Zamin Hacı: Meymun ovlamağın üsulu
“Söylə görüm: bütün bunlar doğrudurmu, sevgilim, bütün bunlar doğrudurmu? .....…
Bir vaxtlar biz siyasi etiketi Türkiyədən örnək göstərirdik. İndi isə Türkiyə lağ obyekti olub. Cəmiyyət dindarlaşır və ziyanını bütün ölkə çəkir. Türkiyədə məscid qədər xəstəxana yoxdur. Məscid qədər məktəb olduğuna da ciddi şübhəm var.
Bu yaxınlarda Aleksey Tverskoy adlı rusiyalı bloqqerin yazısını oxudum. Yazır ki, hər səhər işə gedəndə bir neçə kilsənin yanından keçir. Moskvada təxminən 1000 kilsə var. Bu kilsələrin ərazisi dövlətdən maliyyələşir. Kilsələrə insanlar gedib sədəqə verir. Üstəlik, kilsələr dövlət hesabına tikilir. Aleksey Rusiyadan şikayət edir. Deyək ki, Rusiya avtoritardır, ancaq əks-qütbdə yerləşən ABŞ-da da kilsələr (bütün dinlərin kilsələri) vergidən azaddır. Bu problem dünyanın əksər (bəlkə də bütün) ölkələrinə aiddir.
İstanbulda az qala hər məhəllədə məscid var. Türkiyə hökuməti Diyanət İşləri Başqanlığına hər il külli miqdarda pul ayırır. Qurumun adındakı diyanet sözü din sözünün ərəb dilindəki cəm formasıdır, yəni “dinlər”. Bəllidir ki, söhbət əslində elə bir qurumdan gedir ki, dövlət din, cəmiyyət din münasibətlərinin hakimi olsun və burada konkret bir dindən söhbət getmir. Çünki dövlət üçün bütün dinlər bərabər məsafədə olmalıdır – şəriət dövləti deyilsə. Lakin əslində olan nədir? Bu qurumun veb səhifəsini açdıqda sanki islami bir sayta daxil oluruq. Qurumun fəaliyyəti birbaşa konstitusiya ilə təsbit olunmuş dövlət və dinin ayrı olmağı prinsipinə ziddir. Ya din dövləti öz məqsədinə işlədir, ya da dövlət dini. Gəl, baş aç.
Ortalıqda qalan məsələ təkcə o deyil ki, dövlətin bir qurumu konstitusiyanı pozaraq gülünc qərarlar qəbul edir. Bu qurum dövlətdən – vətəndaşların vergilərindən maliyyələşir! Bu pullar daha lazımlı yerə xərclənə bilər. Türkiyə kimi bir dövlətdə ümumi təhsil səviyyəsi bərbad gündədir. Hələ də adını yaza bilməyən insanlar var! Təkcə ODTÜ ilə iş bitmir. ODTÜ tək qalıb artıq. Hakim partiya Türkiyəni şəriətə sürükləyir və ən pisi də odur ki, əksəriyyət buna göz yumur. Bir vaxtlar biz siyasi etiketi Türkiyədən örnək göstərirdik. İndi isə Türkiyə lağ obyekti olub. Cəmiyyət dindarlaşır və ziyanını bütün ölkə çəkir. Türkiyədə məscid qədər xəstəxana yoxdur. Məscid qədər məktəb olduğuna da ciddi şübhəm var.
Spirtli içkiyə görə vergi alınır və daha sonra bu vergidən məscidlər və onların işçiləri (imamlar və s.) maaş alır. İslama görə, bu pullar haramdır. Beləliklə, bütün müsəlmanlar harama bulaşır. Əvəzində nə etmək olardı? Dövlət hər dini iş üçün özünü həmin dindən sayan adamlardan vergi alsın və ya bunu könüllülük prinsipi ilə təşkil etsin. Məhəllənizdə məscid istəyirsiniz? Buyurun, bələdiyyədən icazəni alın, yer uyğundursa, öz pulunuzla tikin, məscidin xidmətçilərini də özünüz seçin, maaşlarını verin. Əlbəttə, dövlət yenə də bəzi məqamların qeydinə qalmalıdır. Məsələn, müsəlmanların yaşadığı məhəllədə varlı xristian gəlib kilsə inşa edə bilər. Belə nüanslar üçün dövlətin əlinin altında qanunvericilər var – o şəxslər ki, elə bu işləri görmək üçün büdcədən pul alır, bu adamlar zəhmət çəkib ümumi qaydalar təsbit etməlidir.
Göründüyü kimi, dövlətin dinə pul ayırması, vətəndaş olaraq mənim hüququmu pozduğu kimi İslama da ziddir. Şəriət dövləti isə haram maldan vergi tuta bilməz, həmin malın satışını qadağan etməlidir, buna görə də onun pulu İslama zidd sayılmır. Ona görə də, əziz müsəlman bacı və qardaşlar, məsciddə qıldığınız namazların hamısı savabdan azaddır. Tələb edin, sizdən ayrıca vergi alsınlar, yaxud özünüz tikin. Ya da Sumqayıtda bir sələfinin etdiyi kimi öz evinizi camaat/Cümə namazı üçün açın – yəqin ki, öldükdən sonra xəcalətinizdən çıxarlar.
Türkiyə gözümüzün önündə şəriət çuxuruna yuvarlanır. On il sonra Türkiyə iqtisadiyyatı, mədəniyyəti çöksə, hər şeyi atacaqlar Amerika və İsrailin cütlüyünün boynuna. Halbuki, öz əllərilə dövlətin fundamentini yıxırlar. Türkiyədə əsən yelin bizə də asanlıqla sirayət etməsidir. Azərbaycanda da Ərdoğan heyranları və türkiyəsayağı müsəlmanlar az deyil. Gözümüzün qarşısında adam daşlayan, əl kəsən molla ölkəsi var, ancaq bizə dərs olmur. Elə bilirik ki, Türkiyə fərqlidir.
Dövlətin dindən istifadə etməyinə, yaxud dinin dövlətə sirayət etməyinə bir an belə göz yummaq olmaz. İstəyirsən, ateist ol, istəyirsən, dindar. Çünki dini dövlət qurulsa, bu dəfə məzhəb davası qalxacaq. Siz baxmayın ki, indi şiə məscidində sünni rahat namaz qıla bilir – bu, elə dünyəvi dövlətin yaratdığı imkandır.
Anar Məsimli
Kultura.az