara bilər. Usta Zeynal hekayənin sonunda bircə dəst paltarının qurumağını gözləyəndə də “təyinatı üzrə” düşünə bilmir. Onun qafası yenə də dəxilsiz hadisələrlə məşğuldur.
Cəmiyyətimizin problemi zalımın zülmündən daha çox məzlumun bu zülmün mahiyyətini anlamamasındadır.
Ən faciəvisi isə odur ki, bəzi insanlar müəyyən qədər maariflənəndən sonra da Mirzə Cəlilin qəhrəmanlarından əsaslı şəkildə fərqlənmirlər.
Misal üçün, bu günlərdə Bodrumdakı 20 milyonluq mülklərlə bağlı yayılan xəbərə yaxından tanıdığım bir müəllimin reaksiyası belə oldu: “Görürsünüz, uşağa deyirəm, Neft Akademiyasına hazırlaş, SOKAR-da işə düzəl, məni eşitmir.”
Sizi əmin edirəm, bir müəllimin bu cür düşünməsi o boyda sərvətin gözgörəti oğurlanmasından daha faciəvidir.
Müəllim ha!
Mirzə Cəlil yazırdı: “Xudayar bәy ölsәydi, Kәrbәlayı Heydәr dә onun övrәtini istәyәсәkdi.”
Bilirsiniz bu nə deməkdir?
Bu o deməkdir ki, sosial şəbəkələrdə Bodrumda 20 milyonluq mülk alan qadına nifrinlər yağdıranların çoxu əlinə 20 milyon oğurlamaq fürsəti düşməyənlərdir.
Bizim müəllim qəhrəmanımızın etirafı buna əyani sübutdur.
Statistik azərbaycanlının qafasında “20 milyon oğurlandı” xəbərinə ilk reaksiya budur: “Əla puldur, kaş məndə olaydı.”
Bu pulun necə əldə edilməsi, nə cür xərclənməsi, ictimaiyyətə vurduğu zərər ikincü-üçüncü yerdə gəlir.
Hətta, bəlkə heç gəlmir.
Halbuki, bir rus, bir gürcü, hətta bir erməni əvvəl-əvvəl bu xəbərin sosial mahiyyətini düşünərdi, etirazını və qəzəbini dürüst ünvana yönəldərdi.
Sizi inandırım, 20 milyona mülk alan qadının statistik azərbaycanlının qafasında gizli bir qəhrəman obrazı da var. Çünki bu düşüncə çalıb-çapan “Koroğlular övladı”nın genetik kodunda proqramlaşıb.
“Kaş mənim olaydı.”
“Kaş orda mən işləyəydim.”
“Kaş o pulu mən oğurlayaydım, amma heç kim bilməyəydi.”
“Cəhənnəm, heç olmaya uşağımın əlinə bu fürsət düşəydi. Köpəyoğlu, dur dərsini oxu!”
Bu məsələnin bir tərəfi...
O biri tərəfini M.F.Axundovdan soruşaq.
“Hacı Qara” əsərindəki Heydər bəy cavan, boy-buxunlu, yaraşıqlı, qoçaq bir oğlandır. Amma cəmiyyət elə bir vəziyyətdədir ki, o, heç bir üsulla pul qazanıb evlənə, istəkli nişanlısına qovuşa bilməz. Düzdü, Axundov burda eyham vurur ki, Heydər bəy oxuyub bir mənsəb sahibi olsaydı, belə çətin vəziyyətə düşməzdi. Amma bizim zamanımızda elə oxuyanlar da bu vəziyyətdədir. Bəs nə etməli? Quldurluq, oğurluq! Tərs kimi ruslar da Zaqafqaziyada qayda-qanun yaradıblar, heç nə talamaq, oğurlamaq olmur. Yeganə çıxış yolu qaçaqmalçılıqdır. Buna isə pul yoxdur. Lazımdır ki, gedib Hacı Qaranı dilə tutasan, onu bu qaçaqmalçılıqdan böyük pullar qazanacağına inandırıb, sərmayə qoymağa razı salasan. Yəni, illah da, bir qanun pozuntusu törətməlisən. Çünki qazanc məhz bu qanun pozuntusunda gizlənib. Bulaşmasan, kirlənməsən, əldə edə bilməyəcəksən.
Heydər bəy dəhşətli obrazdır.
O, oxuyub vəzifə tutsa da, halal maaşla, halal qazancla özünə gün ağlaya bilməyəcəyini görüb “qara-qura yollara” əl atmaq məcburiyyətində qalacaqdı. Əlinə keçən vəzifə və səlahiyyətə varlanmaq fürsəti kimi baxacaqdı. Və çətini bircə manat oğurlayanacandır. Bundan sonra həmin o bircə manatla 20 milyon arasında heç bir mənəvi fərq qalmayacaqdı.
20 milyonluq mülkü satıb pulunu yetim-yesirə paylamaq və həmin pulu oğurlayanın başını “Erməni qibləsi”nə kəsməklə məsələ həll olunar deyirsiniz?
Mirzə Cəlil yox deyir.
Axundov da.
Elə mən özüm də!
Amma siz yenə də övladınızı SOKAR-da işə düzəltməkdən ötrü əldən-ayaqdan gedirsiniz.
Sizdən oğurlamamaq günahdır, vallah!
Şərif Ağayar
Kulis.az