Küçə idmanları arasında ən yaxşısı, özündənrazı hökümətə daş atmaqdır
Dünyada hər şey sənətdir və hər şey də siyasətdir
Çində belə bir qurum var, deyəsən adı “608-ci idarədir”. Bu idarənin əməkdaşları ən fərqli təbəqələrdən olan insanları izləməklə məşğuldurlar. Mən də onlar üçün mühüm obyektəm. Onlar təkcə telefonumu dinləyib, poçtumu yoxlamırlar, hətta tez-tez getdiyim yerlərə kamera qoyurlar, oğlumla parkda gəzəndə belə məni izləməkdən əl çəkmirlər.
Daim foto çəkirəm. Dünyada o qədər çox hədisələr baş verir ki, bəzən eyni şeyə iki dəfə baxmağa dəyir.
Bir dəfə tamam bezdim və çevrilib məni qarabaqara izləyən adamın əlindən fotoaparatını aldım. Onun içindən yaddaş kartını çıxartdım və bu adamı öz fotoaparatımla çəkdim. Ardıyca ondan polisə işləyib işləməməsini soruşdum. “Yox” – dedi. “Onda bəs niyə məni izləyirsiniz?” – “Sizi izləmirdim”. Onun əsas nələri çəkdiyini bilmək istədim və gördüklərimdən heyrətə gəldim. Məsəlçün, o bir neçə gün öncə yemək yediyim restoranı, ordakı zalları, kassa aparatlarını, dəhlizi, giriş və çıxışları çəkmişdi. Bunun ardınca sürücümün parkda skamyada oturduğu yerdə, öndən arxadan, sonra isə özümün gəzinti zamanı çəkilmiş şəkillərimi gördüm. Onun fotoaparatını özünə qaytaranda xahiş etdi ki, şəklini internetdə yaymayım. Beləliklə ayrıldıq. Evdə isə keçmiş fotoaparatımdakı şəkillərə baxarkən, bu adamın siması gözümə dəydi. Düzdür elə cavan deyiləm, amma məni illərdir izləyən adamları xatırlayıram.
Mənim bircə problemim var, o da təhlükə hissimin yerli-dibli olmamasıdır
Neçə dəfə mənə açıqca deyiblər ki: “Veyvey səninlə belə davranmağımızın səbəbi pis insan olmağında deyil, sadəcə sən insanlara güclü təsir göstərirsən”. Mənsə onlara cavab verirəm: “Özünüz bir düşünün belə təsirli olmağımın səbəbi nədir? İstənilən qəhrəmanın hekayəsini yada salın: Zalım bədheybətlər ortaya çıxmamış qəhrəman qəhrəman olmur”.
Təəssüf ki, qanunsuzluğun gücü, qanunun gücü qədər nəhəng və heybətlidir
Məni hava limanında həbs etdilər (2011-ci ildə Veyvey üç aylığına həbsə məhkum olub – N. H.). Başıma qara çuval keçirtdilər və gizli həbsxanaya apardılar. Başımdan çuvalı çıxaranadək ilk işim amerikan filmlərindəki kimi vəkil tələb etmək oldu. Ancaq “yox” cavabı aldım. – “Bəs ailəmə zəng vura bilərəmmi?” – “Yox”. – “Məni nə qədər burada saxlayacaqsınız?” – “Ya yarım il, ya da bir il”. Bundan sonra daha sual vermədim. Məni həbsdən buraxanda isə dedim ki: “Siz məni nə səbəbə həbs etdiyinizi demədiniz, indi isə niyə azad etdiyinizi demirsiniz”. – “Veyvey, - onlar dedi, - biz səni keyfimiz istəyəndə yenidən həbs edə bilərik və onda heç vaxt buraxmayacağıq da. Sadəcə bunu yadında saxlamanı istərdik”.
Hökümət ağıllıdır, amma nə addım atacağı həmişə əvvəldən məlum olur
Çində vəziyyət elə qurulub ki, əgər hökümətin hansısa addımına heç kim “yox” demirsə, bu “hə” kimi qəbul olunur. Ancaq bu “hə”nin tərəfdarı olan bircə adam da tapmaq çətin məsələdir.
Çin mənə ürəyində ciddi problemləri olan, amma qaçış üzrə yarışlarda rekordlar qıran bir idmançını xatırladır.
Əgər dövlət keçmişini qəbul edə bilmirsə, onda onun heç gələcəyi də yoxdur.
Çində internet amansız senzurayla tənzimlənir, bununla belə hələ də orda gözəl ideyalar və tənqidi fikirlər boldur. Buna görə də həmişə deyirəm: internet – Çinin bütün tarixi boyu başına gəlmiş ən gözəl şeydir.
Azadlıq axtarışı insanın fitrətində var
Mən məhdudiyyətlərdən qorxmuram. Məkanın nə qədər dardırsa, azadlığın bir o qədər genişdir. Ola bilər, kiçicik bir bağda ən bahalı restoranlarda veriləndən daha dadlı meyvələr yetişdirəsən. Ona görə də, azadlığın azlığını-çoxluğunu dərd etməyin, ondan nə qədər faydalana bilmənizə fikir verin.
Ölkəmin Twitterdən niyə belə ehtiyatlandığını anlayıram. Çin dilində 140 işarəlik yazı həm qız tovlamağa, həm də Konstitusiya yazmağa bəs edir.
Dövləti bir kompyuter kimi təsəvvür etsək, onun klaviaturasında cəmi bircə düymə olacaq, o da “silmək”dir.
Texnologiya – xilas yoludur. İnformasiya erası insan təkamülünün ən yaxşı dövrüdür. İndi hamıya informasiya və biliklərə yiyələnmək üçün bərabər imkanlar tanınıb, ancaq heç də hər kəs ondan istifadə etməyə tələsmir.
Totalitar cəmiyyət ağla gələ biləcək hər şey yaratmağa qadirdir – bircə ehtiras və xəyal gücündən başqa.
Küçə idmanları arasında ən yaxşısı, özündənrazı hökümətə daş atmaqdır.
Yaşadığımız aləm özümüzə məxsusdur. Ancaq bu o demək deyil ki, onu olduğu kimi qəbul etməliyik.
Olimpiada ideyası mənə axmaq bir ideya kimi gəlir. Ölkənin prestijini qazanılmış medalların sayı ilə ölçmək, kişi potensiyasını qəbul etdiyi viaqra həblərinin sayı ilə ölçməyə bənzəyir.
Mən şəhəri və işığı sevirəm. Uşaqlığım yarımhərbi bazada keçib, orda nə elektrik, nə də şam işığı vardı. Biz yağ lampası yandırırdıq və onun hisində nəfəs aldığımız üçün bir gəcəyə burnumuz qapqara olurdu.
Anam məni ABŞ-a yola salanda (Veyvey 1981-1993-cü illər arasında Nyu-yorkda yaşayıb – N.H.) çox narahat idi: mən ingiliscə bircə kəlmə də bilmirdim, cibimdə bir qara qəpiyim də yox idi. “On ildən sonra qarşınıza yeni Pikasso kimi çıxacağam”, - deyərək getdim. O isə mənə inanmadı.
Atamın (Ai Çin – Ai Veyveyin atasıdır, tanınmış çin şairidir – N. H.) dövründə Çində rəssam yox idi. Onları “incəsənət işçiləri” adlandırırdılar. Hətta bu yaxınlarda həbs olunarkən, məndən peşəmi soruşanda, “rəssam” olduğumu dedim, onlarsa güldülər. “Özünü rəssam adlandıra bilməzsən”, - dedilər. – “Yaxşı bəs necə adlandırmalıyam?” – “İncəsənət işçisi”.
Vizual obrazlarlarla işlədiyimdən hər zaman yazıçılara böyük ehtiram duymuşam, çünki onlar fikirlərini aydın ifadə edə bilirlər. Andy Warholun mənə böyük təsir edə bilməsi, ancaq yaxşı yazmasından irəli gəlir. Əgər onu oxumasaydım, heç vaxt beynində nə tutduğunu anlamayacaqdım.
Warholun xeyirxah ürəyi vardı. Bir onun dediklərinə baxın: “Əsl rəssam insanlara lazım olmayan şeyləri təsvir edir. Və həm də hiss edir ki, bunu insanlara çatdırmaq onun missiyasıdır”.
Sənət əsərlərinin niyə baha qiymətə satıldığını çox adam anlaya bilmir. Biri də elə mən özüm.
Sənətdə elə də güclü olduğuma inanmıram, amma xilasımı onda tapdığımı düşünürəm. İndi özünüifadə mənimçün narkotik kimi bir şeydir.
Əsl sənət gündəlik həyatdan doğur.
Hələ də kinonun mənə təsir gücü qalıb.
Çevirdi: Namiq Hüseynli
Esquire.ru