post-title

Aygül Qurbanova: Məmurlaşmış yazıçılar

Müğənni Xatirə haqqında yazımdan sonra təxminən eyni səbəblərdən bir yazı da yazıçı Aqil Abbas haqqında yazmalı oluram. Öz aramızdır Xatirəylə eyni məzmunlu hərəkət etməyi də hər ziyalı bacara bilməzdi ki, Aqil bəy bacardı. Bu münasibətlə şəxsini təbrik edir, uğurlarının davamını diləyirəm.

 

Əvvəlcə deyim ki, bu yazıçı olduğu deyilən amma barmaqla göstəriləcək hansı tutarlı əsərin müəllifi olduğu bilinməyən məmurlaşmış insanda hər zaman rayon göyərtisi adıyla Saray göy-göyərtisini camaata sırımağa çalışan qırmızı yanaq fırıldaq dayı potensialını hər zaman görmüşəm. Müəllimi tanımasam və də rejissor olsam dəqiq onu filmlərimin birində belə bir obraza çəkərdim. Sözümü yerə salmazdı yəqin, baxma, haqqında yazı yazıram. Bu günlərdə bir müsahibəsindən biləm ki, sən demə yanılmamışam, bəyin göyərtiyə xüsusilə soğana xüsusi bir simpatiyası var imiş. Ölkədə aranın qarışıb məzhəbin itdiyi, yazıq camaatın banklarla artıq borc, pul, kredit mərhələsini adlayıb vicdan savaşına girdiyi, xalqın onsuz da işsizlikdən bir təhər olub səbr kasalarının son damcısı da düşdüyü zamanlarda bir jurnalist məmurlardan, siyasətçilərdən bir şeyin çıxmadığını görüb diktafonunu ziyalıya, yazıçıya tutub ki, görsün heç olmasa o xalqın bu acınacaqlı günlərində bir ağılabatan söz deyirmi. Və onsuz da illərdir hər danışmağa başlayanda həyəcanlanıb pörtən, qırmızı yanaq, yeməklə, kreditlə, heç bir dərdi olmayıb üstəlik kreslosu da olan yazıçı bir neçə əlavə söz burulğanının fövqündə ac camaatı, aferistlikdə günahlandırıb, həqiqətən acından ölürsüzsə soğan əkib dolanın deyib. O vaxt eyni Milli Məclisdə heç bir iş görmədikləri yoldaşı Hadı Rəcəbli də, müəllimlərin maaşı azdırsa işdən sonra fəhləlik eləsin demişdir. Hadı Rəcəbli zehnində söz demək də hər ziyalının işi deyil, ara yerdə Aqil Abbas bunu da bacarıb, ikinci uğur. Uğurları həqiəqətən davamlı olur deyəsən. 

Belə şeylərə nə deyəsən, nə ad verəsən, hansı bəhanə tapıb üstündən keçəsən bilmək olmur. Xatirəni savadsızlıqda, kitab oxumamaqda qınadıq bəs Aqil Abbasa nə düşüb, onun ki, savadı yerində, xeyli kitab oxuyub, üstəlik Allah qoymasa yazır da. Belə çıxır ki, bütün bunlara rəğmən sadə xalqa isti kreslosundan belə sözlər demək artıq vicdan problemindən qaynaqlanır və bu olduqca acınacaqlıdır. Savadsız insandan çox savadlı insanın naqisliyi daha təhlükəli, daha qəbuledilməzdir. Bir dəfə efirdə Aqil Abbasın iş otağını göstərmişdilər, arxasındakı şkafda Viktor Hüqonun “Səfillər” əsəri dururdu. Əgər o biri dünya, nizam, tərəzisi filan varsa Aqil Abbasın o kitab arxasında dura-dura, onu oxuduğu halda belə söhbətlər eləməsinə yox yerdən 5 il cəhənnəm əzabı düşür. 
Adam düşündükcə bir təhər olur, Allah sənə ədəbi istedad, söz balansı, yazı qabiliyyəti versin sən ondan xalqın xeyrinə bir kəlimə də olsun istifadə etməyəsən. Tarix adamı dar ağacına çəkər belə şeylərə görə. Görəsən heç olmasa ömrünü, bütün ədəbi varlığını insan əzabları, insan ağrıları üzərinə qurub tarixdə əbədi iz buraxan yazıçıların kitablarını əllərinə aldıqda bu məmurlaşmış yazıçıların üzlərinə bir az qızartıdan filandan gəlirmi.

 

Kultura.az
Aygül Qurbanova

Yuxarı