Sevginin insan yaşamında tutduğu yer
(Bertran Rasselin 1950-ci ildə Ədəbiyyat üzrə Nob…
Xosrov Şahani XX əsr farsdilli İran prozasının ən maraqlı nümayəndələrindən biridir. Onun ironiyası qarşısında heç bir şər qüvvə tab gətirə bilməz – ironiya Şahani yaradıcılığının əsas elementidir. Xosrov Şahani əsərlərinin problematikası baxımından Frans Kafkanı xatırladır.Yazıçının bioqrafiyası da elə hekayələri kimi çox sadədir; orda sensasion heç nə tapa bilməzsiz.
Bir dəfə növbəti reportajımı hazırlamaqçün işlədiyim redaksiyanın göndərişi ilə Tarixabad şəhərinə yollanmalı oldum. Şər qarışana yaxın mənzil başına yetişdim. Bu balaca şəhər mənə həddindən artıq sakit və kimsəsiz göründü. Mehmanxanada özümə bir otaq kirayələdim və belə erkən saatlarda yatmağa adət etmədiyimidən bir az veyillənmək qərarına gəldim.
Qabağıma bir adam çıxdı, onun əlində iki dənə fətir vardı:
-Üzr istəyirəm, ağa, deməzsiz, kinoteatr ha tərəfdədi? – ondan soruşdum.
Adam çiynini çəkə-çəkə cavab verdi:
-Əşşi, bizdə kinoteatr nə gəzir…
-Başa düşmədim…
-Başa düşməli bir şey yoxdu… Demək, belə: əvvəl var idi, indi isə yoxdu… – izahat verib yoluna davam elədi.
Onda fikirləşdim ki, bir əyləncə mərkəzi tapıb bir az bilyard, pinq-ponq yaxud da stolüstü futbol oynayım. Mağazasının qapısının bağlamaqda olan dükançıdan ən yaxın əyləncə mərkəzinin yerini xəbər aldım.
-Yoxdu, – dedi – bizdə əyləncə mərkəzi-zad… Əvəllər var idi, indi isə yoxdu…
Düşündüm ki, ən yaxşısı elə restorandır. Şam edərəm, bir az içki içərəm. “Əvəllər bizdə restoran da var idi, kafe də, pivəxana da, bar da, indi isə yoxdur.” – kimdən soruşdumsa, belə cavab verdi. İşə bax! Bu necə şəhərdi e, belə çıxır ki, məndən əvvəl hər şey varmış, məni görən kimi hər şey yoxa çıxıb?! İrağ olsun, yoxsa şəhərdə nəsə bədbəxt hadisə baş verib? Gözüm bir az aralıdakı çəkməçi dükanına sataşdı.
Qoca çəkməçi əlindəki işləri yekunlaşdırıb evə getməyə hazırlaşırdı. Çəkmələrimi təmizlətmək adıyla dükana girdim. İçəridə bir elektrik lampası və 25 şam yanırdı. Çəkməçinin böyüründəki stula əyləşdim və ehtiyyatla, yavaş-yavaş söhbətə girişməyə başladım. Hiss etdirmədən söhbəti fırladıb şəhərin üstünə gətirdim və zarafatyana soruşdum:
– Baba, bu nədi belə, sanki, şəhəriniz Allahın lənətinə tuş gəlib? Hər şey birdən-birə yoxa çıxıb, elə bil. Bayaqdan bəri camaatdan soruşuram ki, kafe-restoran, əyləncə mərkəzi hardadı, hamı bir ağızdan, sakitcə cavab verir: “Əvvəl var idi, indi isə yoxdur.”
Elə bil, kişinin yarasının qərtməyini qopardım, hələ təmizləyib qurtarmadığı çəkmələri qırağa itələdi, dərindən bir ah çəkib sözə başladı: -Eh! – dedi – Yalansa, gerçək olsun elə! Görüm, bu şəhəri viran qalsın! Başmıza elə oyun açıblar ki, viran qalsa, bundan yaxşıdı…! Düşündüm ki, görəsən, bu, nə oyubdu belə. Heç ağzımı açmağa macal tapmamış özü izahat verməyə başladı: –Bizim şəhərin bəlası – axmaq qanunlardır. Bu qanunlar şəhəri quru səhraya, sakinləri isə dilənçiyə çevirdi. Bax bu qanunlar olmasaydı, nə Tarixabad indi sən gördüyün kimi olardı, nə də mən çəkməçilik edirdim… Həəə… On beş il bundan qabaq şəhərə təzə vali təyin elədilər, o da özü ilə təzə polis rəisi gətirdi, ikisi də əylənməyi yaman sevərdi. Bir sözlə, ye-iç, kef elə! Gördülər ki, şəhərdə bir dənə də əylənməli yer yoxdu, dəhşətə gəldilər. Dedilər ki, əyləncə mərkəzi olmayan şəhər qəribstanlıq kimi bir şeydi. Belə şəhərdə adamın işləməyi gəlmir, ümumiyyətlə, belə şəhərdə heç yaşamaq da olmaz. İnsanlar həyatdan zövq almalıdırlar. Hər şeyin öz yeri var: işləməkdə lazımdı, əylənmək də. Şəhərin ən hörmətli adamlarını valiliyə dəvət etdilər, cənab valinin öz əylənmək mədəniyyəti, sağlam istirahət, idamanın faydaları haqqında uzun-uzadı nitq söylədi, nüfüzlü adamları kafe-restoran, əyləncə və sağlamlıq mərkəzləri, klub və kokteyl-barlar tikdirməyə səslədi. Valiyə dedilər ki, ehtiyyatlı olmaq lazımdır, kafe-bar, əyləncə mərkəzi kimi yerlər dindarların xoşuna gəlməyə bilər, axı belə yerləri kafirlər çox sevirlər. Onda cənab vali qəti şəkildə bəyan etdi ki, kim sivilizasinaın inkişafına mane olmağa cəhd etsə, polis orqanları lazımi ölçü götürəcək!
Cənab valinin belə açıq bəyanatından sonra özünü şəhər sakilərininin sağlamlığına və əyləncəsinə həsr etməyə hazır olan xeyli nüfuzlu adam tapıldı, yeri gəlmişkən, onlardan biri də mən idim. Milli musiqi səsləndirilən restoran açdım. Tehrandan yaxşı xanəndələr və rəqqasələr gətirtdim. Tezliklə restoranım şəhər sakinlərinin sevimli yerinə çevirildi. Müştərilərin – içki düşkünləri və “Bu anı şən yaşamağa çalış, həyat elə bu andan ibarətdir” deyən Ömər Xəyyam fəlsəfəsinin tərəfdarlarının əlindən başımı qaşımağa vaxtım yox idi. İşlərim yağ kimi gedirdi: bir neçə mağaza aldım, əyləncə mərkəzi şəbəkəmi genişləndirdim. Elə bu vaxtda bədbəxlikdən – bəlkə də, Allahın qisməti belə imiş – valini başqa şəhərə göndərdilər, təbii ki, polis rəisini də özüylə apardı.
Təzə vali dindar adam idi, heç vaxt cümə namazlarını qaçırmağı özünə rəva bilməzdi. Özü ilə təzə polis rəisi də gətirmişdi. Heç ikicə gün keşməmiş bütün kafe-restoranları bağlatdı. Ərm elədi ki, bütün kafir yuvaları bağlanmalıdır. Dünənə kimi bizim kafe-retoranların müştərisi olan bir sürü insan birdən-birə dünüb mömin oldu; nəyi talamaq mükün idisə, taladılar, nəyi dağıtmaq mümkün idisə, dağıtdılar. Elə bil, indi – təzə vali gələn kimi yadlarına düşüdü ki, şərab içmək ən böyük günahlardan biridir. Bax onda əlimdə qalan nə var idisə, satıb kredit borclarımı ödədim, mənə borclu olanlar isə borclarını qaytamaq bir yana, elə özləri bu talanlarda həvəslə iştirak etdilər. Bu vali gedənə qədər evdən bayıra çıxmağa ürək eləmədim.
Növbəti – üçüncü vali yaman idman həvəskarı idi, təbbii ki, o da özü ilə təzə polis rəisi gətirmişdi. Onlar işə dövlət büdcəsindən Tarixabadçün ayrılan bütün pullarla stadion tikməkdən başladılar; futbol, basketbol, voleybol, güləş və ağır atletika komandaları təşkil etdilər. Yeni vali bizi idman klunları yaratmağa səslədi. Mən hələ özümə gəlməmişdim, ona görə də valinin təklifi heç ürəyimcə olmadı. Dəymiş ziyanı ödəmək üçüb borca pul götürdüb özümə idman klubu yaratdım. Şəhərin gur yerində bir obyek alıb gənclərin asudə vaxtlarında bilyard, pinq-ponq və stolütsü futbol oynaya biləcəkləri yaxşı bir yer açdım. Bir Allah şahiddir ki, nə qədər əziyyət çəkdim. Şükürlər olsun, tezliklə işlərim yoluna düşdü, borclarımı qaytardım, özümə ev aldım. İdmana aludə olan Tarixabad gəncləri avaraçılıqdan və qızlara sataşmaqdan əl çəkdilər. Beləcə, düz üç il keçdi… Sonra bizim valinin vəzifəsini qaldırdılar, təzə vali gələn kimi isə məlum oldu ki, bütün bu idman klubları əxlaqsızlıq yuvası imiş. Sən demə, müsəlman şəhərində belə klubların olması vali və polis rəisi üçün, ümumiyyətlə, bütün şəhər sakiləri üçün əsl biabırçılıqdı. Təzə valinin əmri ilə bütün idman klubları dağıdıldı. Yenidən müflisləşdim… İki ildən sonra bu valini də dəyişdilər. Təzə vali insan adam çıxdı. Kimin nə ilə məşğul olduğu onu narahat etmirdi. Sevimli bir sözü vardı: “Zülmün olmadığı, heç kimin heç kimin işə qarışmadığı yer elə Cənnət kimi bir şeydir!” Onun məmurları heç kəsə dəyib-dolaşmırdılar. Fürsətdən istifadə edib özümə çayxana açdım, təzə manqallar və Nəsrəddin şahın zamanında olduğu kimi tiryək çəkmək üçün qəlyanlar aldım. Bu valinin vaxtında işlərin əla getdi.
Növbəti vali gələn kimi yenə işlərin zibili çıxdı. Başını hər şeyə soxmağı bir yana, üstəlik narkotiklə mübarizə aparan hanısa beynəlxalq hərəkatın üzvü idi. Əlbəttə, birdən hamının yadına düşdü ki, nəşə çəkmək şəriət qanunların ziddir – nəşələnmək ən böyük günahlardan biridir. Təsəvvür elə də, çayxanamın başına nə oyun açdılar. Amma tezliklə şəhərə başqa vali təyin edildi. Söhbət gəzirdi ki, təzə vali Avropada təhsil alıb, ordakı həyat tərzindən az-çox məlumatı var. Eşidəndə ki, bizim qədim və gözəl şəhərimizdə bir dənə də kinoteatr yoxdur, heyrətdən əlini əlinə elə möhkəm vurmuşdu, valilikdən bir-neçə tin uzaqda olsam da, səsi aydınca eşitmişdim. Mənə dedilər ki, təzə vali şəhər sakilərini Qərb sivilizasiyasına qovuşdurmaqçün kinoteatr tikdirməyə hazır olan könüllülər axtarır, tez qollarımı çirmələyib işə girişdim.
“Arzu”adlı dəbdəbəli kinoteatr tikdirdim, hardan biləydim ki, yeni polis rəisi kinonun gəncləri pozduğu fikrindədir; kinoya nifrət etdiyinə görə elə şəhər sakinlərinin əli ilə kinoteatrımı darmadağın etməyi əmr edəcək. Uzun sözün qısası, təzə gələn vali quşbaz çıxdı. Əlinə pul düşən gedib göyərçin aldı. Ondan sonra gələn vali isə göyərçin saxlamağa qadağan elədi, demə, göyərçinlər təyyarələrin uçmağına mane olurmuş… Valilərdən biri atları yaman sevirdi; tez-tez at yarışları təşkil edirdi, ona görə də hamı eşşəyini satıb özünə at almalı oldu. Növbəti vali, demə, korrido həvəskarı imiş, ona görə də, hamı atını satıb pulu verdi öküzə. O biri vali fəvvarə dəlisi imiş, hər meydanda, – nə meydan, əşşi, hər küçədə, hər döngədə – bir dənə hovuz və fəvvarə quraşdırdı. Onun yerinə gələn isə küçələri genişləndirmək qərarına gəldi, özündə əvvəlkinin fəvvarələrini dağıtdırdı. Ondan sonra gələn vali dondurma həvəskarı idi, aydın məsələdir ki, tezlikə uşaqdan-böyüyə bütün şəhər sakinləri dondurma yeməyə başladı. Növbəti valinin dondurmalarda zəhləsi gedirdi deyə əmr elədi ki, kimi dondurma yeyən yerdə görsələr, polis tutub dama bassın…
-Bəs sən niyə Tarixabadda ömrünü çürüdürsən? – çəmkəçidən soruşdum.
Qoca gümüş partsiqarından – böyük ehtimal, atasından miras qalmışdı – bir papiros çıxardı, acı-acı gülümsəyib dedi:
-Hmm, oturub təzə valini gözləyirəm, istəyirəm, soruşam ki, indi neyləyək, papirosu müştüklə çəkək, yoxsa müştüksüz?
Tərcümə: İKİNCİ MAHMUD
Sim-sim.az