Seymur Baycan: Onları heç vaxt bağışlamayacam!
- Səncə, Anar heç olmasa, həyatından nəsə yaza …
Qoca bizə deyirdi: \"Sizə göstərilənlərin heç biri həqiqət deyil. Real həyat dəhşətli və qorxuludur. Bu rəsmi adamların heç bir sözünə inanmayın\". Əlbəttə ki, onu elə həmin an tutdular və sonra ona nə etdikləri bizim üçün müəmmali qaldı.
BCB: 1952-ci ildə siz ingilis və amerikan ədəbiyyatçıları ilə birgə Sovet İttifaqına səfər etmişdiniz. Xatirələrinizdə bu səfər zamanı sizə güclü təsir edən bir epizoddan bəhs edirsiniz.
Doris Lessinq: Bu, bütün həyatım boyu gördüyüm ən cəsarətli hərəkət idi. Bizi, yəni beş nəfərdən ibarət xarici vətəndaşı kolxoza gətirdilər. Bizdən biri keçmişdə kənd təsərrüfatilə məşğul olan insan idi. Mənsə fermada böyümüşdüm və bu işlərdən anlayışım vardı. Rəsmi qəbulun mövzusu güllər və əllə əkmələr idi. Birdən hardansa çox yaşlı bir kişi peyda oldu və bizimlə söhbətləşmək üçün təkid etməyə başladı. O, "Mən danışmaq istəyirəm, mən danışmaq istəyirəm" deyə təkrarlasa da, tərcüməçi ona imkan vermirdi. Bizdən biri şotlandiyalı Daqlas Yanq rusca anlayırdı və həmin qocanın sözlərini tərcümə etdi. Qoca bizə deyirdi: "Sizə göstərilənlərin heç biri həqiqət deyil. Real həyat dəhşətli və qorxuludur. Bu rəsmi adamların heç bir sözünə inanmayın". Əlbəttə ki, onu elə həmin an tutdular və sonra ona nə etdikləri bizim üçün müəmmali qaldı. Mən hələ də bu hərəkəti nadir cəsarət nümunəsi hesab edirəm. Axı, o vaxt hələ Stalin sağ idi.
BBC: Bu səhnə sizə kommunizmi sorğulamağa kifayət etdimi?
Doris Lessinq: Yox, şübhələrimin formalaşması hələ uzun müddət çəkdi. Həmin qoca ilə bağlı əhvalat yalnız bir epizod idi. Mən elə onda da bilirdim ki, onların göstərdiklərinin hamısı həqiqət deyil. Lakin indi nizam dəyişəndən sonra bütün bunların tutarsız olduğunu izah etmək çətindir. Biz onda, Lenin adlandırdığı kim, günahsız maymaq, faydalı axmaq idik. Bununla heç fəxr də etmirik. Düzdür, o vaxtkılardan indi az adam sağ qalıb, lakin mən yenə də bununla fəxr edə bilmirəm.
BBC: Kommunizmlə vidalaşmaq sizə baha başa gəldimi?
Doris Lessinq: Bu məsələ drama ilə müşayiət olundu. Hər şeydən qabaq, mənim ərim ölənə kimi qatı kommunist olub. Kommunizm ağrısını anlamaq üçün yalnız bu fakt kifayət edir, çünki o, bu mövzuda həddindən artıq fanatik idi. Sözsüz ki, onun bu ideologiyadan qazandıqları vardı, bu da onu çılğın axmağa çevirmişdi. Hələ 50-ci illərin əvvəllərində bəzi adamlar Sovet İttifaqı və başqa ölkələrdəki kommunizmdən əziyyət çəkdiklərini deyirdilər. Amma onda sadəcə qalxıb "Mən partbiletimi təhvil verirəm" demək asan deyildi. Unutmayın ki, onda insanlar hələ təzə-təzə kommunist olurdular və yeni dünya yaratdıqlarına ürəkdən inanırdılar. Bu illuziya ilə vidalaşmaq, yeni dünyanın olmadığına və ya əksinə, onun köhnədən daha artıq pis olduğuna inanmaq çətin idi.
BBC: Bugünkü Rusiya barəsində nə düşünürsünüz?
Doris Lessinq: İndi Putinin təhlükəli olduğu barədə deyilənlərdən xəbərdaram, amma biz onun özündənrazı və kobud olduğunu hesab edirik. Rusiyada isə onu elə də pis qarşılamırlar. Görünür, orada belə insanları sevirlər. Bilmirəm niyə, lakin mənə elə gəlir ki, bu, sizin tarixinizlə bağlıdır.
BBC: Siz Zimbabvedə baş verənləri izləyirsinizmi?
Doris Lessinq: Əlbəttə! Axı mən orada anadan olmuşam. İndi oradaki vəziyyət dəhşətlidir.
BBC: "Qızıl dəftər"i yazdığınız zamana nisbətdə indi qadının cəmiyyətdəki mövqeyi xeyli fərqlənir. Qadınların həyatında yaxşılıq və ya pisliyə doğru nələr dəyişib?
Doris Lessinq: Qadınların bu gün daha çox imkanları var. Bərabərlik hər sahədə inanılmaz dərəcədə böyüyüb. Bunun üçün, əlbəttə ki, ölkələrin inkişaf meylinə minnətdar olmaq lazımdır. Eyni zamanda, bir çox münasibətlərdə dəyişiklik yoxdur. Məsələn, mənim üçün təəccüblü gələn odur ki, hələ də bir çox qadın varlı kişiyə ərə getmək üçün bütün fürsətləri sınamağa hazırdır. Böyük Britaniyada əsl bərabərlik eyni işə görə qadın və kişiyə eyni məvacib təklif ediləndə yaranacaq.
BBC: Niyə sizə təsir edən yazıçılar arasında Bulqakovdan bəhs edirsiniz?
Doris Lessinq: Mən Bulqakovu çox sevirəm. Onu oxumağa ilk kitabı olan "Gənc həkimin qeydləri"ndən başladım. Mənə elə gəlir ki, bu əsərdə Bulqakovun sonrakı yaradıcılığında rast gəlinməyən təravət və ecazkarlıq var. Şübhəsiz ki, sonra "Ağ qvardiya"nı da oxudum. "Master və Marqarita"nı da sevirəm, amma yəqin ki, onun digər əsərlərindən çox deyil. Mən onun elmi-fantastika adlandırılan "Fəlakət gətirən yumurta" əsərinə resenziya və hətta, ön söz də yazdım.
BBC: Necə oldu ki, siz elmi-fantastika yazmağa başladınız?
Doris Lessinq: "Elmi-fantastika" - necə də düzgün ifadə olunmayan anlayışdır. Hesab edirlər ki, mən 1979-cu ildə nəşr olunan "Şikasta" kitabımla elmi-fantastika yazmağa baslamışam. Lakin ona kimi iki roman - "Sağ qalanın memuarı" və "Cəhənnəm siyahısına aid təlimat" - yazmışam ki, bu əsərlər realistik olmasa da, heç fantastik də deyil. Təəssüf ki, indi hər şeyi çərçivəyə salmağı xoşlayırlar. "Şikasta" (məncə, yaza bildiyim ən yaxşı əsərdir) ilə başlanan beş tamamilə fərqli əsərlik kitablar silsiləsini də ümumi olaraq elmi-fantastika adlandırdılar.
BBC: Öz kitablarınızın hansıyla daha çox fəxr edirsiniz?
Doris Lessinq: İstənilən yazıçı sizə deyər ki, ədəbi yaradıcılıq hərəkət və inkişafdır, bu prosesdə bir hissəni digərindən ayırmaq çox çətindir. Sonuncu işlərimdən olan macəra romanı "Mara və Dan" və onun davamını çox sevirəm. Bu kitabları yazanda heç fikir verməmişdim ki, onun bütün qəhrəmanları qaçqınlardır. O insanlar ki, aclıq, iztirab və vətəndaş müharibəsindən qaçırdılar.
Tərcümə etdi: Səbuhi Şahmursoy
Mənbə: www.noblit.ru