post-title

Ağalar Qut: Xalqımızın qadınyanalığı

Azərbaycan kulturasında – biri enən, özünü qurban edən, geri çəkilən xətt; o biri yüksələn, tələb edən, qabağa atılan xətt olmaqla – iki xətt gözə çarpır. Şərti olaraq bu xəttlərdən birini – enən xətti M.Füzulinin adı ilə füzuliçilik, yüksələn xətti də – İ.Nəsiminin adı ilə nəsimiçilik adlandırmaq mümkündür.

 
 
Özünüz tutuşdurun: “Qafil, oyan, haq deyil batil, oyan!” (Nəsimi) – “Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?!” (Füzuli). “Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm!” (Nəsimi) – “Bulmuşam yanmaqda bir hal, özgə halı neylərəm?!” (Füzuli).
 
Yalvarışlarıyla, can fədasıyla, şikayəti və intizarıyla füzuliçilik enən xətt; meydan oxumasıyla, mənəm-mənəmçiliyilə, ipə-sapa yatmazlığı və döyüşkənliyilə nəsimiçilik yüksələn xəttdir. Burada füzuliçi xətt feminin (qadınyana, dişi) vektor kimi, nəsimiçi xətt də maskulin (kişiyana, ərkək) vektor kimi başa düşülməlidir.
 
(Qurduğum bu sxem F.Nietzsche-nin apollonik-dionizik sxeminə paraleldir. Bilməyənlər üçün çox qısa: Apollon – məntiqi, ağlı, nizamı, prinsipiallığı, hakim normaları nəzərə almağı; Dionisis – duyğuları, coşmağı, qırıb-dağıtmağı, ağayanalığı, irrasionallığı ifadə edən obrazdır. Nietzsche-yə görə Avropa kulturasında Sokrates-dən (e. ə. V əsrdən) üzü bəri, xristianlığın da təsiriylə apollonik prinsip ağır gəlir, bu da Avropanı uçquna sürükləyir.)
 
Füzuliçi xarakterə aid edirəm: M.Füzuli, H.Zərdabi, M.Ə.Sabir, M.Rəsulzadə, N.Nərimanov, Ə.Elçibəy, İlham Əliyev və b.
 
Nəsimiçi xarakterə aid edirəm: İ.Nəsimi, Babək X., M.F.Axundov, Mirzə Cəlil, Asif Ata, M.Bağırov, H.Əliyev və b.
 
Nəsimiçilik-füzuliçilik – biri yaxşı, o biri pis xeyir-şər bölgüsü deyildir. Kulturamızın iqlimində iki əsas cərəyan, ruhumuzda iki hərəkətverici gücdür bunlar. Milli xarakterimizdə bir-birini balanslaşdıra biləcək belə iki gücümüzün olması, birqıçlı olub axsamaqdan yaxşıdır. Belə ikitirəlik bizim kulturaya daimi mübahisə halı və beləcə dinamiklik, dirilik və zənginlik gətirir.
 
Azərbaycan kulturasında füzuliçi xəttlə nəsimiçi xətt daim toqquşur, ancaq son yüz illiklərdə dürlü səbəblərdən bir çox hallarda füzuliçilik nəsimiçiliyi üstələyir. Başqa sözlə desək, Azərbaycan xalqı qadınyana (feminin, dişi) xalq kimi görünür; hər halda indi belə görünür. Azərbaycanlıların daim “böyük qardaş”, “xilaskar” kimi sığınacaqlar tapmaq və öz varlığı üçün daim kiməsə minnətdarlıq etmək ehtiyacı həmin bu qadınyanalıqdan irəli gəlir.
 
Burada nəsimiçilik və füzuliçilik deyərkən, poeziyadan danışılmadığı hər halda bəllidir. Ancaq poeziyadan söz düşmüşkən, Azərbaycanda Füzulinin Nəsimidən daha böyük şair sayılıb, daha çox sevilməsinin də səbəbi füzuliçi vektorun üstünlüyündəndir.
 
Zalımlıqları, kindarlıqları və hücumçuluqlarıyla ermənilər nəsimiçidirlər; unutqanlığımız, ürəyiyumşaqlığımız və yüzillərdir çəkən torpaq itkilərimizlə biz füzuliçi. (Qarabağ üçün mənim indilik ən pessimist xəbərim!)
 
Saz-Aşıq sənəti – nəsimiçilikdir, muğam – füzuliçilik. Hakimiyyətin ideoloqları, hansısa səbəblərdən muğama daha geniş meydan açıblar. Müharibə aparan (ya da aparacaq) bir ölkədə füzuliçi muğamat musiqisinin təbliğ edilməsi açıq-aydın yanlışlıqdır. Füzuli qəzəlləri üstə muğam musiqisini qatı cinayətkarların saxlandığı həbsxanalarda səsləndirsələr yaxşı olar.
 
Azərbaycan Xalq Cümhuriyyətinin nə üçünsə olduqca füzuliçi xarakteri vardı: Rəsulzadə kimi kövrəkbaxışlı, füzuliçi xarakterdə bir şəxsiyyət dövlətin ən təpəsində dayanırdı; Ü.Hacıbəyov minor notlarda – zarıldayıcı – bir himn bəstələmişdi; ən sonda hakimiyyət kirimişcə, qansız təhvil verildi və s.
 
Ötən yüz illiyin sonlarından üzü bəri, hegemonik-ağayana məzmunlu “bəy” çağırışının dəbə minməsi həmin dövrdə nəsimiçi vektorun daha güclü olmasından idi. Göründüyü üzrə, bu vektorların gücü dövrdən-dövrə dəyişə bilər və bu, bir çox hallarda siyasi hakimiyyətlərin apardığı siyasətdən də asılıdır.
 
Xalqımız hər dəfə tapdığı sığınacağın çiyninə əlini kişiyana səpkidə qoymayıb, əksinə, başını onun sinəsinə qadınyana səpkidə qoymaq istədiyi üçün, gəlin, evfemizmə (gözəlləşdirməyə) aldanmayaq, xalqımızın axtardığı bu sığınacaq qardaşdan çox oynaşa oxşayır.
 
Azərbaycanlıların son illərdə təsirə qapılaraq türkiyəlilərin dilini yamsılamaqları da tipik füzuliçilikdir.
 
Mənə belə görünür, insanlararası bağlılıqlarda, dostluqlarda, sevgidə və s. füzuliçilik gərəkir. Nəsimiçi xarakterdə bir adamla yola getmək çətindir. Xalqımızın xarakterində füzuliçiliyin üstələyici (dominant) olması bizim xalqı üzüyola və sevimli edir. Ən üzübərk azərbaycanlının da qılığına girmək olur.
 
(“Gərəkmək” feilini türkiyəlilərin dilindən alıb işlətmirəm, Füzulinin dilindən alıb işlədirəm: “Ey pəri, zülfi-pərişanın gərəkməzmi sana?”)
 
Ancaq “Mən də varam!” deyib dövlət qura bilmək üçün, “Çəkilin qırağa, özümündür!” deyib özgələşməmək üçün füzuliçilik yox, nəsimiçilik gərəkir. Habelə, dövlət aparatının da kimsəyə üzgörənlik və s. etmədən soyuq qanunlarla işləyə bilməsi üçün də nəsimiçilik gərəkir. Azərbaycan hakimiyyətinə indi naxçıvanlılar və ermənistanlıların yiyələnmiş olmaqları mənə təsadüfi görünmür. Oraların camaatının xarakterində nəsimiçi-maskulin xətt hazırda üstələyici olduğu üçün belə düşünürəm.
 
Azərbaycan müxalif düşərgəsinin siyasətçiləri və mediasının publisistləri belə fəlsəfi xırdalıqlara vaxt itirməyi mənasızlıq saydıqları üçün onillərdir xalqı inqilaba çağırırlar. Azərbaycanda inqilab edə biləcək xarakterin yiyələri hakimiyyətdədir, inqilabı kim etsin?! Buna görə də, Azərbaycanda çevriliş daha ağlabatandır, nəinki inqilab.
 
Azərbaycanda son illərdə, hesablanmadan və arzu olunmadan ortaya çıxan nəsimiçi bir siyasi xətt yetişir. Bu, islamçılıqdır. Azərbaycan hakimiyyəti üçün yeganə alternativ nəsimiçilik və buna görə də təhlükə – islamçılıqdan gəlir. Məhəmmədin eqoizmə varan ifrat nəsimiçi xarakteri olduğu üçün islamda həmişə nəsimiçilik (cihadçılıq) füzuliçiliyi (təvəkkülü) üstələmişdir, indi xüsusilə. Azərbaycanın din siyasətini müəyyənləşdirənlərə mənim təklifim bu olardı: Azərbaycanda təvəkkülçü sufi təriqətlərinin inkişafına maya qoyaraq, nəsimiçi islamlaşma prosesini füzuliçi yönə salın.
 
İstər insan fərdi kimi təkcə ol, istərsə də “tarixin fərdi” (Hegel) kimi bütöv xalq ol, əgər özündən özgə nəyəsə arxalanırsansa (substans yox, aksidentsənsə), bu, olur natamamlıq, uşaqlıq, çolaqlıq, ikinci sortluq: Biri gəlib altımı dəyişdirsin, qarnımı doyuzdursun, oyuncağımı da alıb qaytarsın özümə. Nəsimiçi xarakterdə filosof olan Kant bu halı uşaqlıq, qulluq, əxlaqsızlıq sayır. Yüz illərdir ki, Azərbaycan kulturasının torpaqlarında tək-tük də olsa özündən deyən intellektuallar yetişə bilir. Ancaq bütövlükdə xalq kimi biz bir çox hallarda söykənəcək (çiyin) axtarmaq vərdişimizi hələ tərgidə bilməmişik.
 
“Türkün türkdən başqa dostu yoxdur” (Atatürk) şüarı yeni qurulan Türkiyə milli dövlətinin manifesti idi. Atatürk “türk” deyəndə bizi, özbəyi, türkməni nəzərdə tutmurdu, Türkiyə vətəndaşlarını deyirdi. Başqa sözlə, bu, millətçi yox, dövlətçi şüar idi. Bu şüar o demək idi ki, bundan belə öz təkliyimizi qəbul edir və özümüzə qapanırıq! Azərbaycan xalqı dövlətini elan etsə də, ancaq həmin o uşaqlıq vərdişi – “Bəlkə kimsə gəlib əlimdən tutdu”, deyə ora-bura boylanması, özünə xilaskar böyük qardaş düzəltmək adəti hələ də canında qalıb. Görünür, tək olduğunu anlaması üçün ona daha bir neçə onillik gərək olacaq.
 
“Xalqlar dostluğu” ideyası olduqca humanist, xoşagəlimli, görkəmli ideyadır. Ancaq bu dostluq “velikorus”a və yaxud “türk abilər”ə kiçik qardaşlıq formasında olanda ürəkbulandırıcı olur və belədə, mənim kimi adamlar da çıxıb “aravuran” yazılar yazmağa məcbur olurlar. Qoy, Türkiyə bizim dövlətimizin müttəfiqlərindən biri, lap birincisi olsun. Xalq isə öz vətənində könüllü surətdə dilini tərgidib, onların dilincə danışacaq, hətta yazacaq dərəcədə əldən-ayaqdan getməsin, özünə yenə yeni böyük qardaş uydurmasın.
 
1990-cı illərdə mərhum türkiyəli jurnalist A.Birand türk televiziyalarının birində “qardaş ölkə” Azərbaycanda məlum çevriliş cəhdindən danışırdı. Dedi ki, H.Əliyevdən Türkiyənin səfiri A.Karamanoğlunu otağından qovmasını eşidib, belə bir hadisənin olub-olmadığını səfirin özündən soruşub. Səfir də olmadığını deyib (yəni boynuna almayıb – A.Q.). Birandın bu hadisəyə özünün acıqlı münasibəti isə belə oldu: “Mən başqa bir dövlətin başçısına yox, öz dövlətimin məmuruna – səfirimə inanıram! Belə hadisə baş verməyib!” Bir azərbaycanlı jurnalist belə danışa bilərmi? “Biz balacayıq, gücsüzük, yumurtadan dünən çıxmışıq”, deməyin. Bunu hamı bilir. Söhbət nəsimiçi ədadan gedir. İmperialist-nəsimiçi rus məktəbinin yetirməsi olan H.Əliyevdə bu əda vardı.
 
Yeni qurulmuş bir dövlətin rəhbəri kimi Ə.Elçibəyin Atatürkün mavzoleyində xatirə dəftərinə “Mən Atatürkün əsgəriyəm” yazması böyük bir yanlış idi. Dövləti – xalqın vüqarını təmsil edən bir şəxs belə danışmamalıdır.
 
Türklərin gəlib bizi xilas etməsi "faktı" – son illərin siyasi sifarişidir. Yeni açılan arxivlər bunun, ən azından, mübahisəli olduğunu göstərir. Soruşmaq gərək, indiki İran kimi dini bir dövlət olan Osmanlı bizi ümmət qardaşlığına görə xilas edirdi, ya millət qardaşlığına görə? Və yaxud, tarixdə hansısa siyasi-tarixi səbəblərdən başqasının müharibəsində iştirak etməyə məcbur olmuş dövlətlərin və xalqların hamısını təmənnasız xilaskarmı adlandırırlar? Ümumiyyətlə, bir imperiya nə vaxtdan xilaskar olub?
 
Şeyxnəsrullahlığı biryolluq anlamayan, hər dəfə yeni bir şeyxnəsrullaha aldanacaqdır (A.Ata).
 
Türklər bizi lap xilas etmiş olsalar belə, bunu sosial şəbəkələrdə və e-mediada o formada, bir futbol komandasının azarkeşi kimi fışqırmaq doğru deyil(di), xalqın adına ayıbdır. Bir xalq – hətta biri gəlib onu xilas etsə də – öz vüqarını ayaq altına atıb, bunu “Onlar gəlib bizim namusumuzun qisasını alıblar!” formasında dilinə gətirməz, gətirməməlidir, əksinə, “Bu nədir tarixdə mənim başıma dönə-dönə gəlir?” deyə qara-qara düşünməyə başlamalıdır. Minnətdarlıqla öyünməzlər.
 
Qul olmaqdansa, yaxşılıqbilməz görünün! Mən gələcəyimiz üçün “rezerv həqiqət” (P.Sloterdijk) yaratmaq istərkən, yaxşılıqbilməz görünürəmsə, siz daha pis görünürsünüz...
 
05.09.2015
 
Meydan.tv
Yuxarı