Bir dəstə uşaq
Belə baxanda düz deyir, özüm də son zamanlar yazıl…
Yerindən qalxıb üstündə uzandığı oturacağın pəncərəyə yaxın olan tərəfində əyləşən Kostrov, gözlərini gecənin soyquluq duyulan qaranlığına dikib papirosu papirosa calayır, bir yandan da, böyük ciddi-cəhdlə tüstünü qırağa qovmağa, onun qarşı oturacaqda yatmış qadına sarı yayılmasının qarşısını almağa çalışırdı.
Üçüncü dərəcəli vaqonun silkələnməkdən cingildəyən tutqun pəncərə şüşəsinin arxasında, bozumtul rəngdə görünən narın yağış çisələyirdi, tərləmiş şüşənin qarşısından ötdükcə, sanasan üzüb keçirmiş kimi görünən, yolqırağı topalanmış ağcaqayın ağaclarının yaşıl çətirləri gündoğan çağının alaqaranlığında qaramtıl rəngə çalırdı. Dəmiryolu boyunca uzanan teleqraf dirəklərindən asılmış düzxəttli məftillər, hansısa bir ritmə uyubmuş kimi, enib qalxırdılar. Gözlərindən yuxu, üzündən qayğı yağan Kostrov məftillərin bu qaramtıl xətlərini izləyir, aradabir gözlərini yumub, relslərin taqqıltısını saymaqla gözlərini vaxtında açaraq məftillərin bağlandığı ağ rəngli çini doğanaqların pəncərənin qarşısında görünəcəyi anı tutmağa çalışırdı. Yuxusuz və narahat keçirdiyi gecədən sonra bu məşğuliyyəti onu azacıq da olsa əyləndirirdi.
Tverdən başlayaraq, bütün yol boyunca, hər şeyi unudub yuxuya dalmaq istəsə də, uyuya bilməmişdi. Tez-tez açılıb örtülən qapıdan içəri dolan soyuq hava üzünə, boyun-boğazına toxunduqca, soyuq barmaqların təması kimi onu diksindirmiş, yuxusunu pozmuşdu. Ya da, biraz sonra, yenicə yuxuya getmək istəyəndə yaxınlıqdan ötən hansısa konduktor onun ayaqlarına ilişib keçmiş, ağır çəkmələrini ucadan taqqıldadaraq uzaqlaşmışdı. Elə bil, yuxusu da bu taqqıltı səslərinin ardınca düşüb qaçmış, gözdən itib əlçatmaz olmuşdu.
Bundan başqa da, Kostrovu çulğamış yuxusuzluq ovqatı artıq dayanıqlı bir hala keçmiş və qıraqdan gələn hər bir səs, bədəninin hər bir tərpənişi bu ovqatı daha da gücləndirməyə başlamışdı, görünür, iradəsinin bu xarici qıcıqlardan asılı bir duruma düşüb gücsüzləşə biləcəyini dərk edən şüuru, bunun qarşısını almaq üçün dirəniş göstərməyə başlamışdı. O, uzun bir müddətdə uzandığı yerdə qurcalanmış, tütün çəkmiş, özünü yuxuya vermək üçün yüzəcən saymağı sınamışdı, ancaq saymağın onu biraz da artıq qıcıqlandırıb özündən çıxardığını duyub, artıq, bu gecə yatmağın heç bir anlamı qalmadığını kəsdirmişdi. Durumun qaçılmazlığını dərk eləməsi onun gərilmiş əsəblərini az da olsa toxdatmışdı.
Yerindən qalxıb üstündə uzandığı oturacağın pəncərəyə yaxın olan tərəfində əyləşən Kostrov, gözlərini gecənin soyquluq duyulan qaranlığına dikib papirosu papirosa calayır, bir yandan da, böyük ciddi-cəhdlə tüstünü qırağa qovmağa, onun qarşı oturacaqda yatmış qadına sarı yayılmasının qarşısını almağa çalışırdı.
II
Kostrov qadının qatara haçan mindiyini sezməmişdi. Görünür bu, ötəri və şıltaq bir yuxuya daldığı, az sonra isə qatar təkərlərinin hay-küylü nəğməyə bənzəyən taqqıltısına ayıldığı qısa bir anın içində baş vermişdi. Qadın bərk-bərk şala bürünüb sakit və dərin bir yuxuya dalmışdı, bu durumunda o, xumarlanıb yatan sevimli və gözəl bir pişik balasını andırırdı. Onun üzündən və bədəninin quruluşundan–gənclik çağını yaşayan bədən ilə ruhun qovuşmasından doğan bir uşaq məsumluğu və arxayınçılığı duyulurdu. Qatar yırğaladığından, onun qara və gur saçları saçaqlanıb gicgahının şəffaf-ağımtıl dərisi altından gözə çarpan göyümtül damarının və qırmızımtıl rəngli kiçik qulağının üstünə dağılmışdı. Sinəsinin enib-qalxmasından onun aramla və dərindən nəfəs aldığı duyulurdu, başının altında ağ krujevalı üzlük çəkilmiş qalın yastıq vardı, əllərini qoşalayıb yanağının altına qoymuşdu.
Kostrov, bir müddət, üçüncü dərəcəli vaqonun bunca hay-küyü və narahatçılığı içində beləcə sakit və dərin yuxuya gedən bu qadına həsədqarışıq bir sayğı ilə tamaşa elədi. O papirosu sağ əlində tutub çəkir, sol əli ilə isə, ara vermədən qarşı oturacaqda uzanmış qıza sarı yayılmaq istəyən tüstü burumlarını var gücü ilə kənara qovmağa çalışırdı. Kostrov, qarşı oturacaqda uzanan qonşusunu görən kimi, onun subay bir qız olduğunu düşünmüşdü, ancaq nədən belə düşündüyünü araşdırıb ayırd eləməyə hövsələsi çatmamışdı.
Qız çox bərk yuxuya getmişdi, ancaq papirosun tüstüsü onu narahat eləyib yuxudan ayılda bilərdi. Ona görə də, Kostrov bir yandan almaq istədiyi ləzzətdən boyun qaçırmamaq, başqa yandan da, bu gənc varlığı rahatsız eləməmək üçün papirosunu tələsik sümürüb söndürdü, kötüyünü döşəməyə tulladı. Vaqon dartınaraq irəliyə can atdıqca pəncərənin şüşəsi cingildəyir, yağış damcılarının döyəclədiyi vaqonun damı isə təbil kimi səslənirdi, ancaq bütün bu hay-küyə baxmayaraq qırmızımtıl yarımqaranlığa bürünmüş çirkli zalda Kostrovdan başqa hamı yatmışdı. Bir tərəfdə əyninə yun ingilis jileti, ayaqlarına butulkaşəkilli dəri çəkmə geyinmiş şişman tacir uyumuşdu; o biri tərəfdə geyimindən dəmiryol məmuru olduğu bilinən birisi yumaq kimi yığılıb yatırdı və bu durumda onun pencəyinin yaxalığına bərkidilmiş, peşəsini bilindirən yaşıl kant da gərəksiz və yararsız bir bəzək təsiri buraxırdı; birazca aralıda çit yaylıq bağlamış başını zənbilin üstünə qoymuş bir qadın yatırdı, qarşı oturacaqda yatan qız isə bu mənzərəni tamamlayırdı.
III
Şəhərdə, insan münasibətlərinin dayanıqlı olduğu və şablonlaşdığı bir mühitdə, yaxınlıqda uzanıb yatan tanış olmayan bir qadının iki addımlığında oturan yad bir kişinin gözlərini ona dikib baxması çox qəribə və anlaşılmaz görünərdi. Ancaq burada, yolda, üzdən körpəyə bənzəyən bu qızın iki addımlığında oturub onun yatmağına beləcə istiqanlıq və sentimentallıqla tamaşa eləmək,–bu durumun süni olaraq yaranmasına baxmayaraq–Kostrova çox təbii və gözəl görünürdü. Gənc bir qız şirin-şirin yatırsa və onun başının üstünü kəsdirib dayanan gənc, habelə, güclü bir kişi oyaqdırsa, bunun səbəbi ancaq, onun gənc qadının yuxusunun keşiyini çəkməsi, başqalarının onun yuxusunu poza bilməsinə qarşı dayanması ola bilərdi. Bu məqamda məntiqli görünən belə bir xəyal Kostrovun ürəyinə yatırdı. Üstəlik, yuxusunun keşiyində dayandığını sandığı qız da çox gözəl və cazibəli idi.
O ağlına gələn bu düşüncələrdən xoşallanıb gülümsədi, çəkmələri oturacağa toxunub səs salmasın deyə ehtiyatla ayağını ayağının üstünə aşırdı; hay-küylü gecə qatarında sakitcə uyuyan gənc qızın yuxuya dalmış yapşıqlı bədən quruluşuna baxdıqca, qapaqları ağırlaşmış yarıyumulu gözləri aldığı bu həzzdən yorğunluğunu çıxarıb dincəlirdi. Yalqız və yarıyuxulu Kostrov bir anlığına gözlərinin önünə belə bir durumu gətirdi: o evlidir və gənc xanımı ilə uzaq bir səfərə çıxıb. Xanımı da elə qarşı oturacaqda yatan qızdır; o özünə sevimli olan bir adamın yaxınlıqda olmasından arxayınlaşıb sakitcə yatır. Bir-iki dəqiqə keçəcək; yatmış qız yerində quradalanacaq, öncə boynu açılacaq, üstündəki şal sürüşüb döşəməyə düşəcək və onun boynu ilə döşləri, habelə, gecə paltarına bürünmüş bütün başqa bədən gözəllikləri də qabaracaqdı. O isə, səssizcə, qızın yatağına yaxınlaşacaq, onu oyatmamağa çalışaraq şalı yerdən qaldırıb bu, uyuyan sevimli varlığı ona bürüyəcək, özü isə ruhundan saçılan bu incə və istiqanlı qayğılarının istisinə qızınacaqdı. Qız oyananda öncə bir, sonra o biri gözünü açacaq, günəşin şüaları Kostrovu tanıyan və ona sadiq olan bu, xeyirxahlıq yağan gözlərdə cilvələnəcəkdi... Dərin yuxuya dalmış qız, aradabir, açılmağa başlamış çiçək qönçəsini andıran qalın və islaq dodaqlarını tərpədirdi. Kostrovun baxışları onun dodaqlarına sancılıb qaldı və kiminsə şövqlə toxunduğu simin səsləndiyi sayaq, içindən bir təbəssüm dalğası keçdi.
Dərindən nəfəs alıb ayaqlarını biri-birinə daha da bərk sıxan qız əllərindən birini yanağının altından çıxardı və əli yavaşca oturacağın qırağına sarı sürüşüb ağır-ağır aşağı sallanmağa başladı. Yöndəmsiz duruma düşən əlini yığışdırmaq üçün qız, qeyri-şüuri olaraq, qolunu dirsəkdən bükdü, ancaq bu cəhdi, əlinin aşağı dartılan ağırlığı qarşısında davam gətirə bilmədi və əli yenidən sürüşüb havadan asılı qaldı. Qızın əlini yöndəmsiz durumdan çıxarmaq istəməsi bir neçə dəfə təkrarlandı, ancaq hər dəfə də, əli yenidən qayıdıb havadan asılı qalırdı, görünür, çox bərk yuxuya getdiyindən, əlini azad eləmək üçün ayılmağa çətinlik çəkirdi.
IV
Qonşusunun yuxudakı bu nəticəsiz qalan hərəkətlərinə baxan Kostrov onun bu köməksiz durumuna acımağa başlamışdı. Ola bilsin, iki-üç dəqiqə də keçsə və bu yöndəmsizlik beləcə davam eləsə, qız yuxudan oyanacaq, yenidən yuxuya gedə bilmədiyindən qalxıb oturacaq və onun kimi, yuxusuzluqdan ağırlaşmış başı ilə tutqun və gərgin bir ovqata düşüb qalacaqdı.
Payız gecəsi vaqona sarmaşıb onunla yanaşı qaçırdı, pəncərədən baxanda onun titrək qara üzü görünürdü, ancaq aradabir, onun üzündə haradan düşdüyü bəlli olmayan sirli işıq şüaları da cilvələnirdi. Kostrov səs salmadan, çəkingənliklə əyildi, yavaşca, qızın əlini qaldırdı. Qızın əli ağır və isti idi. Ancaq qızın qolunu dirsəkdən əyib onun əlini yenidən oturacağın üzərinə qoymaq istəyəndə anlaşılmaz bir utancaqlıq duyğusu onu tutub saxladı və o qızın əlini buraxıb geri çəkildi. Birdən qız ayıla və onun bu qayğısını pis yerə yozub inciyə bilərdi. Onun bu istiqanlığı qız üçün yad idi və onun belə bir qayğı göstərməyə haqqı yox idi.
“Nə üçün belə olmalıdır?”, “Bütün bunların anlamı nədir axı?”–deyə Kostrov beynində dolaşan bu sualları özündən soruşdu, yeni bir papiros yandırıb çəkməyə və onu yuxulu bir insana dostcasına yardım eləməyə qoymayan bu maneənin nə demək olduğunu anlamağa çalışdı.–“Mən onun üçün narahatçılıq yarandığını görürəm. Onu bu durumundan çıxarıb narahatçılığından qurtarmaq istəyirəm. Burada pis nə var? Mənim bu davranışım nə üçün anlaşılmazlıq yarada, ən pis halda isə, baş konduktorun məni məzəmmət eləmək üçün buraya gəlməsi ilə qurtara bilər? Mənim üçün bu məsələ aydındır: bu durumda ona yardım eləməyə haqqım yoxdur, elə bu qız da, sözsüz, belə düşünür. Axı nə üçün?”
Cavab özünü çox gözlətmədi və bir an sonra aşağıdakı sözlər dilinin ucundan asılıb qaldı: “bu çox qəribə görünərdi”... bu cavabın arxasında isə həyatın axmaq və iyrənc məntiqi dayanırdı. Ancaq Kostrov bu məntiqi şüurundan qovub çıxararaq yalnız, indi qarşılaşdığı bu durumla bağlı fikir yürütməyə başladı. Biraz sonra düşüncələri dalana dirəndi, dəyirman daşı kimi yerində dayanıb fırlanmağa başladı.
“And olsun allaha, qız yuxudan ayılanda bunu ondan soruşacağam. Çox maraqlıdır... Ondan bunu soruşacağam: yuxuda olanda düşdüyünüz hansısa narahatçılığı tanımadığınız bir adam aradan qaldırarsa, siz buna yaxşımı yanaşardınız?”
O qızın havadan asıldığından damarları köpürüb üzə çıxan biləyinə və əlinə baxdıqca ürəyində bir də, indicə əl çəkdiyi istək baş qaldırdı: yenidən qızın əlini qaldırıb yöndəmli şəkildə oturacağın üstünə qoymağı qət elədi. Bir neçə an çəkən bu gərgin düşüncələrdən sıxılan Kostrov birdən qızardı və ürəyinin bərkdən döyünməyə başladığını duydu, sonra uyumuş qızın havadan asılıb yellənən əlini özünün güclü əllərinin arasına alıb yastığın üstünə qoydu və şalı yüngülcə sürüşdürüb onun üstünü örtdü. Bu işi görüb qurtarınca qorxa-qorxa yan-yörəyə baxdı; onu görən olmamışdı, hamı yatırdı.
O indi qonşusunun ayılmasını istəyirdi və arxayınçılıqla bunu gözləyirdi. Qızın əlini oturacağın üstünə qoyandan bir an sonra o, yuxudan ayıldı. Onun geniş açılmış, hələ də nə baş verdiyini anlamayan qonur gözləri Kostrova dikildi. Kostrov ona sarı əyilib baxışlarına toxdaq bir ifadə verərək dedi:
–Xanım qız, mən...
–Hə? Nə? Nə üçün?..–qız yuxulu və həyəcanlı bir səslə danışmağa başladı və yerində azacıq dikəlib qarşı oturacaqda oturan bu, iri gövdəli və ciddi adamın ondan nə istədiyini anlamağa çalışdı.
Kostrov tələsmədən, inamlı bir səslə və sözlərinə bacardıqca səmimilik qatmağa çalışaraq dedi:
–Xanım qız, yuxuda ikən əlinizin yöndəmsiz bir vəziyyətə düşdüyünü gördüm, onu qaytarıb yastığınızın üzərinə qoydum... Siz buna görə inciyirsinizsə onda gördüyüm bu işə görə öz peşmançılığımı bildirmək istərdim, mən sizin narahatçılığınızı aradan qaldırmaq istəyirdim, bundan başqa heç bir fikrim yoxdur...
O ürəyindən keçənləri olduğu kimi deyib susdu.
–Boş şeydir,–qız dilləndi və sakitləşib başını yenidən yasdığın üzərinə qoydu.–Gərək narahat olmayaydınız... Sağ olun.
Bir neçə saniyə sonra qız yenidən yuxuya getdi. Kostrov oturub tütün çəkir və özünü uşaq kimi apardığını düşünüb, utanırdı.
Gündoğan çağının alatoranında boz rəngə çalan çiskin yağış pəncərəyə cırpılıb səslənirdi, ara vermədən enib-qalxan teleqraf məftilləri səssizcə uzanıb gedirdi. Gənc, iri gövdəli, yuxusuz bir insanda, qarşılaşdığı bu təsadüfdən, bütün bir günə yetəcək kiçik bir ümid yaranmışdı–o, səmimiyyətin gücünə inanmağa başlamışdı.
1908-ci il
Rus dilindən Araz Gündüz çevirib.