post-title

Seyran Quliyev: Problemə dair düşüncələr ( fəlsəfə + )

Problemli situasiyanın dərinləşməsi sistemin fəaliyyətinə pozucu təsir göstərir. Belə ki, çarələr vaxtında axtarılmadıqda və yaxud tapılan çarənin detallı incələnməməsi, reallığın və gələcək həmlələrin düzgün qiymətləndirilməməsi ( proqnozlaşdırılmaması ), üzündən onun müəyyən vaxt keçdikdən sonra özünü doğrultmaması baş verir və bu sistemi çıxılmaz vəziyyətə salır, açdığı yaralar isə uzun müddət sağalmır.

 

Son günlər dünayada və ölkədə baş verən məlum proseslər bır sıra məsələlər barədə düşünüb onlar haqqında mülahizələr yürütməyi tələb edir. Çünki istənilən halda müzakirə, dartışma özü çıxış yolunu ortaya qoymağa qadirdir. Bu yazıda cəmiyyət həyatının müxtəlif sferalarında (iqtisadi, sosial, siyasi və mənəvi) rast gəlinə bilən problem, onun mahiyyəti və yanaşılma tərzi, problemli situasiyalar zamanı diqqət edilməli məqamlar barədə ümumiləşdirmələr aparılıb müəyyən fikirlər ortaya qoyulmuşdur. Bu barədə danışmazdan öncə bir daha diqqətə çatdırmaqda fayda var ki, cəmiyyət mürəkkəb bir sistemdir. Özü də o, qeyri-müvazinət vəziyyətində olan mürəkkəb sistemlərdəndir. Onu təşkil edən elementlər, yarımsistemlər və səviyyələr son dərəcə rəngarəng, funksiyaları, əlaqələri və qarşılıqlı münasibətləri isə çox mürəkkəbdir. Digər tərəfdən sosial sistemi təşkil edən elementlər öz keyfiyyətinə görə müxtəlifdir, burada təkcə maddi deyil, həm də ideal, mənəvi hadisələr vardır. Məhz bu baxımdan cəmiyyət həyatında baş verən bu və ya digər hadisələr (müsbət yaxud mənfi) dolayı və ya birbaşa digər sefaralara da nüfüz edib ona öz təsirini göstərə bilir.
 

Yaranmış vəziyyətə problem baxımdan yanaşma
 

Qısaca olaraq problemin mahiyyətini belə ifadə edə bilərik : hədəflənən nəticənin əldə edilməsini əngəlləyən və ya ləngidən durum. O, real vəziyyətin istənən, arzu edilən vəziyyətdən fərqli olduğunda ortaya çıxır. Bəri başdan deyim ki, problemdən çəkinmək lazım deyil. Üzərində düşünülməklə, araşdırma aparılmaqla, müzakirəsi həyata keçirlməklə həll edilməsi mümkündür. Bu zaman aşağıdakı formada problem həll etmə pillələrindən danışa bilərik :
Problemin müəyyənləşdirilməsi. Bu zaman onun həllinə mane ola biləcək obyektiv və subyektiv amillər xırdalıqlarına qədər müəyyən edilməlidir.
Həll alternativlərinin ortaya qoyulması
Alternativlər sırasından ən yaxşısının seçilərək problemə tətbiqi
Əldə olunan nəticənin qiymətləndirilməsi
    Bundan başqa problem haqqında danışarkən onun ikibaşlı rol oynadığını xüsusi vurğulamalıyıq. Birinci məqam qeyd etdiyimiz kimi, o, sistemin inkişafına mane olur, gözlənilən nəticəni gecikdirir və hətta müəyyən səbəblərdən onu çıxılmaz vəziyyətə sala bilir. İkinci məqamı belə də ifadə edə bilərik : hər işdə bir xeyir var. Bu nə deməkdir? Problemli vəziyyət yeni imkanların axtarılıb tapılmasını labüd edir. Bu zaman alternativlər ortaya qoyulur. Diqqətdən kənar qalan və yaxud yetərincə diqqət edilməyən sahələr gündəmə gəlir. Bu baxımdan mən deyərdim ki, sistem daxilində zaman-zaman ortaya çıxan problemlər ( həlli gecikdirilmiş olanlar istisna ) onun dayanıqlığı və inkişafı üçün nəinki təhlükəlidir hətta müəyyən mənada müsbət haldır. Əlbəttə sözü gedən məqamlarda sistem idarəçilərinin peşəkarlığının yüksək olması son dərəcə vacibdir. Məlumdur ki, idarəetmə işi olduqca məsuliyyətli işdir. İdarəedəndən bir sıra mühüm bilik və bacarıqlara, keyfiyyətlərə malik olması tələb olunur. Təsadüfi adamların, qeyri-peşəkarların müəyyən sistemlərin başında olması xüsusən belə məqamlarda çox təhlükəlidir. İdarəetmənin mürəkkəbliyi özünü sosial sistemlərin idarə olunmasında daha qabarıq göstərir. Bazar iqtisadiyyatına keçid, qapalı sistemdən açıq sistemə adlanması yeni idarəetmə metod va vasitələrinə bələd olmağın vacibliyi ayrıca gərəkdirir. Buraya keçən əsrin son illərinin məhsulu olan post qeyri-klassik paradiqmanı ( mürəkkəb sistemlər nəzəriyyəsi, sistem yanaşma, xüsusiyyətlər və böhranlar nəzəriyyəsi, yenidənqurmalar və özünütəşkilatlandırma nəzəriyyəsi və s. ) aid etmək istərdim. 


    Yarana biləcək münaqişə hallarınin öyrənilməsi diqqət edilməsi vacib olan məqamlardan biri kimi


    Problemli situasiyanın dərinləşməsi sistemin fəaliyyətinə pozucu təsir göstərir. Belə ki, çarələr vaxtında axtarılmadıqda və yaxud tapılan çarənin detallı incələnməməsi, reallığın və gələcək həmlələrin düzgün qiymətləndirilməməsi ( proqnozlaşdırılmaması ), üzündən onun müəyyən vaxt keçdikdən sonra özünü doğrultmaması baş verir və bu sistemi çıxılmaz vəziyyətə salır, açdığı yaralar isə uzun müddət sağalmır. Sağaldıqdan sonra belə öz izini müəyyən dərəcədə və formada saxlayır. Bu müddət ərzində bır sıra sahələrdə arzuolunmaz durum yaranır, müəyyən qüvvələr müxtəlif obyektiv və subyektiv səbəblərdən hətta qarşı-qarşıya gəlməli olurlar və nəticədə münaqişələr qaçınılmaz olur. Unutmaq olmaz ki, bir çox daxili münaqişələr məhz problemli situasiyalardan öz başlanğıcını götürür və ya rüşeymləri bu kimi hadisələr olur. Xüsusən yaşadığımız bazar iqtisadiyyatı şəraitində münaqişələrin baş verməsi daha tez-tez gündəmə gələ bilir. Bu, ölkə daxilində dövlətlə müəssisələr, müəssisə rəhbərliyi ilə işçilər, hökümətlə siyasi partiyalar, dövlətlə maddi baxımdan aşağı təbəqə insanları və s. arasında baş verir. Maddi durum, yaşayış səviyyəsinin, rifah halının aşağı olması, insan hüquq və azadlıqlarının təmin olunması dərəcəsinin qaneedici olmaması, sosial bərabərsizlik, tələbat və mənafelərin müxtəlifliyi və s. bu və ya digər formada daxili münaqişələrin baş verməsi üçün zəmindir. Belə hesab edirəm ki, problemli situasiyalar zamanı sosial sistem (həmçinin digər sistemlər) nəzarətdə saxlanmalı, onun cari durumu təhlil edilməlidir. Bu zaman imkan vermək olmaz ki, mənfi emosiyalar (əsəbilik, həyəcan, gələcəyə inamın olmaması, qorxu və s. ) müsbət emosiyaları (həyata maraq, gümrahlıq, ümid və s.) üstələmiş olsun. 
    Ümumiyyətlə münaqişə mövzusuna bır sıra elmlər (sosial fəlsəfə, hüquq, psixologiya, sosiologiya, idarəetmə, iqtisadiyyat və s) tərəfindən toxunulur. Bu sahələrdən sosial fəlsəfənin yanaşmasını qısaca olaraq qeyd edim. Belə ki, sosial fəlsəfədə konfiliktlər cəmiyyətin normal halı kimi qəbul edilir. Çünki, elə bir cəmiyyət mövcud deyildir ki, orada hamının tələbatları və mənafeləri eyni şəkildə tam ödənilmiş olsun. Buna görə münaqişə halı bu və ya digər formada özünü gec-tez göstərməlidir. Bu cəmiyyətin tərəqqi yolunda inkişafını (köhnəlmiş davranış və həyat tərzi rədd edilir, müəyyən islahatlar gedir, kompromislər əldə olunur və s) sürətləndirə bildiyi kimi nəzarətsiz buraxıldıqda sistemi laxlada da bilir. Bundan başqa fəlsəfədə münaqişəyə rəvac verən amillərdən biri kimi ziddiyyət heç də təhlükəli bir şey olaraq qələmə verilmir və o inkişafdan, hərəkətdən ümumiyyətlə ayrı heç təsəvvür edilmir. Burada Aristotelin “ harmoniya ziddiyyətlərdən yaranır” fikrini qeyd etmək yerinə düşərdi. Heraklit də bu fikrin (harmoniya əksiliklərdən ibarətdir) daşıyıcısı olmuşdur. Amma bu o anlama gəlməməlidir ki, kəskin münaqişələrə səbəb ola biləcək amillər nəzarətsiz buraxılmalıdır. Bu zaman idarəedici aparat kompleks şəkildə tənzimləməni həyata keçirməlidir. Yalnız bu zaman müsbəti nəticədən danışmaq olar. Əks halda problemin həllinə dair gözləntilərin həyata keçməməsi, rifah halının aşağı düşməsi, iqtisadi çətinliklər və s. sosial qruplarda mənfi emosiyaları gücləndirərsə idarə edilə bilməyən proseslərin baş verməsinə və yaxud da doğmasına səbəb ola bilər. Buna görə, problemli situasiyalarda idarəetmə aparatı ictimai-siyası, mənəvi-psixoloji, iqtisadi mühiti sağlamlaşdırmağa tələsməlidir. 


    Qaş düzəltmək istərkən vurub göz çıxartmaq


    Məlumdur ki, problemli situasiyalar ilə bəzən gözlənilməz anda qarşılaşmalı olursan. Belə hala cəmiyyət həyatının istənilən sferasında rast gəlmək mümkündür. Sosioloqlar və psixoloqlar bu məqamda xüsusən diqqətli davranılmasının, qərarların qəbulu zamanı yaranmış vəziyyətin təhlil edilməsinin vacibliyini vurğulayırlar. Ona görə ki, gözlənilməz vəziyyətdə mənfi hadisələr insanları həm də stressə sala bilir. Stress psixoloji haldır. Əhval ruhiyyənin pozulması, ruh düşkünlüyü, gərginlik və s. ilə xarakterizə edilir və bütün bunlar tibbi olaraq da bir sıra fəsadları öz ardınca gətirir. Təəssüflə qeyd etməliyəm ki, bəzən intiharlar belə qaçınılmaz olur. Son dövrlərdə milli malyutamız olan manatın iki dəfə dəyərdən düşməsi bütün sahələrə bu və ya digər dərəcədə öz təsirini göstərmişdir. Üzücü haldır ki, bu hadisənin əsas tərəf olan insana mənfi təsirlərindən heç kim danışmaq istəmir. Bır sıra iş yerlərinin bağlanması, mövcud müəssisələrdə ixtisarların getməsi, gənclərdə iş tapmağa ümidin ölməsi, qiymətlərin artması müqabilində maaşların artmaması, əhalinin banklar tərəfindən yüksək faizlə borclandırılması üstünə bir də “dollar krediti”nə görə insanların kulli miqdarda ziyan etməsi və s bu kimi amillər ucbatından ümumi gərginliyin, mənfi emosionallığın artması heç də yaxşı hal kimi dəyərləndirilməməlidir. Sonda ümid edərək söyləmək istəyirəm ki, hal-hazır ki durum çox uzun çəkməyəcək, artıq müəyyən addımlar atılmağa başlanmışdır. Ən yüksək səviyyədə islahatların həyata keçiriləcəyi anonsları verilir. Əlbəttə bunların əksəriyyəti iqtisadiyyat yönümlüdür ki, bu da dolayı insanların rifah halının yüksəlməsinə xidmət edəcəkdir. İnanmaq istəyirəm ki, bu işlərin fonunda müəyyən addımlar atılıb insanların psixoloji olaraq rahatladılması, gərginliyin azaldılması yönümündə də müəyyən proseslər gedəcəkdir. Son olaraq dahi sərkərdə və dövlət xadimi Çingiz xandan aşağıdakı statı qeyd etməklə fikirlərimi yekunlaşdırmaq istəyirəm :
    “Əsla bir mismarı əhəmiyyətsiz hesab etmə. O, bir nalı, nal bir atı, at bir komandiri, bir komandir bir ordunu, ordu isə bütlövlükdə bir ölkəni qurtarar”


    Seyran Quliyev

     fəlsəfə məzunu, BDU-nun idarəetmənin sosiologiyası üzrə magistrantı

Yuxarı