Ancaq məsələ bunda deyil. Satışa bu qədər tələbat varsa, satmaq üçün məhsul istehsal etməyə də tələbat olmalıdı, ya yox?! Ölkədə hamı nəsə satır, ancaq heç kim heç nə istehsal etmir. Bir dəfə demişdim, pul qazanmaq barədə bacarıqlı olan yəhudilərlə, azərilərin ən böyük fərqi yəhudilərin biznesmen, azərilərinsə alverçi olmasıdır. Alverçi sözü, özü ayrılıqda xalqımızla bağlı çox söz deyir. Nəsə istehsal etmədən, yaratmadan birindən alıb başqasına vermək. Bu sözün bizim dildə yaranmasının özü çox manidardır. Heçnə istehsal olunmursa, ancaq buna baxmayaraq, yenə də nələrsə satılırsa, onda alıcılar kimlərdir? Çox güman elə satıcıların özü. İndiyə qədər müftə qazanılmış neft pulları hesabına bu çarx işləyirdisə, neft pullarının azalması fonunda çarx da dayanıb, ya da çox yavaş hərəkət edir.
Təkcə saxta iqtisadi təməl üzərində qurulmaqdan başqa, satılan məhsulların tərkibi məsələnin başqa tərəfini də göstərir; saxta tələbatlar. Ən son çıxanı almaq, ən dəbdə olanı geyinmək, daha çox və daha çoxa sahib olmaq, dayanmadan gözlərini yumub, kisənin ağzını açıb lazım oldu-olmadı istehlak etmək. İnsanlar əslində nəyə ehtiyaclarının olduğunu anlaya bilmir və yuxarıda göstərilən satıcıların təklif etdiklərini alırlar. Hamı öz saxta tələbatlarının əsiri olub. Banklardan götürülən kredit kartlarının əksəriyyəti bu saxta tələbatların ödənilməsi üçün sərf olunur. İndi isə deyirlər ki, hər üç nəfərdən birinin banklara borcu var.
Çox qəribədir ki, ortada satıcı-alıcı münasibətindən daha çox, satıcı-satıcı münasibəti var. Sanki pul yox, məhsul havayı qazanılmış neft pullarının dövriyyəsi üçün vasitə rolunu oynayır, ancaq əslində bu əksinə olmalı idi. Belə çıxır ki, həm maddi, həm də mənəvi sferada cəmiyyət heç başı aşağı da yox, nəsə çox qəribə, aşağının və yuxarının bəlli olmadığı bir formada qurulub.
Saxta təməllər üzərində qurulmuş bir cəmiyyətdə, saxta ideyaların, inancların yayılması o qədər asandır ki! Bir düşünün öz tələbatlarını anlaya bilməyən bir fərd, yaşadığı reallığı necə düzgün qiymətləndirə bilər! Sanki bütöv bir cəmiyyət gözünün yumub, bir illuziya içərisində yaşayır və gerçəklikdə nə olub bitdiyini anlaya bilmir, bəlkə də konspirologiyaların bu insanlar arasında bu qədər asanlıqla yaranmasının səbəblərindən biri də budur.
Anlamaqda çətinlik çəkirəm, doğurdanmı əcaib sistem, milləti millət edən sosial institutların dağılmasına birbaşa səbəbdir, yoxsa bu xalqda həmin institular uzun zaman öncə dağılıb? Hər bir canlı orqanizm ona təsir göstərən hər faktora müvafiq reaksiya göstərir. İstənilən analogiya qüsurludur, ancaq cəmiyyəti də bir canlı orqanizm kimi qəbul etsək, onda görmüş olarıq ki, bu cəmiyyət ona təsir göstərən heç nəyə reaksiya vermir və reaksiya adekvat olmur. Bir düşünün hətta özünü yandıranlar belə tapıldı, ancaq bu cəmiyyətdən səs çıxmadı. Bir orqanizm o vaxt reaksiya vermir ya da qeyri-adekvat reaksiya verir ki, o ölüb, ya da ölümə çox yaxındır. Tarixdə millətlərin öz içindən çürüyüb yox olması çox olub və biz də bu reallıqdan qaça bilmərik. Elə bir qanun yoxdur ki, bu hadisə bizim başımıza gəlməyəcək. Yuxarıda yazılanlar və yazılmayan saysız amillər belə düşünməyə əsas verə bilər ki, azərbaycanlılar içəridən çürüyür və bir xalq olaraq məhv olmağa doğru gedir. Bu çarxı təmir etməksə, heç ağlabatan görünmür.
Saleh Mehdizadə
Kultura.az