post-title

Hüseynbala Səlimov: İnsanlar niyə sovetlər üçün nostalji keçirir?..

Qonşu Rusiyada yeni mübahisə predmeti yaranıb. Vladmir Jirinovskinin Liberal-demokrat Partiyası Dumaya sovet quruluşu ilə faşizmi eyniləşdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi təqdim edəndən sonra politoloqlar, sosioloqlar və hətta kulturoloqlar təşvişə düşüblər...

 

İnsanların düşüncəsinə hakim kəsilmək istəyinin əcaib formasını biz bir çox ölkələrdə qondarma “erməni genosidi”ni tanımamağa, ona şübhə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulan qanun qəbul edilərkən görmüşdük...

 

İndi Rusiyada Vladimir Jirinovskinin partiyasının qəbul etdirməyə çalışdığı  qanun layihəsi də haradasa, bizə bunu xatırlatdı... 

 

Sovet dövrü haqqında fikirlər ziddiyyətlidir. Onu pisləyənlər də var və bu gün Rusiyada olduğu kimi, tamam reabilitasiya etmək istəyənlər də...

 

Amma mən bir özəl təəssüratımı yada salacam. Bunu bir neçə dəfə yazmışam.

Qərəz, tələbəlik vaxtı Moskvada bir sənədli filmə baxdım. Adı da “Adi faşizm” idi. Filmə baxandan sonra mənə qəribə bir fikir hakim kəsildi - qeyri-ixtiyari olaraq düşündüm ki, əcəba, bu ki, sovetlər haqqındadır!..

 

Sonradan həmin filmə bir neçə dəfə baxdım. Amma hər dəfə bu fikir məni tərk etmədi. Mən başa düşürəm, sovetlərə qiymət verəndə biz psixoloji maneələrlə rastlaşırıq, çünki çoxumuzun uşaqlıq və gənclik dövrü o illərə və o quruluşa təsadüf edir...

 

Amma totalitarizm totalitarizmdir, istər onun ideoloji bazası nasional-sosializm olsun, ya da ki, kommunizm olsun. Hər iki halda başqa cür düşünən və hətta başqa cür görünən insanları bir şey gözləyirdi - ölüm...

 

Repressiyaların miqyası və miqdarı hər iki ölkədə -Almaniyada da, SSRİ-də də eyni idi, hətta bəlkə SSRİ-də daha çox idi. Ona görə ki, SSRİ-də əhali, demək, həm də “xalq düşmənləri”nin sayı daha çox idi...

 

Sovet düşərgələri sayına və qəddarlığına görə də geridə qalmırdı. Bəli, ola bilsin, orada insanları yandırmırdılar, qazla boğmurdular, amma aclıq, təhqir və Sibirin şaxtası - məhbusların qisməti bu, idi...

Mənə ən çox qəribə gələn isə bilirsiniz nədir? A.Soljenitsın da Rusiyanı təmsil edir, V.Jirinovski də...

Biz sovet həbs düşərgələri haqqında ilk dəfə A.Soljenitsından eşitdik, onun əsərlərindən oxuduq. Doğrudanmı, bu gün Rusiya adlı ölkədə “dəmir Feliksin şineli”ndən çıxmış bəzi siyasət və dövlət adamları bir gün A.Soljenitsının də kitablarından tonqal qalayacaqlar?..

Belə olsa, elə də təəccüblənmirəm, çünki Rusiya getdikcə daha çox indiki Şimali Koreyanı xatırladır - bir vaxtlar çəkilmiş və hətta yoxa çıxmış kütləvi psixoz yenidən insanların şüuruna qayıdır...

 

Necə olar bilər ki, insan totalitar keçmiş üçün nostalji keçirmiş olsun? Bunun bir yozumu budur ki, totalitarizmdən yenicə çıxmış insan birdən-birə böyük bir yükün dövlətin üzərindən götürülərək onun çiyinlərinə qoyulmasına dözə bilmir və dövlətlə özü arasında yaranmış boşluq, uçurum ona dəhşətli görünür! Bu yerdə yadıma Robert Rojdestvenskinin ilk şeirlərindən biri düşür. O, yazırdı ki, biz rahat yatırıq, amma İ.Stalin yoldaş yatmır, bizim haqqımızda düşünür...

 

Amma sonradan İ.Stalin yoldaşın nə düşündüyünün əsl təfərrüatları məlum oldu. Fəqət, buna baxmayaraq insanlar yenə də həmin “düşüncələr”in nostaljisini yaşayırlar. Niyə belə olur? Nədən belə baş verir? Görünür, bu illər hədər keçib - Rusiyada fərd, şəxsiyyət yetişməyib və liberal dəyərlər oturuşmayıb. Bəlkə də insanlar 1991-ci ildən sonra baş verənlərə də elə NEP kimi müvəqqəti bir proses tək baxırlar?

 

Bəlkə də onlar düşünürlər ki, bir gün bütün bunlara yenə də son qoyulacaq və yeni “burjuy”ların bu vaxta qədər qazandıqları qarət edilib onlara paylanacaq, özləri isə yeni yaradılan “QUlAQ”-lara, həbs düşərgələrinə göndəriləcəklər?..

 

Bunun tamam belə olub-olmadığını deyə bilmərik, amma Rusiyada azad insan yetişmədi. Həm də təkcə Rusiyadamı?..

 

Çoxu deyir ki, bəli, insanlar keçmişin nostaljisini yaşayır, amma səbəbini demirlər. Demirlər ki, axı biz onlara yeni quruluşun üstünlüklərini yaşamağa, özlərini azad hiss etməyə və bu azadlığı qiymətləndirməyə imkan vermədik!..

 

Əgər bütün bu 25 illik proseslərin nəticəsi keçmiş kommunist nomenklaturasının kapitalistlərə çevrilməsi, onların mal-mülk və sərvət sahibi olması olacaqdısa həmin o 20-30 ili yaşamağa dəyərdimi?..

 

Bəlkə insanlar bunu düşünüb keçmiş üçün nostalji keçirirlər? Axı o keçmişdə heç olmasa yalandan da olsa, bərabərlik vardı...

Musavat.com

 

Yuxarı