post-title

8-9 il öncənin bəd proqnozları necə doğruldu

Ölkəmizdə hansı elm olmasa da, politologiya gerçəkdən xeyli inkişaf edib. Maşallah, politoloqlarımızın dünyada, regionda, ölkədə gedən siyasi proseslərə, münaqişələrə aid verdikləri analizlər dərinliyi, əhatəliliyi ilə seçilir, proqnozları əvvəl-axır birər-birər doğrulur.

 
 
Yəni fikir, düşüncə məsələsi yaxşıdır, fəqət proseslərin bizi aparıb çıxaracağı mənzil barədə deyilən qızıl kimi sözləri ciddiyə alan, işini, siyasətini ona uyğun quran yoxdur. Əsas problem budur.
 
Bizdə gündəlik konyukturaya uymaq, “bu gün belədir, belə olaq, sabah baxarıq” prinsipiylə hərəkət etmək dəbdədir. Bəlkə də dünya üzərində bizim qədər strateji planlardan bəhs edən başqası yoxdur, ancaq bizdə dövlət, siyasət işləri səhər açılanda dünyada hansı hadisə baş veribsə, ona uyğun dəyişə bilər.
 
Politoloqlarımız, jurnalistlərimiz azı on il öncədən yazırdılar ki, hakimiyyətin demokratik müxalifətə qarşı tutduğu güzəştsiz təqib-təzyiq siyasəti yanlışdır, zərərli nəticələri olacaq. 
 
Yazırdılar ki, bu qanunsuz və total təzyiq-təqib siyasəti demokratik seçki keçirilməsini, qanunların aliliyinə riayət tələb edən mülki müxalifəti zəiflədə, parçalaya bilər, amma onların yerini daha mürtəce qüvvələr tutacaq.
 
Deyirdilər ki, indiki müxalifət müstəqil dövləti bərpa edənlərdir, böyük kəsimi vətənpərvərdir, xalqına bağlıdır, dövlətinə sadiqdir, amma onların yerinə gələnlər hakimiyyət əldə etmək üçün dövləti satmağa, xalqa xəyanətə hazır olacaqlar.
 
Xəbərdarlıq edirdilər ki, baxın ha, bu müxalifət əliyalındır, mötədildir, hədəfinə silaha əl atmadan, sadəcə, xalqın gücü, iradəsi ilə yetmək istəyir, ondan mandat alıb hakimiyyətə gəlmək fikrindədir, ancaq başqaları nə dürüst seçki istəyəcək, nə də başqa şey, silahla, zorla, qan tökməklə niyyətini gerçəkləşdirməyə çalışacaq.
 
Bütün bunları yüz dəfələrlə deyiblər də, yazıblar da. Fəqət saray başbilənləri həmişə bu düşüncədə olublar: güc bizdədir, əlimizin altında canlı qüvvə də var, maliyyə də, silah da, xarici dəstək də, heç kəs bizə bata bilməz.
 
Zamanında heç kim düşünmürdü ki, ölkəyə sunami dalğaları kimi axıb gələn pul-para bir gün azala bilər, elə olar ki, canlı qüvvə və silah da işə yaramaz, xarici dəstək isə etibarsız dairələrin dəstəyidir, qüdrətli paytaxtlarda fikir dəyişər, dəstək kəsilər.
 
Budur, nə qədər acıdil və acıqlı olsa da, hakimiyyətə dinc yolla, məqbul mexanizmlərlə gəlmək istəyən demokratik müxalifət xeyli zəiflədilib (ələ alınan alınıb, didərgin salınan salınıb, bir hissəsi rəhmətə gedib, xeylisi küsdürülüb, ortada yalnız nüvələr qalıb), yerində isə 20-35 yaş arasında minlərlə gənci öz ətrafında birləşdirə biləcək yeni güc mərkəzləri əmələ gəlib. Onlar isə demokratiya, dürüst seçki, qanun-qayda, insan haqları hayında deyillər. 
 
Bu mərkəzlərin də xaricdən dəstəkləri var və qarşılarındakı məqsəd aydındır - hakimiyyəti götürüb dövlətin idarəçiliyini əla almaq. Onların buna çatmaq üçün yolları da konkretdir: güclənib, toparlanıb, üsyan etmək, hakimiyyəti devirmək - ixrac olunmuş inqilabların həyata keçirildiyi başqa ölkələrdə olduğu kimi. 
 
Ortada inqilab, üsyan ideyası və planları varsa, onu həyata keçirmək üçün hutilər tapılacaq. Sel kimi axıdılan pul-para qarşılığında hutilərə qoşulmaq istəyənlər də çox olacaq.
 
Belə olanda mürəkkəb fırıldaqlara, xırda çaplı zorakılıqlara, müəllimlərin saxtakarlıq aksiyalarına cəlb edilməsinə, Məzahir Pənahova, “karusel”ə, müşahidəçilərin ağızlarının rüşvətlə yumulmasına lüzum qalmır, radikallarla mübarizə daha çoz vəsait, enerji, vaxt, əsəb aparır. 
 
Əsl destruktiv qüvvələrin arsenalları da fərqlidir, onlar qollarını qabağa tutub qandal vurulmasını gözləmirlər, müqavimət göstərirlər. 
 
Elə ən pisi də budur - etirazın dəyirmi masalarda, toplantı salonlarında, ən uzağı hansısa boş küçə və meydanda bildirilməsi yox, Şərqdə dəb olan növlərdə  - insanları gur olduğu yerlərdə, həm də səs-küylü şəkildə bildirilməsi.
 
Çıxış yolu mədəni iqtidar-müxalifət çəkişməsini, rəqabət düzənini bərpa etməkdir ki, narazılar dinc müxalifətin ətrafında birləşsin, razılar - iqtidar komandasının.
 
Xalid Kazımlı
Musavat.com
 
Yuxarı