post-title

Zamiq Məmmədli: Əslində kimdir patriot və ya imitasiya olunan \"Vətənpərvərlik\"

Çexiyada bir hakim, məhkəmədə insanlarının talelərini yönləndirən, onlar haqqında qərar verən şəxs elm işçisidir. O hakim rüşvətsiz, tapşırıqsız təhsil sistemi ilə ali məktəbə daxil olub. Bütün tədris müddətində dünya və Avropa tarixini, hüququnu araşdırıb, təhsil illərini kitabxanalarda keçirib, nəhayət doktor olub. Avropadakı bir məhkəmə hakimi yüzlərlə araşdırmalar aparıb, akademik məqalələr yazıb, bu araşdırmalar və məqalələr qəbul edilib, doktorluq dissertasiyası üçün gözlərini yorub və məzun olduqdan sonra illərlə məhkəmə sistemində praktika keçib, daha sonra hakim olub. Yəni, sənin haqqını, hüququnu təmin edəcək, sənin haqqında qərar çıxardacaq şəxs sözün əsl mənasında elm adamıdır, alimdir!

 

Siyasi-sosial mövqe olan Patriotizm latınca "patria", yunanca "patrida, πατρίδα" - fərdlərin və ya fərdlər toplusunun emosional, müsbət mənada "ata yurdu"na, yaşadıqları əraziyə bağlılığı anlamına gəlir. Bunu Azərbaycan ekvivalentində "Vətənpərvərlik" və ya "Vətənçilik" sözü ilə əzəvləmək olar. Patriotizm termini öz spesifikası ilə müxtəlif ölkələrdə müxtəlif cür qəbul edilə bilər. Hətta "eskrem", "güclü", "mötədil" və ya "mənəvi" patriotizmlər də var (1). İmitasiya - nəyinsə açıq aşkar yamsılanmasıdır. Mahiyyətcə yox, vizual, zahiri oxşadılmasıdır.


Bunların açıqlaması uzun və çox izah tələb edilən mövzulardır, qısa girişdən sonra haşıyəyə çıxaraq, əsas mövzuya keçid etmək istərdim.
Əvvəlcə onu qeyd edim ki, 2000-ci illərin əvvələrində bir neçə qısa məqalə istisna olmaqla publisitika və ya jurnalistika təcrübəm yoxdur. Publisistika sahəsi mənim ixtisas sahəmə birbaşa aidiyyatı yoxdur. Universitet səviyyəsində təhsilimlə əlaqədar daha çox seminar və diplom işləri, müxtəlif mövzularda sosial şəbəkələrdə yazdığım yazılar əlbəttə ki, istisnadır. Azərbaycanda və ya Azərbaycanlıların nüfuz etdiyi sahələrdə "it yiyəsini tanımadığından", aidiyyatı olmayanların jurnalistika ilə, yazarlıqla, bəzən hətta professional siyasətlə məşğul olmağa iddialı olduqları bir vaxtda mənim köşə yazısı yazmağım heçkəsə qəribə gəlməsin.


10 ildən çoxdur ki, Çexiya Respublikasında yaşayıram, bu ölkənin vətəndaşıyam, Dünyanı, Avropanı məhz Çexiya və çex ədəbiyyatı vasitəsi ilə tanımışam. Baxmayaraq ki, təhsilim Beynəlxalq Əlaqələr və Avropa Araşdırmalarıdır, Avropa Birliyi və Avropadakı institutlaşmaları, onların tarixini və fəaliyyət mexanizmlərini məhz təhsil alığım çexçə öyrənmişəm. Ona görə də çox vaxt müqayisələrim Çexiya prizmasındandır. Çexiya ilə Azərbaycanın talelərində çoxlu ortaq nöqtələr tapmaq mümkündür. XX əsrin əvvələrində I Dünya Müharibəsinin nəticəsi olarq, 1918-ci ildəAvstriya-Macarıstan İmperiyasından qoparaq Çexiya (Çexoslovakiya) müstəqilliyini elan edib. Eyni ildə Azərbaycan Demokratik Cumhuriyyətinin elan edilib. Sonralar Azərbaycanda və Çexoslovakiyada 28 il ara ilə ictimai formasiyanın dəyişib, hər iki ölkədə komminist rejimləri qurullub.1968 və 1990-cı ilərdə Sovet ordusunun müdaxiləsi, eləcə də 1989-cu ildən "milli azadlıq" hərəkatlarının başlamasındakı paralelliyi də əlavə etmək olar. Azərbaycandakı "xalq cəbhəsi" və Çexoslovakiyadakı "vətəndaş forum"unun" (Občanský fórum) yaranmasındakı oxşarlıq, hətta 17 noyabrın hər iki ölkədə milli dirçəliş günləri kimi bayram, rəsmi tətil edilməsi XX əsrdə hər iki xalqın bir birinə bənzəyən talelər yaşadığını göstərir. Hər iki ölkənin ərazisi və əhalisi də təqribən eynidir.


Azərbaycan və Çexiyadakı "vətənpərvərlik" anlayışlarının müqayisəsi hər iki xalqın öz müstəqilliklərini əldə etdikdən sonrakı dövrdə daha aydın anlamaq olar. Əlbəttə, 1990-cı ildən sonrakı dövr - Azərbaycanın Ermənistanla müharibəyə sürüklənməsi, hakimiyyət dəyişiklikləri, bir birinin ardınca gələn hərbi məğlubiyyətlər və məyusluq müqayisəedilməzdir. Bu hadisələrin baş verdiyi dövrdə ,1993-cü ildə sadəcə iki federal baş nazirin imzalaması ilə Çexoslovakiyanın referendumsuz Çexiya və Slovakiyaya ayrıldı. Vətəndaş Forumunun lideri Václav Havel 14 il ölkəyə rəhbərlik etdi. Çexiyada uğurlu hesab edilə bilən iqtisadi-siyasi reformlar həyata keçirildi. Çexiya 1999-cu ildə NATO, 2004-cü ildə Avropa Birliyi, ardınca, 2007-ci ildə Şengen Anlaşmasına daxil oldu. Bu parametrlər artıq Çexiya ilə Azərbaycana komparativ baxışları tamam başqa müstəviyə keçirir. Səbəbləri saymaqla qurtarmaz. Uğurlu, ədalətli vətəndaş cəmiyyəti qura bilməməyimizin səbəbləri politoloq Zərdüşt Əlizadənin "Mükalimə Demokratiyası" (2) prizmasından da izah oluna bilər.


Amma Azərbaycanda artıq son illərdə banallaşan "xətən xaini", "vətənpərvər", "vətənşüvən", "vətəni satmışlar", "gedib xaricdə oturanlar" və sair bunun kimi ifadələr həm sosial şəbəkələrin həm də medianın işlətdiyi şablonlar sırasındadır. Mənim özümə də "vətən dostu" və ya "vətən düşməni" ifadələrinin ontoloji və epistemoloji mənaları çox maraqlıdır. Axı "vətənpətrvər" necə olur? Həqiqətənmi bayrağa xüsusi hörmət, ölkənin himini əzbər bilmək, milli mətbəx və musiqiyə heyranlıq həqiqətən yetərlidirmi? Uşaq baxçasından tutmuş, orta məktəb, universitetlərə qədər keyfiyyətli təhsil haqqının vətəndaşların əlindən alındığı, əhalisi keyfiyyətsiz və bahalı tibb xidmətlərinə möhtac edilmiş, dövlət idarələrində az qala rüşvətsiz heç bir işin görülmədiyi, medianın manipulyasiya edildiyi, ədliyyə sisteminin bərbad olduğu, ərazisinin böyük bir hissəsi işğal altında olan, korrupsiyaya bulaşmış, idarəetmədə hərbi-siyasi mexanizmin hakim olduğu bir coğrafi əraziyə məcburi bağlılıqdırmı "vətənpərvərlik"? Mən bunu anlaya bilmirəm. Nədir vətənpərvərlik, kimdir vətənpərvər?


Etiraf edim ki, bu yazını yazmağa təkan verən olaylardan biri də mənim iştirakımla spontan, planlaşdırılmamış bir müsahibə, bir söhbətin sonradan mediada dərc olunmasıdır (3). Bəzi reaksiyalar - müxtəlif, heç məsələyə yaxından uzaqdan aidiyyatı olmayanların aqressiv, çox vaxt təhqir dolu reaksiyaları əslində mənim üçün gözlənilən idi. Azərbaycanda yaşayıb, o ölkədən çıxa bilməyənlərin, baş götürüb çıxa bilmişlərə qarşı pataloji nifrəti də ayrı dərddir. Getməməliydik, qalmalıydıq bunların yanında - "Cəhənnəmə gedən özünə yoldaş axatarar". Pataloji nifrət və qısqanclığı rasional ağılla dərk edə bilmirəm. Bu mövzudakı detallara daha çox vaxt ayırmağın da mənası yoxdur.


İndi isə keçim mənim emprik, müşahidə etdiyim və özüm üçün müəyyənləşdirdiyim "vətənpərvərliyə". Mübahisəyə səbəb olmuş müsahibədəki söhbətdə Vüsal Teymurovun "Azərbaycandakı məmurlar Avropadakı sistemləri, mexanizmləri görürlər onu "copy-past" sistemi ilə tətbiq edirlər, amma mexanizm işləmir" ifadəsi üzərində durmaq istərdim. Bunun açıqlaması odur ki, əgər Avropada, yaşadığım Çexiyada dövlət-vətəndaş münasibətlərində tənzimləyici institusional aparat varsa da, bunun kökündə bir təkamül, reform, islahat prinsipləri, uzun bir yol dayanır. Vizual tətbiq heç vaxt uğurlu ola bilməz. Ankara Universitetində çalışdığım zamanda tanış olduğum, Erasmus proqramı ilə təhsil almaq üçün Türkiyəyə gələn orta yaşlı bir yarı alman, yarı polyak həmkarım vardı (Pawel Marian Heinrich). Pawelin hər dəfə təkrarladığı bir ifadə əslində bütün bu "arayışlara" izahat verir: "Hər şeyin təməli haqq-ədalət sisteminin qorunduğu, ədalətli ədliyyə sistemidir, məhkəmələrdir! Ədliyyə sistemi kənardan müdaxilə oluna biləndirsə, bərabərlik prinsipi pozulursa, sistem korrupsiyaya uğrayıbsa, o ölkədəki bütün "inkişaf", bütün uğurlar, bütün istisadi-sosial-ictimai münasibətlər sürüşkən qum üzərindədir". Geniş olaraq Avropanı deyil, sadəcə Çexiyadan bir misal gətirim: Çexiyada bir hakim, məhkəmədə insanlarının talelərini yönləndirən, onlar haqqında qərar verən şəxs elm işçisidir. O hakim rüşvətsiz, tapşırıqsız təhsil sistemi ilə ali məktəbə daxil olub. Bütün tədris müddətində dünya və Avropa tarixini, hüququnu araşdırıb, təhsil illərini kitabxanalarda keçirib, nəhayət doktor olub. Avropadakı bir məhkəmə hakimi yüzlərlə araşdırmalar aparıb, akademik məqalələr yazıb, bu araşdırmalar və məqalələr qəbul edilib, doktorluq dissertasiyası üçün gözlərini yorub və məzun olduqdan sonra illərlə məhkəmə sistemində praktika keçib, daha sonra hakim olub. Yəni, sənin haqqını, hüququnu təmin edəcək, sənin haqqında qərar çıxardacaq şəxs sözün əsl mənasında elm adamıdır, alimdir! İndi siz bu elm adamını Azərbaycanın hər hansı bir məhkəmə hakimi ilə müqayisə edin; səlahiyyətlər və rəsmi titul təqribən eynidir, lakin peşəsinə, çıxaracağı hökmün məsuliyyətini dərk etmə səviyyəsini müqayisə edək.


Bu analogiyanı məktəbə qədər təhsil müəssisəslərinə, orta məktəblərdəki təhsil işçilərinə, eləcə də səhiyyə sisteminə də aid etmək olar. Həkim xəstə ilə söhbət edəndə onaelmdəki son yeniliklərdən bəhs edir. Bəzən həkimin oxuduğu akademik məqalələrdən yeniliklər haqında xəstəyə məlumat verməsini də şahidi olmuşam. İndi siz fikirləşin, Azərbaycanda neşə həkim tibb sahəsində dünyada aparılan elmi araşdırmaları oxuyur və öz sahəsi üzrə tendensiyaları, yeniliklər izləyir? Bir tərəfdən necə oxuyub izləsin? Dil bilgiləri bunun üçün yetərlidirmi və ya peşəsi ilə bağlı ədəbiyyat onun bildiyi yeganə dildə yetərlidirmi? Bu da ayrı bir müqayisə predmetidir.

Elmin digər sahələri, incəsənət, jurnalistika, "ictimai sektor" və ya siyasətdə də vəziyyəti heç də ürəkaçan deyil.

Məşhur "Şərq-Qərb" müqayisəsinə aydınlıq gətirmək üçün "Yaxşı Padişahin Nağılı"dan (Anar) yola çıxaraq,qeyd edək ki, Qərbdə artıq "Yaxşı padişah" axtarmırlar: "filankəs prezident, baş nazir, partiya sədri, filankəs filan nazir olarsa vəziyyət tamam başqa olar" kimi nəzəriyyələr çoxdan çürüyüb, çürüdülüb. Qısa və bir az da kobud ifadə etsək, Qərbdə hakim olan yanaşma təqribən belədir: hakimiyyətə gələnlər və bundan sonra gələcəklər ən əclaflar olacaqlar və bu əclafları necə kontrol edə, onların fəaliyyətlərini necə çərçivəyə sala bilərik? Bütün vətəndaş cəmiyəti, sivil toplum quruluşları, tənzimləyici qanunvericilik məhz kontrol, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzərindədir - "dövlət və hökümət başçısı xalq tərəfindən vəzifələndirilmiş məmurdur!". Şübhəsiz ki, şahsevənlik, başqansevənlik, sədrsevənlik, lidersevənlik (Yaxın) Şərqi Qərbdən geri qoyan əsas amillərdir.

Şəxsən mənim Azərbaycandan çıxıb getmək səbəblərimdən biri də mənim bu acı həqiqəti anlamağım, bunu dərk etməyimdir. Əslində bu, alternativsizlik, ümudsizlik və məyusluqdur. Yəqin ki, heç kəs xoş günündən, rahatlığından tərki-vətən olmaz, qürbəti seçməz.


Ən dəhşətlisi də oldur ki, bütün sosial-ictimai münasibətlər yazılmamış qanunlarla "tənzimlənir". Qlobal götürsək, müasir dünyadakı mövcud dövlər strukturu - 1648-ci ildən - Vestfal sülh anlaşmasından sonra Qərb/Avropa sivilizasiyasının yaratdığı sosial münasibətlər paketinin nəticəsidir. Başqa sivilizasiyalarda institutlaşmış dövlət strukturlarının və qanunvericiliyinin "copy-past" edilərək, Azərbaycan kimi fərqli sivilizasiyalar məkanında tətbiq edilib. Əslində bu da imitasiyadır. "Quyuya su tökməklə quyu dolmaz, gərək quyunun öz suyu olsun" misalındakı kimi.


Şərqdəki dövlət-xalq anlayışları yəqin ki, uzun müddət fərqli anlayışlar olublar. Xalq yaşadığı çoğrafi ərazi və onu idarə edən dövlətlə özünü-identifiasiya etməyib və ya etməyə imkan verilməyib. Dövlətə yad münasibət bəlkə də bunun nəticəsidir? "Dövlətin malı dəniz, yeməyən donuz!"...Haşiyədən çıxıb bir misal gətirim. Deməli, Almaniyada bir tanışım hər gün səhər saat 6-da işə gedən alman qonşusuna "Sən Almaniya vətəndaşısan, niyə özünə zülm edirsən, işləməsən də dövlət sənin ev kirayəsi haqqını, yemək və tibb xərcini ödəyəcək. Niyə istifadə etmirsən bundan?" sualına almanın maraqlı cavabı yəqin ki, bu abzasın xüslasəsini izah edir: "Mən niyə bunu etməliyəm? Almaniya mənim ölkəmdir, niyə öz ölkəmə parazit münasibəti bəsləməliyəm? Sui-istifadə etməliyəm? Bura mənim ölkəmdir, mənim dövlətimdir!".


Azərbaycanda seçkilər kimi elə vətənpərvərlik də imitasiya predmetidir. İmitasiya sosio-psixolojisi bütün ölkəni bürüyüb. Guya hazirki siyasi rejimə alternativ olan "milli demokrat"lardır. Onların ən "liberal"ında belə demokratlığın, liberallığın imitasiyası açıq aydın görünür. İstər partiya, istər QHT olsun, fərqi yoxdur. İllərlə Avropa fondlarını, donor təşkilatlarını inək kimi sağan "QRANTamiyot"lar, yazdıqları vətəndaş cəmiyyəti "layihələr"rində heç olmasa özləri də dinləyici kimi iştirak etsəydilər, Avropa dəyərlərinin nə olduğunu dərk edə bilsəydilər, bəlkə də, indi vəziyyət tamam başqa cür ola bilərdi. Paradoks ondadır ki, illərlə Avropa dəyərlərini "təbliğ" etməyə görə vergisiz pul qazananların xitab etdikləri, arxalandıqları sosial kütlə və eləcə də, rəqiblərini, düşmənlərini, sevmədiklərini "vurmaq" üçün istifadə etdikləri "arqumentlər", ittiham və bəzən qarayaxmaları, mübarizə üsulları tam lokal-mental təfəkkürlüdür. Ancaq dünyanın gedişatından bixəbər cahillər və ya öz vicdanlarını çoxdan itirmişlər, başqalarının vicdanını kolonoskopik üsullarla axtarmağa çalışarlar. Çox primitivcə. İstifadə edilən mübarizə üsulları müasir Dünyada artıq o qədər köhnə və çağdışıdır ki...
Daha dəhşətlisi bəlkə də, imitasiyalar sisteminin özü deyil, cəmiyyətdəki bu sosial, sisyasi, iqtisadi imitasiyalar sisteminin işləyiş mexanizmində iştirak edənlər və bunun mahiyyətini anlayanların dəyişməyə dirəniş, özünü-islaha müqavimət göstərmələridir. Avropaya köçüb gedənlərin əksəriyyətində bu dirənişi görmək mümkündür. Köçüb getdikləri cəmiyyətlərə inteqrasiya imkanlarını dəyərləndirmədən gettolaşma, traybalist təfəkkürü ilə qruplaşmalar Azərbaycandan özləri ilə gətirdikləri, sözün pis mənasında - mühafizəkarlıqdır. Mən nəinki Azərbaycanda, eləcə də Avropadadakı bu imitasiyalar sistemində yaşaya bilmədim. Azərbaycanlıların qurduqları heç bir qurum və təşkilatlara iştirak etmək istəmədim.


Dünyanı tanıdıqca, dərk etdikcə, müxtəlif anlayışların da əsl mahiyyəti ilə tanış olmaq imkanım oldu."Vətənpərvərlik" anlayışına tamam fərqli prizmadan baxmağa başladım. Mənim üçün vətənpərvər, patriot işlədiyi sahəyə məhz vəzifəsi kimi baxan (çox banal səslənsə də) rüşvət almayan məmurdur, təhsilinin keyfiyyətinə önəm verən tələbədir, imitasiyasız, öz ixtisası üzrə mütəxxəssis olmağa çalışan şəxslərdir. Mənim üçün vətənpərvərlə mərifət sinonimdir, əslində türklərdəki "marifet" sözü daha adekvatdır. Küçəni süpürən süpürgəçi belə mərfətlə süpürməlidir, dərs deyən müəllim də öz peşəsinə vicdanla yanaşmalıdır, xəstəni müayinə edən həkim də məsuliyyətini dərk etməlidir, vətəndaşların verigisi ilə maaş alan məmur da, polis də, hərbiçi də, siyasətçi də. Vətənpərvərlik, vətənsevərlik budur: Vətəni, onun vətəndaşlarını istismar etməmək, onu aldatmamaq, onu praktik olaraq sevməkdir, sevgisini işində, əməlində göstərməkdir.
Zamiq Məmmədli
Praqa, Çexiya

 

Igor Primoratz BA, PhD. "Patriotism", on-linehttp://plato.stanford.edu/entries/patriotism/

Zərdüşt Əlizadə, "Mükalimə Demokratiyası", on-line çıxışhttps://www.youtube.com/watch?v=sFb8j_3B6kU

 http://musavat.com/…/ele-bilirler-ki-cexiyada-goyden-yagish…

Yuxarı