Bakının asfalt yollarında idman yarışlarından qalan sarı zolaqlar var. İdman tədbirləri bir-birini əvəz edir, qalanını siz məndən yaxşı bilirsiniz.
Xaricdə təbliğ olunan hazırkı şüarımız belədir: "Azərbaycan -idman ölkəsidir".
Amma bir məsələ var ki, biz bu idman şüarını yaratmaqla, təbliğ etməklə özümüz özümüzə pislik edirik. Niyə?
Hər şey çox sadədir. Özümdən heç bir şey deməyəcəm, heç bir dolanbac təhlilə də ehtiyac yoxdur.
Azərbaycanı idman ölkəsi etməklə biz Hegel dövründən günümüzə qədər davam edən, millətləri, irqləri bir-birinə qarşı qoyan bir qədim və əsas mübahisə ocağını alovlandırırıq.
Hegel deyirdi ki, dünya tarixi Şərqdən Qərbə doğru hərəkət edir, qədim Şərq tarixin ibtidai dövrü, antik və Avropa dövrü isə yüksək dövrüdür, almanlar Avropa mədəniyyətinin ən ali mərhələsidir.
O, bu sıralamanı mənəviyyat məsələlərinin, xüsusən azadlığın dərkinə görə düzürdü. O, Şərq xalqlarını tənqid edir, onları ən aşağı səviyyə kimi göstərirdi, deyirdi ki, Şərqdə insanlar azad deyil və əsl mədəniyyət yaratmağa qadir deyillər.
Şərq dünyagörüşünü, Şərq fəlsəfəsini aşağı, primitiv adlandırırdı, deyirdi, Şərq xalqlarının fəlsəfəsi müşahidə mərhələsindədir, ona görə layiqli bir şey verməyib.
Məhz Avrosentrizminə, almansentrizminə görə multikulturalizm fəlsəfəsi Hegellə yola getmir.
Hegel qədər məşhur olmasalar da, bugünkü irqçilər də deyirlər ki, irqçiliyin təbii əsasları var.
Onların fikrincə, tünddərili xalqlarda idman, fiziki qabiliyyət tələb edən işlər yaxşı alınır, bizlərdə isə ağıl, zəka tələb edən işlər.
Bu fikirlərini əsaslandırmaq üçün onlar ABŞ, Britaniya kimi ölkələrdə məktəblərdə birgə təhsil alan ağdərili və qaradərili şagirdləri misal çəkirlər; eyni ümumtəhsili alan qaradərililər təhsil, elm aləmində pis, ağdərililər isə daha yüksək nəticələr göstərirlər.
Bir dəfə mən bir irqçi ağdərili yəhudi həmsöhbətimə sadəlövh-sadəlövh sual verdim ki, bəs Barak Obama?
Həmsöhbətim qayıdıb dedi ki, əgər bir qaradərili çox yaxşı təhsil alsa, hə, onda ondan ağıl tələb edən sahələrdə uğurlu adam ola bilər, Obama da çox yaxşı təhsil görüb, amma adi orta təhsil alan milyonlarla ağdərili adi orta təhsil alan milyonlarla qaradərililərdən üstün nəticələr göstərir.
Onu da əlavə etdi ki, Avropa məktəblərində qaradərili şagirdlər idman yarışlarında yaxşı nəticələr göstərirlər. Sonra dedi, sinifdə sakit oturub müəllimi dinləmək də onlara çətin başa gəlir. Dedi, çünki idman onların təbii sahəsidir.
Belə çıxır ki...
Biz Qavroşla tərbiyə olunmuşuq. Biz küçədə pul verərək ayaqqabısını sildirən adam görəndə indiyə qədər pərişan oluruq.
Sovet vaxtı şəxsiyyətə genetik yanaşma, insanları alilərə və aşağılara, bioloji nəcib irq və işçi irqə bölmək kimi mülahizələr rədd edilirdi. Elə Ümumdünya İnsan Haqları Bəyannaməsi də bunu deyir.
Biz belə öyrənmişik ki, bütün xalqlar dünyaya bərabər imkanlarla gəlir, psixomotor, incəsənət, elmi təfəkkürün hər üçünü bütün insanlarda bərabər inkişaf etdirmək olar, ağlın irqi, milliyyəti yoxdur.
Amma indi bizdə təbii seçilmişlərə inam yayılmaqdadır. Sinifli cəmiyyətin əsası qoyulmaqdadır. Bu da özünü çox gülməli göstərir.
Bakıdakı bir özəl məktəb belə çıxır ki, varlı ailələrin bu məktəbdə oxuyan uşaqlarını istedadlı adlandırır, bu məktəbdə oxumağa pulu çatmayan uşaqları qeyri-istedadlı. Bəli, belə birbaşa.
Qərbin də bəzi çevrələrində insanların anadangəlmə fərdi bacarıqlarının gücünə təhsilin gücü qədər inanırlar. Özünüz də görürsünüz ki, son vaxtlar Avropada radikal sağ təmayül qüvvətlənir.
İndi belə çıxır ki, bəxtiyar-bəxtiyar "Azərbaycan - idman ölkəsidir" deyərkən biz elə onlar deyəni deyirik.
Afrika, Asiya ölkələrinin əllərinə pul keçən kimi pəhləvanlıqla, qaçmaqla, tullanmaqla məşğul olması bir avropalı üçün yenilik deyil.
Söhbət avropalı turistləri toplamaqdan, mədəni dünyanın simpatiyasını qazanmaqdan gedirsə, onları idman ölkəsi şüarıyla heyrətləndirmək olmaz. Özü də burda futbol kimi kollektiv idman oyunları yox, pəhləvanlıq kimi fərdi idman növləri cücərir.
Bəs hansı şüarla heyrətləndirmək olar onları? Azərbaycan - elm ölkəsidir, mədəniyyət, sənət ölkəsidir şüarıyla.
Hegel onu da deyir ki, millətin ruhu onun tarixində, dünyagörüşündə, azadlıq şüurunun dərəcəsində əks olunur. Qərblilər Azərbaycana dair məhz buna inanmırlar, hünər onları buna inandırmaqdır.
Nərmin Kamal
BBC Azeri