Bahalı toyuqların müğənnisi
“Müxalifət mitinqə şor-çörəklə,İqtidar isə kotletnən gedir".(Baba Pünhan)Azərba…
“Teatr bir millətin yüksəlişini və ya çöküşünü göstərən barometrdir”
(Fransisko Lorka, məşhur şairin qardaşı)
Prezidentin mədəniyyət zəhmətkeşləri ilə görüşünün ilkin nəticələri, meyvələri yetişməkdədir. Örnək üçün, teatrlara 1 milyon 800 min pul ayrıldı, bundan hər birinə 200 min manat olmaqla 6 teatr, hər biri 100 min almaqla yenə 6 teatr (əyalətdəkilər) yararlanacaqdır. Əlbəttə, teatr və dövlət bütün dünyada qarşılıqlı əlaqəsi olan sahələrdir, tarixən belə olmuşdur, hətta Molyerin zamanında kral Lüdovik tamaşalara sponsorluq etməsinin əvəzində bəzi səhnələrdə rol almışdı. Xüsusən indiki elmi-texniki tərəqqi dövründə teatra dövlət qayğısı əslində vacibdir, çünki teatrı özbaşına, bazar iqtisadiyyatının ümidinə qoysan yaşaması çətindir. Yenə qeyd edirəm: bütün dünyada özü özünü maliyyələşdirən, anşlaq yığan, biletləri tapılmayan, nə bilim, iki-üç il qabaqcadan növbəyə yazılıb baxılan teatrlar çox azdır, bizim regionda deyəsən Gürcüstandakı bir-iki teatrı çıxmaqla (Robert Sturua və Rezo Qabriadzenin teatrları) heç yoxdur.
Ancaq teatrların binaları təmir olunub gözəlləşdikcə, dövlət büdcəsindən yardımlar artdıqca və az qala bütün aktyorlar və aktrisalar təqaüd, fəxri ad, medalla ödülləndikcə səhnəmizin keyfiyyəti aşağı düşür. Fakt budur ki, indi bizdə anşlaq cəhənnəmə, heç bir sünnət toyunun kontingentini yığacaq qədər tamaşaçısı olan teatr, səhnə əsəri yoxdur. Özü özünə “korifey, azman, ustad”, nə bilim, “görkəmli sənətkar” yarlıkı yapışdıran aktyorlar var, lakin xalqın sevib tamaşasına son qəpiyini verməyə hazır olduğu sənətkar yoxdur. 1980-ci illərin axırları, 1990-cı illərdə maddi imkanları bundan qat-qat aşağı olan teatr xadimlərimiz xalqın sevimlisi idilər, ortaya bənzərsiz əsərlər qoyurdular. Ad çəkmirəm, ancaq o dövrün teatr tamaşalarından sitatlar indiyədək dillərdə əzbərdir. Hacıbaba Bağırovun o dövrdəki unudulmaz personajlarından birindən sitat vermək istəyirsən: “Nöş belə oldu, Çibuş?” Bizim teatrlar, necə deyərlər, nə yedilər ki, bu kökə düşdülər?
“Azadlıq olmayanda sənət də iflasa uğrayır”, yaxud, “elə dövlət inhisarı üzündən mədəniyyətimiz çökmüşdür yazmaq istəməzdim”. Bu, çox sadə izahat olardı. Mədəniyyət böhranımızın min dənə səbəbi var, kompleks yanaşmalıyıq. Dostumuz, iqtisadçı Natiq Cəfərlinin sevimli ritorikası ilə yazsam, bizimkisi sistem problemidir.
Bu arada iki teatra - Dövlət Musiqili Teatrı və Dövlət Rus Dram Teatrına da öz xahişləriylə “akademik” adı verildi. Zəhmətkeşlərimiz bilmək istəyir bununla nə dəyişəcək? Bəlkə tamaşaların keyfiyyəti artacaq, yaxud, salon dolub daşacaq? Yox. Ortada Akademik Milli Teatrın acı təcrübəsi var. Son illər bu teatr gündəmə tamaşaları ilə yox, səhnə arxası ilə daha çox gəlmişdir. Rejissor aktyoru söydü, aktyor xalq artistini döydü, nə bilim, daha nələr... Ümumiyyətlə, bu “akademik” nə deməkdir? Adına belə söz əlavə ediləndə teatr mexaniki şəkildə Platonun yaratdığı məktəb kimi bir zad olur yoxsa? Dünyada bu mənasız teatr yarlıkı keçmiş SSRİ-nin, bolşeviklərin “kəşfi” kimi qalmaqdadır və yalnız elə keçmiş SSRİ məkanında. Rusiyada, Tacikistanda, Azərbaycanda və bu kimi müttəfiq respublikalarda. Başqa heç yerdə yoxdur. Milli Elmlər Akademiyamızda çobanlar oturub nərd oynayır, Akademik ali məktəblərimizdə tələbələr laqqırtı vurur, akademik teatrlarımızda da aktyorlar Keçəl, Kosa, Şaxta baba və Qar qız obrazları qayırıb millətin səviyyəsini artıracaqdır. Vəssalam, şüttəmam. Kor nə istər, iki göz. Şəmi var, Şöşü var, Nadir oxuyur, Zaur göstərir - daha uca millətə nə lazımdır? Bəsimizdir. Teatr yox idi, sabah açılmırdı? Özümüz gül kimi şəbeh çıxardırdıq - məhərrəmlikdə.
Özü də bunun kökünü Axundov o zaman yanlış qoyubdur. Təsəvvür elə, teatrı olmayan millət üçün pyes yazırsan. Nə qədər bekar adam olubdur. Özü də Tiflis kimi gözəl yerdə. A kişi, get çaxırdan iç, “matişkələrlə” əylən da bə.
Hərçənd, deyilənə görə, o pyesləri də çar hökuməti sifariş veribmiş, yoxsa yazmazmış. Bax, görürsən, yenə dövlət siyasətidir...
Zamin Hacı
Musavat.com