“Var-dövlət şərəf gətirirsə bu təhqiredici fərqləndirmədir”
T.Veblen
2013-cü ilin dekabrında Texaslı yeniyetmə böyük səs-küyə səbəb olan cinayət edir. Zəngin ailədə böyümüş Ethan Kauç alkoqollu içkinin təsiri altında avtomobil idarə edərək dörd nəfər piyadanı öldürür. Məhkəmədə ekspert kimi təyin olunan psixoloq D. Miller yeniyetmənin affluenzadan əziyyət çəkdiyini söyləyir və buna görə də etdiyi hərəkətin nə üçün cinayət hesab edildiyini tam olaraq anlamadığını qeyd edir. Psixoloqa görə, Ethan Kauç zənginliyin insana xüsusi imtiyazlar verməsi haqda valideynləri tərəfindən daima fikirlər almış və ümumiyyətlə nəyin yalnış, nəyin doğru addım olduğunu başa düşmür. Məhkəmənin qərarı ilə yeniyetmə on il müddətində bir günü 700 dollar ödənişli olmaqla yoxlama və islah müddəti keçəcək. Ethanın törətdiyi hadisə nəticəsində həyat yoldaşını və qızını itirmiş Erik Boylz isə hər kəsin düşünməsi üçün bir cümlə işlədir: “ Düşünürəm ki, əgər onun pulu olmasaydı, öz psixoloji vəziyyətini təsdiq etdirmək və müalicəsini irəli sürdürmək üçün müdafiə ekspertinə sahib ola bilməsəydi, məhkəmənin nəticəsi tam fərqli olacaqdı”. Ailəsini ərköyün yeniyetmənin məsuliyyətsiz davranışı nəticəsində itirən E. Boylzun söylədikləri pulun bizi – qərarlarımızı, yaşayış tərzimizi, digər insanlara münasibətimizi- necə dəyişməsini bir daha nəzərdən keçirməyə çağırır.
Belə ki “affluenza” iki sözün birləşməsindən ( ingiliscə “ affluence – var-dövlət ” və “ influenza – qrip”) yaranıb və var-dövlət hərisliyinə yoluxma, daha çoxunu istəmə kimi başa düşülür. ( Con De Qraf və Tomas Meylor “Affluenza- istehlak epidemiyası” ( “Affluenza: The All-Consuming Epidemic” 2001). Affluenza sözünə ilk dəfə "Vaşinqton Post" qəzetinin tənqidçi yazarı Tom Şeylzin 1979-cu il, Oktyabrın 25-i həmin qəzet üçün köşə yazısında rast gəlinir, daha sonra bu sözdən "Nyu York Taymz" qəzetinin Mayın 15-indəki buraxılışnda istifadə olunur və bundan sonra get-gedə mətbuatda daha çox işlədilməyə və tematik lüğətlərə daxil edilməyə başlanır.
Lakin affluenza hələ termin kimi yaranmamışdan çox öncə, 19-cu əsrin sonlarında Amerikalı iqtisadçı və sosioloq Thorsteyn Bund Veblen kapitalizmin insanlar üzərində sosial və psixoloji təsirlərini ilk dəfə araşdıraraq “göstəriş üçün istehlak” ( “conspicuous consumption") terminini yaratdı və pulun sosial münasibətlər fonuna daxil olması səbəbilə baş verən davranış dəyişikliklərini təsvir etdi. Veblenə görə diqqətçəkən istehlak və ya “ göstəriş üçün əyləncə” öz sosial statusunu, bundan doğan gücünü və var-dövlətini başqalarına nümayiş etdirmək üçün edilən davranış xüsusiyyətidir. Sonralar “göstəriş üçün istehlak” anlayışı göstəriş üçün var-dövlət və əyləncə davranışları ilə asosasiya olunur və nəticədə bugün istifadə olunan affluenza sözü yaranır.
Yazının əvvəlində qeyd olunan Texaslı yeniyetmənin törətdiyi cinayət hadisəsinin üzərinə yenidən qayıdaraq D. Millerin iddia etdiyi kimi affluenza həqiqətənmi dəbdəbədən korlanan insanın psixoloji pozğunluq vəziyyətidir və ya əksinə, Boylzun eyham etdiyi kimi, pul bir çox şeyi həll edərək bir hadisəyə aid müxtəlif qərarlar verməmizə səbəb ola bilərmi, suallarını araşdırmaq yerinə düşərdi. Lakin öncə var-dövlətin insanlara necə təsir etməsini daha aydın təsəvvür etmək üçün mövzunun ilk araşdırmaçısı T. Veblenə bir daha geniş şəkildə müraciət etməliyik.
Belə ki, 19-cu əsrin sonlarında Amerikada kapitalizmin inkişaf etdiyi, istehsal və kapitalın sürətli konsentrasiyası üçün imkanlar yaratdığı bir dövrdə yeni sosial elita formalaşırdı, bunlar öz zənginliklərilə yeni yaşam tərzi seçmiş varlı təbəqənin insanları idilər və məhz onlar T. Veblenin təhlil predmeti oldular. İnsanların sosial həyatlarını sosial-darvinizm ideyalarına əsaslanaraq analiz edən Veblen 1899-cu ildə “Əyləncə sinfi nəzəriyyəsi” (“The Theory of the Leisure Class”; “leisure” sözü ingiliscədən asudə vaxt kimi tərcümə olunsa da, müəllif burada asudə vaxtını səmərəsiz əyləncə növlərilə keçirən zəngin insanların həyat tərzini nəzərdə tuturdu) adlı kitabını yazır.
Beləliklə, Veblen cəmiyyəti sağ qalanların düşüncə vərdişləri və ən çox uyğunlaşa bilən sosial quruluşların var olma uğrunda etdikləri mübarizənin hökmü ilə yaşadığını hesab edirdi. Veblenə aid sosial təkamülün iki-mərhələli modeli sülh və əməkdaşlıqla seçilən ibtidai cəmiyyətlərin və düşmənçi, rəqabətcil kimi xarakterizə olunan soyğunçu barbalığın inkişafından doğan arqumenti problem olaraq irəli çəkir. Bu prosesdə əsas aspekt ibtidai cəmiyyətlərdəki sərbəst peşəkarlığın, azad iş qabiliyyətinin barbarlığın təsirilə maddi maraqların nəzarət sənayesinə keçməsidir. Belə ki, Veblen mümkün ehtiyatları səmərəli işlədə bilmək qabiliyyətini, böyüməkdə olan nəslin qayğısını çəkmə, sadəcə maraq, seçilmək üçün yarışmaq həvəsini insan təbiətinə məxsus ilkin və mühüm instinktlər kimi görürdü. Əsas diqqəti həm də sənətkarlıq instinktinin üzərinə toplayırdı. Kitabın ilk səhifələrində yazır: “ Zərurətdən dolayı insan fəaliyyət göstərən varlıqdır. O, öz qayğıları səbəbilə impulsiv fəaliyyətin inkişaf mərkəzindədir- “teleologik” fəlaliyyətdədir. O, hər tamamladığı hərəkətdə konkret, məqsədli və şəxssiz sonluq axtarır. Belə bir fəaliyyət göstərən varlıq olmağın təşviqi ilə o, səmərəli iş zövqünə sahibdir və faydasız işi heç sevməz. Onda xidmət edə bilmək və yaxud faydalı olmaq hissi var; səmərəli ola bilməmə, boşuna var olma və bacarıqsızlıqdan isə xoşu gəlmir. Bu qabiliyyət və ya meyl sənətkarlıq instinkidir. Həyat şərtləri və ya adətləri səmərəlilik nöqteyi-nəzərindən bir insanın vərdişlərini digər insanınkı ilə müqayisə nöqtəsinə gətirib çıxardığı anda sənətkarlıq instinkti rəqabətcil və qısqanc şəkildə işləyib özünü götərməyə başlayır. Nəticənin nə dərəcədə genişlənməsi əhalinin nəzərəçarpan temperament dərəcəsindən asılı olur”.
Veblen cəmiyyətin formalaşmasında bilik, bacarıq və texniki qabiliyyətləri də əsas sərmayə hesab edirdi. Lakin hər şey ibtidai icmalarda olduğu kimi qalmır. O, sonrakı inkişaf dövrünü belə xarakterizə edir: “Sosial inkişafın ibtidai fazasında icma adətən sülh içində, oturaq, fərdi mülkiyyət sistemini inkişaf etdirməyərək yaşadığı zaman fərdlərin məhsuldarlığı əsasən qrupun gələcək həyatına doğru fəaliyyətlə bağlı olur. Belə qrup üzvləri arasında rəqabət əsasən işə istiqamətlənmış və xidmət edə bilmək yarışıdır. Bununla bərabər, yarışa meyl güclü deyil; yəni geniş mənada rəqabət deyil.
İcma bəsit vəhşilikdən (ibtidailikdən) həyatın qarətçi fazasına keçid aldıqda rəqabət şərtləri dəyişir. Yarış imkanların və stimulların əhatəsinə və vacibliyinə görə dərinləşir. İnsanların getdikcə artan fəaliyyətləri istismar etmək təbiətini inkişaf etdirir; bir ovçunun və ya döyüşçünün digərilə qısqanc müqayisəsi davamlı şəkildə böyüyür və adət halını alır. Maddi şücaət faktları – qənimətlər- insanların düşüncə tərzlərində həyatda lazım olan şəxsi əşyalar hesab olunaraq başlıca xüsusiyyət daşımağa başlayır. Yağmalamaq, talan etmək üçün təqib yarışı seçilmiş gücün mükafatına çevrilir. Təcavüz rəsmən qəbul edilmiş fəaliyyət kimi qəbul olunur və talan ilk baxışda uğurlu təcavüzün əlaməti hesab olunur. Qəbul olunduğu kimi, mədəniyyətin bu mərhələsində özünü-təsdiqin qəbul olunmuş və dəyərli forması yarışdır; səbəbi qəsbkarlıq və ya məcburiyyət olsun, fərq etməz, bu növ fəaliyyət vasitəsilə əldə olunan faydalı mallar və ya xidmətlər uğurlu rəqabətin faktiki sübutu hesab olunur.”
Daha sonra yazırdı: “Mədəni təkamülün sonrakı ardıcıllığında mülkiyyətçiliyin başlanğıcı ilə bərabər asudə vaxta sahib insanlar sinfinin əmələ gəlməsi üst-üstə düşür. Bu iki institut eyni iqtisadi güc qrupunun nəticəsi olduğu üçün olduqca mühüm məsələdir. İnkişaflarının yenicə başlayan dövründə onlar sosial quruluşa aid eyni ümumi faktların müxtəlif aspektləridir. Sosial quruluşa aid elementlər kimi - ümumi faktlar- asudəlik və mülkiyyətçilik hakim sinfin məqsədlərinə məxsus maraqlardır. İşə qarşı yaranmış davamlı etinasızlıq asudə vaxta sahib insanlar sinfini yaratmır; nə də istehlak və ya tətbiqə aid mexaniki faktlar mülikiyyətçiliyi yaratmır. Ona görə də hazırkı araşdırmanın nə tənbəlliklə, nə də fərdi istehlakçıların faydalı mallara sahiblənmələrinin başlanması ilə heç bir əlaqəsi yoxdur. Müzakirəsi gedən məsələ bir tərəfdən asudə vaxta sahib insanların ümumi sinfinin mənşəyini və təbiətini, digər tərəfdən şərti hüquqlar və ədalətli iddiaları olan fərdi mülkiyyətçiliyin başlanğıcını araşdırmaqdır.
Asudəliyin və işləyən sinfin arasındakı fərqə aid ilkin seçilmələr barbarizmin aşağı mərhələlərində kişi və qadın işlərinin bölünməsindən qalxır. Habelə mülkiyyətçiliyin ən erkən forması qadınların icmanın bacarıqlı və baş kişiləri tərəfindən sahiblənilməsidir. Bu kimi faktlar daha ümumi şəraitlərlə göstərilə bilər və kişilərin qadınlar üzərində mülkiyyətə sahib olduqlarını söyləməklə barbar həyat tərzini daha doğru anlatmış olarıq. Şübhəsiz, qadınları mənimsəmə adətindən öncə bəzi faydalı əşyaların mənimsənilməsi halları olmuşdur. Qadın üzərində mülkiyyətçiliyin olmadığı icmaların mövcudluğu bu fikrə haqq qazandırır. Bütün icma üzvləri, həm qadınlar həm də kişilər müxtəlif faydalı əlatlərdən həm də fərdi ehtiyacları üçün istifadə edirlər; lakin bu lazımlı əşyalar onları mənimsəyən və ya işlədən individualın şəxsi əşyası hesab olunmur. Mənimsəmənin və istehlakın belə müəyyən şəxsi effektləri mülkiyyətçilik sualını yaratmadan davam edir, yəni yad əşyalara şərti və ədaləti münasibət göstərmə məsələsi.
Qadınlara sahiblənmə mədəniyyətin daha aşağı barbar mərhələlərində, qadın əsirlərin tutulması ilə açıq-aşkar meydana çıxır. Qadınların tutulmasının və mənimsənilməsinin başlıca səbəbi kimi onların faydalı qənimət hesab olunması göstərilə bilər. Düşməndən qadını qənimət kimi götürmək təcrübəsi mülikiyyətçiliyin - təsərrüfatın başında kişinin durması ilə nəticələnən evlilik- formasının yaranmasına təkan oldu. Bu da qadınlardan başqa digər kəslərin də əsir götürülməsinə, quldarlığın genişlənməsinə yol açdı, həmçinin əsir götürdüyü qadından başqa qadınlarla da evlənmək hallarını yaydı. Məhz buna görə də vəhşi həyatın şərtləri altında rəqabətin nəticəsi kimi bir tərəfdən məcburi evliliyə söykənən evliliyin, digər tərəfdən də mülkiyyətçilik adətinin yaranmasını görürük. Bu iki amil öz inkişaflarının ilkin fazasında bir-birindən çox da fərqlənmir; hər ikisi müvəffəq kişilərin öz istismarlarının davamlı nəticəsini sərgiləyən faktı önə çıxarmaq istədiklərindən qalxır. Hər ikisi həmçinin bütün vəhşi icmalardan keçən sahibkarlıq meyillərinə xidmət edir.
Qadınlar üzərində mülkiyyət onların istehsal etdiyi mallara da sahiblənməyə və beləliklə insanlarla bərabər əşyaların üzərində də mülkiyyətçilik anlayışının yaranmasına aparıb çıxardı. Bu yolla da mal-mülkə sahiblənmənin davamlı sistemi tədricən quruldu. İnkişafın son mərhələlərində istehlak mallarının davamlılıq meyarı öz dəyərlərinin ən görkəmli həddinə çatmasına baxmayaraq, var-dövlət hələ də öz sahibinin üstünlüyünü və hörmətəlayiq olduğunu göstərən fakt kimi faydalılığını itirməyib. Özəl mülkiyyət qurumuna harada rast gəlinirsə gəlinsin, hətta ən zəif inkişaf etmiş formada mövcudluğu zamanı iqtisadi proses, insanların var-dövlətə sahiblənmə uğrunda bir-birilə mübarizə aparması xarakterini alır. İqtisadi nəzəriyyədə və xüsusilə müasirləşmiş klassik doktrinalar toplusuna heç tərəddüd etmədən yapışan iqtisadçılar arasında var-dövlət uğrunda mübarizənin şərhini yaşamaq uğrunda əsaslı mübarizə kimi verirlər. Əlbəttə belədir, sənayenin erkən və daha az səmərəli fazalarında belə bir xarakterə malik idi. “Təbiətin xəsisliyi” icmaya yoxsul həyat bəxş edəcək qədər kəskin olduğunda bunun əvəzinə yaşamaq üçün gərgin və sürəkli iş tətbiq etmək lazımdır. Lakin bütün inkişaf etməkdə olan icmalarda irəliləmə texniki inkişafın erkən mərhələsinə əks gedir. Sənaye səmərəliliyi elə bir səviyyəyə qaldırılır ki, prosesə cəlb olunan kəslər yalnız yaşamaq üçün vasitələr deyil, daha çoxunu özlərinə layiq bilirlər. İqtisadi nəzəriyyənin bu yeni növ sənaye bazasına əsaslanan var – dövlət uğrunda aparılan mübarizə haqda həyat komfortlarını artırmaq üçün edilən rəqabət- istehlak mallarının verdiyi fiziki rahatlıqlar- kimi danışması qəribə deyil. Mənimsəmə və toplama ənənəvi olaraq yığılmış istehlak mallarının cəmlənməsilə nəticələnir- bu istehlak istər malların sahibi tərəfindən birbaşa baş versin, istərsə də təsərrüfat üçün edilməsi ona tapşırılsın, nəzəriyyə bu iki halı eyni məqsəd kimi tanıyır. Bu hal mənimsəmənin ən azı iqtisadi cəhətdən qanuni sonluğu kimi qəbul edilir, hansı ki, nəzəriyyə də bununla məşğul olur. Belə istehlakın istehlakçının fiziki istəklərinə xidmət etdiyi düşünülür- onun fiziki rahatlığı- və ya yüksək istəkləri – mənəvi, estetik, intellektual istəkləri və s; istəklərin sonuncu sinfi bütün iqtisadçı oxuculara tanış dəblə bərabər malların məsrəfi hesabına ödənilir.”
“Əyləncə sinfi nəzəriyyəsi” kitabından götürülmüş yuxarıdakı çıxarışları və kitabdakı digər təhlilləri ümumiləşdirsək Veblenin iqtisadi nailiyyətlərin tədqiqi zamanı ayırdığı kateqoriyalar aşağıdakılardır:
1. İnstitutlar. Bu termin Veblen tərəfindən vərdiş halını almış düşüncə və əməllərə verilən addır; buraya ailə, kilsə, məktəb sistemini aid edirdi. Müəllif insan davranışlarına təsir edən bu amillərsiz cəmiyyətin iqtisadi inkişafını görmürdü.
2. İnstinktlər. Bu kateqoriyanı növlərə ayırmaq olar:
a) Öz işini yaxşı görmək instinkti - insanların öz işlərini yaxşı görmək üçün göstərdikləri həvəs nəzərdə tutulur. Buraya aşağıdakılar aiddir:
a.1 ) Valideyn instinkti - öz ailəsi və gələcək nəsli üçün göstərilən həvəs;
a.2 ) “ Sadəcə maraq” hissi ( “ idle curosity” ) – sadəcə maraq xatirinə yaranan həvəs. Veblenə görə antik dövrdə yaşayan insanlar əldə etdikləri nailiyyətləri bu instinktə borcludur.
b) “ Vəhşi” və ya xoş olmayan instinkt:
b.1) Özünə lazım olanı almaq, əldə etmək hissi;
b.2) Qısqanclıqdan doğan rəqabət hissi;
b.3) Vərdiş – qısqanclıqdan doğan rəqabət böyüyür və adət halını alır.
Veblen yuxarıda adı çəkilən instinktlərin inkişafını aşağıdakı mərhələlərə bölür:
a) İcma instinkti. İnsanlarda əl işi, sənətkarlıq instinktinin inkişaf etdiyi dövr. Yuxarıda deyildiyi kimi bu zaman icma üzvləri arasında mənimsəmə hissi yox idi, fərdi mülkiyyət yaranmamışdı.
b) Barbarlıq instinkti. İcma sadə ibtidailikdn həyatın qarətçi mərhələsinə keçid alır, rəqabət şərtləri dəyişir. Var-dövləti olana “xüsusi hörmət” göstərilməsi onlarda istismar etmək təbiətini inkişaf etdirir. Sinifli cəmiyyət yaranır. Veblənə görə bu zaman vəhşi instinktlər ustalıq instinktlərinə üstün gəlir.
c) Sənətkarlıq sənayesi. Bu əsasən orta əsrlərdə özünü qabarıq göstərir; bu dövrdə sənətkarlar bacardıqları qədər daha gözəl əsərlər yaratmağa çalışırdılar.
d) Dəzgah sənayesi. Bu zaman yenə vəhşi instinktlər özünü biruzə verir, daha çoxunu əldə etmək istəyinin hökmü ilə müasir sənaye cəmiyyəti formalaşır.
Və maraqlı məqam burasıdır; bu mərhələdə əməklə əməyin istismar olunması arasında qarşıdurma yaranır, sinifli cəmiyyətdə əməyin istismarı zamanı yaranan boşluqdan yeni davranış xüsusiyyəti meydana gəlirdi. Zəhmət çəkməyən insanlar asudə zaman bolluğundan bəzi davranışlara yiyələnirdilər. Veblenin işlətdiyi “ göstəriş üçün istehlak” ( “conspicuous consumption” ) konsepsiyası məhz bu insanların davranış xüsusiyyətləri idi ki, sahib olduqları zənginliyin onlara verdiyi nüfuzu digərlərinə nümayiş etdirməyə meyl edirdilər. Veblenə qədərki klassik iqtisadçılar düşünürdülər ki, istehlakçı həmişə vacib rolu oynayır və onun ehtiyacına görə sənaye qurulur. Veblen isə bunun başqa tərəfini göstərməyə çalışırdı; o, istehlakçının heç də hər zaman ehtiyaclarına uyğun istehlak etdiyini deyil, həmçinin onu başqalarından nə fərqləndirə bilər düşüncəsi altında ifrat məsrəfə meyl edir. Bu fikrin əsasında “göstəriş üçün istehlak” anlayışında üç faktı irəli çəkir:
1) İstehlakçı azad deyil. O, “dəblə ayaqlaşma” ( “ bandwagon” ) təsirinin altında başqaları kimi istehlak etmək və israf etmək davranışı nümayiş etdirir. Bu davranış məişətdə “ qonşudan geri qalmamaq” kimi ifadə olunur ( “ keeping up with the Johnses”).
2) Özünü “yüksək cəmiyyət” üzvü hesab edib yalnız bahalı əşyalar alan insanlar “ snob” effektinə aid olunur; onlar qeyri-adi, bahalı və nadir tapılan əşyaları almaqda maraqlı olurlar, lakin bu mallar adətən praktik olmur və bəzən lazımsız hesab edilə bilər.
3) Veblen effekti adlandırılan istehlakçı kateqoriyası da vardır ki, bu kateqoriyanı Veblen özü aşkar etmişdi. Buraya aid edilən insanlar hər hansı bir malı ona görə alır ki, bu, onun alıcılıq qabiliyyətini göstərir, ətrafdakılara varlı insan təsiri bağışlamaq istəyir, yəni sanki “ bu bahalıdır, bunu yalnız mən ala bilərəm” mesajını verir.
Müasirlərinin istehlak davranışlarını yaxından təhlil edən Veblen bu tip anormal istehlakçılığın yalnız zənginlərə deyil, həm də kasıb və ya daha az gəlirli insanlara da aid etməyi mümkün hesab edirdi, hətta onlar da reklamın və ya zəngin insanların davranışlarının təsirinə düşüb göstəriş üçün istehlakın qurbanına çevrilə bildklərini qeyd edirdi.
Biz artıq insanın nə üçün mülkiyyətə sahib olmaq istədiyinin sosioloji təhlilini gözdən keçirdik; qənimətlər sayəsində artan mülkiyyətin insana qazandırdığı hörmət və sosial nüfuzun şirnikləndirici təsiri altında insan daha çoxunu mənimsəmək və ya öz üstünlüyünü başqaları üzərində nümayiş etdirmək istəyi onda müəyyən davranış xüsusiyyətləri yaratdığını araşdırdıq. Bəs bunun bir də psixoloji açıqlaması ola bilərmi?
Ümumiyyətlə zənginlik bizdə hansı psixoloji dəyişikliklərə səbəb olur? E. Kauçun psixoloqu D.Miller “yeniyetmə afluenzadan əziyyət çəkir” dedikdə o, hansı psixoloji vəziyyəti nəzərdə tuturdu? Sözügedən cinayət hadisəsi ilə bağlı çoxsaylı fikirlər bildirildi, lakin ən diqqətəlayiqi bu sahənin mütəxəssislərinin söylədikləridir.
Santa Klara Universitetinin psixologiya üzrə professoru Tomas Plante deyir: “ Afluenzanı insanların təsəvvüründə yaratmaq ağıllı fikirdir, ancaq bizim insanlarda affluenza olub-olmadığını söyləmək üçün diaqnostik meyarlarımız yoxdur.” Lakin Plante ilə bərabər həmkarı, Arizona Ştatı Universitetinin professoru Suniya Lusar bu kimi davranışı tanıdığını qeyd edir. Lusar uzun illər zəngin ailələrlə əməkdaşlıq edərək, sırf bu istiqamətdə araşdırma aparıb. Bir dəfə o, bir neçə yeniyetməyə belə bir sual verir: “ Əgər məktəb direktoru əlinizdə spirtli içki olduğu halda üç dəfə sizi yaxalasa və bu halı polisə bildirmək qərarına gəlsə, valideyinləriniz bu hadisəni necə qarşılayardı? Onlar etiraz edərdilərmi?” Gənclərin yalnız 20% -i “ güman ki” və ya “ əlbəttə” deyərək cavab vermişdilər. Lusar qeyd edir ki, orta sinfə aid valideyinlər uşaqları böyüdükcə onların nəticələrilə bağlı daha çox narahat olmağa başlayırlar və bu, uşaqların hansısa pis işə qarışacaqlarına görə qorxduqlarından qaynaqlanır, ona görə də uşaqlarında daha məsuliyyətli davranışlar aşılayırlar.
O, deyir : “ Lakin elə ailələr də vardır ki, vaxtında lazım olduğu haldan daha az sayda məhdudiyyətlər təyin edir. 16 yaşa gəldikdə isə artıq çox gec olur; at samanlıqdan çoxdan çıxıb.”
D.Millerin vurğuladığı kimi varlı valideynlər pulun insanlara xüsusi imtiyazlar bəxş etdiyini uşaqlarının beyinlərinə zaman-zaman yeridirlər və onları özlərindən aşağı maddi duruma sahib insanlardan təcrid şəkildə böyüdürlər. Bunun uşaqlar üzərindəki psixoloji təsirini Psixoterapist Cessi O’Neill “ Qızıl Qetto”
( “The Golden Ghetto”) kitabında belə təsvir edir: “Pullu sinfə” məxsus insanlar özlərini böyük əksəriyyətdən ayrı tutaraq, tez-tez “ qızıl qettoda” görünməyin üstünlüyünü yaşayırlar. Qızıl qettonun uşaqları da həmçinin cəmiyyətdəki əksər insanlardan təcrid olunur və kənarda qalırlar. Onlara “paxıllıq edən” insanların yanında özlərini narahat hiss edirlər. Müəllif təsvir edir ki, zənginlik yalnız “davamlı və məhvedici mədəni mif” kimi xoşbəxtliyə sinonim ola bilər.
Ancaq Veblenin qeyd etdiyi kimi var-dövlətlə bağlı bu kimi davranışlar heç də yalnız zəngin ailələrində, onların çevrələrində baş vermir; Harvard və Kaliforniya Berkeley universitetlərinin araşdırmaçılarına görə pul haqqında sadəcə düşünməyin özü belə insanların düşüncə və davranışlarında müəyyən dəyişikliyə səbəb olur. Belə ki, araşdırmaçıların müşahidələrinə görə hətta sınaq üçün saxta pul verilmiş və monopoliya oyununa cəlb olunmuş tələbələrin davranışları dəyişilir. Daha çox pula sahib olan tələbə aqressiv davranır, otaqda özünə daha çox yer tutmağa, öz əşyalarını daha yüksək səslə dağıtmağa və hətta az pula sahib oyunçunu ələ salmağa, ona lağ etməyə başlayır.
Psixoloq Tian Deytona görə isə zənginliyə hərislik də asılılıqdan yaranmış məcburi davranışdır. Və bu davranış maddə asılılığından fərqli olsa da əslində “ asılılıq davranışları” sinifinə aiddir. Asılılıq yaradan davranışlar sırasına qumar oyunları, seksual əlaqələr hətta pulu da daxil etmək olar. Proses alkoqolun, narkotik maddələrin beynimizə etdiyi təsirlə eyni şəkildə başlayır və davam edir. Deyton qeyd edir ki, müəyyən fəaliyyətlərdə olduğumuz zaman - porno izləmək, ləzzətli yemək yemək və ya pulla bağlı məmnun sövdələşməmiz - beyin dopamin kimi maddə ifraz edir, hansı ki, bu da insanın narkotik qəbul etdiyi zaman aldığı yüksək həzz səbəbiylə ifraz etdiyi dopaminin miqdarına bərabərdir. Prosesin özü sırf maddə qəbulu ilə əlaqəli olmasa da insanın puldan və maddi üstünlüklərdən aldığı müsbət hisslər onda məcburi asılılıq vərdişi yaradır ki, bunun da məntiqi nəticəsi müasir dünyamızda pulla əlaqəli digər alışqanlığa - şopaholizmə ( shopaholism) çevrilir.
Beləliklə, afluenzanı – zənginliyə hərislik, daha çoxunu istəmə, pulun üzərimizdəki psixoloji təsiri – psixologiya hələ ki tanımasa da o, E. Kauçun məhkəmə prosesində işinə yaradı və cinayətkar adını daşımamasına səbəb oldu.
HAŞİYƏ: Pulun üzərimizdəki təsiri birmənalıdır; lakin “pul qazanmağa” çağırış bizdə hansı hisslər oyatması ilə bağlı 2004-cü ildə Ceyms Heyman və Den Arieli ( ABŞ Duke Universiteti Psixologiya və Davranış İqtisadiyyatı bölümü) sadə eksperimentlər etdilər, nəticə bu oldu ki, pul bizim gözləntilərimizin və münasibətlərimizin təbiətini dəyişə bilir.
İlk eksperimentdə onlar üç müxtəlif qrupdan sadə, lakin mənasız tapşırıq etmələrini xahiş etdilər- 5 dəqiqə müddətində kompyuterin ekranında bacardıqları qədər çox dairə çəkməli idilər. Qruplar yalnız bu işi tamamladıqdan sonra alacaqları ödənişə görə fərqlənəcəkdilər: 5 dollar, 0,50 dollar və ya heç nə alanlar. Heç nə ödənilməyən qrup tapşırığın mahiyyətinə görə deyil, sadəcə araşdırmaçıların işlərinə kömək etdikləri üçün faydalı hesab edildi.
Eksperimentin nəticəsinə görə faydalı hesab edilən qrup 0,5 dollar alanlardan daha çox dairə çəkmişdilər.
Arielinin fikrinə görə biz bir işi kömək məqsədilə edilməsini istəyəndə, qarşıya əsas iki konteksdə seçim qoyuruq ( və ya “ müqayisəli normalar”). Biz ya “biznes” xarakterli müraciət edirik ( Mən bu işi görürəm, sən mənə buna görə ödəniş edirsən) və ya “sosial” xarakterli ( Mən bunu ona görə edirəm ki, sənə kömək etmək istəyirəm).
Eksperimentin ikinci hissəsində araşdırmaçılar iki konteksi birləşdirdilər və ediləcək tapşırıq üçün hədiyyələr vəd etdilər. Hədiyyə, sosial çağırışı oyatmaq üçün nəzərdə tutulmuşdu. Lakin, onlar hədiyyənin üstünə qiymətlərini yazmışdılar ( “50 sentlik Snikers şokoladları” və “ 5 dollarlıq Qodiva şokoladları”); bu eksperiment də onunla nəticələndi ki, hədiyyənin qiyməti göstərildikdə o, nəğd pula əvəz ola biləcək yaxşı ödəniş növü deyil və insanlar daha yüksək qiymətli hədiyyələr üçün çalışdılar.
Eksperimentin məntiqi nəticəsi kimi araşdırmaçılar hesab edirlər ki, insanlar ya havayı işləyə bilərlər, bu çox kiçik istisna hallarda baş verə bilər, ( könüllü və ya kiməsə iltifat göstərmək üçün görülən iş ) ya da uyğun hesab etdikləri maaş əvəzində. Lakin onlara mövcud şərtlərə uyğun yüksək maaş ödənilməzsə fəaliyyətləri əhəmiyyətli dərəcədə zəifləyəcək.
Buradan belə qənaətə gəlmək olar ki, insanlar yalnız maddi təhriklər altında fəaliyyət göstərmirlər, onlar bəzən təmənnasız kömək etməyə də meyl edirlər.
Aygün Qurbanlı
Kultura.az