Təxminən qırx il öncə turistlərə məlum olmayan, Alp dağlarının Provensə doğru soxulan qədim bölgəsinə doğru yüksəkliklərdə uzun, piyada səyahətə çıxmışdım. Bu boş ərazi boyunca gəzintiyə başladığım zaman ətraf tamamilə barsız və rəngsiz torpaqlardan ibarət idi. Oralarda yabanı lavandadan başqa heç nə bitməmişdi. Sahənin ən geniş yerindən keçirdim və üç gün piyada getdikdən sonra özümü bənzərsiz viranəliyin ortasında gördüm. Tərk edilmiş kəndin qalıqlarının yaxınlığında düşərgə saldım. Bir gün öncə içməli suyum tükənmişdi və indi su tapmalıydım. Arı yuvası kimi bir-birinə yapışmış bu salxım evlər dağılmış olsa da ümid edirdim ki, hansındasa ya kiçicik bulaq, ya da quyu olacaq. Əslində bir bulaq vardı, amma qurumuşdu. Küləyin və yağışın dəlmə-deşik etdiyi beş-altı damsız ev və parçalanmış qüllələri olan xırda kilsə qalmışdı ki, yaşayış olan kəndləri xatırlatsalar da, həyat buralarda tamamilə yoxa çıxmışdı.
Parlaq, bol gün işıqlı, gözəl İyun günü idi, lakin bu üstü açıq, sipərsiz torpaqların üzərində, səmanın yüksəkliklərində külək dözülməz qəddarlıqla əsirdi. O, yeməyindən narazı qalan şir kimi evlərin qalıqları üzərində nərildəyirdi. Mən düşərgəmi qurmağa məcbur oldum.
Beş saatlıq gəzintidən sonra hələ də su tapmamışdım və tezliklə tapacağıma dair ümidverici işarə yox idi. Gördüyüm ancaq eyni quraqlıq və eyni qalın otlar idi. Birdən uzaqda yuxarıya doğru boylanan kiçik, qara siluet gördüyümü düşündüm və mənə elə gəldi ki, bu, tək ağacın gövdəsidir. Hər ehtimala qarşı ona tərəf getməyə başladım. O bir çoban idi və ətrafında otuza yaxın qoyun istidən bişən torpağın üstündə uzanmışdı. Çoban mənə stəkanda su verdi, bir az sonra isə düzənlikdə yerləşən evinə apardı. İçməli suyunu – mükəmməl suyu- kustar üsulla qazdığı quyudan çıxarırdı. Adam az danışırdı. Bu, yalqız yaşayanlara xas adətdir, lakin bununla bərabər çoban özünə əminlik və arxayınlıq hissi oyadırdı. Bu xüsusiyyət barsız torpaqlarda gözlənilməz idi. O, daxmada yaşamırdı, buralara gəlişində qarşılaşdığı xarabalıqdan fərqli olaraq öz zəhməti ilə tikdiyi əsl daş evdə yaşayırdı. Dam örtüyü möhkəm idi. Kirəmitlərinə toxunan külək dəniz səsinə bənzər səslər çıxarırdı.
Ev səliqəli idi, qablar yuyulmuş, döşəmə süpürülmüş, tüfəngi yağlanmış, şorbası isə oçağın üzərində qaynayırdı. Daha sonra fikir verdim ki, üzü təmiz qırxılmışdı, düymələrinin hamısı yerindəydi, paltarları elə xırda tikişlərlə yamanmışdı ki, onları yalın gözlə görmək demək olar ki, mümkün deyildi. Şorbasını mənimlə bölüşdü, mənsə öz növbəmdə tütün torbamı ona təklif edəndə siqaret çəkmədiyini dedi. Özü kimi səssiz iti adamayovuşan olsa da, buyruq sevmirdi.
Əvvəlcədən belə qərara gəldik ki, gecəni orada keçirməliyəm; çünki ən yaxın kənd bir gün yarımlıq yoldan da uzaq idi. Bundan əlavə, mən həmin bölgədəki nadir kəndlərin təbiətilə də artıq yaxşı tanış idim. Oralarda dörd-beş kənd vardı ki, araba yollarının ən axırlarında, ağ palıd pöhrəlikləri boyunca dağətəyi yamaclarda səpələnmişdilər. Sakinləri kömürçülər idilər və yaşayış səviyyələri yaxşı deyildi. Ailələr qışı və yayı olduqca sərt keçən iqlimə sığınmışdılar və bir-birlərilə davamlı münaqişə içində yaşayırdılar.
Qaçıb uzaqlaşmaq üçün müəyyən istəkləri olsa da bu istəklər çox vaxt xeyli səmərəsiz cəhdlərlərlə nəticələnmişdi. Kişilər kömür dolu arabalarını şəhərə aparır, sonra isə geri dönürdülər. Burada ən möhkəm xarakterlər də bitməyən əziyyətin altında əzilirdi.
Qadınlar daima öz şikayətlərini böyüdürdülər. Hər axşam rəqabət aparılırdı, bu sanki kilsə oturacaqlarının üstündə düşən davaya, ləyaqətlilərin əxlaqsızlıqlar üzərində və ya əksinə, əxlaqsızların ləyaqətlilərlə apardıqları arasıkəsilməz mübarizəyə bənzəyirdi. Orada həmişə külək əsirdi, dayanmırdı, əsəbləri korlayırdı. İntiharlar və tez-tez baş verən məhvedici axmaqlıq epidemiya halını almışdı.
Çoban kiçik bir torba gətirdi, stolun üstünə bir yığın palıd qozası tökdü. Onları bir-bir yoxlamağa başladı və diqqətlə yaxşıları pislərdən ayırdı. Mən qəlyanımı çəkirdim. Ona köməyimi təklif etdim. O, isə bu işin onun özünə aid olduğunu söylədi. Və əslində işinə necə diqqətlə yanaşdığını görüb kömək etməkdə çox da təkid etmədim. Aramızda olan söhbət yalnız bundan ibarət oldu.
Xeyli sayda yaxşı vəziyyətdə palıd qozasını bir kənara qoyduqdan sonra onları on-on saydı, bu arada kiçikləri və azca çatları olanları kənarlaşdırmağa başladı, indi daha yaxından diqqət edirdi. Yüz ədəd əla vəziyyətdə olan qozanı seçdikdən sonra işini dayandırdı və yatmağa getdik.
Bu insanda nəsə rahatlıq vardı. Növbəti gün ondan bir gün də qalıb istirahət edə bilərəmmi deyə soruşdum. O, bunu tamamilə təbii qarşıladı – və ya daha dəqiq desəm, o məndə elə təəssürat yaratdı ki, sanki onu heç nə təəccübləndirə bilməz. İstirahət heç də gərəkli deyildi, mən onunla maraqlanırdım və onun haqda daha çox bilmək istəyirdim. O, tövlənin qapısını açdı, sürünü otlağa çıxardı. Çıxıb getməmişdən əvvəl ehtiyatla seçilib sayılmış qozalarla dolu torbasına cumdu, onları vedrələrə boşaltdı.
Fikir verdim ki, əlində baş barmağım qalınlığında, bir yard yarım uzunluğunda bir dəmir çubuq daşıyır. Onunla paralel, rahat şəkildə addımlayırdım. Otlaq sahəsi dərədə idi. İtini kiçik sürünün başında qoyub, mən dayandığım tərəfə dırmaşdı. Qorxdum ki, yersiz hərəkətimə görə məni acılayacaq, ancaq heç də belə deyilmiş: bu, sadəcə onun yeriş tərziydi və görməyə daha yaxşı işimin olmadığı təqdirdə onunla gələ biləcəyimi təklif etdi.
Uzaqdakı təxminən yüz yardlıq hündürlüyə dırmaşdı. Orada əlindəki dəmir çubuğu torpağa batırdı ki, palıd qozalarını əkmək üçün deşiklər açsın; daha sonra deşiyi doldurdu. O, palıd ağacları əkirdi. Mən ondan torpağın ona aid olub-olmadığını soruşdum, o “ yox” deyərək cavab verdi. Buraların kimə məxsus olduğunu bilirdimi? Xeyr, bilmirdi. O, güman edirdi ki, torpaqlar hansısa icmaya məxsusdu və ya elə insanlara aiddir ki, onlar bu torpaqlara məhəl qoymurlar. O, bu ərazinin kimin olması ilə heç maraqlanmırdı da. Böyük qayğıyla yüz palıd qozasını əkdi. Günorta yeməyindən sonra yenə əkməyə davam etdi. Görünür sual verməkdə təkid etmişəmki, özünü cavab vermək məcburiyyətində hiss etdi. Bu boş, yabanı yerlərdə artıq üç ildir ağaç əkdiyini dedi. İndiyə qədər yüz min qoza əkibmiş. Yüz mindən iyirmi mininin yararsız ola biləcəyini, yerdə qalanların bitməsinə də ya gəmiricilərin, ya da Provensin etibarsız quruluşunun əngəl olacağını təxmin etdiyini dedi. On min palıd ağacının torpaqda qalıb, əvvəllər heç nə bitməyən bu sahələrdə böyüyəcəyinə ümid edirdi.
Onun yaşı ilə maraqlandım. Yaşının əllidən çox olduğu aydın idi. Yaşının əlli beş, adının Elzard Bouffier olduğunu söylədi. Əvvəllər aran torpaqlarda ferması varmış. Orada yaşayırmış. Sonra yeganə oğlunu və həyat yoldaşını itirir. Öz tənhalığını quzuları və iti ilə birgə rahat şəkildə yaşamaq üçün buralara çəkilir. Buraya köçdükdən sonra bu torpaqların ağac həsrətində olduğu fikrinə gəlir. Daha sonra şəxsi biznesi olmasa da bu problemin çarəsini tapdığını əlavə etdi.
O zamanlar gənc olmağıma baxmayaraq yalnız həyat sürürdüm və tənha qəlblərlə nəcib davranmağı bacarırdım. Lakin elə məhz gəncliyimdən dolayı yanlış davrandım və ona gələcək xoşbəxtliklər haqda sual verdim. Otuz ildən sonra əkdiyi on min palıd ağacının möhtəşəm görünəcəklərini dedim. O, isə Tanrı ona daha uzun ömür verdiyi təqdirdə bu otuz ildə də çox sayda ağac əkəcəyini və bu on min ağacın onlarla müqayisədə dəryada bir damla kimi görünəcəyini dedi. Bundan əlavə, o indi fısdıq ağaclarının çoxaldılması haqda da oxuyurdu və evinin yaxınlığında fıstıq fidanları üçün şitilliyi də vardı. Qoyunlarından məftil çəpərlə qoruduğu fidanları çox gözəl idilər. O, həmçinin həmin torpaqlardan bir neçə yard aşağıda, müəyyən nəmliyə sahib dərələrdə ağcaqayın ağacları əkməyi düşünürdü.
Növbəti gün ayrıldıq. Bir il sonra isə 1914-cü ildə müharibə başlandı və mən beş illik hərbi xidmətə yollanmalı oldum. Sıravi əsgər ağaclar haqda düşünə bilməzdi. Düzünü desəm, bu hadisə özlüyündə məndə elə də böyük təəssürat oyatmamışdı; mən bunu marka kolleksiyası hobbisinə oxşar bir hobbi kimi qəbul etmişdim və bu haqda unutmuşdum.
Müharibə qurtardı, ordudan kiçik məbləğdə mükafatla tərxis olunmuşdum və məndə müəyyən müddət açıq havada vaxt keçirmək üçün böyük istək yaranmışdı. Heç bir başqa variant fikirləşmədən yenidən həmin barsız torpaqlara üz tutdum. Şəhərətrafı bölgələr dəyişməmişdi. Boş kəndin arxasında, uzaqlarda dağların başını xalı kimi bürüyən bozumtul duman görünürdü. Ondan bir gün əvvəl isə çobanı – ağac əkən adamı- xatırlamağa başlamışdım. “ On min palıd ağacı” mən öz-özümə deyirdim “ doğrudan da çox yer tutar.”
Beş il boyunca o qədər çox adamın öldüyünü görmüşdüm ki, mənim üçün Elzerad Bouffierin də öldüyünü təsəvvür etmək çətin deyildi, xüsusilə iyirmi yaşlı bir gəncin əlli yaşlarında birisini görəndə onun ölməkdən başqa heç bir işinin qalmadığını düşündüyünü nəzərə alsaq.
O, ölməmişdi. Əksinə, olduqca gümrah görünürdü. İşlərini dəyişmişdi. İndi onun yalnız dörd qoyunu, lakin yüzlərlə arı pətəyi vardı. Qoyunlar körpə ağaclara təhlükə törətdikləri üçün onlardan yaxa qurtarmışdı. Dediklərinə görə ( özüm də şahidi oldum) müharibə onu işindən qoymamışdı. Arxayın-arxayın ağac əkməkdə davam etmişdi.
1910-cu ilin palıd ağacları indi on yaşında idilər və bizim hər ikimizdən hündür görünürdülər. Bu, təsiredici mənzərə idi. Nitqim tamamilə qurumuşdu, deməyə söz tapmırdım, çoban da danışmağa həvəsli olmadığından hər ikimiz bütün gün saldığı meşənin arası ilə sakitcə gəzişdik. Meşəni üç sırada salmışdı, uzunluğu təxminən on bir, eni isə üç kilometr olardı. Düşündükcə ki, bütün bunlar bir insanın ruhundan və heç bir texniki avadınlıqları olmadan bir insanın əlindən yaranıb, anlayırsan ki, dağıdıcı yönlərindən başqa, insan da Tanrı kimi yaradan ola bilər.
O, öz planına sadiq qalmışdı, fıstıq ağacları çiyinlərimə çatırdı və göz işlədiyi qədər uzaqlarda görünürdü. Beş il əvvəl – 1915-ci ildə, mən o zaman artıq Verdunda döyüşlərdə idim- əkməyə başladığı ağcaqayın ağaclarını da mənə göstərdi. Onları düzgün təxmin etdiyi kimi dərənin daha nəmli torpaqlarına aid hissəsində əkmişdi. Ağcaqayın ağacları gənc qızlara bənzəyirdilər- incə və gözəl quruluşlu.
O, necə gəldi yaradırdı. Və buna görə narahat olmurdu, bu adam qətiyyətlə və sadəliklə öz işinə davam edirdi; biz kəndə doğru qayıdanda xırda çay yatağı gördüm, heç kim əvvəllər burada çay olduğunu xatırlamırdı. Bu, o vaxtadək gördüyüm ən təsiredici məqam idi. Bu, quru axınlar çox illər əvvəllər su ilə dolu imiş. Hekayəmin əvvəlində təsvir etdiyim cansıxıcı kəndlərin bəziləri qədim Roma yaşayış məskənlərinin – izləri hələ də qalmaqdadı- qalıqları üzərində tikilmişdi; arxeoloqlar buraları tədqiq edəndə balıq tilovları tapmaqlarına baxmayaraq 20 – ci əsrdə buraları az da olsa su ilə təmin etmək üçün çənlər lazım olurdu.
Külək öz işini görmüşdü, toxumları yaymışdı. Su bu yerlərdə yenidən görünməyə başlayandan bəri, artıq yenidən söyüdlərə, çəmənliklərə, bağlara, güllərə və həyatın özünə rast gəlinirdi. Lakin proses o qədər tədricən və ləng gedirdi ki, heç bir təəccüb yaratmırdı. Çöl dovşanı və ayı ovuna çıxan ovçular buralara dırmaşarkən kiçik ağacların ani artımına, böyüməsinə əhəmiyyət vermirdilər və bunu yer kürəsinin təbii kaprizlərindən biri hesab edirdilər. Buna görə də heç kim Elzerad Bouffierin işinə müdaxilə etmirdi. Əgər onun izinə düşsəydilər, çox güman ki ona da qarşı duranlar tapılacaqdı. O, isə gözə görünməz idi. Kənddə və ya yerli hökumət orqanlarında kimdə belə bir qətiyyət və möhtəşəm alicənablıq ola bilərdi? Və biz unutmamalıyıq ki, bu müstəsna xarakterə malik insan tamamilə tək işləyirdi; o elə tənha idi ki, ömrünün son illərinə yaxın hətta nitq qabiliyyətini də itirdi, və ya ola bilsin ki, danışmağa ehtiyac görmədi.
1933-cü ildə onu bir meşəbəyi ziyarət etdi və göstəriş verdi ki, ətrafda yaranmaqda olan təbii meşənin artımına təhlükə yaratmamaq üçün çöldə-bayırda ocaq qalamasın. Meşəbəyi sadəlövhcəsinə etiraf edirdi ki, ilk dəfədir ki, meşənin bu şəkildə öz-özünə böyüməsinə şahid olur. Həmin dövrlər Bouffier artıq öz evindən on iki kilometr aralıqda fıstıq ağacları əkmək qərarına gəlmişdi. Hər gün gedib-gəlməmək üçün – artıq demək olar ki, 75 yaşı vardı- meşə salacağı yerdə əvvəlcədən daşdan ev tikməyi planlaşdırdı. Növbəti il belə də etdi.
1935-ci ildə Hökumət üzvlərindən ibarət nümayəndə heyyəti “ təbii meşəni” öyrənməyə gəldi. Burada Meşə Xidmətindən yüksək məmurlar, deputatlar və texniki işçilər vardı. Onlar boş-boş, mənasız söhbətlər etdilər. Lakin xoşbəxtlikdən yalnız bir faydalı qərar qəbul etdilər: bütün meşə dövlət qoruğuna daxil edilməli və buralarda kömür istismarı qadağan olunmalıdır. Sap-sağlam, gənc ağacların gözəlliyinə vurulmamaq qeyri-mümkün idi və deputatlar onlara vurulmuşdular.
Heyyətin tərkibindəki meşə mütəxəssislərindən biri dostum idi. Bu sirri ona açdım. Növbəti həftə Elezard Bouffierə baş çəkməyə getdik. Onu yoxlama aparılan yerdən on kilometr uzaqlıqda, gərgin işləyərkən tapdıq. Mütəxəssis dostumla boşuna yoldaşlıq etmirdim. O, həqiqi dəyərlərə hörmət edən insan idi. Sakit durmağı bacarırdı. Hədiyyə kimi yumurta gətirmişdim, naharı üçümüz arasında bölüşdürdük və ərazini sakitcə müşahidə edərək saatlarla birlikdə vaxt keçirdik. Biz gəldiyimiz istiqamətdəki yamaclar iyirmi-iyirmi beş fit hündürlüyündə ağaclarla örtülmüşdü. Mən bu yerlərin 1913-cü ildə necə göründüyünü xatırladım: səhra kimi yer idi... Sülhsevərlik, zəhmətkeşlik, dağ havasının gücü, tədbirlilik və hər şeydən əvvəl, həzin ruha sahib bu yaşlı insan möcüzəvi sağlamlığa malik idi. O, sanki bir Tanrı atleti idi. Mənə maraqlı idi, o bundan sonra daha nə qədər sahəyə ağac əkməyə davam edəcək. Getməmişdən əvvəl dostum sadə təklif irəli sürdü ki, bu torpaqların yetişdirə biləcəyi müəyyən ağac növləri əkilsin. O, təklifini zorla qəbul etdirmirdi və “ əlbəttə, Bouffier məndən daha yaxşı bilir” dedi. Bir saatlıq piyada gəzintinin sonunda isə ağlına nə gəldisə “ o, bu haqda istənilən kəsdən daha çox bilir. Xoşbəxt olmağın ən gözəl yolunu tapıb ” deyə əlavə etdi.
Dostumun sayəsində nəyinki yalnız meşənin, həm də yaşlı çobanın gələcək xoşbəxtliyi uzandı. O, üç meşəbəyini tapşırıqla təlimatlandırdı və hətta kömürçülərin təklif edə biləcəyi istənilən rüşvətə - çaxır şüşələrinə-görə məsuliyyət daşıdıqlarını dedi.
Artıq yeganə ciddi təhlükə 1939-cu il müharibəsi idi. Maşınlar taxta yandıran generatorlarla işlədiyindən taxta çatışmırdı. 1910-cu ilin palıd ağacları kəsilməyə başlandı, ancaq sahə dəmir yolundan elə uzaqda yerləşirdi ki, müəssisələrin orada çalışması maliyyə cəhətdən ağır oldu və bu səbəbdən təxirə salındı. Çoban bunların heç birini görmədi. O, otuz kilometr aralıda idi, sakitcə öz işini davam etdirirdi və 14-cü ilin müharibəsinə əhəmiyyət vermədiyi kimi, 39-un müharibəsinə də fikir vermirdi.
Elzerad Bouffieri sonuncu dəfə 1945-ci ilin İyun ayında gördüm. Onun artıq səksən yeddi yaşı vardı. Mən yenə həmin boş torpaqlarda səyahət edirdim, lakin indi, müharibənin ölkəni tör-töküntü içində qoymasına baxmayaraq Dyurans Dərəsi və dağlar arasında avtobus işləyirdi. Bu, sürətli nəqliyyat vasitəsinin sayəsində əvvəllər gördüyüm mənzərələri güclə tanıyırdım. Və mənə elə gəldi ki, yeni ərazinin içindən keçirəm. Kəndin adını öyrənəndən sonra inanmağa başladım ki, bu yerlər həqiqətən də əvvəllər dağınıq və tərk edilmiş həmin ərazi idi. Avtobusdan Verqonda düşdüm. 1913-cü ildə on-on iki evdən ibarət bu obada cəmi üç sakin vardı. Onlar əsl vəhşi idilər, ibtidai insandan həm fiziki, həm də mənəvi cəhətdən çox az fərqlənən bu varlıqlar bir-birlərinə nifrət edərək və tələyə salaraq yaşayırdılar. Tərk edilmiş evlərinin hər yerini gicitkan kolları basmışdı. Həyata qarşı bütün ümidlərini itirmişdilər. Ölümü gözləməkdən başqa edəcəkləri heç nə qalmamışdı – elə vəziyyət ki, nadir hallarda yaxşılığa doğru meylə təsadüf oluna bilər.
Hər şey dəyişmişdi. Hətta hava da. Bir zamanlar hücumuna məruz qaldığım kobud, quru küləyin əvəzinə indi xoş ətirlə yüklənmiş zərif, yüngül meh əsirdi. Dağlardan sanki su səsinə bənzər səs gəlirdi: bu, meşə tərəfdən əsən küləyin səsi idi. Ən heyrətamizi isə hovuzdan axan əsl suyun səsini eşitməyim idi. İçi su dolu fontan tikilmişdi və mənə ən çox toxunan kiminsə onun yanında cökə ağacı əkməsi oldu; təxminən dörd illik bol yarpaqlı bu cökə ağacı dirçəlişin təkzibolunmaz rəmzi kimi görünürdü.
Bundan əlavə, Verqonda zəhmət tələb edən əməyin izi görünürdü, lakin bunun üçün ümid də tələb olunurdu. Və ümid geri dönmüşdü. Xarabalıqlar təmizlənmiş, yarı uçulmuş divarlar aradan qaldırılmış və beş ev tikilmişdi. İndi burada iyirmi beş sakin məskunlaşmışdı, onlardan dördü yeni evlənən cütlüklər idilər. Yeni evlər suvanmışdı, ətrafları bağlarla əhatə olunmuşdu, tərəvəz və güllər: kələm, qızıl gül, kəvər, kərəviz, anemon qarışıq lakin səliqəli şəkildə əkilmişdi. İndi bura hər kəsin yaşamaq istəyəcəyi bir kəndə çevrilmişdi.
Oradan sonra yoluma piyada davam etdim. Müharibə təzəcə bitmişdi və həyata tam gücü ilə çiçəklənməyə hələ də icazə verməmişdi, lakin “Lazar dirilmişdi”. Dağın aşağı yamaclarında arpa və çovdar sahələri gördüm; dar dərələrin dərinliklərində çəmənliklər yaşıllaşmışdı. Cəmi səkkiz ilə bütün bu ərazi tam sağlam və çiçəklənən sahəyə dönmüşdü. 1913-cü ildə gördüyüm xarabalıqların yerində indi xoşbəxt və rahat həyatı daddıran, tər-təmiz suvanmış səliqəli fermalar düzülmüşdü.
Yağış və qarla qidalanan, meşənin saxladığı qədim axınlar indi yenidən axırdılar. Axın sularına kanallar çəkilmişdi. Hər fermada kiçik ağcaqayın meşələri, tər nanələrin üzərinə axan fontan və hovuzlar vardı. Kəndlər yavaş-yavaş yenidən tikilməyə başlanmışdı. Torpağın bahalı olduğu düzənliklərdə yaşayan insanlar buraya məskunlaşmağa başlamışdılar, özlərilə gənclik, hərəkət, macəra ruhu gətirmişdilər. Yollar boyunca gülməyi, piknik etməyi anlayan səmimi oğlanlar, qızlar, kişilər və qadınlar görə bilərdin. Buranın əvvəlki əhalisi ilə müqayisədə bu insanlar inanılmaz rahatlıq içində yaşayırdılar və on mindən çox insanın xoşbəxtliyi bir Elzard Bouffierə borclu idi.
Bir insanın yalnız öz fiziki və mənəvi gücünə arxalanaraq “ Vəd edilmiş torpaqları” boş səhralıqdan yaşıllığa doğru dəyişdirə bildiyini düşündükcə bir daha əmin oluram ki, heç nəyə baxmayaraq insanlıq heyranedicidir. Belə bir nəticəyə mənəvi gücün yıxılmaz böyüklüyünü və xeyirxahlıq uğrunda inadkarlıq ruhunu bir araya toplamaqla gəlmək olardı və mən buna görə həmin yaşlı, təhsilsiz kəndliyə sonsuz dərəcədə hörmət edirəm çünki o, Tanrıya məxsus bir işi tamamlaya bilmişdi. Elzard Bouffier 1947-ci ildə Banonda, qocalar evində öldü.
Jan Jiono
Tərcümə: Aygün Qurbanlı
Kultura.az