post-title

Qənaət rejimi

Vaxt var idi biz Xəzərin Bakı buxtasında “Ay şəhəri”, bir az aralıda “Xəzər adaları” qayırmaqla məşğul idik. Nargin adasında qalaktikalar arasında şahmat yarışı keçirəcəkdik. Pul zibil kimi idi, elə hökumətimiz də ona zibil kimi yanaşırdı. Ancaq dövran pis dəyişdi, qarı nənə qızıl balığı əlindən buraxıb yenidən sınıq təknənin böyrünə oturmuşdur.

 
 
Təzəlikcə Azərbaycan Dövlət Neft Şirkətinin qarşıdakı dövr üçün qənaət proqramı elan etməsini oxudum, ürəyim ağrıdı. Deyirlər ora-bura sponsorluq eləməyi yığışdırırıq, konfranslara son qoyulur, dəftərxana xərci azaldılır, xarici səfərlər, xaricdəki nümayəndəliklər də ləğv olunacaqdır. Vay-vay... Qorxasan neftaxudalar uşaqlarının adına xaricdə açdığı bir-iki dükanı da bağlasın. 
 
Ehh, keçən günlər... Yeri gəlmişkən, bugünlərdə korifey sənətçimiz Akif İslamzadənin bir intervüsünü oxudum. Deyir jurnalistlər ta məni bezdiriblər, 25 ildir hamısı eyni sualı verirlər: “Keçən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdinizmi?”. Açığı, mənə də maraqlı gəldi, Akif müəllimi görsəm soruşardım. Guya bizdə sənətçiyə başqa nə sual vermək olar ki? Bir dəfə Alim Qasımov da saxta seçkilərin dərhal üstündən belə bir söz demişdi ki, mən səsi görürəm, o zaman jurnalist Şahvələd Çobanoğlu sual vermişdi: “Bəs seçkilərdə saxtalaşdırılan səsləri necə, görürsünüzmü?”. Ondan sonra Alim müəllimin qazını kəsdilər, xeyli üşüdü, dedi səs-zad görmürəm, əl çəkin. 
 
Hə, keçən günlər çox maraqlı idi. Örnək üçün, 2011-ci ildə Göyçay rayon xəstəxanasının dəftərxana xərcləri 270 min manat olmuşdu. Həmin il Azərbaycan Pedaqoji Universitetinin (“APİ-Lenin”) dəftərxana xərci isə cəmi 49 min manata çatmışdı. Belə çıxırdı ki, Göyçay xəstəxanasında xəstələrə dərman yerinə dəftər-qələm veriblər, APİ-də isə tələbələri masaya uzadıb yarıblar. 
 
Konfrans xərcləri də maraqlı qrafa idi. Kimin ağlına hansı tema gəlsə onun beynəlxalq konfransını qayırırdı. Bir də görürdün SOCAR-ın sponsorluğu ilə Naxçıvanda “Nuh peyğəmbərin gəmisinə minən heyvanların Qafqaz faunasına təsiri və pinqvinlərə Nizami Gəncəvi irsinin təbliği” mövzusunda konfrans-simpozium-elmi-praktik-məclis qayırıldı. Rusiyadan, İrandan, Belarusdan, Qazaxıstandan bir sürü ac-yalavac (Qarabağda ləlöyün də deyirlər, bir az pul verən olsa bu sözlərin fərqi üzrə konfrans keçirərdim) alimciyəzlər tökülüşüb gəlirdilər. Bir-iki həftə müftə yeyib-içib sülənirdilər, axırda da AzTV-yə mütləq intervü verib deyirdilər: “Ölkəniz tolerantdır, dünyada analoqu yoxdur, Qarabağ sizindir, ermənilər də ...dür”. Vəssalam-şüttamam. 
 
Bu elmi kəşflərdən ən zırpısını məncə Oljas Süleymenov yapmışdı. Bir dəfə mən “Yeni Azərbaycan” qəzetində onun albanlar haqda məqaləsini oxudum. Sənətkar yazmışdı ki, albanlar gömrükçü olublar, bu da Kamal müəllimin peşəsinin necə qədimliyini göstərir. Belə üsulla pul qazanmaq kimin ağlına gələrdi? Böyük sənətkar idi Oljas müəllim. Sağdırsa xəbər eləyin, deyin ta gəlməsin Muğana, Muğan batıbdır al qana... 
 
İdman yarışlarının da ağını çıxarmışdılar. A kişi, sən təsəvvür elə, biz otüstü hokkey oynamağa başlamışdıq! Ölkədə iki dənə otu yanaşı əkib becərmək üçün gərək min dənə icra hakiminə, prokurora, deputata-zada rüşvət verəsən, bunlar otun üstündə guya hokkey oynayırdılar. Reqbi, kriket, çilingağac, amerikan futbolu, dombalaq aşma, yağlı güləş, sabunsuz girmə, dana-dana, eşşəkbeli, çovkan... Dünyada elə bir idman qalmamışdı onun federasiyasını qayırmayaq. Hamısının da pulunu yazıq Rövnəq müəllim verirdi. 
Xəstəxanalar, diaqnostika mərkəzləri, gənclərin domino çırpması üçün mərkəzlər və sairə də ARDNŞ hesabına tikilirdi. İndi deyir qənaət rejiminə keçirik. Qorxasan bu rejim Molla Nəsrəddinin öz eşşəyinə qənaət öyrətməsi rejiminə bənzəsin. Keçən dəfə “Filin dişisi” başlıqlı yazı yazdım, bəzi hörmətli oxucular şikayətləndi, dedilər bu nə deməkdir. Sən demə lətifəni bilməyiblər. İndi mən eşşəyin necə qənaətə öyrədilməsini də yazmasam nə olacaq? Bilənlər bilməyənlərə danışsın, mən də köşədə qənaət rejiminə keçirəm - hər şeyi yazmayacağam. 
 
Zamin Hacı
 
Musavat.com
Yuxarı